Cahan Pəhləvan anası Möminə xatunun xüsusi kərpicdən hörülmüş hasarın içərisindəki məzarını ziyarət etdikdən sonra saraya təşrif gətirdi və yuyunub dincəldi. İlk sərəncamı bu oldu ki, Naxçıvan əhli gərək atabəy-əzəmə təzədən üç gün matəm saxlasın. O, bunu bir hökmdar kimi deyil, bir oğul kimi özünə borc bildi. Və şəhər rəisindən, saray ərkanından hökmdar kimi deyil, bir Eldəgəz övladı kimi, dünənki hakimin vəliəhdi kimi rica edir ki, bunu şəhər əhlinə başa salmaq, onlara izah etmək üçün lazımi adamlara tapşırıq versin. Qoy şəhər camaatından bilməyənlər də bilsinlər və agah olsunlar ki, Şəmsəddin Eldəgəz qəfləfən vəfat edəndə onun böyük oğlu Reydə olub, dövlətin mühüm tapşırığını yerinə yetirməyi yarımçıq qoyub Naxçıvana qayıda bilməyib.

¹ Naxçıvanda indi Qurdlar məhəlləsi kimi tanınır.

Eldəgəzlər xanədanını ikinci hakiminin ricası da hökm kimi yerinə yetirildi...

Şəhər əhalisi axşam agah edildiyi üçün sübh tezdən sarayın, məscidlərin üzərində qara bayraqlar göründü, dəmirçixanaların körükləri yandırılmadı, çəkic-zindandan səslər eşidilmədi, zərgər, bəzzaz, xarrat dükanlarında, xırdavat köşklərində qapıların qıfılları açılmadı, xalçaçılar, boyaqçılar, dabbaxlar, qəssablar üç gün evlərində oturub əllərini ağdan qaraya vurmadılar...

Səhər də, günorta da, axşam da şəhərdəki məscidlərin minarələrindən müəzzinlərin əzan səslərini minacat əvəz etdi. Naxçıvan əhli Azərbaycan Atabəylər dövlətinin ilk hökmdarına ikinci hakimin istəyinə görə ikinci yas tutdu, ikinci matəm saxladı.

Cahan Pəhləvan bir neçə gün bəzi dövlət işləri barədə verilən məlumatları dinlədi, beytülmalın¹ vəziyyətilə maraqlandı... Bəzi kəndlərdə baş verən özbaşınalıqlar barədə təkliflər hazırlamaq üçün tapşırıq verəndən sonra düşənbə günü şəhər valisi ilə birlikdə üstü açıq xüsusi gəcavədə paytaxtı gəzməyə çıxdı. Dəbirə də tapşırıldı ki, onları müşayiət etsin və hökmdar nəyi işarə etsə onu da dəftərə yazsın, saf-çürük eləyəndən sonra bu gün-sabah Həmədandan təşrif gətirəcək vəzir Sədəddin Əsədə çatdırsın.

Hökmdar əvvəlcə şəhristana, sonra rəbatlara baxdı. Şəhristandakı imarətlər, onların yaraşıqlı eyvanları, iki-üç mərtəbəli köşklər, kərpicdən tikilən dükanlar hökmdarın xoşuna gəldi, atabəy-əzəmin qayğısı ilə abadlaşan, yaşıllığa qərq olan küçələrdən, döngələrdən razı qaldı. Hər məhəllədə çağlayan bulaqlar, yolların kənarlarındakı səliqəli arxlardan axan sular onun ovqatını təzələdi... Şəhərin kənarında kasıb-kusubun, əlsiz-ayaqsızların yaşadıqları yastı-yapalaq evləri, uçulub-tökülən möhrə daxmaları görəndə isə əhval-ruhiyyəsi xeyli dəyişdi.

¹ Xəzinə Əvvəlcə atabəy-əzəmə qədər “Naxçıvan şahlığı”na başçılıq edənlərin qarasınca deyindi, axırıncı səlcuq əmiri Yıxarmışı əməlli-başlı yamanladı...

Cahan Pəhləvan dediklərini, iradlarını diqqətlə dinləyən rəisi də çox ciddi məzəmmət etdi. Başını qaldırıb ara-bir dəbirə də baxdı, dəbir də öz növbəsində işini bilib öz qeydiyyatını apardı...

Hökmdarın məqsədi Eldəgəzlər dövlətinin paytaxtını daha yaxından görüb tanımaq, onun abadlaşdırılması barədə saray ərkanı ilə, əhli-ürfanla götür-qoy etmək idi. Saraya qayıdanda onun yolu gözəl tikintisilə, üzünə vurulan naxışları ilə göz oxşayan bir darvazanın önündən düşdü.

– Bu kimin həyətidir? – Cahan Pəhləvan maraqlandı.

– Əbubəkrin. Dədə-babadan bənnadırlar...

Dəbir söhbətə qarışdı:

– Bənna yox, memardırlar.

– Həmin nəsildən qalan çoxdu? – Hökmdar bu dəfə dəbirdən soruşdu.

Mərhum atabəy-əzəmin xoşladığı hədiyyəni hazırlayan ustanın atası çoxdan rəhmətə gedib. İndi qalan bircə oğludu. – Əcəmi. Özü də həddindən artıq ağıllı şəxsdir. Fələyin gərdişindən, dünyanın işlərindən çox yaxşı baş çıxaran bir zatdı. Zənnimcə, hökmdar onu tanımalıdı... Möhtərəm Şeyx Yusifin türbəsini tikən elə odur.

– Ona görə deyiblər də, xatun qız xalasına, qoç igid dayısına oxşayar. Elə deyil? – Bu dəfə nədənsə rəisə baxdı.

– Bu bir az da irəli gedib... qabağa qaçıb. Uşaqlıqdan gözəl bənna olub. İndi kamil memardı. Təkcə memar deyil, dünyəvi elmlərin, demək olar ki, hamısından xəbərdardı. Amma... bir eybi var. – Bu sözləri də dəbir dedi.

– Nədir eybi, dəbir?

– İnadkardır.

– Naxçıvanlıların çoxu inadkar olur... Ərkək üçün inadkarlıq yaxşı sifətdir. Bunu gərək rəis bizdən də yaxşı bilə... Yəqinimdir ki, bu nəslin əsli elə “Naxçıvani”dir?

Rəisin bir neçə gün bundan əvvəl baş şeyxə dediyi sözlər yadına düşdü. Ancaq onda özü dediklərinə indi cavab tapa bilmədi.

– Bu da mənim eybimdir, hökmdar... Onu öyrənməmişəm... Deyə bilmərəm. – Rəisin səsindəki qəbahət özünü biruzə verdi.

– Pis, çox pis! – Cahan Pəhləvan işarə elədi ki, gəcavəni dayandırsınlar.

Atların yüyəni çəkildi. Arxadan gələn mühafizlər sıçrayıb atlardan düşdülər.

– Biz sənətkarların, o cümlədən, ən yaxşı bənnaların belə qayğısını çəkməliyik... Onların başqa-başqa yerlərə, lap elə Herat, Bağdad, İsfahan şəhərlərinə gedib orada iş tapmalarına dözə bilmərik! Onların ayağını həmin şəhərlərdən kəsmək gərəkdir!

Rəis dinmədi. Dəbir dedi: – Onları bir parça çörək dərdidi, oğul-uşaq qayğısıdı didərgin edib çöllərə salan, hökmdar.

Dəbirin sözləri saray sahibinin bu dəfə deyəsən xoşuna gəlmədi.

– Çörək qazanmağı bacaran kişi harda istəsə qazanar. Onlara anlatmaq gərəkdi ki, Eldəgəzlər xanədanına arxa çevirən kəsin süfrəsi çörək görməz! Özü də nəsilbənəsil!..

Bu dəfə nə rəis dindi, nə də dəbir söz dedi.

Bu vaxt onlar şəhərin cənubundakı dikdirin üstündə dayanmışdılar. Cahan Pəhləvan yavaş-yavaş dikdirin lap kənarına gəldi, diqqətlə irəli baxdı...

Bu dəm hökmdar nə fikirləşdi, özü bildi. Amma dəbirin yadına atabəy-əzəmin iki il əvvəl həmin bu yerdə ikinci oğlu Arslana dediyi sözlər düşdü:”Arazın sahilindən uzanıb gedən bu torpaqlar Eldəgəzlər dövlətinin qılınc nişanlı qırmızı bayrağı altında olmalıdır. Sən də, böyük qardaşın da yadınızda saxlayın ki, bu yerləri parçalamaq yox, bir-birinə ilhaq etmək gərəkdi. Tarix bu vəzifəni mənim nəslimə həvalə edib. İlk Azərbaycan dövlətini biz Eldəgəzlər yaradıb bərqərar etməliyik!..”

Cahan Pəhləvan elə bil atasının bu sözlərini bir and kimi ürəyində təkrar edəndən sonra dedi:

– Naxçıvan sənətkarları həm bacarığına, həm də sayına görə Bağdadı da ötüb keçməlidir...

Rəis saray sahibinin səsindəki ötkəmlikdən ehtiyat etdiyi üçün başını aşağı dikdi:

– Düz buyurursunuz...

– Mən bu həyətə də baxmaq istəyirəm.

Rəis bu dəfə təəccübünü gizlədə bilmədi:

– Siz... hökmdar... rəiyyətin həyətinə baxmaq istəyirsiniz?

– Bəli... başa düşmürəm, mənim bu niyyətimə niyə təəccüb edirsən... Yoxsa rəiyyətin həyətinə baxmağı qəbahət bilir rəis?

Dəbir irəli yeriyib darvazanın çaxçaxını döyəclədi. İçəridən səs gəldi.

– Kimsən?.. Buyur... Qapı açıqdı...

Cahan Pəhləvan darvazadan içəri adladı. Onun dalınca rəis, sonra da dəbir həyətə girdi.

Əcəmi tut ağacının altındakı kötüyün üstündə oturub şəbəkə düzəldirdi. O, gözləmədiyi bu qeyri-adi gəlişdən az qala özünü itirdi, əlindəki balaca bıçaq yerə düşdü, birdən cəld ayağa durdu, irəli gəlib qonaqpərvərlik göstərdi:

– Gözlərimə... inana bilmirəm, hökmdar! Bu, həqiqətən sizsiniz?..

– Bəli, mənəm, Əbubəkr oğlu. – Cahan Pəhləvan həyətdəki daşdan yonulan balaca at, qoç fiqurlarına, müxtəlif şəbəkələrə baxa-baxa əlavə etdi: “Mən bu darvazanı görəndə yan keçə bilmədim... Səliqəsahman, gözəl naxışlar məni yolumdan elədi... Atabəy-əzəm tez-tez deyərdi: hər bir hökmdarın əsas və ümdə borclarından biri də elmi, mədəniyyəti himayə etməkdir, onların qayğısını çəkməkdir, alimi, ədibi dəyərləndirməkdir, onlara həyan olmaqdır... Bunlarsız həqiqi tərəqqi müşküldür, imkan xaricindədir... O ki, qaldı Əbubəkr oğluna... Səni mən cavanlıqdan tanıyıram... Hələ, səhv etmirəmsə, səni bir dəfə mərhum atabəy-əzəmin yanında da görmüşəm.

Əcəmi sol əlini sinəsinə qoyub razılıq etdi və birdən yadına düşdü ki, xoş gəldin eləmək lazımdı:

– Əfv edərsiniz, hökmdar... Bağışlayın...Siz mənim bu fəqir hücrəmə xoş gəlibsiniz...

– Fəqir demə! – Cahan Pəhləvan buna irad tutdu. – Hücrəniz balaca da olsa onda qəsr əlaməti var... Amma mənə deyiblər ki, sən tək-tənha yaşayırsan, düzdür?

Əcəmi dinmədi. Cahan Pəhləvan əvvəlcə rəisə, sonra dəbirə baxdı. Rəis nə cavab verəcəyini bilmədi. Dəbir hökmdarın sualını cavabsız qoya bilmədi və onu da bildirdi ki, Əcəmi bu barədə bir kəlmə də kəsən deyil.

– Siz buyurandı, hökmdar.

– Niyə?

– Bu uzun əhvalatdı...

Cahan Pəhləvan dəbirin cavabından, daha doğrusu, eyhamından nə başa düşdüsə cavab almaq üçün israr etmədi.

Bu söhbətin davam etdirilməsinə Əcəminin özü də, bir növ, imkan vermədi.

– Hökmdar razılıq versin, gələnlərin qulluğunda durum. – Dəbirə baxdı. Dəbir isə dostunun arzusunu yerinə yetirməyə hazır olduğunu dərhal biruzə verdi.

– Yox, Əbubəkr oğlu. – Cahan Pəhləvanın şəhərə varid olan gündən birinci dəfəydi ki, üzündə ötəri təbəssüm göründü. – Qonaq olası halımız yoxdu. – Rəisə tərəf döndü. – Şənbə gününə təyin olunan məsləhətləşmə məclisinə Əbubəkr oğlunu da dəvət elə... Və qayıdan kimi bu barədə lazımi tapşırıq da ver.

– Baş üstə. – Rəis az qala farağat dayandı.

Əcəmi elə bil birdən ayıldı:

– Hökmdar bir şeyi də, ricam budu, mənə əfv etsin... Atabəy-əzəmin qəfil vəfatı bizim cavan dövlətimiz üçün çox böyük, ağır itki oldu. Onun möhtəşəm adı, böyük xidmətləri bizim dilimizdən uzun illər düşməyəcək. Biz onunla da təskinlik tapırıq ki, atabəy-əzəmin taxttacı sahibsiz qalmadı. Onun yerini ləyaqətli bir varisi tutdu. Mən sizə böyük ürək ağrısı ilə başsağlığı verirəm... Və mərhum atanıza yüz-yüz, min-min rəhmət oxuyuram...

Hökmdar da, rəis də, dəbir də salavat çevirdilər, dua elədilər, rəhmət oxudular...

– Çox razıyam, Əbubəkr oğlu...

Cahan Pəhləvan darvazadan həyətə necə girmişdisə, eləcə də çıxdı. Əcəmi onları yolun qurtaracağına kimi müşayiət etdi... Dəbir həm sevindi, həm də qəmləndi. Sevinirdi ki, Əcəmi sənəti hökmdarı onun ayağına gətirmişdi, qəmləndi ki, bu gəlişin arxasında bəd bir niyyət də gizlənə bilər...

...Əcəmi onlardan ayrılandan sonra darvazanı kilidləyib bazara endi... İlk rastına çıxan isə cavan bir oğlan oldu. O, dulusçuluq məmulatı satırdı:

– Ey cavan, bunları haradan gətirib satırsan?

– Şabrandan.

– Şabrandan?

– Bəli, dayı. Şabrandan... İndi Şabranda kuzə, çıraq, qab-qacaq ustaları çoxdu. Özü də hamısı mahir ustalardı. Usta olma, olursan gərək həqiqi usta olasan. Böyük Nizami demişkən, bacarıqsız usta olunca, papaqçı olmaq əfzəldi.

Əcəmi bir an fikrə getdi. “Böyük Nizami... Gör xalq sənətkarlarına necə yüksək qiymət verir... Bu sadə şəhərli balasının dediyi sözə bax: “Böyük...”

– Yəni belə mahir sənətkar var Şabranda? – Soruşdu yenə Əcəmi.

– Niyə yoxdu ki, dayı!.. İnanmırsız, bizim şəhərə gəlin... Dərbənd yaxınlığındadı şəhərimiz. Həm şəhərimizi görərsiz, həm də ustalarımızı tanıyarsız. Şəhərləri hər yerdə ustaları ilə tanıyırlar. Hindistanda da, Çində də ustalarımızın hazırladıqlarını çox böyük həvəslə alırlar. Bizim şəhərimiz nəfis kuzəsi ilə, gözəl qab-qacağı ilə tanınır. Sizin şəhəriniz isə ustad Əcəminin tikdiyi şeyx Yusif türbəsilə...

Cavan, şad-xürrəm oğlanın danışığı Əcəminin xoşuna gəldi, onun öz şəhərinin ustalarını ürəkdən tərifləməsi isə Əcəmiyə xüsusi ləzzət verdi. İstədi özünü tanış verə, ancaq fikrindən daşındı. Cavan oğlana ürəyində razılıq etdi: “Bərəkallah zatına, eloğlu!”...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Allah, Peyğəmbər, Xəlifə

Məhəmməd öləndən sonra onun varisləri xeyli fikirləşməli, götür-qoy etməli oldular. Əhmədi-mürsəlin, Qasimi rəhmətin¹ adını yazmaq, irsini qorumaq, buyurduğu qayda-qanunları hifz edib saxlamaq lazım idi. Doğrudur, daha meraca² gedib-gələn yox idi, amma rəsullahın³ xətəmun-nəbiyin⁴ yer üzərində kölgəsi daim gəzir, ruhu gecə-gündüz dolanır, nəfəsi bir addımda duyulur, Qüreyşi övladları vaxtlı-vaxtında boy atıb böyüyürdülər...Götür-qoy çox çəkmədi, baş sındırmaq da bir o qədər lazım olmadı: varisləri özlərini “xəlifə” elan etdilər, dövlətlərinə isə “xilafət” adı qoydular. Əllərinə Allahın müqəddəs kitabını – Quranı alıb başlarının üstünə İslamın yaşıl ələmini tutub atlarını dördnala obadan-obaya,

15 min
Şəhdigül

...Pəncşənbə günü idi. Əcəmi tezdən durub iş yoldaşlarının təzədən düzəltdikləri evinə, həyətinə nəzər yetirdi. Sərdabədə işi dayandırıb gecə-gündüz bilmədən tikib-quran, təmir aparan həmkarlarının ünvanına ürəyində də olsa dönə-dönə xoş sözlər dedi. Hamıdan çox əziyyət çəkən Cəmilin ata-anasına rəhmət oxudu, bütün qab-qacağın yuyub təmizləyən, pal-paltarını təzələyən Zəhraya xoşbəxtlik arzuladı. Və yenə də sevindi ki, yaxşı olub darvazaya xətər toxunmayıb... Yanğın tez söndürülməsəydi, alov yəqin ki, onu da qarsacaqdı, üstündəki naxışları korlayacaqdı. Hamı da fikirləşəcəkdi, hökmdarın ayağı düşmədi... Şəmsəddin oğlu nəzərlədi Əbubəkr oğlunu...Əcəmi bunları fikirləşə-fikriləşə həyətində bir az qurdalandı, sonra bazara getdi. Məqsədi qonşu uşağı Rəşidin şikəst nənəsi Xədicə qarıya qovun, üzüm alıb gətirmək idi. Alıb evə qayıtdı. Rəşidi səsləyib aldıqlarını ona verdi, sonra tut ağacının altındakı yanı qarsalmış kötüyün üstündə oturub dincini almaq istədi. Anası Badisəba yadına düşdü.

7 min
Bu xatirə yenə Əcəmi dilindəndir

“...Yetim böyümüşəm, rəhmətlik İbrahim, ha budu, mənə həm ata olub, həm də qardaş. Özümün isə bəxtimi allahtala əzəli gündən qara yazıb... Bir gün gəldi ki, xalam oğluna nişanladılar məni. Əslində mən getmək istəmirdim, qardaşım tək-tənha qalırdı, o halında... Amma sözündən çıxa bilmədim. Xalam oğlu da, ha budu, dinc bala deyildi. “Vur ölüm, haqqımı ver”in biriydi. Gedib qoşuldu qaçaq-quçağa. Toyumuz olmamış vurub öldürdülər... Yazıq hələ əlimdən də tutmamışdı, üz-üzə durub bir kəlmə belə kəsməmişdik... Bizim kənddə də, ha budu, adət var: hansı qızın toyu olmamış nişanlısını başına bir qəzavü-qədər gəldi, o qızın adını daha heç bir oğlan dilinə gətirməz. Gətirsə də, ata-anası razı olmaz... Deyər qarabəxtdi... O ki, qaldı Şahab meydanında gördüyün övrətə, rəhmətlik anamın siğə bacısıdı. Gözümü açandan Xəzangül arvadı özümə doğma xala bilmişəm. Körpə də, ha budu, onun nəvəsiydi... “Qızlar bulağı”na su gətirməyə məni İbrahim göndərmişdi... İndi bəxtimdən ha budu, yüz kərə, min kərə razıyam. Görüm Cəmil qardaş da, Zəhra bacı da “neynim, necə eləyim” deməsinlər. Məni sənə ürcah elədiklərinə görə işləri həmişə avand olsun...”Şəhdigülün nisgilli taleyindən, cavan yaşında başına gələn müsibətlərdən hali olandan sonra bu sadə, ürəyi açıq qıza məhəbbətim birə-on qat artmışdı. Artmışdı deyəndə ki, bu məhəbbəti aramızda, əslində, rəhmətlik bənnanın bacısı özü yaratmışdı. Onun qayğısı, mehribanlığı, uşaq kimi sadəliyi, qəlbinin güzgü kimi təmizliyi, üstəlik, gözəl səliqə-sahmanı məni ona elə bağlamışdı ki, görən deyərdi biz neçə illərin ər-arvadıyıq. Dəryanurdan sonra qəlbimdə yaranan boşluğu özüm də hiss etmədən pünhan-pünhan, qətrə-qətrə doldururdu Şəhdigül.

18 min
Əli Şimşək

Əcəmi Şəhdigülü qaynanasının siğə bacısı Xəzangül arvadın yanında qoyub rəisin tapşırığını yerinə yetirmək üçün atını dağlara sarı sürdü, özü də elə yerlərdən sürdü ki, tez-tez bulağa rast gəlsin. Əcəmi hələ cavanlıq çağlarından bilirdi ki, Əlincə silsiləsinə gedən cığırların, yolların kənarlarında suyu diş donduran neçə-neçə bulaqlar çağlayır... Onun isə uşaq vaxtından bulaqlardan xoşu gələrdi, buludların göz yaşından, gül-çiçəyin, şəbnəmindən yaranıb gah bu daşın altından qaynayan, gah o qayanın dibindən pıqqıldayan bulaqlardan... Dizini yerə qoyub bulaqların göz yaşı kimi duru suyundan içəndə, pıçıltısına qulaq asanda ürəyinə xoş arzular dolardı.İndi də bulaqlara baş çəkə-çəkə, dupduru sularından içə-içə gəlib çıxdı Əlincənin ətəklərinə. Sal qayanın altından çıxan Xanəgah bulağının başında atını əylədi, səndəl ağacını qurşağına keçirib süfrə açdı. Şəhdigülün dəsmala bükdüyü pendir və çörəyi iştahla yedi. Amma bulaqdan ayrılmaq istəmirdi. Sal daşın üstündə əyləşdi. Nəzərləri uzaqlara zilləndi. Uzaqda dumana bürünmüş Əlincə qalası görünürdü.

17 min

Poems by other poets