Page 4 of 9 · 33%

– Kəsilməyə mən də razılıq vermirəm! – dedim.

Baş cərrah:

– O zaman məsuliyyət bizim üzərimizdən götürülür.

– Ancaq mən xəstəni Bakıya aparmaq istəyirəm.

Aradan qısa bir sükut keçdi.

– Nə vaxt aparmaq istəyirsiniz? – deyə həkim soruşdu.

– Lap bu saat.

– Nə ilə?

– Maşınla.

Yenə də sükut.

– Nə olar, – madam ki, istəyirsiniz, aparın. Amma gecikməyin. Yaralının vəziyyəti çox ciddidir. Bir saat belə ləngitmək olmaz.

– Mən xəstəni görə bilərəmmi?

– Görə bilərsiniz, – deyə baş cərrah üzümə baxmadan cavab verdi.

... Buldozerçinin rəngi pörtmüşdü. Məni görərkən gülümsəyib:

– Səriyyə, – dedi, – deyəsən, bu həkimlər mənim ayağımı tutub kəsmək istəyirlər...

– Eşitdim. Mən sizi bu saat Bakıya aparıram. Orada təcrübəli professorlar baxarlar.

– Bakıya getmək olar. Ancaq...

O, dişlərini bir-birinə sıxaraq, bir neçə saniyə susdu. Görünür, ayağı bərk ağrıyırdı.

– Ancaq sizinlə getmərəm. Gedin uşaqlardan birini göndərin. Ya da, mənim anamgil qonşu rayonda olurlar, onlara teleqram vurun gəlsinlər.

– Heç nə lazım deyil! O gec olar. Siz mənimlə gedəcəksiniz. Uşaqlarla qərarımız belə olub. Onlar işləyirlər.

O, quru atəşlə yanan gözlərini bir an üzümdə saxlayaraq, daha nə isə demək istədi. Lakin söhbət məqamı deyildi. Onun vəziyyəti, doğrudan da, ciddi idi.

Palatadan çıxıb, bayırda məni gözləyən manikürçünün qızı ilə birlikdə Adilin idarəsinə getdik. Katibə xəbər verdi ki, Adil rayon icraiyyə komitəsinin sədri ilə sahələrə gedib. Axşam saat beşdə-altıda qayıdacaq... Dedi ki, siz onu gözləyəsiniz.

Lakin mən onu gözləyə bilmədim. Mən bir qədər fikirləşəndən sonra katibədən soruşdum:

– Adil öz maşınında gedib?

– Xeyr, ispalkomun «Volqa»sında getdilər.

Biz Adilin maşını dayanan qaraja getdik. Orada məni tanıyırdılar. Müdirlə salamlaşıb dedim:

– Bir neçə saatlığa maşın mənə lazımdır. Adil soruşsa, deyərsən.

Qaraj müdiri:

– Baş üstə! – deyib darvazanı taybatay açdı.

Biz maşına qalxdıq. Mən əvvəlcə aptekə sürüb, «valerian» və sair xırda-xuruş dərman götürdüm. Sonra bazara sürüb, bir qədər gilənar, gilas, alma aldım. Daha sonra manikürçü qadıngilə gəldik.

– Buradan Bakıya dörd yüz kilometrə qədər yoldur. O cür ağır yaralı ilə tək getmək sizin üçün çətin olar, – deyə manikürçü qadın etiraz elədi. – Heç olmazsa, bir yoldaş da lazımdır.

Qızı dilləndi:

– Yoldaş – mən!

– Yox, sizə zəhmət olar, – dedim.

– Nə zəhmət olacaq?! Vaxta ki, getmək istəyir, qoyun getsin. Bakıda ev-eşiyimizə də baş çəkər. Biz hələ iki ay buradayıq.

Qız anasının razılıq verməsinə sevinib getməyə hazırlaşdı. Mən axşam da bir şey yeməmişdim, onlarla birlikdə qəlyanaltı elədim. Sonra manikürçü qadın böyük termosu çayla doldurdu. Soyutma yumurta bişirdi. Pendirdən-çörəkdən zənbilə yığıb maşına qoydu. Özü də əyləşib bizimlə xəstəxananın həyətinə gəldi.

... Biz rayon mərkəzindən çıxanda hələ də yağış çiskinləyirdi. Ətraf xəfif duman içindəydi.

Mən tez-tez dönüb arxaya baxırdım. Buldozerçi gözlərini yummuşdu. Qonşu rayonun poçt idarəsinin qabağında maşını saxlayaraq, düşüb Adilə bu məzmunda bir teleqram vurdum: «Adil! Buldozerçinin ayağı qanqren elədiyindən, kəsmək istəyirdilər. Qoymadım. Onu təcili Bakıya aparası oldum. İdarəyə gəldim ki, səndən icazə alım. Dedilər, axşam qayıdacaqsan. O vaxta qədər gözləmək olmazdı. Çarəsizlikdən sənin maşınında getdik. Hələlik! Səriyyə».

Biz sürətlə dağbasardan arana enirdik. Bu yerlərdə yağışdan əsər-əlamət yox idi. Asfalt qupquru idi. Göydən od yağırdı. Mən saatda yetmişdən az getməməyə çalışırdım. Tez-tez bir-iki dəqiqəliyə maşını saxlayıb, Qəribə çay və meyvə verirdim. Çox susayırdı. Huşu özündə olsa da, hərarətinin yüksək olduğunu hiss edirdim. Biz maşının içini elə düzəltmişdik ki, o, ayağını həmişə uzatmış vəziyyətdə saxlaya bilsin. Buna baxmayaraq, qanqren başlamış yaralı üçün bu qədər uzun yolun, maşının silkələnməsinin nə demək olduğu məlum idi. Lakin o dinmirdi.

Ağdaş şəhərinin yaxınlığında, dörd yüz əlli ildən artıq yaşı olan çinarın altında yaxşı bir çayxana var. Mən çinarın kölgəsində maşını saxladım. Məhrəbanı isladıb Qəribin üzünün tozunu sildim. Sonra təzə gilənar mürəbbəsiylə çay verdim. Manikürçünün qızı ilə mən də bir-iki stəkan çay içəndən sonra ona dedim:

– Bəlkə siz keçib burada oturasınız. Qəribin başına tez-tez cuna qoymaq lazımdır.

O mənim təklifimi həvəslə qəbul etdi.

Mən sükanın arxasına, o isə Qəribin yanına keçdi.

Mən bu dəfə sürəti bir az da qaldırdım. Yaralıya əziyyət də olsa, şəhərə mümkün qədər tez çatmaq lazım idi. Mən maşınımı kiçik bir daş qırığının üstündən də olsa atlandırmamağa çalışırdım. Tənzifi tez-tez təzələyirdik. Nəhayət, məşhur Ağsu keçidi göründü.

– Daha az qalmışıq, Qəribcan, – deyə mən geri döndüm.

Birinci dəfə idi ki, ona Qəribcan deyə müraciət edirdim. O, gözlərini açıb bir an mənə baxdı, sonra yenə yumdu.

Biz Ağsu keçidinə çatanda hava birdən-birə tutuldu və bərk yağış başladı. Biz keçidin başına qalxanda yağış o qədər şiddətləndi ki, yoldan şırıltı ilə sel axır və üç-dörd addım qabağı görmək olmurdu. Bəzən yolu kəsib uçuruma tökülən su maşının ayaq qoyulan yerinə qədər qalxırdı. Mən suyun motoru söndürəcəyindən qorxub, ehtiyatla irəliləyirdim. Orada-burada dalbadal ildırım çaxıb meşəni və dərələri işıqlandırırdı. Mən qorxurdum ki, sel motoru söndürər, güc verib maşını uçuruma yuvarlar. Ən pisi də bu idi ki, yağış o yandan bəri düz üzümə çırpdığından, gözlərimi açmağa imkan vermirdi. Hər otuz-qırx metrdən bir isə döngələri burulmaq lazım gəlirdi.

Yol ilə o qədər sel axırdı ki, elə bil, biz dəhşətli bir dağ çayının içi ilə irəliləyirdik. Elə bil ki, «QAZ-69» canlı bir məxluqa çevrilərək, mənimlə birlikdə bu sellərin əlindən salamat xilas olmaq üçün fövqəladə güc və cəsarət göstərirdi. Öz-özümə deyirdim: «Bircə motor sönməyəydi!» Afərin! Tormoza söz yoxdur! Göylərdə bəyəm nə qədər su olarmış... Birdən mən bir anlığa geri çevrildim. Qərib gözlərini açaraq diqqətlə qabağa baxırdı. Bu zaman maşın təkrar yolu ortadan kəsən gur selə rast gəldi.

– Bərk keçin! – deyə buldozerçi arxadan səsləndi. Mən maşının sürətini artırıb seli qıjıltı ilə keçdim və dərhal geri çevrildim. Buldozerçi yenə də gözlərini yummuşdu.

Nəhayət, biz Ağsu keçidini enib yağışdan çıxdıq və bir az gedəndən sonra yenə isti başladı.

Mən qol saatıma baxdım. Çinarın altındakı on beş-iyirmi dəqiqəni nəzərə almasaq, düz altı saat idi ki, yol gəlirdik. Keçiddə xeyli ləngimişdik. Şamaxıdan sonra təxminən yüz kilometr yolumuz qalırdı. Mən sürəti artırdım. Özümdə yorğunluq hiss eləmirdim. Yalnız qollarımın yuxarısı, birtəhər, keyiyən kimi olmuşdu. Axşam saat yeddiyə işləyəndə Bakıya çatıb, maşını düz Azərbaycan travmatologiya və ortopediya institutuna sürdüm. Ora yaxşı xəstəxana hesab olunurdu. Baş həkim də köhnə neftçi olan atamın dostu idi. Lakin maşını qapıda qoyub, yüyürə-yüyürə pilləkəni çıxdığım zaman lap göydən düşmüş kimi baş həkimə rast gəldim.

– Salam, doktor, – deyib tövşüyə-tövşüyə qabağını kəsdim.

– Salam... – deyə həkim ayaq saxlayıb təəccüblə mənə baxdı.

– Deyəsən, tanımırsınız, Səriyyəyəm də, usta Ağabalanın qızı.

– Bay, salam... salam... – altmış beş-yetmiş yaşlı xoşsifət bir kişi olan baş həkim mənimlə əl tutdu.

– Nə olub, üzün-gözün niyə belə torpaq içindədir?..

– Yeddi saatdır ki, maşın sürürəm... Rayondan ağır bir xəstə gətirmişəm.

– Bəs sən Bakıda olmursan? Rayonda nə işin var idi?

– Xeyr, Adil də, mən də rayonda işləyirik. Müvəqqəti getmişik. Bizim yaxşı bir buldozerçimiz var: daş düşüb, ayağını əzib. Rayonda kəsmək istəyirdilər, götürüb qaçmışam bura.

– Kəsmək nə üçün? Nə olub bəyəm?

– Deyirlər, guya qanqren başlayıb...

Doktor bir neçə an fikirləşib:

– Yaxşı, – dedi, – deyərəm xəstəni qəbul etsinlər.

– Çox razıyam, – mən onun əlindən yapışdım. – Mən rayondan sizi deyib gəlmişəm. Axı siz mənim əmimsiniz... Yadınızdadır, həmişə mənə «Mişka» konfeti gətirərdiniz?..

Doktor gülümsəyib:

– Gedək, – deyə geri qayıtdı.

Kabinetdə stolun arxasına keçərək zəngi basdı:

– Yaxşı ki mənə rast gəldin. Çıxıb gedirdim bağa.

– Səltənət əmidostum bağdadır? – Mən özümü yaxın göstərmək məqsədilə qəsdən Səltənət xanım əvəzinə, «Səltənət əmidostum» dedim. (Səltənət xanım onun arvadı, köhnə fransız dili müəlliməsi idi).

– Bəli, bağdadır. Mən özüm də bağda oluram. Məzuniyyətdəyəm. Bu gün elə-belə gəlmişdim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Bayram babamın obaya gəlməsi və Qızyetərin əhvalatı

Səhəri gün heç gözlənilmədən Bayram babam Qızılbaşoğlu Alı ilə gəldi. Babam qaçarağı və nəcib cinsdən olmağı ilə məşhur kəhər atını minmişdi. Belində onatılan tapança, ayaqlarında zərif xromdan tikilmiş uzunboğaz çəkmə var idi. Babam həmişə yaxşı geyinərdi, uzun, təpəsi gen papağı ən bahalı dəridən olardı.O, atdan düşən kimi birinci mənim üzümdən öpdü və onun çallaşmış, qumral bığlarından gələn papiros iyi məndə sevincli bir hiss oyatdı. Babam bacım Mahtabı qucağına götürüb üzündən öpdü. Atamın, anamın kefini soruşdu. Ancaq nə Fatma nənəmlə salamlaşdı, nə də dayımla... Babamın gəlişi az qala bütün obada bayram şənliyi əmələ gətirdi, kişilər onun başına toplaşdılar.

21 min
Möhnət qocanın söylədikləri. Qızyetərlə çoban Mahmudun əhvalatı necə nağıl oldu?..

Möhnət qoca uzun demisindən dərin nəfəs alıb dedi:– Sarıyataqlı Dəlisoy Gülmalının altı qızı olmuşdu. Yeddinci qızı olanda Gülmalı arvadını o ki var kötəkləyib dedi:

9 min
Muradın söylədikləri

Möhnət qocanın söylədiyi bu misraların «Qızyetərlə çoban Mahmud» nağılına nə dəxli vardı? Nə üçün Möhnət qoca bu misraları heylə ürəkdən, heylə dərdli-dərdli deyirdi? Və bu sözləri söylərkən tamaşa elədiyi dağlarda nə görürdü? Kimləri görürdü? Yoxsa dağlardakı dumanda yox olub gedən cavanlığını, cavan sevgilisini görürdü?Mən birinci dəfə olaraq Möhnət qocanın və dumanlı dağların nisgilini duyurdum, amma anlaya bilmirdim ki, bu nisgil, bu qəribə kədər nədən ibarətdir? Sonralar da bu nisgil, bu kədər həmişə mənimlə idi. Sonralar da mən uzaq dağlara baxanda, aşıqların sazına, xanəndələrin muğamına qulaq asanda o kədəri, o nisgili hiss edirdim, amma mənasını anlaya bilmirdim, doğrusu, heç anlamağa da cəhd eləmirdim. Axşamlar gün batıb çıraqlar yananda da, el bir yurddan o biri yurda köçəndə də mən eyni kədəri, eyni nisgili hiss edirdim.

7 min
Gödək Nisə qırx adamı bir-birinə necə qırdırdı...

Güney güzdəklilər Qayaburnu bağlarından dördtəkərli öküz arabalarında hey üzüm daşıyırdılar. Qayaburnu bağları uzun yalın o biri üzündə olub, kənddən bir kilometr aralıda idi. Bu bağlarda, demək olardı ki, Güney güzdəklilərin hamısının yeri vardı və bu yerlərin arasında çağ-çəpər qoyulmamışdı. Mən də həmişə təəccüb edirdim ki, meşə kimi qalın olan bu bağlarda hər kəs öz yerini necə tanıyır? Ancaq elə tanıyırlar ki, heç kəs kəsin bir ağacını belə səhv salmırdı. Qocaların danışdığına görə, Güney Güzdəyi də, burdakı bağları da atamgilin ulu babası Əhməd xoca salıb. Ona görə də bağların çoxu Əhməd xocanın törəmələri olan Əfəndi uşağına mənsub idi, yəni bizim tayfaya. Əhməd xoca əslən Ərzurumdan imiş. Necə olub ki, heylə uzaq məmləkətdən gəlib çıxmışdı bura? Heç kəs bilmirdi.Yəqin ki, bu bağlar bu dağdan burun kimi irəli uzanan qayanın qabağında olduğu üçün ona Qayaburnu bağları deyiblər.

7 min

Poems by other poets