Page 14 of 15 · 87%

Nazlı həyətə düşdü.

– Dədə, çayın soyuyur, – dedi və gəlib durdu atasının yanında. Məhrəbanı götürüb, onun boynunu, başını quruladı.

Bağır bu kiçicik qayğıdan uşaq təkin kövrəldi. Titrəyən dodaqlarını gəmirə-gəmirə astadan soruşdu:

– Onu sən çağırtdırmısan. Yoxsa...

Nazlı başını aşağı dikdi:

– Özü gəlib, – dedi.

– Xeyridimi?

Nazlı atasına baxıb çiynini çəkdi.

– Bilmirəm, – dedi.

Nazlı məhrəbanı mıxdan asıb, biganə görkəm aldı, guya Müzəffərin gəldiyinin ona heç bir dəxli yox idi. Amma Bağır hiss eləyirdi ki, qızının biganəliyi zahiridi.

Nazlı sözünün qətiliyinə inanan adam kimi:

– Biz ayrılmışıq, – dedi.

– Bəs onda bu niyə gəlib?

– Əl çəkmir bizdən. Deyir, sizsiz ölərəm... Tünzalədən ayrı qala bilmir. Tünzalə də onu görməyəndə kürlük eləyir. Atasını təhərsiz istəyir Tünzalə.

Bağır aynabəndə tərəf baxdı, gördü ki, Müzəffər bayaq necə olmuşdusa, eləcə də oturub, yenə gicgahının tüklərinin barmağına dolayıb yavaş-yavaş burur.

– Vallah adamın buna da yazığı gəlir, – dedi. Sonra soruşdu: – Tamam-kamal gəlib bu?

– Yoox... Öldürsən də, şəhərdən çıxmaz o.

– Bəs bu işin axırı nə təhər olacaq?

– Ev olmasa burdan tərpənən döyüləm... Bu da ki acizin biridi, ev ala bilmir. Əvvəl-axır alacaq, amma, allah bilir, havaxt.

Bağır yenə bayaqkı sualını verdi:

– Bəs bu işin axırı necə nə təhər olacaq?

– Bilmirəm, dədə, bilmirəm. Bakıya qayıtmayacam.

– Nazlı gülümsədi. – Qayıdası olsam, səni də aparacam... Həmişəlik.

– Bağır da gülümsədi:

– Özünüz başınızı soxmağa hin tapmırsınız, – dedi. – Mən harda qalacam? Küçədə?

– Küçədə niyə qalırsan? Ev düzəltmək mümkündü. Başqa yolnan.

– Hansı yolnan?

– Kooperativə yazılıb mənzil almaq olar.

– O nə olan şeydi, a bala?

– Nəğd pulnan ev tikirlər... – Nazlı gördü ki, atası dinmir, əlini onun sinəsinə qoyub, günahkar adam kimi tutula-tutula, dirənə-dirənə danışdı.

– Sənə qurban olum ay dədə, indi ki, söz tuş gətirib qoy elə ürəyimdəkini deyim. Əgər pis desəm, deynən pis deyirsən. Amma ayaqlarının altında ölüm, ürəyinə başqa şey gəlməsin.

– De görüm, nə deyirsən.

– Dədə gəl bu evi sataq.

Bağır bu sözlərdən heç nə anlamadığı üçün cavab vermədi.

Nazlı o biri əlini də atasının sinəsinə qoydu.

– Bu evi satsaq, bunun puluna kooperativ mənzil alarıq, – dedi. – Özü də üç otaqlı... Sən də gələrsən yanımıza... Day nə qədər işləyəcəksən? İndi sənin dincələn vədəndi. Gəl otur şəhərdə, əli-ayağı təmiz. Yoxsa mən orda, sən burda. Vallah, gecə-gündüz ürəyimin içini yeyirəm. Deyirəm, ay allah, görəsən dədəmin halı necədi? Yemək-içməyinə, əyin-başına kim baxır onun? Lap gəlib burda yaşasan da, təm-tək neynəyəcəksən, ay dədə? Bura sənin nəyinə lazımdı?

Bağır bayaqdan istəyirdi qızının sözünü kəssin, di gəl ki, nitqi qurumuşdu, dili ağzında ağırlaşıb daşa dönmüşdü. Yaxşı ki, Nazlı özü susdu. Susub, atasının gözlərinin içinə zəndlə baxdı, amma onun gözlərindəki ifadədən heç nə başa düşmədiyi üçün ehtiyatla soruşdu:

– Nə deyirsən, dədə?

Bağır özünü güclə ələ aldı.

– Deyirsən, bu evi sataq?

– Hə, dədə, müştərisi də başının üstündədi, uzağa getmək lazım deyil. Namaz bu dəqiqə haqqını saymağa hazırdı. Nə qədər desən, verəcək.

Bağıra elə gəldi ki, qarşısında məlul-məhzun dayanıb əllərini onun körüyə dönmüş sinəsinə qoyan bu qonurgöz qız Nazlı deyil, Piti Namazdır, intəhası, Nazlının cildində gəlib bura.

Bağır qızının əllərini sinəsindən qopardı.

– Deyirsən babamızdan qalan bu yurdu Piti Namaza sataq də?

– Burda ayıb nə var ki, ay dədə? Həm sənin işin düzələr, həm bizim.

Bağırın qulaqları guruldadı, gicgahlarından kəskin bir ağrı qopdu. Sonra bu ağrı onun başına, boynuna yayılıb, keyləşdirdi onu. Bağır qulaqlarındakı uğultunu dinləyə-dinləyə soruşdu:

– Bəs mən harda öləcəm, bala?

Nazlının dodaqları büzüldü. Kövrələ-kövrələ:

– Allah eləməsin, – dedi. – Sənin düşmənlərin ölsün. Tək qalmayacaqsan ha, dədə, aparacayıq səni, qurban olum sənə.

– Bəs siz ev alanacan mən harda qalacam?

– Həminki yerində... Meşədə... Uzaq başı bir ilə mənzil alacağıq.

Deyəsən Bağırın nəfəsi tükəndi, bir azdan boğulacaqdı Bağır, səsi xırp kəsiləcəkdi onun.

– Müzəffərin ağlına gəlib bu, yoxsa...

– Tünzalənin ölmüşünə xəbəri yoxdu onun. Öz fikrimdi.

Bağırın nəfəsi tükənmədi, amma içində hər şey bir-birinə qarışdı, alt-üst oldu. Bağır bilmədi ki, içində qaynayan nədir: qəzəbdirmi, ağrıdırmı, peşmançılıqdırmı, təəssüfdürmü? Bəlkə də bu, indiyəcən Bağırın duymadığı, keçirmədiyi, adını bilmədiyi bir hiss idi, bürümüşdü onun qəlbini? “Övlad necə amansız olarmış fələk?”

Bağır soruşdu:

– Əgər razı olmasam...

Nazlı köks ötürdü.

– Onda ailəmiz dağılacaq, – dedi. – Tünzalə yetim qalacaq.

Belindən qopan ağrı az qaldı Bağırın qəddini əysin. Bağır dərin-dərin nəfəs aldı, gözlərini göyə zilləyib, güclə danışdı.

– Bir də belə söz desən... hesab elə ki... mən adda atan yoxdu.

Bağır daha aynabəndə qalxmadı. Gedib ürgə atı tut ağacından açdı...

Səhər çoxdan açılmışdı. Piti Namaz “nərçələriylə” çoxdan gəlib getmişdi. Nurcabbarla Bağır yan-yana dayanıb Dədə palıdın təpəsinə baxırdılar. Lap məəttəl qalmalı iş idi: indi Dədə palıdın başqa budağı saralırdı.

Nurcabbar dinməzcə dönüb komaya girdi, göy cildli dəftərini sandıqçadan götürdü, gəlib Dədə palıddan aralıdakı kötüyün üstündə oturdu, dodaqlarını tərpədə-tərpədə Başladı yazmağa.

Bağır komanın qabağında dayanıb, gendən Nurcabbara tamaşa elədi. Nurcabbarın nağıl yazmağı Bağırçın, doğrudan da, bir tamaşa idi, çünki Nurcabbar yazanda qəribə oyunlar çıxarırdı və onda Bağırı gülmək tuturdu. Nurcabbar gah şıdırğı yazdığı yerdə əlini saxlayıb, qələmi alnına vura-vura nəsə pıçıldayırdı, gah üzünü göyə tutub, barmağını silkələyə-silkələyə kimisə hədələyirdi. Gah gözlərini bir nöqtəyə zilləyib, oturduğu yerdə yırğalanırdı. Gah başını dizlərinin arasına soxub, alnını yumruqlayırdı. Vallah, müsibət idi bu kişinin işi – nağıl yazanda da neynəmirdi, nə oyundan çıxmırdı?

Bağır qalxıb Dədə palıdın yanına gəldi, əlini onun qabar-qabar, çat-çat gövdəsinə sürtdü. Hələ Dədə palıdın canında su vardı, şirə vardı. Nurcabbar düz deyir, Dədə palıd bundan sonra hələ min il ömür sürəcək, bu meşəyə böyüklük, ağsaqqallıq eləyəcək.

Törəmələri Dədə palıdı dövrələmə hasara almışdılar, onun yanında məsum, aciz görünürdülər, elə bil təbiətin kəşməkəşlərindən qorxduqları üçün Dədə palıdın kölgəsinə, nəfəsinə pənah gətirmişdilər. Bunlar nə vaxt böyüyəcəklər? Bunlar nə vaxt “dədə” olub yaşıl əlləriylə meşənin başına sığal çəkəcəklər? Yəqin elə bir dövr gələcək, amma, səd heyif, Bağır o günləri görməyəcək. Bağır yox ha, heç Bağırın nəvəsi də o günləri görməyəcək. Onda Bağırın nəvəsinin nəvəsi də, nəvəsinin nəticəsi də bu dünyada olmayacaq. Nə eybi, onda Kürün sahilində, indi Bağırın dayandığı bu yerdə Bağıra oxşayan başqa nəvələr dayanacaqlar və onlar da öz palıd dədələrinin vüqarına, əzəmətinə heyran qalacaqlar, onu qurumağa, zavala gəlməyə qoymayacaqlar.

Dədə palıdın gövdəsindən iki-üç addımlıqda – günbatan tərəfdə Bağırın gözlərinə iki qəbir görünüb tez də yox oldu. Bağırın ovqatı yenə korlandı. Yenə içində küt bir ağrı dolaşdı. Qızıyla söhbəti Bağıra yuxu kimi gəlirdi və Bağır bu pis yuxunu xatırlamağa, yozmağa qorxurdu. Bağır iki gün idi ki, evə getmirdi - incimişdi, küsmüşdü Nazlıdan – amma yenə ayrılığa ürəyi tab gətirmirdi. Nigarançılıq üzürdü Bağırı: “Görəsən, qayıtdılar Bakıya, yoxsa hələ burdadılar? Görəsən Nazlı mənim qəlbimə dəydiyini başa düşübmü, peşman olubmu? Axı o nə söz idi dedi mənə? Yəni məni diri-diri qəbirə qoymaq istəyir?” Bağır bütün günahları Piti Namazda görürdü, Piti Namazın gözlərindəki bic təbəssümdə – adamı əridən, huşdan çıxardan təbəssümdə görürdü. Nazlıda nə təqsir var? Piti Namaz deyib, Nazlının da beyninə batıb. Nazlı uşaqdı hələ, dünyanın əlləm-qəlləm işlərindən xəbərsizdi... Boynunun dalını görər Namaz, qulağının dibini görər. Yalnız Bağırın meyiti o həyətdən çıxandan sonra Piti Namaz dişlərini ora qıcırda bilər.

Bağırın içindəki ağrı yavaş-yavaş çəkilib getdi, bir az yüngülləşdi Bağır. Elə bu dəm Nurcabbarın səsini eşitdi:

– Ay Bağır, bəsdi ağaca dirənib durdun. Bəri gəl, görüm!

Bağır yaxınlaşıb Nurcabbarla qabaq-qənşər dayandı, ha baxdı, Nurcabbarın əhvalının necəliyini onun gözlərindən başa düşə bilmədi – Nurcabbarın gözlərində bulanıq bir ifadə dolanırdı.

Nurcabbar nəzərlərini zilləmişdi Bağırın üzünə adamı deşib keçən bir baxışla onun gözlərinə baxırdı. Baxdı, baxdı və birdən gülümsəyib:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Duz

Seymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.– Al, hələlik bunu xərclə...

19685 min
Talisman

Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?

198032 min
Qatarda

Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

198023 min
Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 min

Poems by other poets