Page 8 of 13 · 54%

Nargilə

Nə üçün Fərəc məndən ötəri yalan danışırdı?

Nəzakət (mülayim tərzdə)

İnsan cavanlıqda səhv eləyə bilər, ancaq bu dərəcədə yox. Mən bura səninlə söz güləşdirməyə gəlməmişəm... Ağlını başına yığ, cavanlığının, gözəlliyinin qədrini bil. Ola bilsin ki, Fərəcin rəisi bu günlərdə bizə gəlsin... Oğlunu da tanıyırsan, pis oğlan deyil. Ali təhsilli, əlində yaxşı işi...

Nargilə

Əgər o, yaxşı oğlan idisə, bəs niyə cavan arvadını iki uşağı ilə qovub salırdı küçəyə?

Nəzakət

Qovmaq nə üçün... istəməyib, boşayıb... Bu, tək onun başında görünməyib ki... Ailə sirrinə əl aparmaq çətindir.

Nargilə

Surik onun dabbaqda gönünə bələddir.

Nəzakət

Sən məni o vəziyyətə gətirəcəksən ki, gedib özümü atacağam poyezdin-zadın altına.

Nargilə (səmimi təəccüblə)

Məndən ötəri?

Nəzakət

Sən mənim qızımsan... Səni mən doğmuşam.

Nargilə (kədərlə)

Eh, ay ana... Mən doğulmaya da bilərdim. Gərək ki, uşaq olub-olmaması çox zaman insanların iradəsindən asılı olmur. Yaxşısı budur, Fərəcə deyəsən ki, mən onun rəisinin oğluna getməyəcəyəm!

Nəzakət (əsəbi halda qalxaraq)

Getmə... Əgər bu qəsəbədə bir oğlan sənin üzünə baxsa, mən adımı dəyişərəm.

Nargilə (bərkdən gülür)

Bir gör sən məni nə ilə qorxutmaq istəyirsən...

Nəzakət

Yaxşı... Axırını görərik...

Çıxır. Nargilə işinə davam edir. Səhnə yavaş-yavaş qaranlıqlaşır. İşıqlananda Nargiləni Həsənzadənin eyvanında görürük. O, yemək stolunun üzərinə ağ süfrə çəkir. Qrafini su ilə doldurur. Balaca vazaya çiçək qoyur. Bu zaman qapı zəngi vurulur. Qız yüyürüb açır. Həsənzadə daxil olur. O, çox yorğundur. Lakin bunu büruzə vermək istəmir.

Həsənzadə (yemək stoluna nəzər salaraq)

Bu nə dəsgahdır...

Nargilə

Mən sizin üçün türk kofesi hazırlamışam. (Yüyürüb gətirir).

Həsənzadə (ürəkdən)

Yaxşı qızsınız.

Nargilə

Nə barədə?

Həsənzadə

Hər barədə: ağılda, gözəlliklə, hazırcavablıqda...

Nargilə (ona iti bir nəzər salaraq, həyəcanla)

Yalvarıram, oğlunuzun əziz canına and verirəm: siz bu sözləri ürəyisınıq bir qız olan mənim xətrim xoş olmaq üçün deyirsiniz, yoxsa, doğrudan da, belə düşünürsünüz?

Həsənzadə (ciddi)

Mən həmişə düşündüyümü deyirəm... Bir də, sizin kimi həyatın isti-soyuğunu görmüş mərd bir qızın başsığallanmasına nə ehtiyacı var?..

Nargilə (çox mütəəssir)

Sağ olun, çox sağ olun!

Rəşidin mahnısı eşidilir:

Gəlmişəm otağına oyadam səni,
Qaragilə, oyadam səni.
Nə gözəl xəlq eləyib yaradan səni,
Qaragilə, yaradan səni.

Nargilə diksinərək bayıra sarı əsəbi bir nəzər salır.

Onun bu ani hərəkəti Həsənzadənin diqqətindən qaçmır.

Qısa pauza. Mahnı davam edir...

Həsənzadə (qızın üzünə baxmaqdan çəkinərək)

Bu gün Rəşidin bayramıdır.

Nargilə (dalğın)

Qəzetlərdə şəkli çıxdığına görə?

Həsənzadə

Yalnız buna görə deyil... Dünən ona güllə atmaqda respublika çempionu adı veriblər.

Nargilə

Bah... bah... (Mahnı davam edir). Siz bu mahnını oxumağı ona qadağan eləyin!

Həsənzadə

Niyə?

Nargilə

Çünki o bunu oxumaqla mənə sataşır...

Həsənzadə

Nə bilirsiniz?

Nargilə (acıqlı halda)

Yüz dəfə ona demişəm ki, mənim adım Nargilədir... Yenə də başlayır. Qaragilə, Qaragilə...

Həsənzadə

Nə olar ki, qoyun Qaragilə desin.

Nargilə

İstəmirəm.

Mahnı davam edir.

Qızıl gül əsdi,
Səbrimi kəsdi...
Sil gözün yaşın, Qaragilə,
Ağlama, bəsdi...

Həsənzadə (öz-özü ilə danışırmış kimi)

Yaxşı oğlandır.

Nargilə

Məncə, sərrast güllə atmaq və ya bir gündə dörd günün işini görmək hələ tamam yaxşı adam olmaq deyildir...

Həsənzadə (ciddi şəkildə)

Doğrudur. Lakin Rəşidin yaxşılığı eyni zamanda onun insanlara münasibətindədir. Bizim ümumi işimizə, dövlətə sədaqətindədir. (Zarafatyana). Bunun üzərinə onun gözəl nəğmələrini, igidliyini də gəldikdə...

Nargilə

Bah... bah, saxlayın, yoxsa özümdən gedərəm.

Həsənzadə (xəyal içində)

Bəlkə də, mən onda öz keçmiş gəncliyimi gördüyüm üçün bu qədər xoşuma gəlir.

Nargilə (gərgin istehza ilə)

Yoxsa siz də onun kimi oxuyardınız?

Həsənzadə (gülümsəyir)

Siz sataşırsınız, amma mən, doğrudan da, oxuyardım...

Nargilə (eyni istehza ilə)

Bəs indi niyə heç oxumursunuz?

Həsənzadə (dərindən nəfəs alaraq)

Yadırğamışam. Mənim nəğməmin susduğu vaxtdan xeyli zaman keçibdir.

Nargilə (əsəbi halda)

Belə sentimental sözlər sizə yaraşmır.

Həsənzadə

Doğrudur. Ancaq, görünür, həmişə susmaq da mümkün deyil. Siz o gün doğru deyirdiniz: insanların içində Robinzon Kruzo kimi yaşamaq olmaz.

Rəşid oxuyur:

Boynuma salmısan zülfündən zəncir,
Qaragilə, zülfündən zəncir.

Nargilə (təkrar əsəbiləşərək)

Xahiş edirəm, bir də onu mənim yanımda tərifləməyəsiniz...

Həsənzadə

Söz düşdü, dedim... Bir də, tərifləyəndə nə olar?

Nargilə

İstəmirəm. Sizin üçün yenə kofe tökümmü?

Həsənzadə

Bəsdir. (Qəsdən). Təşəkkür edirəm. (Pauza. Nargilənin üzü düşkün və pərişan bir ifadə alır). Nə üçün birdən-birə bikeflədiniz?

Nargilə

Çünki siz məni sevmirsiniz! (Həyəcanla). Qətiyyən sevmirsiniz! Mən həmişə bu barədə söhbət salanda siz araya söz qatırsınız... Elə bilirsiniz ki, mən bunu başa düşmürəm. (Pauza. Həsənzadə papiros yandırır). Əlbəttə, istəmək, sevmək sifarişlə qəbul olunan bir şey deyil. Mən ancaq öz bəxtimdən küsməliyəm.

Həsənzadə

Bayaq siz məni təqsirləndirdiniz... Amma indi özünüz bəxtinizdən şikayətlənirsiniz.

Nargilə

Çünki mən haqlıyam. (Qızğınlıqla). Nə təfavütü var ki, əvvəllər mənim günümü Fərəc qara eləmişdi, indi siz eləyirsiniz?.. Nə şəkildə? Bunun əhəmiyyəti yoxdur... Heç olmazsa, Fərəcin əsarətindən bir gün xilas olacağıma ümidim var idi... (Qısa pauza. Həsənzadə papiros çəkir). Papirosu az çəkin, zəhərlənərsiniz! (Pauza). Sizi başa düşmək mümkün deyil... Bəzən, elə bil ki, siz də məni sevirsiniz... Ancaq söhbət ciddi hal alanda...

Həsənzadə

Siz ağıllı qızsınız... Səbəbini...

Nargilə

Xahiş edirəm, bu köhnə havaları qoyun dursun. Mən əvvəl də sizə demişəm, indi də deyirəm: yaş məsələsinin buna dəxli yoxdur. Həqiqi sevgi belə boş şeyə baxmaz. (Birdən həyəcanlanaraq). Nə üçün siz özünüzü fədakar olmağa layiq bilirsiniz, başqalarını yox?

Həsənzadə

Həyatda hər şey kimi fədakarlığın da öz yeri var... (Qısa pauza). Sevgi də canlı bir orqanizm kimi qocalır... və bir gün ölür...

Nargilə

Yəni demək istəyirsiniz ki, mən gələcəkdə sizi sevməyə də bilərəm? Qorxmayın, belə şeylər ömründə olmaz.

Həsənzadə (gülümsəyərək)

Mən özüm üçün qorxmuram...

Nargilə

Mənim üçün isə heç qorxmayın... Sizin həsrətinizi o qədər çəkmişəm ki... (Onun əlindən tutaraq). Mənim əzizim! Mənim qəhrəmanım!..

Həsənzadə (əlini nəzakətlə çəkərək)

Gəlin əyləşin. Sizdən bir şey soruşmaq istəyirəm.

Nargilə (çox şən və gülməli bir əda ilə stulu çəkib onun qabağında oturur)

Hə... soruşun!..

Həsənzadə

Adamların söz-hərəkətindən, tənəsindən qorxmursunuz?

Nargilə (eyni şən və gülməli bir əda ilə)

Yox, qorxmuram!

Həsənzadə

Nə üçün?

Nargilə

Heç «nə üçün»ün yeridir?! Yaxşı adamlar yaxşı hissləri söz-hərəkət eləməzlər. Pisləri isə qoy cəhənnəm olsunlar!

Həsənzadə (bərkdən gülərək)

Bəzən elə ağıllı söz deyirsiniz ki...

Nargilə (bərk inciyərək)

Bəzən?! Demək... Bəzən dəlidən doğru xəbər, heyləmi?

Həsənzadə

Bəzən yox, həmişə!

Nargilə (onu dinləyərək öz-özü ilə danışırmış kimi)

Bəlkə, Fərəc haqlı imiş?.. Bəlkə, doğrudan da, mən dəliyəm?

Həsənzadə (həyəcanla)

Mən zarafat eləyirdim...

Nargilə (eyni fikridağınıqlıqla)

Sizin zarafatınız havayı olmaz.

Həsənzadə (böyük bir nədamət hissi ilə)

Nə üçün olmur? Bəzən ən ağıllı adamlar belə, ən axmaq sözlər danışa bilərlər... (Nargilə gözləri onda olduğu halda «yox» mənasında ağır-ağır başını bulayır və Həsənzadəyə elə baxır ki, elə bil, onun ağarmış saçlarını, gözünün ətrafındakı qırışları yalnız indi görür. Elə bil ki, Həsənzadə onun nəzərləri altında saniyə-saniyə qocalır). Min dəfə üzr istəyirəm. Mən, sadəcə olaraq, ehtiyatsızlıq elədim.

Nargilə (kədərlə gülümsəyərək)

Ehtiyatsızlıq...

Həsənzadə (özünü büsbütün itirərək)

İnanın ki, siz mənim nəzərimdə həmişə ağıllı... həssas bir qızsınız.

Rəşid oxuyur.

Mən sənin əsirinəm, bir məni dindir,
Qaragilə, bir məni dindir...

Nargilə (qulaqlarını tutaraq qışqırır)

Çıxın onu susdurun! (Və bərkdən hönkürərək divana yıxılır. Həsənzadə özünü itirmiş halda ona su verir. Qız suyu alıb ürək yanğısı ilə içir. Sonra dikəlib eyni həyəcanla bayıra qulaq asır və nəğmənin susması ilə yavaş-yavaş sakit olur. Nəhayət, gözünün yaşını silərək, ayağa qalxıb paltarını düzəldir). Bağışlayın... Sizin qanınızı qaraltdım, hələlik...

Random poem

More by this author

Poems by other poets