Page 10 of 13 · 69%

Həsənzadə

Təşəkkür edirəm.

Nargilə

Oh... (Qışqırır). Mən sizdən təşəkkür istəmirəm, başa düşürsünüzmü, istəmirəm!..

Həsənzadə (zarafatyana)

Yavaşın, qulağım batdı...

Nargilə

Qoyun batsın...

Həsənzadə (eyni zarafatla)

Nə üçün? Axı onda sizin səsinizi eşitməzdim...

Nargilə

Yoxsa ki, eşitmək istəyirdiniz...

Həsənzadə

Mən sizin səsinizi həmişə... dünya durduqca eşitmək istərdim...

Nargilə

Bəsdirin... Bəsdirin... Mən belə ümumi... mücərrəd sözlər eşitmək istəmirəm. (Təmkinlə). İyirminci əsr qəti hərəkət tələb edir... Bildinizmi?! (Pauza. Sanki Həsənzadə qəflətən Çin səddi qarşısında qalır. Onun üzü birdən-birə sarsılmış, düşkün bir ifadə alır. Bəlkə o, ömründə ilk dəfə həyatının nə qədər kədərli olduğunu, ta uzaq üfüqlərinə qədər görür...) Nə oldu? Nə üçün susdunuz?

Həsənzadə (dərindən nəfəs alaraq)

Heç... Mən sizə qulaq asıram...

Nargilə

Mən sözümü dedim, eşitmədiniz?

Həsənzadə

Eşitdim...

Qısa pauza.

Nargilə

Yaxşı... Sağ olun...

Dəstəyi asır. Həsənzadə dəstəyi gözünün qabağına tutaraq ona uzun və ümidsiz bir nəzər salır və yerinə qoyur... Onun üzərinə düşən işıq sönür. Nargilə telefon aparatından aralanaraq otağın ortasında dayanır. Bayaqdan bəri əlində tutmuş olduğu redikülü qeyri-şüuri bir hərəkətlə qaldırıb baxır. Nəyi isə xatırlayır və ani əsəbi hərəkətlə onu kənara tullayır, sonra eyni qəzəblə plaşını, jaketini çıxarıb tullayaraq divana yıxılıb, əllərilə üzünü tutur. İşıq sönür. Digər işıq yananda Həsənzadə kağızları bir-bir oxuyub dərkənar yazır... Uzaqdan Rəşidin oxuduğu «Qaragilə» mahnısı eşidilir. Həsənzadə bir an əl saxlayaraq mahnıya qulaq asır. Sonra yenə işinə davam edir.

Birdən mahnı kəsilir.

Pauza. Fərəcov tələsik gəlir.

Fərəcov

Yo... yoldaş direktor... O... qız...

Həsənzadə (başını kəskin hərəkətlə qaldırır)

Hansı qız?

Fərəcov

O günü işə götürdüyümüz... Nargilə...

Həsənzadə

Hə, neyləyib?...

Fərəcov

İ...İ... indicə az qalmışdı Rəşidi öldürsün!..

Həsənzadə

Nə üçün?

Fərəcov

De... De... deyir, niyə oxuyursan... Rəşid də bi... bi... bilirsiniz, zarafatcıl oğlandı... De... deyir, sizin kimi qə...qəşəng qız da mahnıya daralarmı? Qız bayağıdı çilingərin bıçağını... götürüb düz oğlanın üzünə atasan!.. Ba... başını qaçırmasaydı... bi... bi... birtəhər olacaqdı...

Həsənzadə (sakit)

Sonra?

Fərəcov

Sonra da qız... yaman pərt oldu... Az qaldı ağlasın...

Həsənzadə

Bəs Rəşid nə dedi?

Fərəcov

Nə desin... Əvvəl bir xeyli durub baxdı... So... Sonra «bağışlayın, Nargilə xanım, – dedi. – Vaxta ki, mənim mahnım sizi bu dərəcədə əsəbiləşdirir, bir də ömrümdə oxumaram...» Çox... çox xatalı qızdı...

Pauza. Həsənzadə papiros çıxarıb yandırır.

Həsənzadə

Yaxşı, siz gedin... (Fərəcov çıxır. Həsənzadə qalxıb kabinetdə var-gəl edir. Telefon zəngi. Həsənzadə dəstəyi götürür.) Eşidirəm...

Telefon xəttinin o biri başında Nəzakət xanım görünür.

Nəzakət

Yəqin ki, danışanın kim olduğunu tanıdınız.

Həsənzadə

Tanıdım.

Nəzakət

Siz bizim söhbətimizi Nargiləyə demisiniz?

Həsənzadə

Xeyr, deməmişəm. Necə məgər?

Nəzakət

Xahiş edirəm deməyəsiniz... Son günlər o, tez-tez əsəbiləşir... Qorxuram...

Həsənzadə

Qorxmayın, heç nə olmaz.

Nəzakət

Mən sizin işinizə mane olmuram ki?

Həsənzadə

Xeyr. Mane olmursunuz.

Nəzakət

Srağagün sizinlə kobud danışdım...

Həsənzadə

Eybi yoxdur.

Nəzakət

O gündən bəri mən sizə kin bəsləyə bilmirəm. Sizin səsinizdə elə bir doğruluq, elə bir ürək yanğısı hiss edirdim ki...

Həsənzadə (səbirsiz halda)

Bu sözlər artıqdır...

Nəzakət

Siz məni məzəmmət eləməkdə haqlısınız. Mən qəddar və qorxaq olmuşam. (Qısa pauza). Ancaq... Doğrudanmı, mən ona qarşı analıq haqqımı itirmişəm?

Həsənzadə (sərt şəkildə)

Bilmirəm... Bəlkə də, itirməmisiniz...

Nəzakət

Onun ürəyi mənə qarşı buz kimi soyuqdur... O mənim onu yaddan çıxarmağımı tələb edir!.. Ancaq and içirəm ki, mən onu həmişə o üç uşağımın üçündən də çox istəmişəm.

Həsənzadə

Mən buna inanıram. Gəlin biz bir də bu barədə danışmayaq. «İstəmək» çox sürtülmüş sözdür.

Nəzakət (göz yaşları içində)

Bu dünyada mənim ən böyük arzum onun xoşbəxtliyi olmuşdur. Mən heç bir zaman ona gözünün üstündə qaşın var deməmişəm.

Həsənzadə (əsəbi halda onun sözünü kəsir)

İş də orasındadır ki, siz ona heç nə demirdiniz... Onun isə insanla danışmağa ehtiyacı var idi... Başa düşürsünüzmü, insanla?! Siz ana idiniz... Siz ona çox şey deyə bilərdiniz... (Qısa pauza. Bu sözlərlə sanki Həsənzadənin üzərindən ağır bir yük götürülür. Yavaş səslə). O, hələ insan həyatının isti-soyuğunu görməmişdi... Xudpəsənd deyildi. Qanadları hələ bərkiməmişdi. O özünə qarşı başqalarında qayğı, fədakarlıq görmək istəyirdi... (Qısa pauza). Lakin siz ərinizin yanında onunla danışmağa belə qorxurdunuz...

Nəzakət

Mən zəif bir qadın idim. Mən azad deyildim.

Həsənzadə

Nə üçün? Sizi zirzəmiyə salıb ağzınızı bağlamamışdılar ki?..

Nəzakət

Mən həmişə qorxu içindəydim.

Bu zaman Fərəc arxadan daxil olur. Nəzakətin son sözlərini eşidib ayaq saxlayır. Nəzakət onu görmür.

İndinin bu saatında da mən bütün ciddi-cəhdimə baxmayaraq, özümü onun əsarəti altında hiss edirəm.

Həsənzadə

Nə üçün? Bəyəm o sizi döyüb-incidirdi?

Nəzakət

Yox...

Həsənzadə

Bəlkə... Açıq danışdığım üçün üzr istəyirəm, bəlkə siz onu çox sevirsiniz?

Nəzakət (qəti)

Yox. Mən, sadəcə olaraq, qorxurdum. Mənə elə gəlirdi ki, əgər bu adam məni tərk edərsə, əlim yerdən, göydən üzülər!

Həsənzadə (əsəbi)

Çünki siz əsil həyatdan kənarda idiniz. Ölkə, xalq ağır günlər keçirdiyi halda, siz yalnız özünüzlə məşğul idiniz! Yalnız öz canınız üçün titrəyirdiniz! Əgər iş daha bərkə düşsəydi, bəlkə siz körpə qızınızı da atıb qaçardınız!

Nəzakət (qəzəblə)

Siz nə haqla bu cür sözlər deyirsiniz?

Həsənzadə

Nə üçün hirslənirsiniz? Siz ki, doğrudan da, onu atdınız!

Fərəc öskürür. Nəzakət diksinərək geri çevrilib onu görür. Qeyri-iradi bir hərəkətlə dəstəyi arxasında gizlədir.

Fərəc

Söhbət kimlə və nə haqqındadır? (Nəzakət iri-iri açılmış gözləri ilə ona baxıb durur. Fərəc eyni əda ilə təkrar edir). Söhbət kimlə və nə haqqındadır?

Nəzakət

Söhbət... Mənim qızım haqqındadır...

Fərəc

Trubkanı qoy yerinə!

Nəzakət (birdən təsəvvürəgəlməz bir qəzəblə)

Qoymuram!.. Bəsdir eybəcər kabus kimi məni gecə-gündüz təqib elədiyin! O mənim qızımdır! Onu mən doğmuşam! O mənim dünyada əvvəlinci və axırıncı dəfə sevdiyim bir adamın yadigarıdır!

Fərəc

Necə?

Nəzakət

Mən sənə nifrət edirəm!

Fərəc

Nifrət edirsən?

Nəzakət

Mən heç bir zaman səni istəməmişəm!..

Fərəc

Trubkanı qoy yerinə!

Nəzakət (dəstəyi ağzına daha da yaxın tutaraq)

Qoymuram! Neçə illərdi sən məni analıq hüququndan məhrum eləmisən! (Göz yaşları içində). Sən məni məcbur eləmisən öz qızımı onun doğma atasının evindən çıxarıb bayıra salım... Sən!..

Bu zaman Nargilə Həsənzadənin kabinetinə daxil olur. Həsənzadə dərhal dəstəyi yerinə qoyur. Nəzakət xanımla Fərəcin üzərinə düşən işıq sönür.

Nargilə

Deyin mənim haqq-hesabımı versinlər, daha zavodda işləmək istəmirəm.

Həsənzadə

Nə üçün? Rəşid ki, sizə söz verib bir də o mahnını oxumasın...

Nargilə

Mən onunla bir yerdə işləyə bilməyəcəyəm.

Həsənzadə

Axı nə üçün?

Nargilə (həyəcanla)

Çünki mən sizdən başqa heç kəsi sevmək istəmirəm!..

Həsənzadə (gülümsəyir, zarafatyana)

Heç kəsi sevmək istəmirsiniz, yoxsa sevmirsiniz?

Nargilə (Həsənzadəyə uzun və diqqətli bir nəzər salır)

Mən sizdən başqa heç kəsi sevmirəm və sevmək də istəmirəm. İndi aydındırmı?

Həsənzadə (üzü ciddi və kədərli ifadə alır. Güclə eşidilən yavaş səslə)

Aydındır!..

Bu zaman üç nəfər cavan işçi daxil olur.

Birinci işçi (Nargiləyə)

Doğrusu, biz sizdən heylə hərəkət gözləmirdik.

İkinci işçi

Bəs adamda Rəşid kimi oğlana bıçaq atar?

Üçüncü işçi

Bəlkə, siz onu yaxşı tanımırsınız?.. Bütün zavod onun başına and içir...

Birinci işçi

Bu neçə ilin ərzində birinci dəfədir ki, bizim kollektivdə belə hadisə baş verir.

Nargilə (əsəbi halda)

Axı sizə nə dəxli var?

İkinci işçi

Necə yəni sizə nə dəxli var?

Həsənzadə

Nargilə xanım təzə gəldiyi zavod həyatı ilə yaxşı tanış deyil... (İşçiləri göstərərək). Bunlar Rəşidin yoldaşlarıdır. Bir briqadada işləyirlər. Ona görə də maraqlanırlar...

Birinci işçi

Bəlkə, o sizi təhqir eləyib?

Nargilə (acıqlı halda)

Yox!

Birinci işçi

Bəlkə onun mahnısı nəyi isə sizin yadınıza salıb?

Nargilə (özündən çıxaraq)

Siz burada mənə məhkəmə qurmağa gəlmisiniz, nədir?

Birinci işçi

Məhkəmə də qurmaq olar. Siz onu öldürə bilərdiniz!..

Random poem

More by this author

Poems by other poets