Dədə palıd
Page 4 of 15 · 20%
Nurcabbar yuxulu səslə dedi:
– Sənə yazığım gəlir, Bağır... Sən meşədə təkcə ağacları görürsən... Bilmirsən ki, meşənin də nəfəsi, həniri var. Bilmirsən ki, ağacların da canı var, ürəyi var, dili var.
Bağır elə bildi Nurcabbar onu ələ salır.
– Əşi, qoy oturmuşuq, – dedi və fikirləşdi ki, Nurcabbar get-gedə lap ağ eləyir, yaxşısı budur ki, Nurcabbarı danışdırmayasan.
Amma Nurcabbar özü danışdı. Bayaqkı yuxulu səslə:
– Ağaclar da adamlar kimidi, – dedi. – Ağlayan vaxtları da olur, gülən vaxtları da. Mahnı da oxuyurlar, bir-birilərinə dərdlərini də danışırlar.
Bağır Nurcabbarın yumulu gözlərinə baxa-baxa başını buladı. Bu Nurcabbar yaman məzəli adamdı. Bekarçılıqdan ağlına qəribə-qəribə fikirlər gəlir bunun. Əşi, meşənin nə canı, nə dili? Ağac da gülərmi?
– Bura bax, Nurcabbar, mən iyirmi ildi ki, bu meşədə ağac təkin bitmişəm. Hər ağaca bələdəm burda. Yalan olmasın, ağacların üstündəki budaqların, yarpaqların sayını da bilirəm. Sən cəmi-cümlətanı üç ildi burdasan. Bəs nə təhər olur ki, ay Nurcabbar, sən bu meşənin ürəyini görürsən, mən görmürəm?
Nurcabbar hələ gözlərini açmamışdı, hələ günün altında taxta sinəsini qızdırırdı.
– Meşə hər yetənə ürəyini göstərmir, Bağır. Meşəni duymaq üçün gərək adamın gönü cığara kağızından da nazik olsun.
Bağır üzdə olan iri gözlərini pərt-pərt döydü. Elə bil bayaqdan bəri içində mürgüləyən bir acıq, güclə ovunan bir giley qalxıb dilçəyinə dirəndi. Yox, bu Nurcabbar, doğrudan da, ağ eləyir bu gün. Ağzını qoyub Allah yoluna, ağlına nə gəldi, danışır, hər kəlməbaşı Bağırı tikanlayır. Yoox, həvəsdi-bəsdi, buna dözmək olmaz. Lap cızığından çıxır Nurcabbar. Gərək beləsinin cavabını verib, oturdasan yerində, yoxsa çox baş aparar.
Bağır, küsəyən uşaq təkin, qaşqabağını salladı, incikliyini büruzə vermək üçün səsinə bir az sərtlik qatıb dedi:
– Tutaq ki, mən gönüqalın adamam, heç nə görmürəm, heç nə qanmıram. Bəs sən nəsən? Əgər gönün belə yuxadırsa, bəs Dədə palıdın qurumağını indiyəcən niyə görməmisən? Hay, de də, niyə görməmisən?
Nurcabbar gözlərini açıb, dirsəyini yerdən qaldırdı.
– Birinci yarpağı quruyanda görmüşəm, – dedi, – amma sən indi görürsən... O boyda budağı kor da görər.
Nurcabbar, nədənsə, dönüb Dədə palıda tərəf baxmırdı, elə bil ora baxmaqdan qorxurdu, ürpənirdi. Gözlərini Bağırın başımın üstündən harasa zilləyib donuxmuşdu. Bağır Nurcabbarın hara nəzər dikdiyini bilmirdi, ancaq onun nöqtə bəbəklərindəki donuqluğu görüb, başa düşürdü ki, bu dəqiqə Nurcabbarın gözlərinin qabağında başqa dünya, başqa aləm dayanıb. Nurcabbar indi göyə baxsa da, yəqin ki, göyü görmür. Bəlkə Kürün lal-dinməz, bulanıq suyunu görür, bəlkə arxasındakı Dədə palıdın qupquru budağını görür? Nurcabbarın xırda gözləri qıyıldı, qıyıldı və qaramtıl göz qapaqlarının altında itdi. Sivri çənəsi tərpəndi, çənəsindəki seyrək, ağ tüklər biz-biz dayandı, qırışlı, tunc sifətinə sanki kölgə çökdü. Nurcabbarın donqar burnunun pərələri titrəyəndə Bağıra elə gəldi ki, Nurcabbar bu dəqiqə hönkürüb ağlayacaq. Bağırın Nurcabbara yazığı gəldi. Bağır bayaqkı incikliyi də, pərtliyi də unutdu. Fikirləşdi ki, Nurcabbar onun qəlbinə dəymək niyyətində olmayıb, olmaz da – axı Bağırın Nurcabbara nə pisliyi keçib? Yəqin bu gün Nurcabbarın qanı qaradı – niyə qaradı, özü bilər – adamın qanı qara olanda dünya gözlərinə fındıq boyda görünür və bu fındıq boyda dünyada adam ürəyini boşaltmaq üçün dilini tikana döndərib yanyörəsindəkilərə batırır. Yoox, Nurcabbar insaflıdı. Nurcabbar qəsdən, bilə-bilə Bağırı incitmək fikrinə düşməz. Nurcabbar pis adam döyül, vallah. Bu gün görəsən nə olub ona? Yoxsa Nurcabbar hələm-hələm yava danışmaz, qəlb sındırmaz. Özü də kimin qəlbini – Bağırın? O Bağırın ki, Nurcabbara “ayağın yandı, geri dur” demir, çox vaxt Nurcabbarın işini də o görür.
Nurcabbar gözlərini açıb, Bağırın başımın üstündən yenə bayaqkı səmtə baxdı və:
– Dədə palıd öləcək, – dedi.
Nurcabbar yumruq düyüb, baş barmağını çiyni üstündən arxaya – Dədə palıda tərəf tuşladı.
– Bir gün onun da ürəyi dayanacaq, – dedi.
İkisi də susdu, ikisi də fikrə getdi. Bağır Dədə palıdın halına yanırdı və inanırdı ki, indi Nurcabbar da Dədə palıd barədə fikirləşir, ancaq Nurcabbarın yadına komadakı köhnə sandıq düşmüşdü, sandığın içindəki dəftərlər düşmüşdü və Nurcabbar heyfsilənirdi ki, bu səhər bircə sətir də yaza bilməyib. Nurcabbar üzünü Bağıra tutub:
– Dünən bir nağıl başlamışam yazmağa, – dedi. – Kürlə Dədə palıdın nağılıdı. İstəyirsən bir az oxuyum sənə.
Bağır istədi desin ki, oxuma, səhər-səhər nə nağılbazlıqdı, nağılı gecələr danışarlar. İstədi desin ki, lazım deyil, işlərim tökülüb qalıb, amma deməyə macal tapmadı, çünki Nurcabbar artıq ayaq üstə idi. Nurcabbar yavaş-yavaş komaya tərəf gedirdi. Nurcabbarın Dədə palıd barədə dedikləri Bağırın ağlına gah batırdı, gah batmırdı. Bağır Dədə palıdın öləcəyinə gah inanırdı, gah inanmırdı. Yox, Dədə palıd indi ölməsin, nə qədər ki, Bağır sağdı Dədə palıd Bağırın gözlərinin qabağında tac başını yerə qoymasın, aləmi özünə güldürməsin. Nə qədər ki, Dədə palıd burdadı, Bağır dünyanın qədimliyinə də, əbədiliyinə də inanır.
Nurcabbar qayıdıb Bağırın böyüründə oturdu. Açılıb örtülməkdən şaxı getmiş şagird dəftərini vərəqləməyə başladı. Onun xəttinin yaxşı, ya pis olmağından Bağırın başı çıxmırdı, ancaq Bağır görürdü ki, hərflər çox xırdadı, – hərəsi bir küncüd boyda – həm də hərflər bir-birinin qarnına girib, sıx yazılıb, vərəqdə bir dımaq boyda da ağ yer yoxdu. Bağır inanmadı ki, Nurcabbar öz yazdığını özü oxuya bilər.
Nurcabbar dörd-beş vərəq ötürüb dayandı.
– Ortadan oxuyuram, – dedi, – hələ yarımçıqdı. – Və səsinə həzinlik verib, başladı oxumağa: “Bala palıd sahilə gəldi, gördü ki, Kür şırıl-şırıl axır. Bala palıd dizə düşüb, əllərini sinəsinə qoydu. Dedi: ay Kürüm, ana Kürüm, Dədəm palıd gedir əldən. Suyunumu əsirgədin onnan, südünümü əsirgədin onnan? Dədəm palıd ölsə əgər, göy guruldayar, şimşək çaxar, göydən yerə gürşad yağar”.
Nurcabbar gözlərini döndərib baxdı ki, görsün oxuduqları Bağırın xoşuna gəlir, ya yox. Bağırın üzü muma dönmüşdü, dəyirmi gözlərindən işıqlı təbəssüm tökülürdü. Bağır indiyəcən Nurcabbarın bu səslə, bu avazla danışdığını eşitməmişdi. Onun səsindəki titrəyişin, həzinliyin adamı kövrəldə biləcəyini ağlına da gətirməmişdi. Nurcabbarın yazdıqları Bağırın ürəyindən xəbər verirdi, vallah Bağır da bu dərdi çəkir, amma neyləsin ki, içindəkiləri Nurcabbar kimi deyə bilmir. Bağıra elə gəldi ki, Nurcabbar onun ürəyini dəftər kimi qabağına qoyub, sətirbəsətir oxuyur. Bağır özünü məzəmmətlədi ki, Nurcabbarın yazdıqlarından bu vaxtacan xəbərsizdi, onun yazmağına məhəl qoymayıb. Bağıra elə gəlirdi ki, Nurcabbar sinəsinə saz tutub Dədə palıdın dərdini avazla oxuyur və istəyirdi Nurcabbar yenə oxusun, çox oxusun.
Nurcabbar başladı ardını oxumağa: “...Kür nəfəs çəkib, köks ötürüb, dedi: ay oğlum, əziz oğlum, eşit və agah ol ki, dikəlməyə taqətim qalmayıb, nə aşıram, nə daşıram. Üstümdə bənd qurublar, hirsim-havam alınıb, boynum kəməndə salınıb. Ayaqlarım cidarlı, qollarım bağlı. Dodaqlarım Dədə palıdın kökünə çatmır, Dədə palıdın yanğısını söndürə bilmirəm. Quruyacaq Dədə palıd, ayaq üstə can verəcək... Kür bunu deyib başladı şırıl-şırıl axmağa. Bala palıd da başladı gözlərindən bıldır-bıldır yaş tökməyə”.
Nurcabbar bu yerə çatanda dirriyin yanındakı maşın işə düşdü. Nurcabbar diksinən kimi oldu və dəftəri yumub, qaşqabağını salladı.
Bağırın muma dönmüş üzündəki işıqlı təbəssüm hələ silinib getməmişdi, hələ ruhu Nurcabbarın avazında quş kimi qanadlanıb uçurdu. Bağır bihuş olmuşdu, yan-yörədə səs-filan eşitmirdi.
Dəftəri gizlətməyə, deyəsən, yer axtarırdı Nurcabbar. Əvvəlcə qoynuna soxmaq istədi, sonra nə fikirləşdisə bürmələyib əlində saxladı. Başını dilxor-dilxor buladı. Arxasında dişdən çəpər olmayan dodaqları içəri əyilib, təzədən düzəldi.
– Dəyyusun biri, dəyyus! Niya rədd olub getmir bu? – dedi. – Pul qazanmaqdan savayı dərdi yoxdu. Puldan ötrü anasının əmcəyini də kəsər... Elə bilirəm o kababxanada mənim ətimi şişə çəkib, verir camaata.
Bağır sanki yuxudan ayıldı. Nurcabbarın deyinməyini tamam-kamal dərk eləməsə də, üzündəki işıqlı təbəssüm silinib getdi. Motorun səsinə başını döndərəndə lap yaxınlığında furqon “Moskviç”i gördü.
Piti Namaz başını maşının pəncərəsindən çıxarıb Bağıra baxırdı. Baxırdı və Bağırın amanını qıran bic təbəssümlə gülümsəyirdi. Bəd xəbər eşidəcəyindən qorxurmuş kimi Bağır nəfəsini udub, qulaq kəsildi. Bağırın bütün vücudu yekə bir qulağa döndü. Amma Piti Namaz ona heç nə demədi, Dədə palıdın təpəsinə nəzər salıb gülümsəyə-gülümsəyə:
Kitabxana.az · https://kitabxana.az/en/works/isi-melikzade-dede-palid
Use ← → keys to move, R for a random poem
More by this author
Seymur paltosunu geyinib qapının ağzında dayandı. Anası balaca qara çamadanı və içi dolu həsir zənbili gətirib onun qarşısına qoydu. Oğlan şeylərə tərəf baxmadı. Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi. Sonra onu umacaqlı baxışla süzdü. Firuzə oğlunun fikrini anlayıb gülümsədi. Əlini dirsəkdən ilməsi qaçmış sarımtıl, nimdaş jaketinin cibinə saldı.– Al, hələlik bunu xərclə...
TalismanAğarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir sən allah, dünən gəl, bu gün qayıt. Gərək, heç olmasa, üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından səs-küyündən uzaq olaydı. Borcalının “qaymaq” havasından udaydı, “bal” suyundan içəydi. Ağarəhim könülsüz-könülsüz “Jiquli”yə oturanda qayınanası yalvardı ki, “qal, getmə”. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: “Getməlidi, – dedi, gərək ponidelnik işdə olsun”. Ağarəhim ürəyində: “Tüpürüm ponidelnikə”, – deyib maşını tərpətdi, amma başa düşdü ki, “ponidelnikə” tüpürə bilməz, çünki “ponidelnik” institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi...Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir. Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə “Jiquli”nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi – onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?
QatardaDostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Şehli çəmənlərin işığıAltmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Poems by other poets
Görkəmli filosof, professor Camal Mustafayev kübar qadın Sara xanıma universitetdən aldığı maaşdan yardım əli uzatmış, bunun üstündə təqib edilmişdir.*Müəllif*
Nə qəmim var cahan icrə bənim, yar bənimNə qəmim var cahan icrə bənim, yar bənim,Nəyim əksikdi bənim, yar bənim, var bənim.
OynamasınGeyinib-kecinib toya gedənlər,Amanat, amanat qız oynamasın.
SonaNə yandırdın eşq əhlinin canını,Sənsən bu dünyanın maralı, Sona.