İkinci hissə, 5
Page 2 of 2 · 50%
– Bayırda gözləyin, sizinlə işimiz var.
Uşaqları qəzəbli baxışları ilə qapıya qədər ötürən Molla Sadıq əlini bir-iki dəfə ütülmüş saqqalına çəkib, döşəkçənin üstündə əyləşdi. Qonaqlara da yer göstərdi. Sonra da sarı kəhrəba təsbehinin qoz boyda dənələrini şaqqıldatdı:
– Bağışlayın, ismi-şərəfinizi bilmək olarmı?
– Niyə olmur, adım Aleksey. Aleksey Osipoviç.
– Nə? - Molla dizi üstə qalxdı. Təsbehin axırıncı muncugnu şaqqıldayıb dayandı. Onun qorxu və təəccüb dolu gözləri geniş açılıb mat-mat Aleksey Osipoviçə baxdı. Bir xeyli beləcə dayanandan sonra qaşlar çatıldı və qəzəbli baxışlar Əhmədin üzünə sancıldı. Onun titrək əlləri havaya qalxdı, dodaqları tərpəndi. "İlahi, keç günahımdan. Sənin hüzurunda qəbahət işləmişəm". Molla tələsik ayağa durdu. Başmaqlarını birtəhər cütləyib geyindi. Əbasının ətəyi dolaşa-dolaşa qapıya doğru addımladı:
– Tez olun, məni günaha batırmayın.
– Molla Sadıq, axı Sizinlə ciddi söhbətimiz var.
– Mən Allahın evində siznən kəlmə kəsə bilmərəm. Göydən od yağar
– Yağmaz, molla, qorxma.
– Küfr danışma, Əhməd, taqsırın hamısı səndədir. Mən onun müsəlman olmadığını bilsəydim, heç içəri buraxmazdım. Tez olun, məni günaha batırmayın.
Mollanın hay-harayından çaşan Aleksey Osipoviç dönüb Əhmədin üzünə baxdı;
– Yaxşı, indi nə edək?
– Mən dedim ki, bir şey çıxmaz, gedək.
– Yox, hələ tələsmə, Molla Sadıq, məscid olmasın, bayır olsun, biz söhbətimizi edəcəyik.
Onlar nəm qoxuyan otaqdan çıxdılar. Məscidin həyətindən bir az aralı otluqda dayanan uşaqlar Molla Sadığı görən kimi aşağı sinib gizləndilər. Molla ikrah edirmiş kimi bir-iki addım geri çəkilib dayandı və əli ilə Kürdən əsən mehin oynatdığı ütülmüş saqqalını tumarlaya-tumarlaya gələnləri qıyıq gözləri ilə süzdü.
– Sizin mənimlə nə söhbətiniz ola bilər?
– Üləmalar danışmağa söz taparlar.
Molla Sadıq Aleksey Osipoviçin istehzasını başa düşmədiyindən və şəhər qiyafəli bir adamın onu alim hesab etməsindən məmnun qaldığından gülümsədi.
– Onda buyurun.
– Bilirsinizmi, Molla Sadıq, mənim elmə canyandıran adamlardan xoşum gəlir, - Aleksey Osipoviç sakitcə söhbətə başladı. - Sizin də elm şəhidi olduğunuzu görəndə sevinməyə bilmirəm. Yoxsul kəndli balalarına dərs demək çox savabdır. Siz də hücrənizdə onlara dərs deməkdə çox savab iş görürsünüz, molla, Allah-taala zəhmətinizin əvvəzini yetirəcək. Elə əlahəzrət padşah da belə işlərə qiymət verir. Buna görə də padşahınız müsəlman balaları üçün yeni məktəblər açmağa icazə veribdir. Gərək siz də bu işdə bizə kömək edəsiniz. Bizim yeganə ümidimiz müsəlman nahaniləridir.
Aleksey Osipoviç sözünə ara verib gözaltı Molla Sadığı süzdü. Onun əvvəlcə məmnun qaldığını, sonra yavaş-yavaş təhlükə hiss edən hiyləgər adamlar kimi gözlərinin qıyılıb süzüldüyünü gördü. Əlbəttə Aleksev Osipoviç Molla Sadığın köməyinə o qədər də ümid etmirdi. Ancaq ruhanilərin yoxsul kəndlilər arasında çox böyük hörmətə malik olduğunu da bilirdi. O bilirdi ki, mollalar savadsız camaatı Allah xofu ilə qorxudur, cəhənnəm əzabları ilə dəhşətə gətirir və behişt xülyaları ilə məst edirlər. Həm də özlərini elə aparırlar ki, guya külli-ixtiyardırlar, istəsələr, adamları cəhənnəm oduna yandırar, istəsələr də behiştə göndərərlər. O belə bir qüvvədən yeri gəldikcə istifadə etməyi qərara almışdı. Aydın idi ki, mollalar ata-anaları dilə tutmaq və uşaqlarını yeni məktəbə göndərməyə razı salmaqda istəsələr çox iş görə bilərlər. Elə buna görə də Aleksey Osipoviç əvvəlcə Molla Sadığa müraciət etməyi onu öz dili ilə danışdırıb, süst damarından tutmağı qarara almışdı.
– Görürəm, sizin kənddə savadlı uşaqlar var. Onlardan beş-on nəfərini oxumağa aparmaq lazımdır. Bu işdə gərək mənə kömək edəsiniz.
Müsahibini diqqətlə dinləyən Molla Sadıq söhbət bu yerə çatanda üzə vurmasa da ürəyində ehtiyat etməyə başladı. Müsəlmanca onun özündən yaxşı danışan bu rusun kələyinə uymamaq üçün ehmallı olmağı qərara aldı. Bir də Əhmədin bu işə qarışmağı onu yaman çaşdırmışdı. Onun "Zayej"də uşaqları başına yığıb gizli dərs keçməsi xəbərini eşidəndən sonra mollanın necə deyərlər, kürəyi sancırdı. İndi də təzə məktəb söhbəti ortaya çıxmışdı. "Bütün bunlar Əhmədin kələyi deyilmi? Elə keçən il Cahandar ağanı baş-beyindən çıxarıb Əşrəfi oxutmağa göndərtdirən də bu deyildimi? Yox, Molla Sadıq, ehtiyatlı ol, saqqızını oğurlatma".
Molla Sadıq zahirən özünü çox təmkinli apardı:
– Mən Sizə nə kömək edə bilərəm?
– İstəsəniz çox iş görərsiniz. Camaat Sizin bir sözünüzü iki eləməz. Onları başa salın ki, qoy uşaqlarını bizim məktəbə göndərsinlər.
– Çox pakizə. İndi mətləbiniz mənə bəlli oldu. - O ani bir sükuta gedib gözlərini qıydı. Bir xeyli Aleksey Osipoviçin çiyninin üstündən o yana, kənarda dayanmış Əhmədə baxdı. - Ancaq bacarmayacağam.
– Nə üçün, molla?
– Mən müsəlman uşaqlarını öz əlimlə dinsizlərə qoşa bilmərəm. Siz istəyirsiniz onlar gedib boyunlarına xaç salsın, başlarına şapka qoysun, Allahın yolundan, peyğəmbərin dinindən dönüb kafir olsunlar, mən də bu işə kömək edim? Yox, cənab, mən bu işi bacarmayacağam. Sizin məqsədiniz heç də bizim uşaqların qeydinə qalmaq deyil. Siz islamın duşmənisiniz. İndi də bu yolla uşaqlarımızı öz dinlərindən döndərmək istəyirsiniz
– Oxumaq dinsizlik olsaydı, Tiflis şeyxi hamıdan qabaq bu işə etiraz edərdi. Şuşa, Şəki mollaları mənə kömək əlini uzatmazdı. Elə Məhəmmədin Quranında da elm öyrənmək tövsiyə edilir.
– Amma sizin elminiz yox.
– Elm elmdir, molla.
– Yox. Bizim öz elmimiz var, onu da uşaqlarımıza öyrədərik.
– Gördük necə öyrədirsiniz.
Molla Sadığın yağırı basılmış kimi üz-gözü əyildi. Sifətindəki süni sakitlik yox oldu. Gözləri qəzəblə parıldadı:
– Siz bu işə qarışmasanız yaxşıdır.
– İstəsəniz də, istəməsəniz də qarışacağıq, molla, başqa əlac yoxdur.
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-deli-kur-ikinci-hisse-5
Use ← → keys to move, R for a random poem
More by this author
Qönçə xanımın birdən-birə ürəyi sıxıldı. İçəridə otura bilməyib yönü Kürə baxan evin eyvanına çıxdı. Əlini gözünün üstə qoyub yarğanın qaşıboyu uzanaraq sahilə, girmənin bərabərinə enən araba yoluna baxdı. Heç kəs görünmürdü. Hava qaralmışdı. Qaranlıq qarışdığından Kürün qıjıltısı daha aydın eşidilirdi. O taydakı meşə vahiməli görünürdü. Arvad eyvandan aşağı endi, həyətin o başındakı samanlığın belinə qalxdı, əlini gözünün üstünə qoyub cığırlara baxdı. "Görəsən harda qaldılar? Heç belə ləngiməzdilər. Günün qulağı yaxmamış gəmini sallayıb girmədən nəri çıxardılar. Amma indi qaranlıq qarışınış, əl-ayaq yığışılmışdı. Onlardansa səs-səmir yox idi". Qönçə xanımın bədəni titrədi, ürəyi az qaldı sinəsindən çıxsın. "Mənə nə oldu? - deyə özü danladı - ağlıma gələni dağlara-daşlara". Geri qayıtdı. Başını qatmaq üçün içəri girdi. Sonra mis samovarı doldurub bayıra gətirdi, odunluğuna saldı, üstündən kıxmıq tökdü və alışana qədər gözlədi.Səhər tezdən qardaşı Ələddin qara damların arasındakı cığırla çiynində qoşalülə iki yanını basa-basa gəlib onların həyətindəki rus ağa dibində dayanmışdı. Hənirtiyə həyətə çıxan Qönçə xanım bir heyranlıqla qardaşının yanakı qoyduğu papağına, əyninə kip yapışan gödəkçəsinə, qara məxmər şalvarına, günün işıltısinda burnu parıldayan çəkməsinə və zər baftalı dolağına xeyli baxmışdı. Ələddin uca, çiyinləri enli idi. Beli elə bil üzükdən keçəcəkdi.
I fəsil, 6Bütün gecəni yatmadılar. Səssiz-səmirsiz işlədilar. Ocaq qaladılar, su qaynatdılar, meyiti yuyub kəfənlədilər. İşıqlaşanda üstünə qırmızı kəlağayı örtülmüş cənazəni eyvana qoydular. Güllü xanım hər şeyi yerbəyer edəndən sonra qara paltar geyinib qabağa düşdü. Gün xeyli qalxandan sonra cənazəni yerdən qaldırdılar. Alqazaxlıların başıpapaqlıları, elə Şəmistan ağa ilə Həsən ağa da, tüfəng götürmək istədilər. Güllü xanım qoymadı; "Əli yalın gedəcəyik. - dedi, - düşmən üstünə ha yerimirik, qıranda da qıracaqlar". Güllü xanım əlində əsa qabağa düşdü. İki qardaş – Həsən ağa ilə Şəmistan ağa öndə, qalanları arxada cənazəni çiyinlərinə aldılar. Alqazaxlıların say-seçmə başıpapaqlıları, qız- gəlinləri dinməz-söyləməz cənazənin ardınca irəlilədilər. Matəm karvanı doqqazdan çıxıb, kəndarası yolla Çıraqlılar tərəfə üz tutdu. Doqqazdan, eyvanlardan boylananların üz-gözündə təəccüb vardi. Heç kəs heç nə başa düşmürdü. Cənazəni aparanlar kəndin ortasındakı təpənin yanından keçib dikdirə çıxanda axşamdan səksəkəli yatan Şamil vahimələndi. Tez ayağa durub tüfəngi götürdü. Yaşı yüzü haqlasa da, hələ at minəndə üzəngisini basdırmayan, gözünün nurunu itirməyon Ömər koxa oğlunun təlaşını görəndə həyəcanlandı. Əsasını götürdü və ondan qabaq eyvana çıxdı. Əslinə baxsan, o bütün gecəni yatmamış, səhər tezdən bəd xəbər eşidəcəyinə özünü hazırlamışdı.Cənazəni gətirən dəstə doqqazda, darvazanın arxasında dayandı. Şamil eyvandan aşağı endi.
II fəsil, 1O, yuxudan ayılan kimi əlini yaslığın altına uzatdı və naqanın dəstəyini ovcunda hiss edib sakitləşdi. Yorğanı üstündən atıb çarpayıda oturdu və ayaqlarını salladı. Paçasının arasına və dizlərinə qara dəri tikilmiş qalife şalvarını soyunmamışdı, corablarını da çıxartmamışdı. Tələsik uzunboğaz xrom çəkmələrini geyindi, naqanı şalvarının cibinə qoyub gərnəşdi. Otağın küncündəki əl-üz yuyulana yaxınlaşdı, lüləyi açıb möhkəm yuyundu. Dəsmalla qurulandıqdan sonra gəlib frenç pencəyini geyindi. Yaxasının düymələrini, iri döş və yan ciblərinin ağzını bağladı, kəmərini qurşadı, çalın-çarpaz qoltuqaltılarını çiynindən aşırdı, patron daraqlarının yerində olub-olmadığını yoxladıqdan sonra naqanı qoburuna qoydu, onaçılanı isə yanından salladı. Adəti üzrə mauzerin taxta qoburuna bərkidilmiş qızıl lövhənin üstündəki yazıları oxudu. Bu onaçılanı ona Zaqataladakı qaçaqlarla döyüşlərdə göstərdiyi şücaətə görə vermişdilər. Onun göy gümüşü və şabalıdı rəngli buxara papaqları olmasına baxmayaraq iri, dəyirmi, boz saçaqlı papaq geyinərdi. İndi də elə elədi. Bu papağı geyinəndə elə bil çiyni bir az da enlənir, qan sağılmış gözləri adamı qılınc kimi kəsir, qarşısındakıları vahimələndirirdi. Çox vaxt saçaqlı papağın altından baxan baxışların nə ifadə etdiyini ayırd etmək olmurdu.Qapı astaca aralandı. Növbətçi milisioner əlində səhər yeməyi içəri daxil oldu. Küncdəki stolun üstünə yeməkləri səliqə ilə düzdü. Növbətçi getdikdən sonra o, söseyə yaxınlaşdı: soyutma yumurtanı, bal ilə qaymağı bir göz qırpımında yeyib üstündən bir stəkan südlü çay içdi. Üst-başını səliqəyə salıb iş otağına keçdi.
II fəsil, 2Qəza firqə özəyinin qapısında dayanan keşikçilər Kəsəmənlini görən kimi gülümsünüb ona yol verdilər. Kabı kişi üst-başını düzəltdi, saçaqlı papağını gözünün üstündən azca geri itələdi və şax addımlarla dəhliz boyu getdi. Üstünə qəza firqə özək katibinin adı yazılmış qapını aralayıb içəridəkilərə salam verdi. Firqə özək katibi Abdal kişi qaş-qabaqlı idi. Telefonda kiminləsə acı-acı danışırdı. O, dilucu salamı aldı və Kəsnmənliyə oturmaq üçün yer göstərdi. Kəsəmənli neçə aydan bəri qəzaya təhkim olunmuş Çekanın nümayəndəsilə qabaq-qənşər oturası oldu. O, adəti üzrə ayağını ayağının üstünə aşırmışdı. Biləkləri didilmiş qara tumac gödəkçəsinin ortasını enli qalın kəmərlə boğmalamışdı. Bir yandan naqanı, bir yandan da çantası sallanırdı. Başındakı papaq da nimdaş idi. Bircə ulduzdan başqa. Elə bil ulduzu qəsdən seçmişdi; hər gün tozunu alıb papağının alnına yapışdırırdı.Onların baxışları ani olaraq toqquşdu. Kəsəmənliyə elə gəldi ki, Fətullayevin gözlərində qıvrılıb yatan ilan fısıldayıb ayıldı və qarşısındakı adamın üstünə atılmağa hazırlaşdı. Fətullayev də Kəsəmənlinin gözlərində ildırım kimi şaxıyan amansız baxışları gördü. Lakin özlərini çox sakit apardılar. Kəsəmənli başa düşdü ki, onu buraya boş-boşuna çağırmayıblar.