Page 38 of 39 · 95%

Ürəyimdə yaşatdığım ikinci həyatdan hamının xəbərsiz olması məni məmnun edirdi. Çünki öz kədərimlə başqalarının ovqatına soğan doğramaq istəmirdim. Lakin bir gün Nəriman əmigildə olduğum zaman Qərənfil bacı əlimdən tutaraq dedi:

– Vallah, kişi qızı imişsən.

– Nəyə görə məni belə tərifləyirsiniz?

– Tərifləmirəm, düzünü deyirəm. Beləliyimizə baxma. Biz kəndlilər çoxbilmiş oluruq. Ancaq yaxşı elədin. Ev dağıtmaqla heç kəs xoşbəxt olmayıb.

Mən bütün vücudumla titrədim. Əgər, mənim şəxsi həyatıma bir başqası bu cür müdaxilə etsəydi, hirslənib özümdən çıxardım. Lakin Qərənfil bacıya heç nə demədim. Görünür, biz nə qədər möhkəm iradəyə malik olsaq da, dərdimizi, heç olmasa, bir nəfərin bilməsini istəyirik. Bu, bizim həmişə insan ünsiyyətinə olan dərin ruhi ehtiyacımızdır. Bizim bir-birimizdən tamam təcrid olunmuş, tamam qapalı halda yaşamağımız çətindir. Ona görə də, mən özümdə daxili bir yüngüllük, qəribə bir xoşhallıq hiss edərək susurdum. Mən indi doğma anasını dinləyən qız kimiydim. Qərənfil bacı deyirdi:

– Mən Hümmət deyən qədər də mövhumatçı deyiləm. Amma bir şeyə inanıram, o da budur ki, dünyada nə yaxşı, nə də pis iş əvəzsiz qalmır.

Burada mən özümü saxlaya bilməyib, dərhal etiraz etdim:

– Mənə heç bir əvəz lazım deyil, Qərənfil bacı.

– Elə demə, qızım.

O, “ah” çəkdi:

– Bir vaxt gələr, lazım olar. Hələ cavansan. Ürəyin quş kimi pərvazdadır. Bir gün olacaq, sən də yorulacaqsan. Sən də yaxın bir adamından xoş söz eşitmək, dərdini-qəmini onunla bölmək istəyəcəksən. Biz insanlar beləyik.

“Bəlkə də eləyik” deyə düşündüm, lakin cavab vermədim.

...Həmin yaz gözlənilməyən bir hadisə mənim həyatımda tamamilə yeni səhifə açdı. İmi ilə Cimi xəbər gətirdilər ki, Azərbaycan Dövlət Dram Teatrının artistləri bir neçə tamaşa vermək üçün bizim rayon mərkəzinə gəlmişlər. Qulu əl-ayağa düşüb dedi: “Gərək biz artistlər mütləq gedib o tamaşalara baxaq. Çünki böyük sənətkarlardan öyrənmək lazımdır”.

...Birinci gecə Cəfər Cabbarlının “Aydın” pyesini göstərəcəkdilər. Rayon mədəniyyət evinin böyük zalı tamam dolu idi. Hələ, bilet çatmadığından, adamların çoxu geri qayıtmışdı. Başda Qulu olmaqla, biz Güney qışlağın artistləri beşinci cərgədə oturub, tamaşanın başlanmasını səbrsizliklə gözləyirdik.

Bir il idi ki, mən, vaxtilə sevib, xəyalları, surətləri ilə yaşadığım, məharətlərinə heyran olduğum artistlərin oyununu görmürdüm. Mən indi oturub gözümü səhnənin pərdəsinə dikərək, keçən günləri, institutda oxuduğum illəri, o illərlə birlikdə çıxıb getmiş arzularımı xatırlayırdım və kədərlə düşünürdüm: “İnsan hər şeyə necə tez alışır, hər şeyi necə tez unudur!”

Birdən mədəniyyət evinin işçilərindən tanış bir oğlan mənə yaxınlaşaraq, qulağıma sarı əyildi:

– Nuriyyə xanım, yoldaş Hümmət xahiş etdi ki, zəhmət çəkib direktorun otağına gələsiniz.

Tələsik qalxıb getdim. Raykom katibi Süleymanzadə və Bakıdan gəlmiş artistlərin rejissoru da orada idilər. Hümmət məni görərkən, aramızda heç nə olmamış köhnə bir dost kimi, açıq və sərbəst ifadə ilə:

– Nuriyyə xanım, Gültəkin rolunu ifa edən aktrisa, ürəyi bərk ağrıdığından, səhnəyə çıxa bilməyəcək, dedik bəlkə siz onu əvəz eləyəsiniz...

Mən dinmədim.

– Deyirlər, axı, siz teatr institutunu bitirmisiniz? – deyə bakılıların rejissoru həyəcanla dilləndi. – Yəqin ki, “Aydın”la tanışsınız.

– Bəli, tanışam.

– Gültəkinin sözlərindən, hərəkətlərindən heç yadınızda qalanı varmı?

– Bir az yadımdadır.

– Mən özüm sizə suflyorluq edəcəyəm. İndisə vaxtı itirməyək.

Rejissor Aydın rolunu ifa edən artisti çağırtdırıb, bizimlə iyirmi-iyirmi beş dəqiqəlik məşq keçdi. Sonra saatına baxaraq:

– On səkkiz dəqiqə gecikmişik, – dedi və tamaşanın başlanmasını əmr etdi.

Bu mənim həyatımda fırtınalı, qeyri-adi bir gecə idi. Ömrümdə birinci dəfə idi ki, məşhur artistlərlə birlikdə səhnəyə çıxırdım. Doğrudur, institutda oxuyarkən, mən Gültəkinin hərəkət və sözlərini yüzlərcə dəfə zehnimdən keçirmişdim. Onun iztirablarını yüzlərcə dəfə öz iztirablarım kimi yaşamışdım. Lakin xəyal başqa, səhnə başqadır. Dram teatrının aktrisaları mənə ürək-dirək verirdilər. Mən səhnənin arxasında dayanıb öz növbəmi gözləyirdim. Ürəyim sıxılıb-açılırdı. Səhnədə cəsarət və inamla hərəkət edən artistlərə tamaşa etdikcə vücuduma qorxu çökür, öz-özümə son dərəcə kiçik görünürdüm. Lakin növbəm yetişəndə, elə bil, bütün qorxum bir anda yox olub getdi. Elə bil, mənə ömrümdə hiss eləmədiyim ruhi bir qüvvət gəldi, mən cəsarətlə, güclü bir inamla səhnəyə girib, öz rolumdan başqa hər şeyi unutdum. Necə oynadığımı bilmirdim. Lakin hiss edirdim ki, bütün zaldakılar nəfəslərini çəkmədən məni dinləyir.

Səhnələr gəlib-keçdikcə, Gültəkinin faciəsi də şiddətlənirdi. Mən bu gənc qadının iztirablarından başqa heç nə hiss etmirdim. Mən Gültəkin idim! Mən özümü öz böyük eşqimə qurban verirdim. Mən cəfakeş bir eşqin ali səadəti ilə sevərək, gülümsəyərək ölürdüm. Mən, uğrunda həlak olduğum oğlanın xəyalını özümlə birlikdə əbədiyyətə aparırdım.

Sanki uzun zamandan bəri ürəyimdə sükuta dalmış duyğular birdən-birə oyanıb pərvaz edərək, öz faciəli səadəti ilə, öz munisliyi ilə kainatı qavrayırdı. Mən Gültəkin idim. Mən, “vəfasız olmuşam, ey Məcnun” deyən bir Leyli idim. Mən sinəsini sevdiyi oğlana sipər etmiş bir fədai idim.

Yalnız gurultulu alqış səsləri məni o qəribə aləmdən həqiqi həyata qaytardı. Mən ayağa qalxaraq, xoşbəxt bir yuxudan ayılmış kimi, zala baxıb gülümsədim. Ətrafıma göz gəzdirərək təəccüblə düşündüm: “Bu nədir, bütün artistlər məni dövrəyə almışlar. Hamı məni alqışlayır, hamı mənə heyrətlə baxır.”

Rejissor əlimi tutub iki əli ilə bərk-bərk sıxdı, zalda təkrar alqış səsləri qopdu. Bakı teatrının qocaman artistlərindən biri alnımdan öpdü.

“Doğrudanmı, mən bu qədər böyük müvəffəqiyyətlə oynamışam?”

Tərif çiçək kimi üzərimə yağırdı. Həddindən artıq kök olan rejissor həyəcandan qızarıb-pörtmüş üzünün, boynunun tərini yaylıqla silə-silə:

– Nuriyyə xanım, – dedi. – Biz sizi kəşf etmişik. Səfərimiz uğurlu olub.

...Azərbaycan Dövlət Dram Teatrının artistləri rayonda tamaşalarını qurtarıb gedəndən on beş gün sonra Pirverdi mənə bir teleqram gətirdi. Mədəniyyət nazirliyinin incəsənət işlərinə baxan rəisi bildirirdi ki, mən nazirin xüsusi əmri ilə Azərbaycan Dövlət Dram Teatrına aktrisa təyin olunuram. Sonra qeyd edirdi ki, nazirlik məni mənzillə təmin edəcəkdir.

Bu, mənim üçün təsəvvür eləməyəcəyim bir səadət idi. Lakin xeyli fikirdən sonra belə qərara gəldim ki, nazirliyə teleqram vurub, gəlmək istəmədiyimi bildirim. Çünki buradan çıxıb getmək, üz-gözümün öyrəşdiyi adamlardan ayrılmaq, oyunlarımı xoşlayan bu sadə tamaşaçılarımı birdən-birə tərk etmək mənə xəyanət kimi görünürdü.

Ancaq, bununla bərabər, daxili bir qüvvə məni elə şiddətlə teatra cəlb edirdi ki, fikrimi həyata keçirə bilmirdim: “Bu nədir? Yoxsa, mən adi bir şöhrətpərəstəm? Məgər, burada da öz vətəndaşlarıma xidmət etmirəmmi? Məgər, mənim az-çox olan qabiliyyətim burada xalq işinə sərf olunmurmu? Üstəlik, axı, mən bu adamları sevirəm. Axı, buradan Quzey qışlağa cəmi altı-yeddi kilometrdir...”

Mən səhərdən axşama qədər tərəddüd və həyəcan keçirir, nazirlikdən gələn teleqramı kimsəyə göstərmirdim. Çox götür-qoydan sonra Nəriman əmidən icazə alıb, Almuradın maşınında rayon mərkəzinə, Hümmətin yanına getdim. Özümə söz vermişdim. “O nə cür məsləhət görsə, elə də edəcəyəm!”

Hümmət teleqramı oxuyandan sonra:

– Getmək istəyirsinizmi? – deyə soruşdu.

– Heç bir qərara gələ bilmirəm. Həm istəyirəm, həm də istəmirəm.

O, ağıllı gözlərini yerə dikərək, bir neçə saniyə düşündü. Sonra üzümə baxaraq, qəti ifadə ilə:

– Məncə, getmək lazımdır, – dedi.

– Bəs, buradakı işlər?

– Buradakı işlərinizi də Qulu, Nazxanım, İmi ilə Cimi davam etdirər. Doğrusu, sizin o günkü oyununuz məni lap heyran edib. Mən “Aydın”ı çox görmüşəm. Ancaq heç bir aktrisa Gültəkini sizin qədər təbii oynamamışdır. Sizdə böyük istedad var, Nuriyyə xanım.

Mən tərif xoşlamıram. Lakin o, bu sözləri o qədər səmimi deyirdi ki, ürəyim kövrəlir, sevincimdən ağlamaq istəyirdim.

– Gedin. Sizin yeriniz oradır. Özünüzə xəyanət etməyin.

Susub bir qədər mənə baxdıqdan sonra müztərib bir təbəssümlə əlavə etdi:

– Biz birtəhər keçinərik.

Mən onun əlini bərk-bərk sıxaraq ayrıldım.

...Güney qışlaqda mənim şəhərə dəyişildiyimi bildikdə, Nazxanımdan tutmuş İmiyə, Cimiyə qədər bütün iş yoldaşlarım çox məyus oldular. Nəriman əmi isə, “heç vaxt, heç vaxt elə şey olmaz” deyib birbaş nazirin özünə zəng vurdu. Nə danışdıqlarını bilmədim. Lakin zəngdən sonra kişinin halı birdən-birə sakit və ciddi oldu.

– Mən heç bir zaman mərdimazar olmamışam, – dedi, – vaxta ki, ora getmək sənin üçün də vacibdir, get.

– Əsl iş də odur! – deyə Qulu dostum şəhadət barmağını yuxarı qaldırdı. – İstedadlara şərait lazımdır.

Random poem

More by this author

Mən və yeni həyat

Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.

12 min
Gözlənilməyən sevgi

Darülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.

16 min
Apardı sellər Saranı

Ölüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.

3 min
Su dəyirmanı

O gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..

59 min

Poems by other poets