Page 2 of 2 · 50%

Babasından əmisinə və ona keçən irsi xəstəlikdən Səmədin hələ xəbəri yox idi. Boğazının birdəncə genişlənib, nəfəs yolunun açıldığını, beynində ağrının divardan qopan kərpic kimi qopub düşdüyünü və əlindəki göyümtül qrafindən başqa şeylər görməyə başladığını hiss edib, bunun ardınca əmisinin qəhqəhəsini eşidəndə, avariya günü boz kitelə necə sığınmışdısa, indi qəhqəhəyə də eləcə sığındı, bu qəhqəhədən gülüş alıb güldü.

– “Məlhəm” nədi, əmi, möcüzədi bu, – dedi. – Verim sənə də?

– Yox, yox! Məlhəm adamı yıxır! Sərxoşluqdan qurtarmaq olmur. Debil eləyir adamı. Mənimki elə konyakdı... – Sultan divarda Stalinin qara lentlə haşiyəli portretinin qabağından keçib stola yaxınlaşdı. – Konyak, azdan-çoxdan.

Səməd sevincindən, lap axmaq-axmaq danışmaq da olsa, mütləq nə isə demək, danışmaq istəyirdi.

– Yox, bu dəfə Məlhəm içəcəksən əmi, məlhəm!

– Niyə axı?

– Nə bilim, – Səməd başını azca yana əyib yumşaq, ağrılı, dərin gözlərlə əmisinə baxdı. – Bircə balanın könlü belə istəyir!

“Bircə bala...” Bunu qardaşı oğlu özü dedi və bundan əminin gözlərinə əlavə işıq gəldi. Sarsıntılarla dolu, yanıqlı məhəbbət işığı Sultanın sifəti ilə birgə səsində də titrədi:

– Bircə balama qurban olum... Tök gəlsin! İkimiz də Məlhəm içirik bu gün!

Səməd ayağa qalxdı, adi stəkanlara həyat sarsıntıları ilə mənalanmış çaxır tökdü, stəkanın birini əmisinə verib, o birini özü götürdü. Bayaqdan gözü Stalinin portretinə sataşanda, fikri o ətrafda dolanırdı.

– Sağlığım var, – dedi. – Məhv olsun Mirqəzəblər! Yaşasın, əbədi olsun “Bezobraziye”ni qamçılayan kişilər!.. Bunun barəsində atamdan da yaxşı-yaman eşitmişəm səndən də. Partiya məktəbində də bir sicilləmə nitq dedilər “şəxsiyyətinə pərəstişin” cəmiyyətə zərərləri haqqında. Açığı, beynimə girmədi, düz-əməlli dinləmədim də, bir Ucarlı yolaşımnan sivişdik çıxdıq zaldan, getdik içdik o möhtəşəm şəxsin sağlığına. Düzü, mən bağlıyam bütün sosializm, kommunizm korifeylərinə, əmi! Qara lent yaraşmır bu kişiyə. İcazə ver o lenti qopardım.

Səməd portretin çərçivəsinə dörd xırda, iynəvari mıxla sancaqlanmış lenti asanlıqla ayırıb, ovcunda büküb-büküb pəncərədən o yana atdı.

– İçək “xüsusi materiyadan biçilmiş”lərin sağlığına! O kişi boşboşuna deməyib bu sözləri. Məgər əmim xüsusi materiyadan biçilməyib? Məgər atam xüsusi materiyadan biçilməmişdi? Babamı demirəm. Şeyx əmilərimi demirəm, bolşevik deyildilər onlar. Əmma bir yana baxanda, onlar da biz əqidəli deyildilərmi, əmi? Oğullarını nə üçün güllənin qabağına göndərirdi babam? Xeyrin şər üzərində qələbəsi naminə göndərmirdimi? Bəs əmilərim nə uğrunda qurban verdilər özlərini? Maxizmi tənqid eləyirəm mən, çünki xoşbəxtliyi bəşəriyyətin fövqündən gözləmirəm! Öz əlimnən yaratmaq istəyirəm öz səadətimi! Əmilərim də belə düşünmürdülərmi, əmi?

Pəncərədən görünürdü ki, həyətdə, tut ağacının altında, ocağın qırağında Çürük Aşıq yəqin ki, yağışa düşüb nəmlənmiş qara cürəsinin döşünü alovun üstündə o yan-bu yana gəzdirə-gəzdirə, yaylıqla sürtürdü, kökləyirdi Səmədin lap uşaqlıqdan eşitdiyi ağır, dərin kədərli “Divani” havası çalırdı və asta-asta mızıldanırdı:

“...Beş gözəlin vurğunuyam...”

Hansı məclisdənsə Səmədin qulağında ötüb keçib getmişdi ki, “beş gözəl də rəmzdi, Aşıqlar Bağ Ata ilə dörd oğlunu nəzərdə tuta-tuta məclisi çox vaxt bu sözlərlə başlayırdılar.

Səməd Çürüyün mızıltısını ötəri dinləyib, beyni qıjıltılı:

– Əlbəttə, el atasız olmamalıdı. Yetim qalmamalıdı. Lap nə cür nöqsanları olsa da Stalin el atası deyildimi?! Mənim atam, Şeyx əmilərim el ataları deyildilərmi? Sən özün!..

– Bircə dəqiqə, bircə bala, bircə dəqiqə...

Sözünü kəsmək istəmirəm. Əmma bircə dəqiqə... – Sultan stəkanı stolun küncünə qoyub, barmaqları titrəyə-titrəyə kitelin yaxasını açdı.

Səməd narahat oldu:

– Həyəcanlandırdım səni?!

– Yox, yox... Kaş həmişə belə həyəcanlanaydım... – Sultan papiros yandırdı, ağır-ağır yeriyib, əlini portretin arxasına uzadıb, ordan kiçik formatlı bir şəkil çıxartdı. Sifəti avazımışdı. Dərin, uzun qırışlarla doğranmış hündür alnında narın tər işıldayırdı. – Dünya dəyişir, vulqar sosiologiyanın dövranı qurtarır, Bircə bala. Ömrümdə təsəvvürümə gətirməzdim ki, partiya məktəbinin müdavimləri belə açıq siyasi mübahisələr eləyə bilərlər. Deyəsən doğrudan da dəyişir dünya... O murdar, o Çax-çux hələ müharibədən qabaq hardasa görübmüş bu şəkli, xəbər veribmiş o birisi murdarlara – Gülənova, Persə, onlar da dübarə çatdırıbmışlar Mirqəzəbə ki, Əmirlilər şeyx qardaşlarının şəkillərini saxlayırlar evlərində. Guya namaz qılıram mən! Belə əcaib-əcaib böhtanlar içində keçib ömrüm, oğul!.. Dünən Bakıdan ifşa xəbəri eşidəndə bayram eləməliydim mən Mirqəzəbin ifşasını. Dünəndən burdadı bu içki. Sevinəmmədim, içəmmədim... Çoxdan bilirdik onun düşmənçiliyini. Əmma arxası elədi ki, açığı, ifşa olunduğuna indi heç kəs inanmırdı. Dünən sən qatarda olanda tutulub Mirqəzəb Mir Cəfər Bağırov! Həbs olunub. Sultan Əmirlinin qələbəsidi bu. Korifey-filan, öz yerində. Qələbə şərəfinə iç!

– Yox, əmi! – Səmədin ürəyi sökülürdü. Həyəcanla, ehtirasla, stəkanını qaldırıb əmisinin stəkanına vurdu. – Korifeylərdən sağ qalmış Sultan Əmirlinin sağlığına! Ah-uf yaraşmır sənə, əmi. Mirqəzəb də rədd olsun, zülm də. Mətin Sultan Əmirlinin sağlığına içirəm! Qalib Sultan Əmirlinin sağlığına!

Sultan dikəldi. Solğun, bozumtul üzünə pul-pul qızartı çıxdı. Gözləri gülürdü.

– Xeyli vaxtdı eşitmirdim belə sözləri. Dağ götürdün çiynimdən!.. Gəl belə danışaq. Sən iç mətin əmi sağlığına, mən içim mətin qardaşoğlu sağlığına! Mirqəzəbin bezobraziye sürüsü içində əmisinin qolundan tutan, əmisiynən çiyin-çiyinə addımlayan dirəkli oğul – arxa sağlığına!..

Səməd həyəcandan stəkanını bir də stəkana vurdu.

– Məndə az-çox yetkinlik varsa, o da sənin xidmətindi, əmi. Sənin şəxsiyyətinnən fəxr edirəm mən. Sənin uca şəxsiyyətinnən, ideallarınnan!.. Gözəl insanlığınnan!..

– Mən də sənnən fəxr edirəm, Bircə balam! Varisim! Hələ dərk eliyəmməzsən kimlərin, nəyin varisisən. Elmimiz batmır beyninə. Abıynan burda kobud rəftarın göstərir ki, hələ çox, çox uzaqsan Varislikdən. Ətraflı söhbətlərdən sonra Yer üzündə misli olmuyan bir xəzinə verəcəm sənə, “Süleyman peyğəmbərin xəzinəsi”ni!

İçdilər.

Hər şey yaxşı gedirdi. Əlləzoğlu içəriyə qulaq verə-verə, pillələri lap pişik kimi səssiz qalxsa da, Sultan qeyri-adi həssaslıqla, qayınatasının gəlişini duyub qabağına getdi, zəhmli pıçıltı ilə: – Qayıt, qayıt! – deyib, sinidə yuxaya bükülü kababı ondan alıb, gətirib ortalığa qoydu. İlk addımı Sultan yolda atmışdı. İkinci addım – çətin, ağır addım burda – evdə yox, başqa şəraitdə atılmalı idi, Sultan Səmədlə tamam açıq danışmalı idi. O açılışmadan sonra, başı yarılan qayınata da yaxın gələ bilərdi, bəlkə hətta Gülgəz də gözə dəyə bilərdi. Hələlik isə Sultan maksimum ehtiyatlı olmalı və addımı öz vaxtında atmalı idi.

– Çox içmə hələ. Çesuyçalı “korifeylər”lə görüş təyin eləmişəm bu gecə, saat on ikiyə. Lap qısa söhbət olacaq. İstəyirəm sən də iştirak eləyəsən. Görəsən...

Sultan sözünü tamamlaya bilmədi. Qapıda, nəhəng, qalanın üstündə iri qırmızı ulduz-toqqalı, qırmızı dəri kəmər, tərli at sifəti və nəhəng at gözləri parıldadı.

– Nuş olsun! Axşamınız xeyir, yoldaş Əmirlilər! Gəldim ki, həm o qarı düşməniniz Mərqəzəbin, axır ki, ağzıbirə salındığına görə təbrik eləyim sizi, həm də... aranızda nələr olub keçdiyinə baxmayaraq, bu cür istəkli ata-oğul təki, belə süfrə arxasında oturmağınıza görə təbrik eləyim, şadlığımı bildirim və... rüsxət olsa siznən bir az düzəldim bu əyri başımı.

Səməd həm o heybətliyə baxırdı, həm də əmisinə.

Sultanın sifəti bir andaca saralmışdı.

Ağır-ağır ayağa qalxdı. Çağırılmamış qonağa əlinin hərəkətilə elə orda – qapıda dayandırıb, asta-asta ağır sözlər deməyə başladı:

– Adın Zorridi, əmma kolxozları soymaq məharətinə görə Zor nəçənnik deyirlər. Hər səhər Xəlvət Rəhimin həyətində bir yazabuğanın xaşını yediyinə görə Xaş nəçənnik deyirlər. Bir ad da mən verirəm: naxal nəçənnik!.. – Və birdən acığından gülüb, ruscaya keçdi: – Kruqom marş!

Gülənov şişib qaldı. Sonra sağ əlinin barmaqlarını sağ gicgahına qaldırıb, birdən-birə üzgünləşib:

– Yest kruqom! – deyib getdi.

Sultanın yumruqları stola, çənəsi sinəsinə dirənmişdi.

– Birini gördün!.. Tök içək! – dedi. – Belələrinin yığıncağına sərxoş da getmək olar. Tök! Kəşfiyyata gəlmişdi köpəkoğlu, görsün... Əmma elə bil nəsə olub, bu belə gəlib... Ürəyimə damıb nə isə.

Bu dəfə də sözünü tamamlaya bilmədi. Aşağıda – bağın dərinliyində biri-birinin ardınca iki güllə şaqqıldadı.

Sultanla Səməd diksinib tez pəncərəyə cumdular. Gülənov darvazaya doğru tarappa-tarap qaçırdı.

Sultan bir az duruxub soruşdu:

– Kimə atdı a kişi?

Əlləzoğlu bağın dərinliyini göstərdi.

– Nə bilim, a dərdin alım...

Çin fanarlarının işığı altında çoxlu təzə qandan başqa heç nə tapmadılar...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Süleyman padşahın xəzinəsi 12

Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, hələ müharibədən əvvəl, Sultan Əmirli ilə Mədəd Əmirlinin “tərcümeyi-hallarını gizlətdikləri” barədə söz yayıldığı və “şeyx qardaşlarının əleyhinə kompaniya” başlandığı vaxtlar gecənin birində Bakıdan Sultan əminin yanına sadə görkəmli, çopur üzlü, “Müəllim” kliçkalı cavan bir çekist gəlib xəbər veribmiş ki, Mirqəzəbin şəxsən özünün sərəncamı ilə, Gülənovla Sayılovdan və RİK Atamalıdan ibarət “üçlüyün” başçılığı ilə iki qardaşın ikisinin də evində axtarış aparılmalıdır; Şeyx Ağ Əmirlə, Şeyx Boz Əmirlə və ümumən o taydakı “Muğanna”larla – UluBağlılarla əlaqələrinə və “Kainat Elmi”nə – SafAğ Elminə aid bircə parça kağız, məktub, şəkil-filan tapılsa, bu da bəsdir ki, qardaşların sinfi mənsubiy-⁷⁴ “Şeyx Xorasan” Naxçıvanda, Əlincə çayının qırağında, Xanəgah kəndinin yaxınlığında dəfn edilmiş məşhur “Yarı Pünhanın” – SafAğ Aliminin gizlin adlarından biridir. Müxtəlif adlar altında müxtəlif məkanlarda müxtəlif qiyafələrdə olmaq Ulu Bağ ƏsƏlMənin (“Süleyman”ın, “Solomon”un) həyat təcrübəsindən götürülüb hər yerdə tətbiq edilirdi. yəti təsdiqlənsin; Elmə heç dəxli olmayan təriqətlərə və ümumən köhnə dünyaya aid bircə kitab, əlyazması-filan tapılsa, bu da bəsdir ki, qardaşların siyasi orientasiyası haqqında hökm verilsin. Buna görə də dostları – köhnə çekist yoldaşları və şəxsən “Müəllim” özü Sultan Əmirliyə məsləhət görür ki, özünün və Mədədin evində o taydan nə varsa, hamısını təcili yığışdırıb, əldən-ayaqdan uzaq, etibarlı yerdə gizlətsin və ya yandırıb məhv etsin... Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, o axtarış ərəfəsində “şeyx qardaşları”nın beş-üç həyanı, sirdaşı varmışsa, o həyan və sirdaşlardan biri də həmən “Müəllim” kliçkalı çopur, uzun adam imiş.

36 min
Süleyman padşahın xəzinəsi 13

Toz-torpaq içində son kağız qırıntılarına qədər yığandan sonra Qılınc, Təftiş, Kətyən koması çağrılan başıaşağı, səssiz-ünsüz qəlyanlı ilə elə ona oxşayan Möhsün kişi, hamıdan axırda isə, bir-iki saatda yüz il də qocalmış kimi ikiqat Abı, arası dolu, ağır köynəklərini aparıb, Müslümün açıb təmizlədiyi “baqajnik”ə – yükyerinə, oturacaqların “sideniye”lərin aralarına doldurdular. Sultan necə hiddətli və yarımcan gəlmişdisə, eləcə də yarımcan, xarabalığın qırağında, quyunun dikdirində oturub hərəkətsiz qalmışdı. Bayaqdan bəri azı beş-altı dəfə özözünə: – Kimin işidi?! Kimin işidi?! – deyə-deyə Qılıncı çağırıb sorğusuala tutmuşdu: “Mədəd divardan kitab çıxarmamışdı ki? Bəlkə çıxarıb, görüblər?..”, “Mən Müslümü çox sədaqətli sayıram, sən necə?”, “Bəlkə, deyirəm Bakıdan təcrübəli adamlar çağıraq, elə Xalıqın özünü istintaqa çəksinlər?”, “Vərəsə”nin bu qədər gizli yerini bilən adamı tapmalıyıq, ya yox?!” və sairə.Xarabalıqda heç kəs hiss eləmirdi ki, Sultanın bir gözü Badsəbanın daxması tərəfdə tək dirək kimi duran Bircə balada idi, Səmədin gözü də əmisində idi.

24 min
Xəzinə üstündə yatan ilan 1

Oturacaqda ağzı açıq bir konvert vardı. Müslüm, yola düşər-düşməz, o konvertə işarə eləyib:– Sənədi. Oxu, – dedi.

26 min
Xəzinə üstündə yatan ilan 2

Bir nəhəng otaq solda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında – uzaq divar dibində şifonerlərdən və taxtlardan məlumdu ki, ora “spalni” – yataq otağı idi.Bir nəhəng otaq da sağda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında – uzaq divarda uca rəflərdəki kitablardan məlumdu ki, ora kabinetdi.

12 min

Poems by other poets