Söyüdlü arx
Page 10 of 39 · 23%
Qulu qızıla oxşayan sarı dəmir bilərzikli saatına baxdı:
– Bu gecə yaxşı konsert var, icazə versəydiniz radionu açardıq.
Hümmət:
– Niyə açmırsan, – dedi, – aç qulaq asaq.
Qulu darıxmış kimi cəld qalxıb radioqəbuledicini qurdu. “Rast”ın sədaları ətrafa yayılaraq, sanki bir anda bütün aləmi dəyişdi. Qərənfil bacı eyvanın aşağı başında işini yarımçıq qoyaraq gəlib bizim yanımızda oturdu; Nəriman əmi gözlərini bir nöqtəyə zilləyib, sağ əli ilə bığının ucunu oynatmağa başladı. Qulu gah əlini altdan yuxarı saçına çəkir, gah iti hərəkətlə onun-bunun üzünə baxır, gah ovurdlarını şişirdərək “ah” çəkirdi. Hümmət bağa baxırdı. İmi ilə Cimi isə, başlarını aşağı salıb sanki fikrə getmişdilər.
Xanəndə oxuyurdu:
Yad eylədikcə vəslini, ey mahi-tələtim,
Ağlar gözümdə qanə dönər əşk-həsrətim.
Ay işığına qərq olmuş bağçada bir budaq da tərpənmirdi. Elə bil, bizimlə bərabər hər şey sükuta dalaraq musiqini dinləyirdi. Nəriman əmi daha bığını oynatmırdı. İndi onun üzündəki dərin qırışlar uzaq bir kədər, mehribanlıq ifadə edirdi. Elə bil, qoca (o həqiqətən də indi qoca görünürdü) kimə isə acıyır, kimi isə əfv edirdi. Biz beşikdə ana laylasıyla uyumuşduq. Bəlkə buna görə də, heç bir qüvvə bizim qəlbimizə musiqi qədər hakim ola bilmirdi. Heç bir qüvvə bizdə bu qədər peşman mərhəmət hissləri oyatmırdı.
Xanəndə oxuyurdu:
Dün gecə mən röyada edirkən ah-zar,
Sən vermədinmi bir əbədi vəsl üçün qərar.
Nəriman əmi kimsənin üzünə baxmadan başını ağır-ağır tərpədərək:
– Xandır, – dedi.
Və bir qədər də dinlədikdən sonra kədərlə əlavə etdi:
– Keçəçi oğlundan, Ələsgərdən, Cabbardan bir bu yadigar qalıb. Bundan sonra kim bilir bir də bu cür muğamat oxuyan gələcəkmi? Səsə fikir verirsiniz? Elə bil bulaq qaynayır.
Hümmət:
– Nə qədər Azərbaycan xalqı var, muğamat da olacaq, onun ifaçısı da, – dedi. – Yeni nəsil “Segah”ı, “Rast”ı simfonik əsərlərdən az sevmir.
– Elədir, – deyə mən təsdiq etdim. – Çünki muğamatda bizim ruhumuz yaşayır.
“Rast” oxunub qurtardığı zaman diktor heç birimizin gözləmədiyi qəribə bir elan verdi: “Məşhur pambıq ustası Gülsənəm Moskvada kənd təsərrüfatı sərgisində tanış olduğu adlı-sanlı baramaçı Qərənfil Tağı qızına “Ağ çiçəklər” mahnısı ilə salam yetirməyimizi bizdən xahiş etmişdir”.
Qərənfil bacı diksindi. Nəriman əmi dərhal qəddini düzəltdi. Qulunun balaca qara bəbəkləri sürətlə adamların üzündə gəzdi. Cimi, Qərənfil bacıya baxaraq, riqqətlə irişdi. İmi ləyaqətlə papiros çıxarıb yandırdı.
Mən Qərənfil bacıdan soruşdum:
– Sizi deyir?
– Bəli, – deyə Nəriman əmi təntənə ilə cavab verdi və gözlərini radioqəbulediciyə elə zillədi ki, sanki bu dəqiqə orada, nə isə, fövqəladə bir hadisə baş verəcəkdi.
Mən, Qərənfil bacının belə tanınmış adam olduğunu indiyə qədər bilmədiyim üçün xəcalət çəkirdim.
Mahnı oxunduqca, Nəriman əminin sifəti daha aydın və mehriban olur, kişi gözlərini radiodan ayırmırdı.
Qulu isə, mənim təəccübümdən ləzzət alaraq gülümsəyir, aramsız olaraq, gah Qərənfil bacıya, gah da mənə baxırdı. Mahnı qurtaran kimi o, tez dilləndi:
– Qərənfil bacının baraması keçən il kənd təsərrüfatı sərgisində birinci yeri tutdu.
Qərənfil bacı elə bil utandı:
– Eh, ay Qulu, sən Allah, az təriflə...
Qulu xısın-xısın güldü və mənə müraciətlə sözünə davam etdi:
– Qərənfil bacının təcrübəsini öyrənmək üçün bu il akademiyadan iki elmi işçi gəlmişdi. Deyirdilər, kitab yazacaqlar.
Nəriman əmi, özünü tox tutaraq, arvadının təriflənməsinə gizli məmnuniyyətlə qulaq asırdı. Hümmətin düşüncəli baxışları hərdənbir mənim üzümdə dayanırdı və hər dəfə bizim nəzərlərimiz qarşılaşanda mən bilaixtiyar onun dostunu, Muradı xatırlayırdım. Elə bil, bu ani baxışları mənə o göndərirdi.
Bir qədər söhbətdən sonra İmi ilə Cimi xudahafizləşib getdilər.
Kişilərə eyvanda yer salındığından, Qərənfil bacı o gecə mənimlə bir otaqda yatdı. Biz yerin içində xeyli söhbət elədik. Qərənfil bacı Hümmətin həyatından danışırdı. Onun atası Xasan gölündə, Fin davasında böyük qəhrəmanlıqlar göstərmiş igid bir zabitmiş. Böyük Vətən müharibəsində podpolkovnik rütbəsində alaya komanda etdiyi zaman həlak olmuşdu. Hümmətin bütün mahalda birinci gözəl sayılan anası Sayad isə, ərinin vəfatından altı ay keçməmiş səkkiz yaşlı Hümməti əmisinin üstünə ataraq, ərə getmişdi. Hazırda qonşu rayonda yaşayır. Bu da Nəriman əmiyə ağır təsir etmişdir. Yerli adətə görə, gəlin öz igid ərinin ölümündən sonra, heç olmasa, iki-üç il evdə oturmalıdır. Digər tərəfdən, Hümmətin atası, Nəriman əminin şəxsən dostuymuş. Buna görə də, bacısı ikinci ərə gedəndən sonra Nəriman əmi, bir dəfə də olsun, onu dindirməmişdir. Hümməti isə, onsuz da, külfəti ağır olan əmisindən alıb özü saxlamışdır. Oğlan Nəriman əmi ilə Qərənfil bacıya doğma ata-anası kimi üns bağlamışdır.
Qərənfil bacı, çöldə yatanlar eşitməsin deyə, pıçıltıyla nağıl edirdi:
– Heç bir ata onun üçün Nəriman olmazdı. Ayağını quru yerə dəyməyə qoymayıb. Könlündən nə keçibsə, hazır olub. Gəncədə Kənd Təsərrüfatı İnstitutunda oxuyan zaman ildə üç-dörd dəfə yanına gedərdik. Kişi harada bir yaxşı şey görsəydi, onun üçün alardı. Payızda yoldaşlarını da yığıb kəndə qonaq gətirərdi. Kişi gedib onlara ceyran vurardı. Onu da deyim ki, kişinin əməyini itirmədi. Cavanlığına baxma, lap institutun özündə də başına and içərdilər. Dərsini qurtarandan sonra MTS-də aqronom işləyirdi. Beş-altı aydan sonra raykom da, camaat da tutdular ki, gərək ispalkom olasan. İndi, maşallah, bir rayondur, bir də Hümmət. Kəndlərdə bir sözünü iki eləməzlər.
Qərənfil bacı xeyli susduqdan sonra dedi:
– Ancaq evlənməklə işi yoxdur. Deyirəm, ay bala, vaxt keçir, yaşın iyirmi beşdən ötüb, nəyi gözləyirsən? Zarafata salıb deyir, nişanlım hələ gəlməyib, gələndə evlənəcəyəm. Nə isə. Sağlıq olsun, hər şey düzələr, daha yat. Gecdir.
– Gecəniz xeyrə qalsın, – deyə mehribanlıqla pıçıldadım.
Qərənfil bacı:
– Xeyrə qarşı, – dedi.
Otağın qaranlığı ürəyimi daş kimi sıxırdı. Ona görə də, arxası üstə çevrilərək, gözlərimi açıq pəncərədən aydınlıq bağçaya dikdim. Yaxındakı Söyüdlü arxdan qurbağaların qurultusu eşidilirdi. Yarpaqlar sanki mavi bir tül içində mürgüyə dalmışdı. Bəzən küçədən sürətlə gəlib-keçən bir yük maşını gecənin bu yuxulu sükutunu pozurdu. Bəzən, haradasa, it bir-iki ağız hürüb yenə də susurdu. Daha sonra təktək xoruz banlamağa başladı. Yadımdadır: uşaqlıqda heç bir şey məni gecə yarısı eşitdiyim xoruz banı qədər qüssələndirməzdi. Mənə elə gələrdi ki, hamı, bütün kənd məni çoxdan, lap çoxdan unudaraq, sonsuz zülmət içində dərin, ağır bir yuxuya getmişdir. Mən yalqız, təktənha qalmışam. O kədərli uşaqlıq günlərindən bəri çox sular-sellər axıb getmişdir. Lakin, gecə yarısı eşitdiyim xoruz banları yenə də ürəyimi qüssə ilə doldurur. Yenə də mənə elə gəlir ki, hamı məni çoxdan unudaraq yuxuya getmişdir. Həyəcanla – ağır, ümidsiz bir həyəcanla qalxıb otururam. Uzaqlarda uzaq ulduzlar kimi seçilən o işıqlar sönmüşdür. Hamı yatmışdır, hamı məni çoxdan unudaraq yatmışdır.
Qərənfil bacının sakit mışıltısı sanki başqa bir aləmdən gəlir; axşam Hümmətin hərdən çevrilib məndə qalan nəzərləri, İmi ilə Ciminin “təşəbbüsləri”, Nəriman əminin öz arvadı üçün çalınan havaya qulaq asması – bütün bunlar indi nə qədər uzaq, nə qədər qəmli xatirələr olmuşdur.
Birdən Ay işığında pəncərədən sallanan kiçik bir şey nəzərimi cəlb edir. Əyilib baxıram. Hörümçəkdir. Sapını uzada-uzada üzüaşağı enir.
Qurbağalar susmuşdur. Xoruzlar daha banlamır. Kənd yuxudadır. Hörümçək isə, yavaş-yavaş üzüaşağı sallanır. Hörümçək oyaqdır...
Səhər oyandığım zaman Hümmətlə Nəriman əminin eyvanda bərk mübahisə etdiklərini eşitdim. Nəriman əmi göy kimi guruldayırdı:
– Bu sözü bir dedin, bir də demə! Dünya dağılsa da, elə şey olmaz!
– Nə üçün olmur? – deyə rayon icraiyyə komitəsinin sədri yavaş və toxtaq səslə soruşdu.
– Güney qışlaq camaatı ona görə ilan kimi qabıq qoyub, arx çəkməyib ki, quzeylilər gəlib hazırına yiyələnsinlər.
– Əgər, biz Söyüdlü arxı Quzey qışlağa qədər uzatsaq, bundan Güney qışlağa nə zərər dəyə bilər?
– Çox zərər dəyər!
– Məsələn?
– Məsələn... Məsələsi odur ki, biz Söyüdlü arxın altında o boyda HES tikmişik.
– HES-i söküb böyüdərik. Həm sizə işıq verər, həm də Quzey qışlağa.
– Necə? Biz öz HES-imizi söküb dağıdacağıq?
– Siz təzə HES-i elə güclü tikə bilərsiniz ki, maşınlarınıza da xidmət eləsin. Məsələn, bu saat Quba kolxozlarının çoxunda kənd təsərrüfatı maşınlarını elektriklə təmir edirlər.
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-soyudlu-arx
More by this author
Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.
Gözlənilməyən sevgiDarülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.
Apardı sellər SaranıÖlüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.
Su dəyirmanıO gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..
Poems by other poets
Bir solğun çiçəyəm, bir san yarpaq,Candan şikayətkar, canandan iraq.
Aləmdə var aşiqidən bir mənəm sənəAləmdə var aşiqidən bir mənəm sənə,Bil qədrimi ki, bunca mənəm, ey sənəm, sənə.
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik