Səriyyə
Page 5 of 9 · 44%
Bu zaman daxil olan şəfqət bacısına:
– Xəstəni tez götürsünlər, – dedi. – Üçüncü palataya. Doktor Möhsünzadə buradadırmı?
– Xeyr.
– Yaxşı, sən işində ol!
– Çox sağ olun, doktor, – deyib mən də şəfqət bacısının ardınca getmək istədim.
– Sən hara? Sənlik iş yoxdur. Özləri götürəcəklər...
Mən, istər-istəməz, dayandım. Həkim bir az fikirləşəndən sonra soruşdu:
– Deyirlər, qanqren başlayıb?
– Bəli...
– Oradan çıxdığınız neçə saatdır?
– Düz altı saat yarımdır.
Baş həkim zəng vurub xahiş elədi ki, professor Möhsünzadəni telefona çağırsınlar və bir dəqiqəyə qədər gözlədikdən sonra:
– Salam, salam, – dedi. – Yatmışdın? Yox? Sənə yaman əziyyət verməli olacağam.
Sonra əhvalatı ona danışaraq:
– Bilirəm, bu gün sənin növbən deyil... Ancaq çox xahiş edirəm... Bəlkə bir yarım saatlıq vaxt tapıb özün ona baxasan. Nə vaxt?! Çox sağ ol! İnşallah, oğlunun toyunda bir at çaparıq...
Baş həkim zarafat eləyib dəstəyi asdı. Sonra mənə müraciətlə:
– Buldozerçinin işi düzələr, – dedi. – Narahat olma, ərin neyləyir?
– İşləyir.
– O gün radioda yaman tərifləyirdilər. Deyəsən, ağlı başında oğlandır.
– Bəli!
– Qardaşqızı pis oğlana getməz ki...
Baş həkim təkrar güldü.
– Professor nə vaxt gələcək?
O, divar saatına baxaraq:
– Səkkizdə. Dedim ki, narahat olma.
– Narahat olmuram...
Bir neçə dəqiqədən sonra şəfqət bacısı gəlib, yaralının palataya götürüldüyünü xəbər verdi.
– Növbətçi həkimə tapşırarsan ki, axşam saat səkkizdə professor gəlib həmin yaralıya baxacaq.
– Bəlkə icazə verəsiniz, professor baxanda mən də iştirak eləyim...
Həkim təəccüblə üzümə baxdı:
– Sənin nə işin var ki?! Möhsünzadə bizim ən yaxşı cərrahımızdır.
– Bilirəm!
– Baxacaq, lazım bilsə, kəsəcək. Lazım bilməsə, kəsməyəcək. Sən, yaxşısı budur, gedib bir yaxşı-yaxşı yuyunasan. Üz-gözünü o qədər toz basıb ki, dəyirmançıya oxşayırsan. Buldozerçi sənin nəyindir?
– Heç nəyim?
– Yaxşı, bunun əhəmiyyəti yoxdur. Gedək.
Həkim qalxdı. Qapıda «QAZ-69»u görüb soruşdu:
– Bunda gəlmisiniz?
– Bəli.
Manikürçünün qızına işarə ilə:
– Şofer budur?
– Xeyr, şofer mənəm.
– Oradan buracan özün sürmüsən?
– Nə var ki?.. Gəlin əyləşin sizi aparım.
– İstəməz, mən evə dəyəcəm. Sonra öz maşınım gəlib bağa aparacaq. Evə piyada getmək istəyirəm. Olmaya bu qız buldozerçinin arvadıdır?
Manikürçünün qızı güldü:
– Xeyr, bu mənim yoldaşımdır.
– Aha, çox gözəl! Hələlik, sabah sənin buldozerçinin xətri üçün bəlkə bir də xəstəxanaya gəldim. Zəng edərsən!
– Baş üstə!
Mən qəsdən ləngidim. Baş həkim bir daha:
– Hələlik, – deyərək bizdən ayrılıb getdi.
O, döngəni burulub gözdən itən kimi:
– Ay qız, mən bu dəqiqə gəlirəm, – deyərək təkrar qayıdıb xəstəxanaya çıxdım.
Şəfqət bacısını tapıb, məni üçüncü palataya aparmasını xahiş etdim. Şəfqət bacısı bir qədər tərəddüddən sonra gedib mənə bir xalat gətirdi və biz üçüncü palataya getdik. Cavan bir növbətçi həkim də oradaydı. Palata geniş, təmiz və işıqlı idi. Buldozerçidən başqa üç nəfər də ayrı xəstə var idi.
Qərib gözlərini yummuşdu.
Növbətçi həkim termometri götürüb baxdı və narahat halda başını buladı.
Mən heç bir söz soruşmadan şəfqət bacısı ilə birlikdə otaqdan çıxdım, ondan telefon nömrəsini öyrəndikdən sonra maşının yanına gəldim və yalnız indi yadıma düşdü ki, Bakıdakı evimizin açarlarını götürməmişəm.
Manikürçünün qızı:
– Nə təfavütü var, gedərik bizə, – dedi, – evimiz yayda pis olmur.
Biz maşına minib tini burulanda sanki arxadan məni çağırdılar. Maşından başımı çıxarıb geri baxdım. Heç kəs yox idi. Xəstəxana binası bir an mənə soyuq və cansıxıcı göründü. Sürəti artırıb tini buruldum. Başqa küçəyə keçəndə hava birdən-birə mənə sərin və xoş bir təsir bağışladı. Elə bil ki, nəfəsim genişləndi. Sonra palatada uzanmış buldozerçi gözlərim qarşısında canlandı və mən özüm-özümə məyus – mənasız bir canlı kimi göründüm. «Bütün bunlar... Altı-yeddi saat birnəfəsə maşın qovmaq, Ağsu keçidində bizi aşırıb uçuruma yuvarlatmağa can atan o sel-su, baş həkim... Nə üçündür?.. Yəqin ki, Adil indi gəlib əhvalatdan hali olur, əsəbiləşir, əzab çəkir... Nə üçün? Nə üçün məndən ötrü başqa birisi əzab çəkməlidir... Eh, Adil!.. Mənim ağıllı dostum». Birdən qız «oy» deyə qışqırdı. Əlində dolu zənbil küçəni keçən kök bir qadına toxunhatoxunda maşını saxladım. Qadın hirslənib söydü, sonra:
– Milis! Milis! – deyə çığırdı.
Mən qazı basıb aradan çıxdım və dərhal başqa küçəyə buruldum... Qaç ki, qaçasan! Manikürçü qadıngilin evləri Qaraşəhər körpüsünün yaxınlığında, ikinci mərtəbədə, iki balaca otaqla bir mətbəxdən ibarət kiçik və sadə bir mənzil idi. Pəncərələri açdıq. Axşam yeli içəri dolub otağın havasını təzələdi. Mən o qədər yorulmuşdum ki, mətbəxdə əl-üzümü güclə yuya bildim. Sonra gəlib çarpayılardan birinin üstünə yıxıldım və həmin anda da yuxuya getdim.
Oyananda gecə saat on bir idi. Bərk acmışdım. Qız stolun üstünə ağ süfrə salıb, pomidor salatı, göy-göyərti, kolbasa qoymuşdu.
– Dur gəl, – deyə o məni süfrəyə dəvət etdi, – yaxşı yatdın... Mən də bir az yatdım.
Mən də qalxıb üzümə su vurdum. Sonra keçib oturaraq, yeməyə başladım və şam etdiyim müddətdə gözüm otağın aşağı tərəfinə qoyulmuş telefona zillənib qaldı. Elə bil ki, bu balaca qara qutunun içində mənə məlum olmayan başqa bir aləm var idi və o aləm böyük səbirlə mənim yeyib qurtarmağımı gözləyirdi. Elə bil ki, mən o aləmdə hər şeyin yalnız həyəcan, qorxu və iztirabdan ibarət olduğunu hiss edir, onları qarşılamağa, onlarla əlbəyaxa olmağa hazırlaşırdım. Bununla bərabər, mən özümdə təəccüblü bir arxayınlıq duyurdum. Mən təzə pomidor və tər xiyar dilimlərini duza batırıb yavaş-yavaş yeyir və buldozerçinin bu saat nələr çəkdiyini hiss edirdim. Bir an mənə elə gəldi ki, sağ ayağım o qədər bərk ağrıyır ki, elə bil, bu saat sümüklərim çilik-çilik olacaq və mən ayağımı qeyri-şüuri tərpədib irəli uzatdım. Ağrı-zad yox idi.
Qəribədir... Qız buldozerçi barədə bir kəlmə də danışmırdı. Lakin o mənimlə elə üsullu rəftar edirdi ki, elə bil, yaralı Qəribcan deyil, mənəm, hətta mən özüm də buldozerçi barədə danışmaq istəmirdim.
Gözlərim isə telefon aparatında idi.
Yeyib doyandan sonra üstündən bir stəkan «Badamlı» içdim və öz aləmimdə bir qətiyyətlə qalxıb telefon aparatına yaxınlaşdım. Zəng eləyib şəfqət bacısı Cəvahir xanımı telefona çağırdım və Qəribin vəziyyətini soruşdum.
– Saat səkkizdə professor Möhsünzadə gəlmişdi... – deyə gənc qadın qətiyyətsiz səslə cavab verdi.
– Nə oldu? Professor nə dedi? – deyə mən sakit səslə soruşdum.
– İstəyirsiniz növbətçi həkimi çağırım... Onunla danışın.
– Çağırın.
Növbətçi həkim dəstəyi aldı:
– Allo... kimdir?
Mən cavab verdim...
– Professor hələlik qəti bir qərara gəlməmişdir. Səhər başqa professorla məsləhətləşəcək.
– Sizcə, ayağını kəsmək lazım gələcək?
– Məlum deyil.
Həkim bir qədər ara verdikdən sonra əlavə etdi:
– Professor Möhsünzadə kəsməyin tərəfdarı deyil. Səhər görək o biri həkimlər nə deyəcək.
– Yara nə vəziyyətdədir?
– Professor qanqrenin qarşısını almaq üçün hər nə lazım idisə elədi.
– Yaxşı! Sağ olun!
– Sağ olun!
Mən dəstəyi yerinə qoyub qıza baxdım. O da əllərini qoynunda çarpazlayaraq, başını azca yana əyib mənə baxırdı. Mən sakit halda pəncərənin qabağına keçdim. Dəniz tərəfdən sərin meh əsirdi. Şəhərdə saysız-hesabsız əlvan elektrik çıraqları yanırdı. «İnsan qanadsız quşdur, – deyə mən düşünürdüm, – srağagün bu vaxt biz, – mən, körpüsalanlar, bir də Adil Zoğallı meşəsindəydik. Qərib də yaralanmamışdı...»
«Qərib də yaralanmamışdı...» – mən öz-özümə təkrar etdim və birdən o günlər... tufan başlayana qədər keçən həmin günlər o vaxt fərqinə varmadığım bir aləm kimi təkrar qarşımda canlandı. Mən buldozerçinin hər bir hərəkətini, acığını, gülüşünü, təkəbbürünü, mehribanlığını heyrətli bir aydınlıqla təkrar-təkrar görürdüm. Mən bunların hamısını o günlərdən bütün xırda təfərrüatı ilə birlikdə görürdüm. Mənim zehnimdə Soltan da, Kərəmxan da, buldozerçi də, hətta, şofer Səməndər də bir saniyənin yüzdə, mində biri sürəti ilə bir-birini əvəz edirdi. Sonra onlar Zoğallı meşənin, bizim hələ yarımçıq olan cavan körpümüzün, dəniz kimi dərin, mavi dərənin, ondan o yana görünən dağların fonunda bir-birinə və mənə baxırdılar. Eynilə kino lentində olduğu kimi min cür vəziyyətdə baxırdılar. Min cür vəziyyətdə...
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-seriyye-3
Use ← → keys to move, R for a random poem
More by this author
Səhəri gün heç gözlənilmədən Bayram babam Qızılbaşoğlu Alı ilə gəldi. Babam qaçarağı və nəcib cinsdən olmağı ilə məşhur kəhər atını minmişdi. Belində onatılan tapança, ayaqlarında zərif xromdan tikilmiş uzunboğaz çəkmə var idi. Babam həmişə yaxşı geyinərdi, uzun, təpəsi gen papağı ən bahalı dəridən olardı.O, atdan düşən kimi birinci mənim üzümdən öpdü və onun çallaşmış, qumral bığlarından gələn papiros iyi məndə sevincli bir hiss oyatdı. Babam bacım Mahtabı qucağına götürüb üzündən öpdü. Atamın, anamın kefini soruşdu. Ancaq nə Fatma nənəmlə salamlaşdı, nə də dayımla... Babamın gəlişi az qala bütün obada bayram şənliyi əmələ gətirdi, kişilər onun başına toplaşdılar.
Möhnət qocanın söylədikləri. Qızyetərlə çoban Mahmudun əhvalatı necə nağıl oldu?..Möhnət qoca uzun demisindən dərin nəfəs alıb dedi:– Sarıyataqlı Dəlisoy Gülmalının altı qızı olmuşdu. Yeddinci qızı olanda Gülmalı arvadını o ki var kötəkləyib dedi:
Muradın söylədikləriMöhnət qocanın söylədiyi bu misraların «Qızyetərlə çoban Mahmud» nağılına nə dəxli vardı? Nə üçün Möhnət qoca bu misraları heylə ürəkdən, heylə dərdli-dərdli deyirdi? Və bu sözləri söylərkən tamaşa elədiyi dağlarda nə görürdü? Kimləri görürdü? Yoxsa dağlardakı dumanda yox olub gedən cavanlığını, cavan sevgilisini görürdü?Mən birinci dəfə olaraq Möhnət qocanın və dumanlı dağların nisgilini duyurdum, amma anlaya bilmirdim ki, bu nisgil, bu qəribə kədər nədən ibarətdir? Sonralar da bu nisgil, bu kədər həmişə mənimlə idi. Sonralar da mən uzaq dağlara baxanda, aşıqların sazına, xanəndələrin muğamına qulaq asanda o kədəri, o nisgili hiss edirdim, amma mənasını anlaya bilmirdim, doğrusu, heç anlamağa da cəhd eləmirdim. Axşamlar gün batıb çıraqlar yananda da, el bir yurddan o biri yurda köçəndə də mən eyni kədəri, eyni nisgili hiss edirdim.
Gödək Nisə qırx adamı bir-birinə necə qırdırdı...Güney güzdəklilər Qayaburnu bağlarından dördtəkərli öküz arabalarında hey üzüm daşıyırdılar. Qayaburnu bağları uzun yalın o biri üzündə olub, kənddən bir kilometr aralıda idi. Bu bağlarda, demək olardı ki, Güney güzdəklilərin hamısının yeri vardı və bu yerlərin arasında çağ-çəpər qoyulmamışdı. Mən də həmişə təəccüb edirdim ki, meşə kimi qalın olan bu bağlarda hər kəs öz yerini necə tanıyır? Ancaq elə tanıyırlar ki, heç kəs kəsin bir ağacını belə səhv salmırdı. Qocaların danışdığına görə, Güney Güzdəyi də, burdakı bağları da atamgilin ulu babası Əhməd xoca salıb. Ona görə də bağların çoxu Əhməd xocanın törəmələri olan Əfəndi uşağına mənsub idi, yəni bizim tayfaya. Əhməd xoca əslən Ərzurumdan imiş. Necə olub ki, heylə uzaq məmləkətdən gəlib çıxmışdı bura? Heç kəs bilmirdi.Yəqin ki, bu bağlar bu dağdan burun kimi irəli uzanan qayanın qabağında olduğu üçün ona Qayaburnu bağları deyiblər.
Poems by other poets
Vəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəc!Əsr gəcdir, dovr gəc, dovrani-bədkirdar kəc.
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır