Page 12 of 39 · 28%

Mən onun üzünə baxaraq, nəyi isə anlamaq istədim. Lakin bu, yalnız bir an çəkdi. Şoferin boşalmış stəkanına çay töküb qabağına qoyaraq, yatdığım otağa girdim. İşə getmək lazım idi. Çəkmələrimi geyib, redikülümü götürdüm. Sonra eyvana çıxıb:

– Hələlik, sağ olun, – dedim.

Qərənfil bacı:

– Bax, nahara gəlməsən, inciyəcəyəm, – dedi, – bu da dünənki deyil.

Nazxanımla Səriyyə mədəniyyət evinin kölgəsində oturub, məni gözləyirdilər. Biz köhnə dostlar kimi sevinclə görüşdük. Bütün günü kitabxananı səliqəyə salmaqla məşğul olduq. Arada məndən piano çalmağı xahiş etdilər. Həvəsim olmadığından çalmadım. Mən işləmək, yorulub əldən düşüncəyə qədər işləmək, heç bir şey barədə fikirləşməmək istəyirdim. Nazxanım isə, ağzında çalıb-oxuyur, məzəli əhvalatlar danışaraq, Səriyyəni gözləri yaşarıncaya qədər güldürürdü. Mən də onların kefini pozmamaq üçün hərdən gülümsəyir və işimə davam edirdim. Mən heç nə düşünmək istəmirdim. Lakin, elə bil, uzaqlardan əks-səda kimi məchul bir səs tez-tez mənə Söyüdlü arxı xatırladırdı. Mən tez-tez anlaşılmaz bir ümidlə başımı qaldırıb, pəncərədən görünən Söyüdlü arxa baxırdım. Su kənarında bitən yaşıl yarpızlar söyüdlərin sərin kölgəsində nəşə ilə titrəşirdi.

Günortadan bir az keçmiş kitabxananı düzəldib qurtardıq. Nazxanımla Səriyyə su gətirib, döşəməni yumaqla məşğul oldular. Mən də, içəri çox isti olduğundan, eyvana çıxdım.

Mədəniyyət evinin qabağındakı qurumuş otlar qızmar günəş işığında qızıl kimi parıldayırdı. Cırcıramalar biaram səslənirdilər. Nazxanımın toyuqları, üzərinə balqabaq tağları qalxmış alçaq çəpərin kölgəsində dayanıb ağızlarını açmışdılar. Hamı işdə olduğundan, kənd sükut içindəydi. Yaxın həyətlərdə hərdən qoca qadınlar və uşaqlar görünürdülər. Günün bu isti vaxtında Söyüdlü arx cazibədar bir sərinlik və təravət vəd edirdi. Mən eyvandan düşüb, onun qırağına getdim və kölgədə bitmiş cavan çayırların üstündə oturaraq, ayaqlarımı suya saldım. Söyüdlü arxın təması ipək kəlağayı kimi xəfif və yumşaq idi. Baş-başa vermiş söyüdlərin altı ilə sakit-sakit axan suyun üzərində təyyarəyəbənzər bənövüş böcəklər uçuşur, yaşıl yarpızlara qonurdular. Yarpızlar onların ağırlığına davam gətirməyərək əyilib suya dəyir və aramsız titrəşirdi. Orada, Quzey qışlaqda, deyirlər su yoxdur...

Bir minik maşını toz qopara-qopara gəlib mədəniyyət evinin qabağında dayandı. Hesabdar düşüb, qoltuğunda portfel, tələsik addımlarla eyvana çıxarkən, mən onu səslədim:

– Qulu!

O, ayaq saxlayıb ətrafa döyükdü. Məni görcək enib yanıma gəldi.

Almurad maşını sürüb yaxında saxladı. Qulu:

– Sizin dalımızca gəlmişəm, – dedi.

– Nə var, xeyir ola?

– Bizə gedəcəyik.

– Nə üçün?

Ayağının birini irəli, digərini geri qoyub, təəccüblə üzümə baxdı:

– Qəribə sual verirsiniz. Mən sizi qonaq çağıra bilmərəm?

– Ah... Qonaq... Bu nə zəhmətdir...

– Zəhməti-zadı yoxdur. Ağabəyim deyib, gərək nə cür olsa, onu bizə gətirəsən.

– Ağabəyim bacı məni nə tanıyır?

– Eşidib. Mən demişəm.

– Axı, Qərənfil bacı...

– Qərənfil bacıya da demişəm, sədrə də.

– İstəyirsiniz, Nazxanımı da götürək.

– Nazxanımı? Nə olar...

Qulunun üzü elə qəribə bir qorxu və tərəddüd ifadə edirdi ki, şofer Almurad özünü saxlaya bilməyib bərkdən güldü.

Mən heç bir şey başa düşmədim.

– Yoxsa, aparmaq istəmirsiniz? – deyə soruşdum.

– İstəməyinə istəyirəm. Ancaq...

– Almurad yenə güldü:

– Ancaq Ağabəyimdən qorxur. Ə, Qulu, mus-mus deyincə, birdəfəlik Mustafa de, dayna.

Bu zaman işlərini qurtarmış Nazxanımla Səriyyə eyvandan düşüb yanımıza gəldilər.

Nazxanım bir əlində vedrə tutmuşdu. Qulunu görəndə, o biri əlini belinə vurub, özünü yırğalaya-yırğalaya:

– Qu-lu... – deyə səsini uzatdı. – Xoş gördük, çəkmələrin də mü-

[Mənbənin skanında burada mətn itib.]

Söyüdlü arxın körpüsünü keçib cənuba burulduq. Yol uzunu yamyaşıl, gümrah pambıq tarlaları, yemiş-qarpız bostanları, taxılı biçilib yığılmış kövşənlər tez-tez bir-birini əvəz edirdi.

Mən soruşdum:

– Bunlar Güney qışlağındır, yoxsa...

Şoferin yanında oturmuş Qulu qayğı ilə cavab verdi:

– Güneylilərindir. Quzeylilərin belə dövləti olsaydı nə vardı...

Bir qədər susduqdan sonra əlavə etdi:

– Hamısı Söyüdlü arxın bərəkətindəndir.

Mən, yaşıl həmail kimi Güney qışlağın ətrafına dolanan Söyüdlü arxa acı bir həsrətlə baxırdım. Bu çox qəribə hiss idi. Bu hissin təsiri ilə hər şey mənə tutqun və qəmli görünürdü.

Maşın Quzey qışlağa yaxınlaşmaqda idi. Ürəyim şiddətlə döyünürdü. Güney qışlaq hara, bura hara! Çiy kərpicdən tikilmiş balaca, üstü küləş evlər pərakəndə halda ora-bura səpələnmişdi.

Cəmi dörd-beş evin taxtapuşuna şifer vurulmuşdu. Bağ-bağatdan əsər-əlamət yox idi. Yalnız kəndin girəcəyində qoca bir dağdağan ağacı var idi. Həyətlərdən birində arxasına körpə uşaq şəllənmiş cavan bir gəlin qədim çarxla quyudan su çəkirdi. Qabağına köhnə araba təkərləri, paslı dəmir-dümür atılıb qalan, böyrü üstə əyilmiş balaca dəmirçi dükanının kölgəsində üç-dörd yaşlı kişi oturub bizə baxırdı. Lakin bu kənddə gördüklərimin heç biri mənə cansıxıcı gəlmirdi. Adam yaxın tanış və dostun dövlətli evindən öz kasıbca komasına gələrkən necə bir hiss duyursa, mən də indi elə olmuşdum. Elə bil, buradakı hər şey mənə çox tanış və yaxın idi.

Maşın nisbətən səliqə ilə tikilmiş ikimərtəbə, üstü şiferli evin yanında dayandı. Qulu cəld düşüb maşının qapısını açaraq mənə:

– Buyurun – dedi.

Sonra üzünü şofer Almurada tutdu:

– Düş, sən də bir stəkan çaydan-zaddan iç.

– Qulunun başı üçün, heç nə ilə işim yoxdur, – deyə Almurad cavab verdi. – Bacının dalınca nə vaxt gəlim?

– Sabah səhər.

Mən Quluya etiraz etmədim. Maşın qayıdıb getdi. Biz həyətə girib eyvana çıxdıq. Ərindən hündür, kök, qırmızıyanaq Ağabəyim bacı məni çox hörmətlə qarşıladı:

– Xoş gəldin, ay bacı. Elə Quluya deyirdim bircə onu gətir bizə.

O məni diqqətlə nəzərdən keçirib, sözləri uzada-uzada danışırdı:

– Sən Allah, keç içəri. Bura istidir.

Otaq sərin və ürəyəyatan idi. Ortada yemək stolu qoyulmuşdu. Baş tərəfdəki stolun üstünə rəngbərəng şüşə qablar, güzgü, daraq, əlvan kağızlardan qayrılmış gül dəstələri düzülmüşdü. Divara bir neçə məşhur artistin portreti, Qulunun yüz cür çəkilmiş fotoşəkilləri vurulmuşdu. Şəkillərin birində Ağabəyim stulda əyləşmiş, Qulu təşəxxüslə onun yanında dayanmışdı.

Yuxarı tərəfdəki bir portretə gözüm sataşarkən diksindim. Bir an hər şey gözlərimdə sanki boz dumana büründü. Qorxmuş halda dönüb Quluya, sonra yenə şəkilə baxdım. Oradan gənc leytenant iri, qara gözlərini ciddi bir ifadə ilə üzümə zilləmişdi.

Qulu radioqəbuledicidə tutduğu ərəb mahnısına qulaq asırdı. Ağabəyim bacı içəri girdi:

– Ay Qulu, bəs, niyə durub Muradgili çağırmırsan?

Mən qayğısız bir görünüş alaraq, qarşı divara vurulmuş xalıya baxdım.

– Səhər demişəm ki, nahara bizə qonaqsınız.

– Dur get yenə de!

Qulu dərhal qapıdan çıxdı.

– Səadət yadından çıxmasın, – deyə Ağabəyim bacı onun ardınca qışqırdı.

Sonra mənə sarı dönərək mənalı bir əda ilə:

– Gərək ki, – dedi, – sən Muradı tanıyırsan.

– Bəli, bir az tanıyıram.

– Arvadını necə?

– Xeyr, onu görməmişəm.

– Gələr, görərsən.

Ağabəyim bacı son sözləri deyəndə, nə üçünsə, köksünü ötürdü. Stolun üstünə çəngəl-bıçaq düzərkən dedi:

– Sənin yerinə olsam, o Nazxanımı qulluqdan çıxarıb qovaram.

– Nə üçün?

– Lotunun biridir. Axşamacan peşəsi çırtıq vurub oynamaqdır.

– Nə olar, zarafatcıl gəlindir.

O mənə soyuq və diqqətli bir nəzər saldı:

– Şəhər yerinə ağlın getməsin, buralarda arvad arvaddır, kişi kişi.

Lakin mən daha mübahisəni davam etdirmək iqtidarında deyildim. İndi gözlərim Ağabəyim bacıya baxsa da, bütün diqqətim, fikrim bayırda idi. Nəhayət, Qulu qayıdaraq:

– Bu saat gəlirlər, – dedi.

Ağabəyim bacı yenə də xüsusi ifadə ilə soruşdu:

– Bildilərmi qonağımız kimdir?

– Yox, demədim.

Qulu tez-tez gah mənə, gah da Ağabəyim bacıya baxdı. Sonra məndən oğrun arvadına nə isə him elədi. Ağabəyim bacı demək istədiyi sözü udaraq bayıra çıxdı.

Qulu mənə müraciətlə:

– Bilirsinizmi, – dedi, – Murad mənim dostumdur. Bir-birimizin söhbətinə xoşumuz var. Özümüz də qonşuyuq.

Ayrı vaxt olsaydı, bu izahat mənə qəribə görünməzdi, lakin indi ürəyimə toxundu. Əvvəlcə Murad özü gəldi. Məni görərkən bir an duruxdu. Sonra zarafatyana:

– Salam, Nuriyyə xanım, – dedi. – Siz də bizim kəndə gəlib çıxmısınız?! Mən bilirdim ki, Güney qışlaqda sizin birinci dostunuz Qulu Kəhrizli olacaq...

Qulu fərəhlə əlini altdan yuxarı saçına çəkərək:

– Eh, – dedi, – zər qədrini zərgər bilər.

Random poem

More by this author

Mən və yeni həyat

Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.

12 min
Gözlənilməyən sevgi

Darülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.

16 min
Apardı sellər Saranı

Ölüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.

3 min
Su dəyirmanı

O gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..

59 min

Poems by other poets