11
Page 2 of 3 · 33%
– Bəs nə edim, oynayım?
– Nə olub ki, lap oyna da, hələ bir az o yana da öt.
– Nə üzlə?
– Bəsdir, sən Allah.
İmran dinmədi. Cibindən papiros çıxardıb yandırdı. Sonra da təpənin döşündə, göy otluqda uzandı. Zeynəb dinməz-söyləməz onun yanında oturdu. Qız İmranın fikrini dağıtmağa çalışsa da, söz tapmırdı. Əslinə baxsan, onun özü də kədərli idi. Dükanın yanında olan söhbətdən sonra tutqun gəzir, qız-gəlinlərin yanında özünü təhqir olunmuş hesab edirdi. Onun şuxluğu birdən-birə yox olmuşdu. İmranın Kosaoğlugilə getməsi xəbəri və Şahnazın ona yanıq verə-verə gəzib-dolanması Zeynəbi pərt edirdi. "Gədəni tora salmasalar yaxşıdır" – deyə düşünürdü. Bəzən də özünü danlayırdı: "Nəyimə lazımdır, özü uşaq deyil ki..." Zeynəb hətta İmranı az görməyə cəhd edirdi, ancaq mümkün olmurdu. Onlar idarədə, çöldə rastlaşırdılar.
Zeynəb köksünü ötürüb, yanında uzanan İmrana baxdı. "Allah Kosaoğlunun dilini ağzında yandırsın. Gədəni odsuz-ocaqsız yandırırlar".
İmran papirosunu atıb arxası üstə çevrildi. Əllərini başının altında çarpazlayıb, gözünü sonsuz boşluqlara zillədi. Ulduzlar necə də parlaq və cazibədar idi! Onlar sakit-sakit sayrışır, elə bil ki, hirsindən, izzəti-nəfsinin tapdanmasından az qala ürəyi partlayan İmrana gülümsünüb göz qırpırdı. Hava ayazıdıqca onlar daha parlaq olurdu. Zeynəb yavaşca onun qoluna toxundu:
– Dur gedək, yer nəmdir, soyuq dəyər.
İmran dinmədi. Zeynəb ay işığında onun gözlərinin yaşardığını zənn etdi:
– Ə, sənə nə olub?
İmran udqundu.
– Heç nə, Zeynəb.
– Bıy, yerinə utanım, ə, bu nədir? Nə tez mısmırığını salladın? Yekə kişisən, bizi biabır eləmə. Ə, dur gedək. Hələ belə şeyləri çox görəcəksən.
Onlar yola çıxdılar.
İmran yenə də susur, Zeynəb isə atmacalı sözlərlə onu güldürməyə çalışırdı İmranı qaşqabaqlı görmək ona hər şeydən ağır gəlirdi. Zeynəbi məyus edən də o idi ki, İmran ilk zərbədən sonra sarsılana oxşayırdı.
– Yəqin ki, daha kənddə qalmazsan, çıxıb gedərsən?
Barı gedəndə xəbər elə, gəlib yola salaq.
– Hara gedəndə? Sən nə danışırsan?
– Nə bilim, başqa yerə, nə çoxdur yaxşı yerlər.
İmran dayanıb diqqətlə qızın üzünə baxdi.
– Bu fikir sənin ağlına hardan gəldi?
– Heç hardan, elə sir-sifətinə baxanda görürəm ki, gec-tez qaçacaqsan. Zeynəbin sözləri sanki İmranı yuxudan oyatdı. "Yəqin ki, indi çoxları belə düşünür. Bəlkə elə Kosaoğlu da bu fikirdədir. Yəqin bu saat məni əzişdirib sıradan çıxartdığını zənn edib sevinir".
– Ancaq, sən Allah, qaçanda asta qaç ki, dalınca çata bilək. Zeynəbin, yenə köhnə adəti üzrə, xısın-xısın güldüyünü görən İmran əsəbiləşdi. O, hiss etdi ki, bu sakit gülüş qaqqıltıya çevriləcək. "Bu qızın da qəribə xasiyyəti var. Keçi can hayındadır, qəssab piy axtarır".
İmran özünü ələ aldı.
– Mən qaçan deyiləm, ancaq sən özündən qorx.
– Yox əşi, yalan demirsən ki?
– Bəsdir.
– Yəni deyirsən, sözünə inanmaq olar?
– Zeynəb...
– Hirslənmə... İnandım ki, düz sözündür. Heç yana qaçan deyilsən.
– O şaqqıldayıb güldü. İmran da özünü saxlaya bilməyib qımışdı.
– Yaman əməlbazsan ha...
– Hər halda dostun Kosaoğlundan əməlbaz olmaram.
– Yaman dostuq!
– Bəs necə, heç aranızdan su keçmir. İndi mən deyənə gələrsən. Görürsən ki, ona inanmaq olmaz? Vaxtında sözümə baxmadın.
– Nə edim? Nəsib dayı kimi kişi de ona inanır.
– Yaxşımı eləyir? Sn elə bilirsən Kosaoğlunun onunla bağrı badaşdır? Əlacı olsa, Nəsib dayını kənddən günü bu gün qovar.
– Bəs Nəsib dayı bunları bilmir?
– Bilsə belə arxayın olmaz. Köhnə yoldaşdırlar. Bir də, o kişi sakit adamdır. Kosaoğlu da bundan istifadə edir.
İmran xeyli susdu.
– Zeynəb, doğrudan Kosaoğlu iki-üç günə yeri şumladacaq?
– Yəqin.
– Axı necə?
– Nə bilim, onun at işləməz yolları var.
Onlar yenə susdular.
– Demək qaçmayacaqsan?
– Yaxşı, zarafatı burax.
Zeynəb yenə nə isə demək istədi, ancaq bu vaxt ayaq səsləri eşidildi. Arxadan onlara yaxınlaşan Nərgiz müəllimə adəti xilafına:
– Yenə də qoşalaşibsınız? - dedi.
– Təbiəti seyr edirik. Bizim bu ağranom oğlan bahara vurulub.
– Təbiətə aşiq olmaq pis deyil.
İmran Nərgizin yumşaq, titrək səsini eşidəndə bir az həyəcanlandı. Bu səsdə nə isə qəribə, adamı sakit edən, az qala ona layla çalan bir qüvvə vardı. Ortalığa çökən ani sükutu Zeynəb pozdu:
– Təbiət aşiqi, bəs bu zaman hardan gəlirsən?
– Məktəbdən. Dərnəyimizin məşğələsi vardı.
– Nə dərnəyi?
– Dram. Axı qabaqdan may bayramı gəlir.
– Teatr verəcəksiniz?
– Özü də lap yaxşısını.
– Allaha şükür, axır ki, klubumuzun qapısı açılacaq.
– Bilirsən, Zeynəb, elə yaxşı çalıb-oxuyan uşaqlarımız var imiş ki, mən heç bilmirdim, onlara baxdıqca, qulaq asdıqca adama ləzzət verir. İmran papiros çəkir və qızların söhbətinə qulaq asırdı.
Nərgiz müəllimə ayaq saxladı. Qaranlıqda bozaran çöllərə, sakit yatan kənd evlərinə baxdı.
– Kənd axşamları doğrudan da gözəl olurmuş! Mən əvvəllər təsəvvürümə gətirə bilmirdim ki, gurultulu şəhər həyatından sonra kənddə necə dolanacam. Romanları oxuyanda kənd xoşuma gəlirdi. Oradakı sakitlik məni həm cəzb edir, həm də qorxudurdu. Sən demə, qorxulası bir şey yox imiş. Gəldim, lap valeh oldum. Buradakı sakitlik də, axşam qaranlığı da mənə xoş gəlir.
– Amma bizim ağranoma xoş gəlmir.
– Niyə ki? - deyə Nərgiz müəllimə ehtiyatla soruşdu.
– Nə bilim? Qoy özü desin.
– Nərgiz müəllimə, siz ona fikir verməyin, yenə şitliyi tutub.
– Yox, düz sözümdür. Bizim kənd onun xoşuna gəlmir.
– Bax, burda haqlısan. Bizim kənd o qədər də xoşuma gəlmir.
Nərgiz müəllimə İmranın fikrini bilirdi. Söhbət zamanı İmran dəfələrlə ona demişdi ki, "saat on olmamış kənd yuxuya gedir, qapı-bacalardan işıq kəsilir. Amma gərək belə olmasın. Mən istərdim ki, başqa kolxozlardakı kimi, bizim kolxozun da klubu hər gecə açıq olsun. Tamaşalar göstərək. İdarənin qabağında boş yer var, oranı park eləsək pismi olar? Cavanlar hər axşam işdən sonra ora toplansa, danışıb-gülsə kimə zərəri dəyər? Heç kimə".
Əslinə baxsan, məktəbdəki dram daməyinin işinə qoşulmaq fikri Nərgizdə bu cür söhbətlərdən sonra əmələ gəlmişdi.
– Xoşuna gəlmir, düzəldərik, - deyə Zeynəb İmrana cavab verdi.
– Elə dərd də bundadır ki, adamın arzusumı ürəyində qoyurlar. Onlar evə çatdılar. Zeynəb doqqazda ayaq saxladı. İmran onun qolundan tutdu:
– Gedək bizə. Yəqin anam bir şey bişirib bizi gözləyir. Zeynəb yenə müəmmalı gülümsədi. - Bir şərtlə gedərəm.
– O nədir?
– Qorxub kənddən qaçmayasan.
Elə həmin axşam Kosaoğlu qonağı prokuror Əsədovu yedirib içirəndən sonra hesabdarla anbardar Musanı yanına çağırdı. Onlar qapıdan girən kimi:
– Kassada nə qədər pul var? - dedi.
– Nə qədər lazımdır? - deyə Musa soruşdu.
– Otuz min.
– O qədər olmaz.
– Olmaz, düzəlt. Sonra gedib bankdan alarsan.
– Axı, Qurban qağa...
– Ə, uzun eləmə... Get evdən gətir, yoxdur, koperativdən-zaddan tap düzəlt, yarım saata burda ol, yola çıxacam.
Musa getdi. Kosaoğlu sakitcə dayanan hesabdara üzünü tutdu:
– Sən də çek yaz, sabah bankdan avans pulunu alın. Sonra da cədvəl tut.
– Bes otuz mini hara yazım?
– Necə hara yazım? Uşaq deyilsən, adam başına neçə düşürsə, böl, yaz vedomosta, pul paylananda kolsozçulardan çıxılar.
– Axı daha qorxuram, söz-söhbət olar.
– Nə söhbət, ə?! Gözünüz kordur? Mən bu işləri dədəmin xeyrinə ha görmürəm. Yeri! Nə deyirəm, ona bax.
Hesabdar qorxa-qorxa qapıya yaxınlaşdı.
– Bir şey demirəm. Amma Nəsib...
– Nəsib kimdir? - deyə Kosaoğlu onun sözünü kəsdi, - gördük sənin Nəsibini.
Yarım saatdan sonra gətirilən pulu Kosaoğlu sayıb on minini kənara qoydu.
– Arvad, gəl bunu apar saxla, - Sayalını səslədi. Yerdə qalanını isə iki yerə bölüb kürkünün iç cibinə qoydu. Sonra da eyvana çıxıb şoferi səslədi.
– A bala, a Məmməd, maşını bəri çək.
Şofer kənd yolundan çıxıb asfalta düşəndən sonra: - Hara gedirik? – deyə soruşdu: - MTS direktorunun evinə.
– Nə var, xeyirdimi, a Qurban qağa?
– Xeyirdir. Traktor alacam.
– Bəyəm, traktoru satırlar?
– Ə, çox danışma, əlində maşınını sür. ...Direktor Kosaoğlunu yataq otağında qəbul etdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-ayrilan-yollar-11
Use ← → keys to move, R for a random poem
More by this author
Qatar səhər tezdən Bakıya çatdı.Onlar Nərgiz müəlliməgilin evini tapdılar. Üçüncü mərtəbədəki qapının zəngini basanda içəridən ayaq səsləri eşidildi. Kim isə qapının arxasından:
22Nəsib dayı adəti üzrə bu gün yenə hamıdan əvvəl yuxudan durub kolxoz idarəsinə getdi. O, axşamdan verdiyi tapşırıqları yoxlamalı, maşınları yola saimalı, sonra briqadalara getməliydi.Son partiya iclasından sonra Kosaoğlu çəkilib kənarda durur, əlini ağdan qaraya vurmurdu. Artıq yer əkdirdiyinə və kolxozçuların pulunu düzgün paylatdırmadığına görə partiya iclasında ona töhmət elan edildikdə Kosaoğlu qulaqlarına inanmamış, "Necə? Mənə, Kosaoğlu Qurbana töhmət verirsiniz? Ə, başınıza at təpib?" - deyə qışqırmış, sonra da, təklifi irəli sürən Nəsib dayının üstünə düşmüşdü. "Ə, heç nə danışdığını bilirsənmi? Ağlını başına yığ, isti yerini soyuq eləmə".
23İmran dan yeri ağaranda yuxudan durub geyindi və həyətə çıxdı. Əvvəlcə qolundakı saata, sonra qızaran üfüqlərə baxdı. Göy üzünə səpələnmiş ulduzlar solğunlaşıb bir-bir sönürdü. Yalnız şərq tərəfdə dan ulduzu iri almaz parçası kimi titrəyirdi."Yaman gecikmişəm" - deyə o, fikrindən keçirdi.
24Zeynəb yarı arxı keçəndə diksinib dayandı. Ona elə gəldi ki, yarğanın dibindən qalxan kölgə sinəsinə ötüb qaratikan kolları arasında gizləndi. Hətta oradan şıqqıltı eşidildi.Zeynəb ayaq saxladı, ürəyi döyünə-döyünə qulaq asdı. Çöllər səssiz idi. Yalnız gecə böcəkləri qəmli-qəmli ötürdü. Elə bil onlar isti payız günündən sonra axşam sərinliyində dincələn çöllərə laylay çalırdılar. Cırcıramaların, çəyirtkələrin bu məhzun nəğmələri Zeynəbi darıxdırdı. Onun da qəlbini hüzn bürüdü. Ürəyində özünün də başa düşmədiyi hisslər oyandı. Tərəddüd içində dayanıb pıçıldadı: "Bu nə idi? Bu zaman yarğanda gizlənən kim ola? Düz adamdırsa, niyə yolla getmir?"