Küçələrə su səpmişəm...
Page 5 of 8 · 50%
Bəhmən, Xəlili sinəsinə sıxdı. Özünü onun üzünə sürtüb ağladı.
– Bəsdi, qurtar... Qurtar, – deyib Xəlil əmisi oğlunu sakitləşdirdi.
Bir küncə çəkildilər. Bəhmən anlayırdı ki, ilk sözü o deməlidir. Danışmaq, Xəlilin incik könlünü ovundurmaq lazımdır.
– Necəsən, Xəlil? – Bəhmən bu sualı verməyinə peşman oldu. Düşündü ki, adətən xəstə adamın halını belə soruşarlar. Səhvini düzəltməyə çalışdı. – Darıxma, Xəlil. Ürəyimə damıb ki, burdan tez çıxacaqsan. Görərsən, üzümüzə gələn bayramların birində hökumət amnistiya verəcək. Hər il belə olur.
Xəlil, deyəsən, ona qulaq asmırdı. Gözlərini döşəməyə zilləyib fikirləşirdi.
Bəhmən nə danışacağını bura gələndə dönə-dönə götür-qoy eləmişdi. Əmisi oğluna təsəlli vermək üçün ürəyinin ən isti guşəsindən ilıq sözlər seçmişdi. Hanı bəs, o sözlər? Niyə Bəhmənin dili topuq çalır? Neyləsin indi? Bəlkə təzədən ağlasın, Xəlilə yalvarsın ki, keç günahımdan, məni bağışla. Gözün görə-görə, ağlın kəsə-kəsə səni qurban verdim?
– Bakıya gətirilməyini bu yaxınlarda eşitdim. Gəldim, görüş vermədilər. Dedilər, bazar günü gələrsən.
– Niyə zəhmət çəkirsən? Otur, dərslərini oxu.
Bəhmən anlaya bilmədi ki, Xəlil bu sözləri ürəkdən deyir, yoxsa ona tənə vurur. Əlindəki tor zənbilin qulpunu barmaqlarına doladı:
– Nə danışırsan? İcazə versələr, bura hər gün gələrəm.
Yenə susdular. Xəlil hiss etdi ki, söhbətləri tutmur. Birdən-birə darıxdı, əsəbiləşdi. Bu tüstülü, səsli-küylü otaqdan qaçmaq istədi. Əmisi oğlunun üzünə baxdı və qəlbində dirçələn acıq bir anda sovuşdu. Ona yazığı gəldi. Başa düşdü ki, bu dəqiqə Bəhmən üçün onunla qarşı-qarşıya dayanmaq ən ağır cəzadır. Bəhmən şaxta vurmuş adamlar təkin büzüşmüşdü. Bənizi sapsarı idi. Qurumuş dodaqlarını tez-tez yalayırdı. Xəlil bayaqdan bəri onun gözlərini əməlli-başlı görə bilməmişdi. Bəhmən nəzərlərini gah Xəlilin çiyni üstdən harayasa dikir, gah tavana, gah döşəməyə zilləyirdi. Xəlil anladı ki, dünya insan üçün ən böyük mənəvi əzab kiminsə gözlərinə düz baxa bilməmək əzabıdır. Anladı ki, ona verilən cəza Bəhmənin cəzası ilə müqayisədə heç nədir. O, səkkiz ildən sonra burdan çıxacaq və əmisi oğlunun yanında başını şax tutmaqdan utanmayacaq. Ancaq Bəhmən bütün ömrü boyu şəfəqli ala gözlərini ondan gizlədəcək.
– Niyə sənə bu qədər iş kəsiblər? Səkkiz il çox deyil?
– Səkkiz gün də çoxdur.
– Bəs vəkil kömək eləmədi?
Xəlilin nazik dodaqlarında acı təbəssüm dolandı:
– Vəkil çox çalışdı, heyif ki, öləni diriltməyə gücü çatmadı. Yoxsa cəzam yüngül olacaqdı.
Bəhmənin tor zənbil tutan barmaqları titrədi. Nəzərləri tüstü dumanında əridi.
Xəlil əsəbiliklə dilləndi:
– Anama toxtaqlıq ver.
Bəhmən gözlərini tüstü dumanından çəkə bilmədi.
– Arxayın ol, Xəlil, arxayın ol. – Elə inamla dedi ki, guya onun təsəllisi ilə Gülxarın bütün dərdi-səri sovuşacaqmış. – Özün də qəm eləmə. Özünə yaxşı qulaq as.
Xəlil çiynini divara söykədi, başını bulayıb gülümsədi:
– Bir dəfə rəhmətlik atamı Şuşaya yola salırdıq. Anam elə hey deyirdi ki, Əziz, özünə qulaq as. Özünə fikir ver. Axırda kişi hövsələdən çıxdı. Dedi, ay rəhmətliyin qızı, mən istirahət evinə gedirəm ki, mənə orda qulluq eləsinlər. Əgər öz-özümə qulluq eləsəydim, elə evdə oturardım də... İndi sənin məsləhətin lap yerinə düşdü, Bəhmən. Bura istirahət evi deyil. Öz qayğıma özüm qalacam.
– Mənə nə qədər tənə vursan haqqın var, Xəlil. Bilirəm, məni görməyə gözün yoxdur. Amma mən...
– Yaxşı, qurtar. – Xəlil əlini uzatdı. – Salamat qal.
Bəhmən tor zənbili yuxarı qaldırdı.
– Götür.
Zənbildə bir dağlı çörəyi vardı. Yarım kiloya qədər kolbasa qəzetə bükülmüşdü. Kağız torbaya alma, qovrulmuş şabalıd qoyulmuşdu. Bəhmən təzə qulaqlı papaq da almışdı. Tətilə gələndə özünün geydiyi yun köynək də zənbildə idi.
Xəlil yun köynəklə qulaqlı papağı, bir də kağız torbanı götürdü. Əmisi oğlunun əlini sıxıb qapıya yönəldi. Bir neçə addım atıb dayandı. Nə vaxtdan bəri ürəyində qövr eləyən sözü soruşmamış getmək istəmirdi. “Niyə günahını mənim üstümə yıxdın, Bəhmən? – Bu necə oldu? Mən heç nə başa düşmürəm, heç nə anlamıram”. Çevrilib Bəhmənə zəndlə baxdı. Elə bil onun görkəmini yaddaşına həkk eləmək istəyirdi: caydaq, nərmə-nazik, ala gözləri oynaq, şəfəqli...
Bəhmən ona doğru yeridi:
– Darıxma, hər bazar yanına gələcəm.
Xəlil başını buladı:
– Deyəsən, iki gündən sonra bizi burdan aparacaqlar.
– Hara?
– Bilmirəm.
– Harda olsan, tez-tez məktub yaz. Eşitdin, Xəlil?!
Xəlil kağız torbanı, yun köynəklə qulaqlı papağı sinəsinə sıxıb geri döndü. Ürəyini göynədən sözləri əmisi oğlundan soruşa bilmədi. Ürəyi ağrılı getdi, ürəyi dolu getdi: “Niyə günahını mənim üstümə yıxdın, Bəhmən? Bu necə oldu? Mən heç nə başa düşmürəm, heç nə anlamıram”.
Arxadan, yüz səsin içində Bəhmənin səsini eşitdi:
– Aparsalar, məktub yaz! Gözləyəcəyəm, eşitdin?!
Xəlil əmisi oğluna hay vermədi. Gedə-gedə qət etdi ki, o harada olursaolsun, Bəhmənə bir barmaq da kağız yazmayacaq.
– Ay səni xoş gördük, ay səni xoş gəlmisən! – Çərkəz ayağının biri içəridə, biri çöldə Bəhməni köhnə tanış kimi bərkdən salamladı.
Bəhmən uşaqları dizlərinin üstündən düşürüb qalxdı. Tanımadığı kişinin əlini silkələyə-silkələyə sual dolu nəzərlərini Xəlilin üzünə dikdi.
Xəlil Çərkəzi əmisi oğluna təqdim elədi:
– Çərkəz dayı mənim müdirimdi.
Kişi paltosunu soyunub qapının yanından asdı, özünü stula saldı:
– Müdir deyəndə ki, nə müdir? Biz Xəlilnən birevli kimiyik. Mən onu oğlumdan ayırmıram. Elə döyül, Xəlil bala?
– Həm də müdirimsən də, Çərkəz dayı. Rəhbərimsən.
– İmanım itin olsun, özümü rəhbər hesab eləyirəmsə. – Kişi əllərini ovuşdura-ovuşdura üzünü pəncərəyə tutub, artırmada dümələnən Teybəni səslədi. – Ay qızım, dayına bir çay süz. Bəlkə qırışığım açıla.
Xəlil ayağa durub stəkan-nəlbəki gətirdi:
– Mən ölməmişəm ki, müdir. Qoy özüm sənə qulluq eləyim. Bir də ki, çay nə vaxtdan qırışıq açan olub? Ağbaş gətirim, donun ərisin.
Çərkəz üz-gözünü turşutdu:
– O yana rədd elə, ə. İmanım itin olsun ki, düşəndə, ayda-ildə bir dəfə içirəm, o da vur-tut yüz qram. Bircə damcı artıq içsəm, ödüm ağzıma gələr. – O, Bəhmənin dizlərinə sıxılan uşaqları məzəmmətlədi. – Nə minmisiniz, ə, kişini? Qoyun rahat otursun də. – Sonra üzünü Bəhmənə tutdu. – Professor, gəldiyin yerlərdə nə var, nə yox?
– Salamatlıqdır, – deyib Bəhmən gülümsədi. İstədi professor olmadığını da desin. Ancaq üstünü vurmadı. “Nə eybi, Çərkəzin ürəyinə necə yatırsa, qoy məni elə də çağırsın”. Bu ailəyə məhrəm olduğunu bildirməyə çalışan, hamı ilə ərkyana danışan bu kişinin gəlişi Bəhməni sevindirirdi.
Çərkəz ovcunu armudu stəkanın ağzından çıxan buğa tutub ortalığa dedi:
– Dünya yaman qəribə olub. Cavanlardan baş aça bilmirəm. Niyə belə deyirəm, çünki sözümün canı var... Bizim ispalkomda bir oğlan işləyir, sütülcə uşaqdı, üzünə təzə-təzə ülgüc vurdurur, amma ədası yerə-göyə sığmır. Bu gün zəng eləyib ki, mənə nömrə saxla, hamama gələcəm. Dedim, a bala, camaat necə, sən də elə. Gəl, növbə tut, ürəyin nə qədər istəyir çim. A kişilər, bunu deməyimə peşman oldum. Zalımın balası ağzını açdı, nə açdı. Dedi, gözlərini sil, məni əməlli tanı, mən rəhbər orqanın işçisiyəm, başına bir oyun açaram ki, fələk səndən ötrü qan ağlayar. Dedim, a bala, mən davada faşistin başına oyun açanda sənin izin-tozun yox idi. Dedim, mənə hərbə-zorba gəlmə... Sonra oturub fikirləşirəm, öz-özümə deyirəm, ay dünya, ay dünya, ay dünya, sən niyə belə korlandın? A kişilər, vallah, cəmi cavanların könlündən ağalıq keçir. İmanım itin olsun, indiki cavanların hamısı zaydı. Hamısı...
Bəhmən, kişinin hökmünə yumşaq tərzdə etiraz elədi:
– Bizim yaxşı cavanlarımız çoxdur. Qurunun oduna yaşı da yandırmaq insafdan deyil. Düz demirəm, Çərkəz dayı?
Kişi əlinin dalını ağzına tutub bir neçə dəfə öskürdü.
– Tamam düzdü, professor. Yaxşı cavanlarımız çoxdu. Allah canlarını sağ eləsin.
Xəlil bilirdi ki, Çərkəzi bircə anda fikrindən döndərmək mümkündür. O, kişinin son sözlərinə ürəkdən güldü. Metal dişlərini göstərməkdən utanırmış kimi tez də ağzını yumdu.
– Ay səni, Çərkəz dayı... – deyib başını buladı.
Çərkəz onun gülməyinə fikir vermədi. Üzünü Bəhmənə tutub təəssüflə dilləndi:
– Amma pislər də var, professor. Az da olsa var. Bilirsən, burda adamın yadına dana-naxır məsələsi düşür. Bir dana bir naxırın adını korlayar. Buna sözün nədi? Bəs bu pisləri kimin siyahısına, kimin hesabına yazaq, hayy?
Kitabxana.az · https://kitabxana.az/en/works/isi-melikzade-kucelere-su-sepmisem
Use ← → keys to move, R for a random poem
More by this author
Dostum Həsənağa Turabova ithaf*Gecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq, dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.
Şehli çəmənlərin işığıAltmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var... peçenye də var – çay içərlər.Mirzə mətbəxdə bir loğma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfsilənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?
Evin kişisiÇəkmənin mıxı laxlayıb dikəlmişdi, Qaçayın dabanın deşirdi, Qaçay sağ ayağının pəncəsini tez qoyub, tez də götürürdü. Bədəninin bütün ağırlığı bir qılçının üstünə düşmüşdü. Ona elə gəlirdi ki, göynəyən, zoqquldayan dabanından qan axır. Mıx ətinə batdıqca sanki onun xırçıltısını da eşidirdi. Oğlanın ixtiyarı çatsaydı, elə burada – yolun kənarında oturub, ayağına bir nömrə böyük olan zil qara çəkmələrini çıxardar, gücü gəldikcə qolazlayıb atardı. Qaçay inanırdı ki, mayor Sahibov onu bu vəziyyətdə görsə acıqlanar: “Milisioner gərək qıvraq olsun! Ombasını çəkən adamdan nə milisioner?”. Qaçay qəddini düzəldib, yanyörəsinə baxdı: ətrafda kimsə görünmürdü. Çəpərlərdə gizlənən cırcıramaların yeknəsəq, bezikdirici səsindən başqa səs eşidilmirdi. Yerdən burula-burula qalxan qızmar ilğım pərdəsindən savayı heç nə tərpənmirdi. Oğlan dabanının ağrısını bir anlığa unutdu. Boynunun, çiyninin istidən yandığını indicə hiss etdi. Yadına cürdək suyu düşdü. Bu dəqiqə artırmada dayanıb onun yolunu gözləyən bacısını xatırladı. Bilirdi ki, Ağca uzun lüləkli iri aftafaya su töküb, tiftikli təmiz məhrəbanı sütundakı mıxdan asıb. Qaçay darvazadan girən kimi qız aftafanı götürüb hazır dayanacaq. Qaçay yuyunub qurulananda bacısı deyəcək: “Kəkotulu çay da dəmləmişəm, quyuya cürdək də sallamışam. Hansından verim?”. Qaçay səhərdən axşamacan həyət-bacada əlləşən, bekar dayananda darıxan bacısının azacıq kobudlaşmış, qaralmış əllərinə, solğun bənizinə, dərinliyində güclə seziləcək bir kədər gizlənən iri qonur gözlərinə baxacaq və belə anlarda fikirləşdiyi sözləri yenə ürəyində təkrarlayacaq: “Allah Ağcanın baxtını açsın... Ağcadan bir dənədi”.Qaçay addımlarını yeyinlətdi. Daha dabanı ağrımırdı, deyəsən, keyimişdi. Ancaq nəfəs ala bilmirdi, ağzını açan kimi isti hava dilini-dilçəyini yandırırdı. O, əsgərlikdə keçirdiyi günləri xatırladı. Uzaq diyarda dizəcən qara batdığı vaxtlarda bu qızmar günəşi nə qədər arzulamışdı? Sazaqdan donmuş barmaqlarını ağzına tutub hovxuranda aran günəşinin bircə saatlıq istisi üçün burnunun ucu göynəmişdi...
QuyuI**Umud gözlərini soğan, kartof qabıqları tökülmüş torpaq döşəməyə zilləyib, çirkli xalatının düymələrini yavaş-yavaş açmağa başladı. Neçə gündən bəri ürəyində ağır daş kimi gəzdirdiyi sözləri indi bərkdən dedi: