Küçələrə su səpmişəm...
Page 6 of 8 · 63%
Bəhmən də təəssüflə cavab verdi:
– Meşə çaqqalsız olmur. O pisləri də yazın meşənin hesabına. Onsuz da meşə böyükdür.
– Böyük meşədə çaqqal da çox olur, professor. Buna sözün nədi?
Xəlil stəkanı kişinin qarşısına itələdi:
– Çərkəz dayı, çayını iç, soyudu. Çaqqal dərdi çəkmək bizə qalmayıb ki? Nə qədər ki, dünya var, əclaf adamlar da olacaq, lap meşədə də, meşədən qıraqda da.
Bəhmənin qaşlarının düyünlərini görəndə Xəlil öz sözlərindən diksinən kimi oldu. Nəzərlərini əmisi oğlunun üzündən tez yayındırdı.
Yaxşı ki, Teybə içəri girdi.
– Yemək hazırdı. Gətirim?
Çərkəz onu tələsdirdi:
– Tez ol, qırıldıq acından.
Xəlil arvadına kömək elədi. Stolun üstünə boşqab, çəngəl düzdü, bir şüşə də araq qoydu. Bəhmənin yanını kəsdirən uşaqlarına üz tutdu:
– Keçin bir tərəfdə oturun. Qoyun əminiz çörəyini rahat yesin...
Çərkəz toyuğun budunu dişlərinə çəkdi.
– Məni qınamayın, qışda çolpa çığırtması adama ləzzət vermir. Qışınkı əriştədi, umacdı...
Bəhmən də onun sözlərinə şərik çıxdı:
– Hə, qışda əriştə ayrı aləmdi.. Neçə ildir dilimə əriştə dəymir.
Teybə üzrxahlıq elədi:
– Bu, tələm-tələsik oldu, gərək bağışlayasınız. Axşama əriştə bişirərəm.
Çərkəz süfrəyə göz gəzdirdi:
– Narın var, ay Teybə?
– Payızdan bir-ikisi qalıb, amma bürüş-bürüşdü.
– Elə mən özüm də bürüş-bürüşəm. Gətir sıxaq soğanın üstünə. Gətir, xəsislik eləmə. Bir çürük narı Bakıdan gələn qonağa qıymırsan?
Teybə gülümsədi:
– Bəhmən qonaq niyə olur? Bu evdə nə var, hamısı ona qurbandı.
– Teybə iki nar gətirib nimçədəki doğranmış soğanın üstünə sıxdı.
Xəlil qədəhini yuxarı qaldırdı.
– Xoş gəlmisən, Bəhmən.
Çərkəz də qədəhini götürdü:
– Həmişə sən gələsən, professor.
İçdilər... Çəngəllər tez-tez boşqablara dəyib dınqıltı qoparırdı. Otaqda başqa səs eşidilmirdi. Əmioğluların susmağı, zahiri sakitliyi Çərkəzə təəccüblü görünürdü. Bayaq o, hamamda eşitmişdi ki, Bakıdan gələn məşhur həkim Xəlilin əmisi oğludur, özü də onlar uzun illər görüşmürlər. Onda Çərkəzin Xəlilə yazığı gəlmişdi. Düşünmüşdü ki, həmişə qızdırmalı xəstəyə oxşayan, cansız-cəsədsiz Xəlilin ürəyi bu görüşün sevincinə tab gətirməyəcək. Qapıdan girib onları arxayın-rahat görəndə, Çərkəz eşitdiklərinə şübhə eləmişdi. “Yox, bunlar çoxdan ayrı düşmüş qohuma oxşamırlar. Niyə bir-birilərini duz kimi yalamırlar? Niyə çırtıq çalıb oynamırlar? Niyə səs-küyləri bu otağı başına götürməyib? İmanım itin olsun ki, bunlar qohuma heç oxşamırlar”.
Çərkəz iri çörək tikəsini narın suyuna batırıb ağzına qoydu:
– Professor, camaat danışırdı ki, Həmid kişi indi ölər, bir azdan ölər. Sən gələndən sonra deyirlər, Həmidin yönü bərilikdi. Əlin var olsun, professor. Axı, sən bu kişiyə nə dava-dərman verdin? O qəlbilikdə binadan yıxılan adam dirilə bilər? Lap məəttəl qalmalı işdi.
Bəhmən çəngəli boşqaba qoydu:
– Həmidin bel sütunu qırılıb, onurğa beyni zədələnib. Bu yaşda adam üçün belə zədə təhlükəlidir. Onurğa beynindən maye aldıq, fəqərələrin sınıq yerində operasiya apardıq. Sonra da korset geyindirdik.
– O nə olan şeydi, professor?
– Korset?.. Gipsdən kostyum.
Çərkəz başını buladı:
– Hə-ə Həmidin sementdən kostyum geyən gününü də gördük. – Üzünü Xəlilə tutub araq şüşəsinə işarə elədi. – Tök görüm, ə... Çox içən döyüləm. Bu mənim axırıncı badəmdi. Bir-iki kəlmə söz demək istəyirəm. – Xəlilin doldurduğu qədəhi götürdü. – Professor, çox şadam ki, sənnən bir süfrənin qırağında oturub, duz-çörək dadıram. Mən şəxsən sənə baxanda fərəhlənirəm, ürəyim dağa dönür. Ona görə ki, sən bizim xəstələrə şəfa verirsən, ona görə ki, bizim camaata lazımlı adamsan, həm də ona görə ki, Xəlilin əmisi oğlusan... Bax, yetimçilik görmüşəm, əsgərlik görmüşəm, cürbəcür vəzifələrdə, işlərdə olmuşam, indi də hamam müdiriyəm. Düzdü, sən deyən elə savadım yoxdu, amma bacarığım var. Bu bacarığımın da sayəsində ailəmin ruzusunu qazanıram... Çox danışıb baş-beynini ağrıtmıram ki, professor?
– Xeyr, xeyr. Xoşdur, buyurun.
– Dediyim nədi? Dediyim odu ki, işin, vəzifənin pisi-yaxşısı yoxdu. Adam harda işləyirişləsin, gərək fərasəti olsun, sənətin beş barmağı təkin bilsin. Xəlil hamamda kaçeqardı, amma necə kaçeqardı? İmanım itin olsun ki, bu rayonun dörd handəvərini çıraqnan gəzəsən, belə kaçeqar tapmazsan, işgüzardı, intizamlıdı, sənətinin də ustasıdı. Dediyim nədi? Dediyim odu ki, içək Xəlilin sağlığına, onun arvadının sağlığına, gül balalarının sağlığına. – Kişi qədəhdəki arağın hamısını içdi.
Bəhmən ala gözlərini Xəlildən gizlətməyə çalışdı. Ona elə gəldi ki, bu dəqiqə Xəlil onu qanlı-qanlı süzür və şübhəsiz ki, Xəlilin baxışlarından açıq-aydın nifrət, məzəmmət oxunur: “Mən ocaqçı olmamalıydım, əmioğlu, sən məni ocaqçı elədin. Mən kəndimdən, kəsəyimdən didərgin düşməməliydim, sən məni eldən-obadan ayrı saldın. Bəlkə mən də sənin kimi elmli, adlı-sanlı olacaqdım? Yolumu kəsdin, əmioğlu. Arzumu, muradımı gözlərimdə qoydun”.
Bəhmən fikirləşdi ki, bu sözləri onun üzünə deməyə Xəlilin haqqı var. Əgər desə, onda Bəhmən nə cavab verər? Bəlkə deyər ki, bir təsadüfdür, Xəlil, taleyin hökmüdür, məni qınama? Onda Xəlil daha bərkdən qışqırmazmı? “Niyə taleyini mənim taleyimlə dəyişdin? On üç il bundan qabaq o soyuq çöldə bəxtini nimdaş pencək kimi soyunub üstümə atdın, mənim bəxtimi götürüb getdin. Niyə?!”
Xəlil əmisi oğlunun pərt olduğunu duyurdu. Ancaq onun düşüncələrindən xəbərsiz idi. O, arağı bir dəfəyə ağzına atıb, qədəhini stolun üstünə qoydu. Bəhmən də içdi. Odu azalmış sobaya nəzər saldı, otağa göz gəzdirdi. Divara rəngbərəng saplarla hörülmüş tikmələr vurulmuşdu. Hörmələrin ortasında Xəlillə Teybənin böyüdülmüş şəkli asılmışdı. Sobanın arxa tərəfində nikelli çarpayı qoyulmuşdu, onun da üstünə yaşıl ipək örtük çəkilmişdi. Baş-başa dirənmiş iki balaca çarpayı televizorla üzbəüz idi. Dördkünc ortalıq stolu, qab-qacaq rəfi, şifoner otağı çox darısqal göstərirdi. Bəhmən anladı ki, Xəlilin vur-tut bir otağı var: burda yeyirlər, burda yatırlar, burda qonaq qəbul eləyirlər. Bəhmən bir-birinə sığınan əşyalara baxdı, baxdı və ürəyi darıxdı.
Çərkəz ayağa qalxdı:
– Professor, mən gedim. – Paltosunu geyindi. – Xəlil bala, nigaran qalma, mən sənin işini görərəm... Ay Teybə, a qızım, əriştə yadında olsun haa, axşam sizdəyəm.
– Yadımdadı, Çərkəz dayı, axşam hökmən gəlin...
Kişi getdi. Uşaqlar da harasa çıxdılar. Teybə artırmaya adladı. Bəhmən qədəhlərə araq süzdü. Dirənə-dirənə nəsə dedi. Ancaq Xəlil heç nə eşitmədi. Əmisi oğlunun allanmış yanaqlarına baxa-baxa papiros yandırdı. “Kazbek”in tüstüsü sinəsinə, sifətinə yayıldı, sonra burulaburula tavana qalxdı, elə bil Xəlilin xəyalı da bu göyümtül tüstüyə qarışdı, onun burulğanında axdı, əridi.
– Xəlil belə qar görməmişdi, belə soyuq görməmişdi. Gecələr yatağında da sümükləri qızmırdı. Küləyin uğultusunu eşitməmək üçün yorğana bərk-bərk bürünürdü. Amma faydası olmurdu.
Onları alaqaranlıqdan üstü brezentli böyük maşına yığıb meşəyə aparırdılar. Xəlilgil iri-iri ağacları qırıb arıtlayırdılar. Eynən belə şalbanlardan o, öz kəndlərində çox görmüşdü. Xəlil inanırdı ki, bu şalbanlardan bir neçəsi mütləq onun doğma kəndinə gedib çıxacaq. Kimi ondan sütun yonacaq, kimi taxta kəsdirib evinə döşəmə, tavan vurduracaq, ya da həmin şalbanları yol qırağında basdıracaqlar, başlarına elektrik, telefon, radio xətləri bağlayacaqlar və heç kimin ağlına gəlməyəcək ki, bu dirəklərə Xəlilin əli dəyib.
O, meşədə də üşüyürdü, bekar dayananda az qalırdı donsun. Bəhmənin bağışladığı qulaqlı papaq, yun köynək karına gəlmirdi. Burada keçə çəkmələr, isti əlcəklər vermişdilər, ancaq yenə ayaqları da, əlləri də sızıldayırdı. Paltarları ona ağırlıq edirdi. Dizə çıxan qalın qarda özünü güclə çəkib aparırdı.
Bir dəfə möhkəm yoruldu. Nəfəsini dərmək üçün kürəyini ağaca söykəyib gözlərini yumdu. Lap qulağının dibində briqadirin yoğun səsini eşitdi:
– Nə olub Cəfərzadə?
– Gözlərim göynəyir... Qar çox ağdı, çox.
– Mən bu qarın rəngini necə dəyişdirim, balaca?.. Meşədə işləmək sənin hünərin deyil. Cənublu hara, şaxta-qar hara?.. Mayorla danışaram, səni başqa işə göndərsin, yoxsa donub ölərsən burda.
Səhəri günü Xəlili qazanxanaya yolladılar.
...Bəhmən qədəhini Xəlilin qədəhinə toxundurdu:
– Çoxdan ocaqçı işləyirsən?
– Çoxdan.
– Götür vuraq.
Xəlilin daha içməyə həvəsi yox idi. Gördü ki, araq şüşəsi boşalıb. Əmisi oğlunun qəlbinə dəyməmək üçün axırıncı qədəhdən imtina eləmədi.
– Sabah Bakıya yola düşürəm, Xəlil... Səni də özümlə aparacam. – Xəlilin təəccüblə baxmağından anladı ki, əmisi oğlu onun nə demək istədiyini başa düşməyib. Sorğu-suala, etiraza imkan verməmək üçün fikrini qəti bildirdi. – Sən Bakıda yaşayacaqsan. İşə düzəlməyin də, instituta girməyin də mənim boynuma.
Kitabxana.az · https://kitabxana.az/en/works/isi-melikzade-kucelere-su-sepmisem
Use ← → keys to move, R for a random poem
More by this author
Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Şehli çəmənlərin işığıAltmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Evin kişisiÇəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...
QuyuI**Umud gözlərini soğan, kartof qabıqları tökülmüş torpaq döşəməyə zilləyib, çirkli xalatının düymələrini yavaş-yavaş açmağa başladı. Neçə gündən bəri ürəyində ağır daş kimi gəzdirdiyi sözləri indi bərkdən dedi: