Page 8 of 8 · 88%

– Bizim orda nə itimiz azıb?

– Doğru sözümdü... Köçürük.

Teybə gülməyini kəsdi:

– Biz Bakıda neyləyəcəyik?

– Camaat neynir, biz də ondan. – Xəlil arvadının təəccüb, çaşqınlıq dolu baxışlarından tutulub nəzərlərini onun üzündən yayındırdı.

Bəhmən Teybəni yola gətirməyə çalışdı:

– Biz hər şeyi götür-qoy eləmişik. Sizin Bakıya köçməyiniz vacibdir.

Teybə çiynini çəkib könülsüz-könülsüz dilləndi:

– Xəlil özü bilər.

Teybə incik adamlar təki qaş-qabağını salladı və bununla da ərinə bildirmək istədi ki, Bakıya köçmək söhbəti onun ürəyincə deyil. Huşu, xəyalı uzaqlardaymış kimi, gözləri yol çəkə-çəkə otaqdan çıxdı.

Xəlil dama-dama vərəqə yaşıl rəngli hərfləri bir-birinin ardınca düzdü... Qol çəkib kağızı dörd qatladı, bambazı köynəyinin döş cibinə qoydu. Bəhmənin uzana qalmış yumşaq, ağ əlini bərk-bərk sıxdı.

İkisi də rahat nəfəs aldı. İkisi də gülümsədi.

Çöldə it yava-yava hürdü.

Teybə ona təpindi:

– Kaştan! Kaştan! Sürük burdan!!

İt zingildəyib səsini tamam kəsdi.

Teybə başını qapıdan içəri saldı:

– Qədimov gəlir, – deyib tez də çəkildi.

Qədimov açıq qapını taqqıldatdı, cavab gözləmədən yanını basa-basa otağa keçdi:

– Olar?.. Salam-əleyküm. – Elə bil bu sözləri deyincə təngnəfəs olub taqətdən düşdü. Bayaq Çərkəzin oturduğu boş stula baxdı, sanki onun ağırlığına stulun tab gətirib-gətirməyəcəyini gözəyarı yoxlayırdı... Əyləşdi.

Xəlil ayağa qalxdı:

– Paltonuzu çıxardın, həkim.

– İndi gedirəm... Balam, itiniz az qalmışdı məni parçalasın.

Xəlil öz yerində oturdu:

– Kaştan kaftarlaşıb. Əvvəlki dövrü olsaydı, peşmançılıq eləyərdi. Kaştan tanımadığı adamı həyətə buraxmır.

– Həyətə oğrunu, qulduru buraxmasın. Mən yəni çalıb-çapana oxşayıram? – Ağızlığından tüstü çıxan sobaya baxdı. – Balam, yaman soyuqdu, qış əhədimizi kəsəcək. Bizim xəstəxanada da odun qıtlığıdı. Eh, bu rayonda baş həkim işləmək zülümdü. Min dərdim var. – Dərindən nəfəs aldı və xışıltı ilə qalxan sinəsi az qaldı ətli çənəsinə yapışsın.

Xəlil samovara işarə elədi:

– Çay süzümmü, həkim?

Qədimov tıncıxa-tıncıxa cavab verdi:

– Bugünkü maye normamı içmişəm. – Əlini qarnının üstünə qoydu. Şişkin göz qapaqları sallandı. Kirpiklərinin arasında nazik bir xətt parıldamasaydı, güman etmək olardı ki, o yatıb. Handan-hana gözlərini açıb üzünü Bəhmənə tutdu. Dəyirmi dodaqları tərpənib bir-birindən güclə aralandı. – Balam, sanaviasiya bu dəfə yaxşı karımıza gəldi. Teleqram vurandan iki-üç saat keçməmişdi ki, siz gəldiniz. Yoxsa Həmid kişi əlimizdən getmişdi... Professor Dövlətov necədir, doktor? Məndən ona salam deyərsiniz. Tələbə yoldaşı olmuşuq... Mürsəl Şamilzadə doktorluq dissertasiyasını qurtardımı?

– Bu yaxınlarda müdafiə edəcək.

– Məndən salam deyərsiniz. Tələbə yoldaşı olmuşuq... Quliyev yenə Semaşkoda işləyir?

Sorğu-sual uzandı...

Sonra Qədimov, Xəlili məzəmmətlədi:

– Balam, sən niyə belə birtəhər adamsan? Bu vaxtacan bizə deməmisən ki, doktor Cəfərzadənin əmisi oğlusan. Bayaq görürəm xəstəxananın qapısında yolumuzu kəsib durmusan. Mən də deyirəm, ya keç, ya da yol ver keçək. Nə bilim ki, siz yaxın qohumsunuz? Doktor səni qucaqlayanda lap çaşdım. Canın haqqı, sonra məni ağlamaq tutmuşdu.

Xəlil inanırdı ki, Qədimov onun adını doğru-düzgün bilmir. Çünki həkim aylarla hamama ayaq basmırdı. Onu çox vaxt evdə çimizdirirdilər.

Bir xeyli hamı susub Qədimovun sinəsindən qopan xışıltıya qulaq asdı. Nəhayət Bəhmən dilləndi:

– Həkim, bu soyuqda zəhmət çəkmisiniz... Özü də piyada... Onsuz da mən yanınıza gələcəkdim.

– Nə zəhmət-bazlıqdır? Əmioğlu olmasaydı sizi heç yana buraxan deyildim. Evdə hazırlıq gördürmüşəm... Gəldim deyəm ki, sizin xahişinizi yerinə yetirmişəm. Ov məsələsi...

– Ov? – Bəhmənin qaşları dartıldı. – Hə-ə... Yadıma düşdü. Amma bilmirəm, getmək vacibdirmi?

– Şəhərdən gələn adam üçün bir saatlıq ov bir milyona dəyər.

Bəhmən, qırıla-qırıla qalmışdı. Xəlilin yanında ovdan söhbət düşməyini heç arzulamırdı. İstədi həkimin təklifindən boyun qaçırsın, ancaq qorxdu ki, Qədimov onun bu qərarından təəccüblənsin, onu sorğusuala tutsun: “Niyə getmirsiniz? Axı, səhər tüfəng üçün nə qədər xahiş-minnət elədiniz”.

Bəhmən, başını aşağı salıb fikirləşən əmisi oğluna baxdı:

– Həkim, bəlkə... Belə havada...

– Havaya nə olub? – Qədimov stulda qurcalandı. – Əsil ov havasıdır.

Xəlil təəccübünü gizlədə bilməyib Bəhməndən soruşdu:

– Ova gedirsən?

– Ov deyəndə...

Qədimov macal vermədi ki, Bəhmən sözünün dalını gətirsin:

– Doktor, tüfəng tapdırmışam. Maşınla gedərik. Şoferim babat atandı. Mən də sizə qaraltı verərəm.

Bəhmən bir anın içində qəti qərara necə gəldiyini özü də anlamadı:

– Gedək!.. Xəlil, sən də tərpən.

Xəlil gülümsədi:

– Ova? – Başını buladı. – Məni toya çağırıblar.

Qədimov altındakı stulu cırıldatdı:

– Sən toya getməsən gəlin gərdəyin dalına keçməyəcək?

– Mən camaatın xeyrindən, şərindən qala bilmərəm. – Xəlilin qaşları çatıldı.

Bəhmən qalxıb boynu xəzli qalın paltosunu geyindi.

Qədimov onun qarşısında dayanıb gözlərini parıltılı, qıvrım xəzin üstündə gəzdirdi:

– Doktor, siz Bəşirovu yaxşı tanıyırsınız? Terapevtdi. Yaman məşhurlaşdı haa. Balam, heç institutda ağıllı-başlı oxuya bilmirdi. Tələbə yoldaşı olmuşuq...

Bəhmən paltonun iri, qara düymələrini bağlaya-bağlaya dedi:

– Axşam əriştə yeyəcəyik, həkim.

Bəhmən otaqdan çıxdı, Qədimov da onun ardınca.

Xəlil stolun üstündəki boş qədəhlərə baxa-baxa papiros yandırdı. O, elə bilmişdi ki, əmisi oğlu bir daha tüfəng götürüb çölləri dolanmayacaq. Elə bilmişdi ki, hər qəfil güllə səsi Bəhməni diksindirəcək, onun yadına Tağını salacaq. Xəlil indi çaşbaş qalmışdı. Bu nə ovdu? Bu nə kefdi? Yoxsa Bəhmən keçmişləri unudub?

Xəlil başa düşürdü ki, onun Bakıya köçməyi özündən çox Bəhmənə lazımdır. Yəqin Bəhmən bu məqamı çoxdan axtarırdı. O dəridən-qabıqdan çıxsa da, əmisi oğluna babat güzəran düzəldəcək və bununla da ağrıyan vicdanına məlhəm tapacaq. Sonra rahat nəfəs alıb sakit-sakit deyəcək: “Biz bir-birimizə borclu qalmadıq, Xəlil”.

O, artırmaya çıxdı. Göyə baxdı. Hava bozarmışdı. Teybə əriştə üçün xəmir yoğururdu. Kaştan keçəlləmiş quyruğunu bulaya-bulaya yarıyumulu zığlı gözlərini teştə zilləmişdi.

Teybə başını yuxarı qaldırmadan soruşdu:

– Doğrudan toya gedirsən?

Xəlil yenə boz-bulanıq göyə nəzər saldı.

– Gedirəm, – dedi.

O, adamayovuşmaz idi. Çərkəzdən başqa heç kim onun dərdini-sirrini bilməzdi. Xəlili hələm-hələm toya, qonaqlığa çağırmazdılar. İndi də çağırmamışdılar.

Teybə teştin üstünə qalın məzər saldı:

– Təzə kostyumunu gey. Qalstuk da bağla.

– Lazım deyil.

– Bakıya köçmək məsələsi gerçəkdi, Xəlil?

Xəlil cavab vermədi. Artırmadan düşüb asta-asta küçəyə çıxdı.

O, çalğı səsini lap uzaqdan eşitdi. Doqqazdan keçib ömründə ayaq basmadığı həyətə girdi. Qapının ağzında stul qoyub oturmuş bığlı kişinin qarşısındakı balaca çamadana bir qırmızı onluq tulladı.

– Oğullu, qızlı olsunlar, qoşa qarısınlar! – deyib şirni ilə təpələnmiş məcməyidən bir ovuc noğul götürdü.

Xəlil adamla dolu mağarda yer tapıb oturdu. Toybəyi kimisə oynamağa çağırdı. Bayırda külək güclənmişdi, brezent örtüklü mağarı yumruqlayıb titrədirdi. Mağarın ortasından asılmış iri lampa yellənirdi. Xəlil eldən-obadan uzaq diyardakı gecələrini xatırladı. Orada da külək tez-tez tufan qopardırdı, tavandakı lampanı saat kəfgiri kimi yırğalayırdı. Xəlil də yatağında uzanıb sağa-sola yellənən bu işığa gözləri qaralınca baxırdı, kəndlərini xatırlayırdı, anasını xatırlayırdı. Bəhmən yadına düşürdü. Hər dəfə də qətiyyəti artırdı: “Ona məktub yazmayacam”. Heç kimə yazmırdı. İstəmirdi ki, Bəhmən onun ünvanını öyrənsin. Bilirdi ki, əmisi oğlu ona gündə bir məktub yollayacaq və hər kəlməsindən üzrxahlıq iyi gələn bu məktubları sakit oxumağa Xəlilin hövsələsi, dözümü olmayacaq. Amma Bəhmən istəsəydi, Xəlilin yerini-yurdunu çoxdan öyrənə bilərdi.

Xəlil o uzaq diyarda kimdənsə məktub almaq həsrətiylə qovrulurdu. Kaş Sayad ona kağız yazaydı. Yazaydı ki, Xəlil, ay Xəlil, “Küçələrə su səpmişəm, yar gələndə toz olmasın”.

Xəlil qəflətən yerindən qalxdı. Gəlib uzunboğaz, arıq xanəndənin qarşısında dayandı. Cibindən bir onluq çıxarıb stolun üstünə atdı:

– Mənə bir mahnı oxu... Küçələrə su səpmişəm.

Çaldılar. Xanəndə sədəfli, zərli dəfi çırtmalaya-çırtmalaya zil səslə oxudu. Xəlil qol götürüb asta-asta oynadı. Tez-tez çaşırdı. Ayaqlarını musiqinin ahənginə uyğun götürüb qoymağı bacarmırdı. Hamı əl vururdu. Hamı qollarını naşı-naşı oynadan Xəlilə tamaşa eləyirdi.

Mahnı qurtaran kimi Xəlil mağardan çıxdı. Çörək yeməyə də qalmadı...

Teybə yun şala bürünüb artırmada dayanmışdı. Xəlili görən kimi qəhərləndi:

– Tay məndə can qalmadı, nigarançılıqdan ölürəm. Harda qaldı Bəhmən? Adam bu ruzigarda qonağı ova buraxar?

Qulaqlarının, sifətinin sızıldadığını Xəlil indicə hiss etdi. Külək səngimişdi, amma hava yenə soyuq idi.

Xəlil motor uğultusu eşidib darvazadan tələsik çıxdı. “QAZ-69” Xəlilgilin evlərinin qabağında dayandı. Maşının dal qapısı açıldı. Xəlil qapını tutdu ki, Bəhmən maşından düşsün.

Qədimovun xırıltılı səsi sinəsinin xışıltısına qarışdı:

– Balam, doktor bizdə dincələcək. Onsuz da otağınız darısqaldır.

Xəlil maşının qapısını buraxmadı, əmisi oğlunun düşməyini gözlədi.

Arxa oturacaqda Bəhmənin mülayim, yorğun səsi eşidildi:

– Sabah görüşərik, Xəlil. Tezdən Qədimovgilə gəl.

Maşının içi qaranlıq idi. Xəlil nə qədər zəndlə baxdısa da, Bəhmənin ala gözlərini görə bilmədi.

“QAZ-69” tərpəndi, nərildəyə-nərildəyə tini burulub gözdən itdi. Motorun uğultusu uzun müddət Xəlilin qulaqlarından getmədi. Sonra uğultu kəsildi. Xəlil key kimi durub gecənin sükutunu dinlədi...

Uşaqlar qoşa çarpayıda yatmışdılar. Soba gurhagurla yanırdı. Teybə boşqaba əriştə töküb Xəlilə verdi:

– İsti-isti ye, canın qızsın... Çərkəz dayı gəlmədi. Demişdi gələcəm. – Mis ləyəni əriştə ilə doldurub sobanın üstünə qoydu. – Bu da Bəhmənin payı. Sabah gələndə verərəm.

Xəlil əriştəni qaşıqlaya-qaşıqlaya sobanın üstündəki ləyənə baxdı. Qulağına xırıltılı bir səs gəldi: “Onsuz da otağınız darısqaldır... Darısqaldır... Darısqaldır...” Bu xırıltıya mülayim, yorğun bir səs də qarışdı: “Sabah görüşərik... Görüşərik... Görüşərik...”

Xəlil qalxıb sobanın üstündəki ləyəni götürdü. Asta-asta artırmaya çıxdı:

– Kaştan! Kaştan!

İt özünü artırmanın qabağına yetirdi. Şöngüyüb quyruğunu buladı.

Xəlil ləyəni ağzıüstə çevirdi. İsti əriştəni buğu yerdən tüstü kimi qalxdı. Kaştan diksinib geri sıçradı, qaçıb çəpərin dibində dayandı.

Xəlil göyə baxdı. Səma tərtəmiz idi.

Rayon mərkəzində uca direkdən asılan gümüşü radio susurdu. Demək, gecə saat on ikidən keçmişdi. Demək, yenə gün başlanmışdı.

Xəlil döş cibindəki ərizəni çıxartdı. Tikə-tikə cırıqlayıb yerə səpələdi. Birdən ona elə gəldi ki, rayon mərkəzində uca dirəkdən asılmış gümüşü radio xırıldadı. Sonra xırıltı kəsildi, həzin musiqi çalındı. Yoğun, yatımlı, bakirə bir səs – bir kişi səsi gecənin sükutuna, qəribliyinə layla çaldı:

“Küçələrə su səpmişəm.
Yar gələndə toz olmasın...”

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qatarda

Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

198023 min
Şehli çəmənlərin işığı

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

198526 min
Evin kişisi

Çəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...

1 h 10 min
Quyu

I**Umud gözlərini soğan, kartof qabıqları tökülmüş torpaq döşəməyə zilləyib, çirkli xalatının düymələrini yavaş-yavaş açmağa başladı. Neçə gündən bəri ürəyində ağır daş kimi gəzdirdiyi sözləri indi bərkdən dedi:

19761 h 25 min

Poems by other poets