Küçələrə su səpmişəm...
Page 4 of 8 · 38%
Əlini uzatmamış dəhlizin qapısı açıldı. Xəlil, çiyninə boynu xəz palto salmış ucaboy bir adamla döş-döşə gəldi. Ürəyinin guppultusunu eşitdi. Sonra qulağına güllə səsi gəldi və Tağının boğuq qışqırtısı yanqaranlıq, uzun dəhlizə yayıldı: “Xəlil!! Xə...”
Ucaboy oğlanın hülqumu tərpəndi, dodaqları səyridi. Soyuqdan donurmuş kimi xəzli paltosuna bərk-bərk büründü. Çaşqınlıq, heyrət dolu gözləri Xəlilin sarımtıl, arıq üzünə dikilib qaldı. Qapıdan azacıq kənara çəkilib paltosunun yaxasını qamarladı. Xəlil onun sol əlinin üstündə göyərən iri “S” hərfini gördü. Elə bildi dəhlizə zülmət çökdü və bu zülmətin içində xəstəxananın baş həkiminin təntimiş səsini eşitdi:
– Balam, ya keç, ya da yol ver.
Sonra yumşaq barmaqlar Xəlilin xətt yerindən çənəsinə qədər titrəyə-titrəyə gəzdi. Üzünə isti nəfəs dəydi. Pıçıltıyabənzər qəhərli bir səs sim kimi sızıldayıb qırıldı:
– Sənə qurban olum, əmioğlu.
Uzun qollar Xəlilin çəlimsiz bədənini məngənə təkin sıxdı.
Xəlil hələ zülmət içindəydi. Hələ key idi. On üç il bundan əvvəl soyuq çöldə kürəyinə təpik dəyəndə olduğu kimi!
Gurhagurla yanan dəmir sobanın yanları, üstü qızarmışdı. Pəncərələrin şüşələri tərləmişdi. Bu balaca isti otaqda təkcə Bəhmən üşüyürdü. Elə bil kürəyinə buz parçası bağlamışdılar. Teybənin bayaqdan çay süzüb qoyduğu armudu stəkana toxunmamışdı. Danışmaq üçün fərli söz də tapmırdı. Hərdən iki-üç kəlmə deyirdi, onda da Xəlilin üzünə baxmırdı. Nəzərlərini pəncərənin qarşısında cızıldayan balaca ağ samovara dikirdi. Xəlil də qırıq-qırıq cavab verirdi və bu an o da gözlərini samovara zilləyirdi.
Teybə, ərinin kəsdiyi toyuğu artırmada yolurdu. Tez-tez içəri girib çölə çıxırdı. Xəlil hiss edirdi ki, Bəhmənin gəlişinə arvadı sevinir. Çünki indiyə qədər bu geyimdə, bu görkəmdə, bu rütbədə adam onların evinin kandarına ayaq basmamışdı. İndi adlı-sanlı bir həkim onların dəmir sobasının yanında oturub. Özü də Xəlilin dost-doğma əmisi oğlu! Bəs Xəlil niyə tutqundur? Teybə az qalırdı yaxınlaşıb ərinin qulağına pıçıldasın: “Qaş-qabağını sallama, ay dinsiz, yoxsa qonaq elə bilər onun gəlişinə darılırıq”. Teybə hər dəfə otağa girəndə Xəlili him-cimlə başa salmaq istəyirdi. Ancaq Xəlil ikicə addımlıqda dayanan arvadını görmürdü. Nəzərləri samovarın lüləyində donub qalmışdı. Teybənin acığı tutdu. Qab-qacağı qəsdən dınqıldada-dınqıldada fikirləşdi: “Məni çərlədib öldürəcək bu Xəlil. Belə qaradinməz insan olar? Adam əzizini, qohumunu belə qarşılayar?” Teybə başını aşağı dikən ərini hirsli-hirsli süzüb artırmaya çıxdı.
Bəhmən, bir küncdə dayanıb maddım-maddım ona baxan uşaqlara nəzər saldı. İstəyirdi ki, Xəlilin balaları onun dizləri üstündən düşməsinlər. Çiynindən, qolundan sallansınlar. Onu sorğu-suala tutsunlar. İstəyirdi uşaqlar onun doğma olduğunu anlasınlar və ərkləri, davranışları ilə yadlıq sərhədini keçsinlər. Onda Bəhmən bu evdə sıxılmazdı, üşüməzdi.
– Oğlunun neçə yaşı var?
Xəlilin gözləri samovarın lüləyinə zilləndi:
– Gələn il məktəbə gedəcək... Qız beş yaşına keçib.
– Mənim oğlum ikinci sinifdə oxuyur. Vur-tut bircə övladımız var. Özüm də işləyirəm, yoldaşım da. Uşağa ağıllı-başlı baxa bilmirik. Qalıb anamın öhdəsində... Oğlunun adı nədir?
– Atamın adını qoymuşam: Əziz. – Xəlil “Kazbek” qutusundan papiros çıxarıb yandırdı.
Bəhmən onun külqabıya tulladığı, yanıb əyilmiş kibrit çöpünə baxdı. Elə bil sözlərini də çöpə dedi:
– Nə qədər yatdın orda?
– Beş il... Bu rayonda olduğum da səkkiz ildi.
– Heç indiyəcən kəndimizə getməmisən? – Bəhmən ehtiyatla, astadan soruşdu, sanki əmisi oğlunun acıqlanacağından qorxurdu.
Xəlil sözlərin deyilişindən hiss etdi ki, Bəhmən daha samovara baxmır. Hiss etdi ki, Bəhmənin nəzərləri onun üzünə dikilib.
Xəlil ciyərlərinə çəkdiyi tüstünü sobaya tərəf üfürdü:
– Orda kimim var ki? – O da Bəhmənə baxdı və onun bəbəklərinin titrədiyini, nəmləndiyini gördü. Bəhmənin hönkürəcəyindən qorxdu. Düşündü ki, əmisi oğlunun boyuna, cüssəsinə ağlamaq yaraşmır. Teybənin, uşaqların yanında onun alçalmağını istəmirdi.
– Gülxar xalamı da atamla əmimin yanında basdırdıq. Üçünün də qəbrini düzəltdirmişəm. Bakıdan başdaşı yondurub aparmışam.
Xəlil gülümsədi və o dəqiqə hiss etdi ki, indi gülümsəməyin yeri deyil. Deyəsən, Bəhmən onun təbəssümünü minnətdarlıq kimi yozdu. Əmisi oğlunun bütün qabaq dişlərinin metaldan olduğunu sanki indicə gördü. Nədənsə onun dişlərinə baxmaqda utandı. Armudu stəkandakı çaydan bir qurtum aldı:
– Tez-tez anamın yadına düşürsən, dəm basır gözlərinə... Neçə ildir şəhərə isnişə bilmir. Kəndin xiffətini çəkir.
Teybə içəri girdi:
– Bəhmən qardaş, çayınızı dəyişdirimmi?
Bəhmən stəkanı nəlbəkiyə qoydu:
– Sağ ol. Mən çayı soyuq xoşlayıram.
Xəlil “Kazbek”i metal dişlərinin arasında sıxıb ayağa qalxdı. Bəhmənin stəkanını götürüb təzə çay süzdü:
– Özünü yad kimi aparma.
Bəhməni sevincqarışıq qəhər boğdu. Bayaqdan bəri kürəyində zənn etdiyi buz parçası sanki bu adi sözlərin hərarətindən əridi.
Xəlil əmisi oğlunun gözlərində güclə seziləcək şəfəq gördü və Xəlilin ürəyində həzin bir sim sızıldadı: “Küçələrə su səpmişəm...”. Uzaq bir həsrət onun qəlbini göynətdi. Nağıl yuxusundakı ayaqyalın, başıaçıq, ağlağan qızın səsi qayalara düşən harayın əks-sədası kimi qulaqlarında dalğalandı:
“Böyüyəndə məni götürüb qaçırdarsan, Xəlil”. Bu səs onu uşaqlığın qayğısız, dəli çağına atdı və o, qarşısında ondakı Bəhməni, ondakı sirdaşım gördü.
– İşin-gücün necədi? Necə dolanırsan Bəhmən?
Söz Xəlilin ağzından qurtarmamış Bəhmən sevinə-sevinə dedi:
– Əsəb xəstəlikləri klinikasında işləyirəm. Tibb elmləri namizədiyəm. Arvadım musiqi müəlliməsidir. Sağlığına dolanacağımız pis deyil.
Bəhmən düşünürdü ki, bu sözlərdən sonra mütləq belə demək lazımdır: “Bütün bunlar üçün sənə minnətdaram, əmioğlu”. Güman etdi ki, yəqin Xəlil də elə bunu soruşur, bunu gözləyir. Xəlilin külqabıya basıb əzdiyi papirosa baxdı:
– Bəs sənin güzəranın necədir?
Xəlil otağa göz gəzdirib çiyinlərini çəkdi:
– Görürsən də.
Bəhmən əmisi oğlu haqda çox şey bilmək istəyirdi. Elə hey dilinə gəlirdi ki, soruşsun: “Bu illəri harda olmusan, Xəlil? Başına nə işlər gəlib? Niyə səs-səmirin çıxmırdı? Niyə yerini mənə bildirmirdin?” Ancaq bunları xəbər almağa qorxurdu. Qorxurdu ki, Xəlilin köhnə yarasının gözünü qopartsın və Xəlil onun yaxasından yapışıb qışqırsın: “Sənin çəkməli olduqlarını mən çəkmişəm, ay əclaf! Sənin ucbatından vaxtsız-vədəsiz saçlarım ağarıb, üzüm qırışıb, dişlərim tökülüb... Qınımda yanmışam”. Xəlil on üç il bundan qabaq nə boyda idisə, o boyda da qalmışdı. Sanki o zamandan bəri onu qəlibə salıb böyüməyə qoymamışdılar. Onda ikisi də bir təndə idi. İndi Xəlil əmisi oğlunun yanında uşağa oxşayırdı.
Bəhmən hələ də küncdə durub boynunu bükən uşaqlara baxdı.
– Gəl yanıma, Əziz. Mən sənin əminəm. Mahnı oxuya bilirsənmi?
Oğlan başını aşağı salıb gülümsədi.
– Mən oxuyummu? – deyə qız qardaşından qabağa düşməyə tələsdi. Razılıq gözləmədən tutuquşu kimi dil-dil ötdü:
“Ala-bola boz keçi.
Ay qoşa buynuz keçi...”
Bəhmən ayağa qalxıb onu qucağına aldı. Üzündən öpdü.
– Adın nədir?
– Sevda.
– Ay bərəkallah, nə yaxşı şer oxuyursan.
Uşaq Bəhmənin naxışlı qara qalstukuna baxdı:
– Mənə şeri atam öyrədib.
Bəhmən əyləşib Sevdanı dizinin üstünə aldı.
Əziz burnunu çəkdi. Ona diqqət verilmədiyini görüb mısmırığını salladı. Qəfildən nəfəsi tutula-tutula şeir dedi:
“Dərsə gedən bir uşaq,
Çıxdı buz üstə qoçaq...”
Sonra gəlib Bəhmənin dizlərinə sıxıldı. Bəhmən onların ikisini də qucaqlayıb sinəsinə basdı.
Xəlil əmisi oğluna indicə əməlli-başlı baxdı. Bəhmənin gicgahlarına dən düşmüşdü. Amma saçları əvvəlki təkin sıx, dalğavarı idi. Burnu enlənib uzanmışdı. Onu qıza oxşadan ala gözlərinin işığı azalmışdı. Bəhmən ətə-qana dolub kişiləşmişdi, güman ki, bir az da kökəlsə, buxaq sallayacaqdı. Bəhmən on üç il bundan qabaq belə deyildi. Xəlil onu son dəfə necə görmüşdüsə, həmişə də elə xatırlayırdı: caydaq, nərmə-nazik, ala gözləri oynaq, şəfəqli.
– ...Xəlil Cəfərzadə! Gözləmə zalına get!
Bildi ki, onunla görüşmək istəyən əmisi oğludur. Yoxsa Bakıda Bəhməndən başqa kimi var? Xəlil bu çağırışa nə sevindi, nə kədərləndi. Qəlbində qəribə bir soyuqluq duydu. O, indi hamıya, hər şeyə, hətta taleyinə də biganə idi. Düşünürdü ki, bəlkə də belə yaxşıdır. Laqeyd insan həmişə sakitdir, arxayındır. Belə olmasa, Xəlil səkkiz il dəqiqələrini, günlərini saymalıdır. Belə olmasa, Xəlil doğma adamların ayrılığına, həsrətinə dözə bilərmi?
Gözləmə otağına getdi.
Bura səsli-küylü idi. Tavandan gömgöy tüstü pərdəsi asılmışdı. Divar boyu baş-başa düzülmüş taxta skamyalarda oturmağa yer yox idi. Hamı tələsə-tələsə danışırdı. Elə bil qorxurdular ki, ürəklərini boşaltmağa vaxtları çatmasın.
Xəlil döyükə-döyükə baxdı. Əlində tor zənbil olan Bəhmənin adamları yara-yara ona doğru gəldiyini gördü...
Kitabxana.az · https://kitabxana.az/en/works/isi-melikzade-kucelere-su-sepmisem
Use ← → keys to move, R for a random poem
More by this author
Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Şehli çəmənlərin işığıAltmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Evin kişisiÇəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...
QuyuI**Umud gözlərini soğan, kartof qabıqları tökülmüş torpaq döşəməyə zilləyib, çirkli xalatının düymələrini yavaş-yavaş açmağa başladı. Neçə gündən bəri ürəyində ağır daş kimi gəzdirdiyi sözləri indi bərkdən dedi: