Page 36 of 39 · 90%

– Nə şərt?

– Əgər, cavabınız müsbət olsa, sabah zəng edib məni çaya dəvət edin. Əgər, müsbət olmasa, sükut edin. O zaman mən də hesabımı götürəcəyəm.

– Mən sizi həmişə çaya dəvət edə bilərəm.

– Yox, qoyun şərtimiz mən deyən kimi olsun. Yaxşımı?

– Yaxşı.

– Gecəniz xeyrə qalsın.

O, ayağa qalxıb iti addımlarla uzaqlaşdı.

O gecə uzun zaman gözümə yuxu getmədi.

Hümmət ağıllı, gənc, yaraşıqlı bir oğlan idi. Lakin onun arvadı olmaq... Nə qədər fikirləşdimsə, ürəyimi bu fikrə isinişdirə bilmədim. Muraddan başqa ayrı bir adamı istəmək, onun qadını olmaq... Mən bunu xəyalıma belə gətirə bilmirdim. Mən Hümməti qardaş kimi, yaxşı, nəcib bir insan kimi istəyə bilərdim. Lakin onun arvadı olmaq...

Mən bu halımı Hümmət kimi hər cəhətdən ləyaqətli bir oğlanın şəninə sığışdırmırdım. Mən özümü ona rəva görmürdüm. Bütün varlığı, gedib-gələn nəfəsi başqası üçün yanan bir qız onun nəyinə lazım idi? Axı, onu məndən də yaxşı qızlar sevə bilərdilər. Mən ondan öz qəlbimi gizləyə bilməzdim. Ürəkdə bir cür, üzdə başqa cür ola bilməzdim. Mən, başqasının oduna yandığım halda, onunla bir yastığa baş qoymazdım. O “başqasını” ürəyimdən qoparıb atmağa isə iqtidarım çatmırdı.

...Səhəri gün mənim üçün daha da ağır keçdi. Elə bil, Hümmətin təklifini rədd etməklə həyatımın son ümid çırağını da üfürüb keçirmişdim. Mən onu yaxşı bir dost, yaxşı bir insan kimi qiymətləndirirdim. İndi artıq o da yox idi.

Güney qışlaqla yarışan Bəhmənli kəndində “Əlli yaşında cavan” musiqili komediyasının ikinci tamaşasını verdik. Bu dəfə hamımız əvvəlkinə nisbətən yaxşı oynayırdıq. Nazxanım o qədər təbii, canlı və sərbəst oynayırdı ki, elə bil, iyirmi ilin artisti idi.

Dərdi-qəmi çox olan adam üçün ən böyük təsəlli yaxşı bir iş görməkdir. Mən Nazxanımı kəşf etməyimlə fəxr edirdim. Onun oyununu diqqətlə izləyərək, hər şeyin yerində olmasına, hər duyğunun eyni ilə həyatda olduğu kimi təbii çıxmasına çalışırdım. Bunun üçün ona kiçik bir işarə kifayət idi.

Artıq o özü də öz qüvvəsinə inanmağa başlayırdı. Ona görə də, savadını artırmaq üçün mənim seçib verdiyim kitabları həvəslə oxuyur, başa düşmədiyi yerləri tez-tez gəlib soruşurdu. Beləliklə, Nazxanımı öz yetişdirməm hesab edərək, dərin ruhi rahatlıq duyurdum.

Bizim gənc aktrisamızla hamıdan çox maraqlanan şofer Almurad idi. Tamaşa zamanı o, lap qabaqda oturub Nazxanımın oyununa elə təəccüblə baxırdı ki, elə bil, möcüzə görürdü. Gəlin hara gedirdisə, kölgə kimi böyründən ayrılmırdı. Adamların yanında belə, alov saçan gözlərini ondan çəkmirdi.

...Bir gecə otağımda bərk darıxdığımdan, qapımı bağlayıb, Nazxanımın yanına getmək istədim. Lakin onun çəpərinə yaxınlaşanda bağçada danışıq səsləri eşidib ayaq saxladım. Nazxanım ağaca söykənərək başıaşağı dinləyir, Almurad isə, onun qabağında dayanıb soruşurdu:

– Niyə məni yandırıb-yaxırsan? Bəlkə haqqımda bir pis şey-zad eşitmisən?

– Heç nə eşitməmişəm.

– Bəs, onda niyə sözlərimə inanmırsan?

– Ona görə inanmıram ki, siz kişilər etibarsızsınız.

– Qoyunu qoyun ayağından, keçini keçi. Kişilərin hamısı birdir? Vallah, səni qoymayacağam ayağın quru yerə dəysin.

– Mağıl, dayna. Mənim sənə nə ehtiyacım?

Nazxanım yönü bağçaya dayandığından, mən onun üzünü qaranlıqda əməlli seçə bilmirdim. Almuradın üzünə isə pəncərədən işıq düşmüşdü.

– Dörd sənin kimi oğlan dolandıraram.

– O düzdür. Amma kişi gərək sənin kimi cavanəzəni gözünün üstündə saxlasın.

– İndi belə deyirsən.

– Sən ölmə, bu ürəyimə güllə dəysin, qocalıb belimiz büküləndə də elə deyəcəyəm. Ay insafsız, görmürsən dərdindən dəli-divanəyəm?

O, əl atıb gəlinin biləyindən tutdu.

– Burax, – gəlin qolunu çəkdi. – Bax, bir də əl-ayağını dağıtsan, mənim gözümə görünməyəcəksən.

– Yaxşı, bəs, indi mənə nə deyirsən?

– Mən səndən iki yaş böyüyəm.

– Bir gör nəyin dərdini çəkirsən! İki yaş nədir ki? Baxan mənə səndən çox yaş verər özüm ölüm. Başım ağarıb.

– Nə qədər olsa da, arvad kişidən tez qocalır.

– Ay dəli, mən səni qoyaram qocalasan?

– Qocalanda əlini qabağa verəcəksən?

– Arvadı əri saxlayar, pendiri dəri.

– O məsəli ayrı şeyə çəkiblər.

– Aaz, bax, bu ürəyimə güllə dəysin, səndən əl çəkəsi deyiləm.

– Gədədə üzə bax ey... – Nazxanım xısın-xısın güldü.

Mən öz otağıma qayıtdım.

...Səhəri Nazxanım yanıma gəldi. Sözlü adam kimi, gülməkdən uğunub gedirdi.

– Nə olub? – deyə soruşdum.

Qoynundan pambığa bükülü balaca bir şey çıxarıb mənə uzatdı. Alıb gördüm yaqut qaşlı bir qızıl üzükdür. Heç bir şey anlamayaraq onun üzünə baxdım.

– Almurad verib, – deyə pıçıldadı. – Götürmürdüm. Dedi sən öl, almasan, baş götürüb ilim-ilim itəcəyəm. Mən ha eləyib, cavab verənəcən qoyub getdi. Ağlın nə kəsir, özünə qaytarım?

Mən onun gözlərindəki qaynar təbəssümə diqqət yetirib:

– Nə üçün qaytarırsan? – dedim, – istəyirsən yazıq oğlan özünü həlak eləsin?

Şaqqıldayıb güldü. Sonra eyni ilə “Arşın mal alan”dakı xala kimi məzəli bir əda ilə cavab verdi:

– Vallah doğru deyirsən.

...Bizim balaca dəstəmizin şöhrəti getdikcə artırdı. Tez-tez başqa kəndlərdə də tamaşalar verirdik. Yeni pyeslər hazırlamaq lazım gəlirdi.

Bir gün yenə də bəzi məsələləri danışmaq üçün artel idarəsinə getmişdim. Nəriman əmi, əynində təzə paltar, həmişəki kimi başı-üzü tərtəmiz qırxılı, kefi kök, stulun arxasına söykənmişdi. Cimi onun qabağında dayanaraq, bərkdən qəzet oxuyur, Qulu, İmi və Almurad da sədrlə birlikdə qulaq asırdılar.

Mən daxil olan kimi Nəriman əmi qəddini düzəldərək:

– Yaman yazıblar, – o, nəşə ilə mənə baxıb qəzetə işarə elədi.

– Nəyi yazıblar? – deyə mən qorxmuş halda soruşdum.

– Cimi, başdan oxu, – deyə sədr əmr etdi.

Məqalə bizim mədəniyyət evi haqqında idi. Kəndlilərə verdiyimiz tamaşaları, kitabxananın fəaliyyətini tərifləyərək, İmi ilə Ciminin, Səriyyənin, Nazxanımın adlarını çəkirdilər. Axırda məni xüsusi qeyd edərək, başqalarına nümunə göstərirdilər.

Ömrümdə birinci dəfə idi ki, öz işim haqqında bu cür sözlər eşidirdim. Mən təbiətən şöhrətpərəst deyildim. Lakin indi... Məhz indi qəzetdəki tərif məni sevindirir və şəxsi ləyaqət hissimi gücləndirirdi. Mən başqaları üçün lazımlı bir adam olduğuma özümü dönə-dönə dərindən inandırmaq istəyirdim. Mən ruhi müvazinətimi itirməməli idim.

Məqaləyə qulaq asarkən, “əlbəttə, bu, ölümdən yaxşıdır” deyə başımdan qəribə bir fikir keçdi və mən hələ gənc olduğumu anlaşılmaz bir məmnuniyyət hissi ilə xatırladım (elə bil, gənc olduğumu çoxdan unutmuşdum). Məqalə oxunub qurtarandan sonra Nəriman əmi

[Mənbənin skanında burada mətn itib.]

– Sabah cavanlardan otuz nəfərini götürüb onlara köməyə gedərsən.

– Kimlərə?

Sədr ağır bir yükün altından çıxırmış kimi dərindən nəfəs alıb, heç kəsin üzünə baxmadan:

– Quzeylilərə! – dedi.

Qulunun balaca qara bəbəkləri sürətlə o yan-bu yana qaçmağa başladı. İmi ilə Cimi təəccüblə bir-birinə baxdı. Almurad:

– Baş üstə! – deyə həvəslə cavab verdi.

– Ancaq deyərsiniz Nərimanın bu işdən xəbəri yoxdur. Özümüz gəlmişik!

– Niyə, əşi?

– Lazım deyil. – Nəriman əmi alnını ovuşdurdu.

İndi onun çöhrəsini kədər bürümüşdü. Bəlkə bu, başqalarına qəribə görünərdi. Lakin, necə deyərlər, dərdli dərdlini tez anlayar. Mən bunu başa düşürdüm. Mən hiss edirdim ki, bütün ömrünü öz yerlilərinin yaxşı güzəran keçirməsinə sərf edən, dünyada ürəyi xəstə arvadından başqa heç kəsi olmayan, heç bir şeyə göz dikməyən bu qoca, iki oğlundan birinə acıqlanıb, sonra peşman olmuş ata kimi pərişandır. İndi sanki onun ağ, nəcib alnının hər bir qırışı dil açıb qəmli-qəmli deyirdi: “Nərimanı bağışlayın. Bu dünyada qoca Nərimanın sizdən başqa heç kəsi, sizin xoşbəxtliyinizdən başqa heç bir arzusu yoxdur. O, sizin üçün yaşayıb, eləcə də öləcəkdir”.

Mən onun qəmgin halda stolun üstünə düşmüş iri və qəşəng əlinə baxırdım.

...Həmin gün işdən sonra otağımda təkcə oturub özümə kofta tikə-tikə Nəriman əminin səhərki hərəkəti barədə düşünürdüm: “Sən dərinlərə kök salmış qüdrətli, qocaman bir ağacsan. Sənin kölgəndə minlərcə adam dincini alır. Sənin qol-budağın arasında quşlar şən nəğmələr oxuyur. Mən isə, indi-indi boy atan zəif, kövrək bir zoğam. Mən yalqızam. Bu dünyada yalqız olmaq nə çətinmiş! Biz insanlar kiçik bir təsəlliyə, bir dost sözünə nə qədər möhtacmışıq! Siz hamınız məni sevirsiniz. Mənim işimdən, hərəkətimdən razısınız. Əlbəttə, bu mənim üçün böyük təsəllidir. Lakin, bununla bərabər, mən yalqızam. Çünki sizin heç birinizin mənim qəlbimdə nələr olduğundan xəbəriniz yoxdur. Siz məni dərdsiz-qəmsiz bir qız kimi, artist kimi tanıyırsınız. Mən isə, öz dərdimi hey danışmaq istəyirəm. Mən istəyirəm ki, siz mənim kədərimlə mütəəssir olasınız. Öz səadətindən əbədi olaraq əli üzülmüş bir qızın halına acıyasınız. Bu, mənim nəyimə lazımdır? Bilmirəm. Lakin mən öz qüssəmlə sizə nə isə demək arzusu ilə yanıram. Ona görə də, bir yerdə qərar tapıb dayana bilmirəm. Gecəm, gündüzüm yoxdur. Mən dahi bir piano çalan olsaydım, ürəyimi mahnılarla sizə açardım. Lakin mənim çaldıqlarım qəlbimdəkilərin qarşısında o qədər sönük görünür ki...”

Random poem

More by this author

Mən və yeni həyat

Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.

12 min
Gözlənilməyən sevgi

Darülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.

16 min
Apardı sellər Saranı

Ölüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.

3 min
Su dəyirmanı

O gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..

59 min

Poems by other poets