Üçüncü hissə, 3
Page 2 of 2 · 50%
– Olmasaydı, qapını açmazdım.
Molla Sadıq lap ehtiyatlandı. Bu adamın qəsdən gəldiyini, bəlkə də Cahandar ağanın göndərdiyini güman etdi. Ona elə gəldi ki, bu saat evin dörd tərəfini kəsiblər. Pusquda duranlar içəri göndərdikləri adamın nə edəcəyini gözləyirlər. Qonaq bu saat ayağa duracaq, xəncəri siyirib onu doğrayacaq, sonra da atılıb həyətə çıxacaq, atın belinə qalxıb dördnala çapacaqdır. Əgər molla uşaqlara göz eləsə, gələn adamı elə buradaca, evin içində öldürtsə, daha pis olacaqdır. Duyuq düşən düşmənlər şaraqqa-şaraqla evi gülləyə basacaq, arvad-uşağı qıracaq, ev-eşiyi də yandıracaqdılar. Molla Sadıq ehtiyatsızlıq etdiyinə, tanımadığı adamı içəri buraxdığına görə özünü danladı. "Yamanca yerdə axşamladıq. Bu namərd oğlu türbədən gəlirəm deyə məni yamanca yastığa qoydu".
– Niyə oturmursan, molla?
Qonağın səsi kişini özünə gətirdi. Ürəyindən keçənləri büruzə verməmək üçün təsbehini çevirdi və gəzinməyə başladı:
– Sən otur, mənim baldırlarım ağrıyır,
– Mənim sözlərim sənə qəribə gəlir, eləmi?
– Ey Allahın bəndəsi, de görüm kimsən və bu axşam şərində məndən nə istəyirsən?
Mollanın səsi həm qəzəbdən, həm də qorxudan titrədi. Qonaq ancaq indi başını qaldırıb ev sahibinin üzünə baxdı. Onun hirsli-hirsli təsbeh çevirdiyini, həm də çox həyəcanlı olduğunu sezdi:
– Mən sənə təşəkkür eləməyə gəlmişəm, molla, sən mənim ürəyimdən tikan çıxartmısan, mənə dağ çəkənə dağ çəkmisən.
Molla Sadıq donub yerində qaldı. Eşitdiklərinə inanmaq istəmədi. Bu kimdir? Necə yəni təşəkkür eləməyə gəlmişəm? Axı, bütün bunların mənə nə dəxli var? Yoxsa məni çəkiyə çəkir? Ağzımdan söz almaq istəyir? Boynuma bir şey qoymağa çalışır? Bu nə canlı-cinlidir mənim qapımı açdı? Gecə vaxtı xataya düşmədik?! Mən bunu necə rədd eləyim getsin?".
– Molla, Cahandar ağanın təzə arvadı bilmirsən kimdir?
– Yox. Nəyimə də lazımdır?
– Lazımdır, molla, o mənim arvadımdır.
– Nə?
– Bəli. Halalca, kəbinli arvadımdır.
Molla Sadığın elə bil üstündən dağ götürüldü. Kişi dərindən nəfəs aldı. Gözünə işıq gəldi. Evin qaranlığı azalan kimi oldu. O yalnız indi arxayınlıqla qonağını gözdən keçirdi. Onun rənginin avazıyıb kağız kimi ağardığını, xəncərin dəstəyindən yapışdığını və barmaqların, titrədiyini gördü. O fasiləsiz olaraq papirosunu sümürürdü. Tüstü ağzından, burnundan fısqırıb çıxırdı. Gözünü haraya isə zilləmişdi. Ancan heç yerə baxmır, heç yeri görmürdü. Az qalırdı ki, papirosun kötüyünü çeynəyib yesin. Onun gicgahlarından qalxan göy damarlar yanağına doğru uzanırdı. Molla dinmədi. O isə papirosunu kötüyünə qədər sümürüb söndürdü və qapıya tərəf atdı. Sonra da ayağa durub ev sahibinin qabağında dayandı.
– İndi bildinmi mənim dərdim nədir? Cahandar ağa mənim anamı ağladıb, papağımı yerə soxub, bütün nəslimin namusuna sataşıb. Mən başımı qaldırıb adamların üzünə baxa bilmirəm. Mərəkəyə çıxa bilmirəm. Tay-tuşun, qohum-əqrəbanın yanında dilim gödəkdir, gözüm kölgəlidir, heç kəsin üzünə baxa bilmirəm. Hamı arxamca mənə rişxənd edir. Məni ələ salırlar. "Biqeyrət köpək oğlu, arvadını əlindən verib, özü də utanmaz-utanmaz atın belində gəzir" – deyirlər, molla! Mən odsuz-ocaqsız yanıram. Nə qədər çalışıram, o namərd köpəkoğluna əlim çatmır. Onu tapa bilmirəm. Tüstüm təpəmdən çıxır. İndi sənin yanına gəlmişəm, mənə kömək elə, molla, mənə dağ çəkənə dağ çəkmək istəyirəm.
– Bir az yavaş, arvad-uşaq eşidər, - deyə Molla Sadıq qonağı sakitləşdirməyə çalışdı. - Belə söhbəti ayaqüstü eləməzlər. Otur görüm, otur. Özünə toxtaqlıq ver.
Onlar yenidən döşəkcənin üstündə yanaşı əyləşdilər. Molla Sadıq bu dəfə yerini rahatlayıb bardaş qurdu. Arxayın-arxayın təsbehini çevirdi. "Ay uşaq" - deyə kimi isə səslədi. Qızı Pakizə içəri girdi.
– A bala, bizə iki stəkan çay gətir. Anana da de, xörək tədarüku görsün, acmışıq. Atı da tövləyə çəksinlər.
Pakizə çay gətirdi. Qapını arxasınca möhkəmcə örtdü. Yalnız bundan sonra Molla Sadıq qonağı dindirdi:
– Qardaş, sən şir ürəyi yemisən, nədir, nə cürətlə bu tərəflərə ayaq basmısan. Deyəsən, sənin gözünü qan örtüb. Demirsənmi duyuq düşərlər, iri tikəni qulağın boyda elyərlər?
– Namussuz yaşamaqdansa, ölmək yaxşıdır.
– Orası elədir, amma ehtiyat da lazımdır. Yoxsa ara yerdə qanın itər.
– Mən ölümdən qorxmuram, molla, hayıfımı ala bilməməkdən qorxuram.
– Yaxşı, çayını iç.
Stəkan-nəlbəki şaqqıldadı. Otağa horultu düşdü. Qəndlər dişin altında əzilib xırçıldadı. Molla Sadıq çay içmək bəhanəsi ilə fikirləşmək, ələ düşən bu fürsətdən istifadə etmək və ustalıqla tədbir tökmək istəyirdi. O, başa düşürdü ki, nə qədər Cahandar ağa sağdır, kənddə əl-qol aça bilməyəcəkdir.
– Onun qızına gülləni sənmi atmışdın?
– Bəli.
– Ot tayalarını da sənmi odlamışdın?
– Bəli.
– Ehtiyatsızlıq edirsən, qardaş, adın nədir?
– Allahyar.
– Allahyar, indi gələndə səni görüb-eləyən olmadı ki?
– Yox. Xır yolundan burulub saymazyana doqqazınıza gəldim, fikir verən olmadı.
– Yenə ehtiyatsızlıq eləyirsən.
– Bildim ki, başları qarışıqdır.
Molla Sadıq söhbətə ara verdi. Stəkanı boşaltdıqdan sonra geri itələdi. Ayaqlarını uzatdı. Mütəkkəyə dirsəklənib təsbehini çevirdi. Bir az bundan əvvəl gərili yay kimi dartılıb açılmağa hazır olan qonağının büzüşdüyünü gördü. Allahyar elə bil süstləşmişdi. Onun beli də azacıq donqarlanmışdı. O bu saat aylardan bəri qovrulan, nəhayət, gözünü yumub doyunca ağlayan, sel-su kimi yaş axıdıb sakitləşən bir qadının vəziyyətində idi. Molla Sadığa elə gəldi ki, uzun müddət tənha dərd çəkən, ürəyini boşaltmağa adam tapmayan və əsəbləri tarıma çəkilmiş kimi dartılı olan Allahyar indi, hər şeyi ona danışandan sonra, uzun sürən bir xəstəliyin taqətdən saldığı adamın vəziyyətindədir. Onu bu saat tərpətsən, heç yerindən də qalxa bilməzdi.
– Yaxşı, indi məndən nə istəyirsən?
Allahyar fikrindən ayılıb müsahibinin üzünə baxdı. Molla Sadıq onun gözlərindəki yalvarışı oxudu:
– Mənə kömək elə.
Molla Sadıq əslində Cahandar ağanın təzə arvadının ərini çoxdan, axtarırdı. Onu tapıb əlbir olmağı, qızışdırıb Cahandar ağanın üstünə salmağı çoxdan arzulayırdı. Həm də bunu elə etmək istəyirdi ki, heç kəs ondan şübhələnməsin. İndi isə həmin adam özü öz ayağı ilə gəlib çıxmışdı. Molla Sadıq ürəyindən keçənləri ondan gizlətməyi və Allahyarı bir az çək-çevirə salmağı lazım bildi;
– Sən nəyə əsasən belə bir işi mənə təklif eləyirsən?
– Axı, o sənin də düşmənindir.
– Bunu sənə kim deyib?
– Molla Sadıq, sən məni uşaq yerinə qoyma. Mən hər şeyi bilirəm. Onu da bilirəm ki, Cahandar ağa bacısının hayıfını səndə qoymayacaq. Fürsət düşən kimi sənnən haqq-hesab çəkəcək. Mən gəlmişəm ki, köməkləşək. İndi özün bil.
Molla Sadıq təsbehini qoluna keçirib xeyli saqqalını tumarladı. Gözlərini qıyıb lampaya baxdı. Çırağın fitilindən ox kimi uzanan ziyalar onun gözlərinə sancıldı və kirpiklərinin arasına doldu. O nəyi isə xəyalında xeyli ölçüb-biçdi və nəhayət, astadan dilləndi:
– Yaxşı, mən sənə nə kömək edə bilərəm?
Allahyar bir az dirçəldi. Döşəkcəni sürüşdürüb lap mollanın yanına gəldi. Molla da yenidən bardaş qurub oturdu. Qnlar baş-başa verdilər. Söhbətlərinin eşidilməsindən qorxurlarmış kimi az qala pıçıltı ilə danışmağa başladılar:
– Özün bilirsən ki, onlar dişli tayfadırlar. Həndəvərinə hərlənmək olmur. Tayalarına od vuranda az qalmışdı ki, məni öldürsünlər. Güclə qaçıb canımı qurtardım. Bu kənddə də heç kimim yoxdu. Heç kəslə tanış deyiləm. Elə öz kəndimizdə də fərli bir qohumum yoxdur. Ona görə də sənə pənah gətirmişəm.
– Yaxşı, - deyə molla onun sözünü kəsdi. - İndi mən nə eləyim.
Sənin əvəzinə gedim onu öldürüm?'
– Yox, molla, sən istəsən də mən buna razı olmaram. – Allahyar alışıb-yanan ocaq kimi yenidən alovlanmağa başladı. - Onunla haqq-hesabı özüm çəkəcəm. Sən ancaq fürsət düşəndə mənə xəbər çatdır. Qalanı ilə işin olmasın. Mən ona dağ çəkə-çəkə, sataşa-sataşa divan tutacam ancaq məni xəbardar elə. Harda, nə zaman, nə eləmək ,nə eləmək lazım olduğuna işarə elə.
– Mənim boynuma çətin iş qoyursan, qardaş.
– Özün bil, əl mənim, ətək sənin, əl çəkən deyiləm. Bir də, məsəl bardağa girdin, oldun bardaq suyu. Daha sən bu işdən boyun qaçıra bilməzsən. Belə eləsən gərək bu saat adam göndərib mənim burda olduğumu Cahandar ağaya xəbər verəsən. Bu da sənin xeyrinə olmaz. İndi özün bil, mən gəldiyim yolla da geri qayıda bilərəm. Allahyar doğrudan da getməyə hazırlaşırmış kimi qalxmaq istədi.
Ancaq Molla Sadıq onun çiynindən basıb aşağı oturtdu:
– İndi ki, belə oldu, dediklərimə qulaq as: sən bu kəndə hərlənmə.
Buralarda gözə dəysən, onları duyuq salarsan. Bir iş tutanda da izi azdırmaq lazımdır, başa düşdünmü? Bunun dağı var, aranı var. Bu gün-sabah əkini-biçini olacaq. Nə vaxt lazım olsa, özüm xəbər çatdıraram. Ancaq bizim burda danışdıqlarımızı, görüşdüyümüzü gərək nə dil bilsin, nə dodaq. Eşitdinmi, bir daş altda, bir daş üstdə.
– Ürəyini buz kimi saxla, molla.
Kişi elə bil birdən-birə cavanlaşdı. Bayaqkı üzgünlük yox oldu. Onun belinin əyrisi də düzəldi. Gözləri ov üstünə atılmağa hazır olan yırtıcı gözü kimi parıldadı. Sıçrayıb ayağa qalxdı. Yüngül addımlarla küncə yaxınlaşıb tüfəngini götürdü. Yapıncısını çiyninə saldı. Başlığı boynuna doladı. Molla Sadıq onun gözlərinin qayır-qayır qaynadığını gördü.
– Di salamat qal.
– Dayan, çörək ye.
– Eviniz şən olsun, heç nə lazım deyil. Yolçu yolda gərək. Ay doğmamış aradan çıxsam yaxşıdır.
– Məsləhət sənindir. Ancaq qoy uşaqlar səni ötürsünlər. Kəsə yolla kənddən çıxarsınlar.
Bir neçə dəqiqədən sonra Allahyarın atının ayaq tappıltıları evdən uzaqlaşdı. Molla Sadıq xeyli pəncərə qarşısında dayanıb kəndi dinlədi. İtlərin hürüb-hürmədiyini, adamların duyuq düşüb hay-haray salıb-salmadıqlarını bilmək istədi. Ancaq gecə böcəklərinin cırıltısı və Kürün uğultusundan başqa heç nə eşitmədi, Qapını möhkəmcə bağlayıb otaqda gəzindi. Onun təsbehinin iri, sarı kəhrəba muncuqları gecəyarısına qədər şaqqıldadı.
Kitabxana.az · https://kitabxana.az/en/works/ismayil-sixli-deli-kur-ucuncu-hisse-3
Use ← → keys to move, R for a random poem
More by this author
Şamxalın Güləsəri götürüb qaçması xəbərini eşidəndə Cahandar ağa üç gün, üç gecə ağzı üstə yatdı. Hirsindən gözləri qan çanağına döndü. Onsuz da boğuq olan sifəti daha da qaralıb, tunc kimi bozardı. Dişinin arasından su da keçmədi. Kişinin həndəvərinə hərlənmək olmadı. Mələk qorxa-qorxa, barmaqlarının ucunda, otağa girib, onun üstünə yorğan salanda, ərinin kürəklərinin titrədiyini, iri və cod barmaqlarının gəbənin ilgəklərini didib tökdüyünü gördü, amma cıqqırını da çıxartmadı, söz deməyə cəsarət etmədi. Kişinin əlindən xata çıxa biləcəyini düşünəndə evdəki arvadlar yarpaq kimi əsdilər.Hər biri bir ilə qədər sürən üzücü günlər gəlib keçdi. Cahandar ağa bir axşam div yuxusundan ayılan kimi ayağa durdu. Dinməz-söyləməz paltarını geyindi. Qoltuqaltısını götürdü. Darağı xəzinəyə basıb çaxmağı hərlədi, gülləni lüləyə verdi. Bunlar azmış kimi xəncəri də belinə bağladı. Hava isti olsa da, dəvə yunundan toxunmuş ağ başlığını boynuna doladı. Yenə heç kəs dinib-danışmadı. Zərnigar xanım qorxusundan cəsədə dönmüşdü. Yazığın nəfəsi güclə gedib-gəlirdi. Necə deyərlər, diri gözlü ölmüşdü. O, ərinin nə isə dəhşətli bir iş düşündüyünü yəqin etmişdi. Bir analıq sövq-təbiisi ilə oğlunun başında qaranlıq olduğunu duyurdu. Amma nə dinir, nə də ərinə bir söz deyə bilirdi. Arvad lap özünü itirmişdi. Mələk də Cahandar ağanın daş kimi lal və qaradinməz olduğundan təşvişə düşdü: "Acıqlı başda ağıl olmaz",- deyə fikirləşdi. Əvvəlcə Zərnigar xanımı hərəkətə gətirmək, "kişinin əl-ayağına düş, getməyə qoyma", - demək istədi. Amma onun dilinin gödək olduğunu yadına salıb dayandı. Əslinə baxsan, Zərnigar xanım özü də Şamxaldan narazı idi.
İkinci hissə, 1Göytəpə kəndinin ucqarında, xır yolunun üst tərəfində üçotaqlı bir bina var. El arasında buraya "Zayej" ("Zayezjiy dom" sözünün el arasında işlənən şəkli) deyirlər. Qocaların söylədiyinə görə, bu evi vaxtilə xır yolunu çəkənlər tikiblər. Onlar gündüzlər yolda işləyir, axşamlar isə burada yatırmışlar.Göytəpəlilərdən bu yolun necə çəkilməsini xatırlayanlar az deyil. Hətta onların çoxu yola döşəmək üçün Kürün sahilindəki çaylaqdan araba ilə xır daşıdıqlarını indi də unutmamışdır.
İkinci hissə, 2Təpələrin ətəyindəki xır yolla irəliləyən fayton kəndə yaxınlaşırdı. Atlar yorulmuşdu. Faytonçunun cidd-cəhdinə baxmayaraq, yerişlərinə haram qatmaq istəmirdilər. Havada şaqqıldayan qamçının səsini eşitdikdə azca hərəkətə gəlib daş yola səs salsalar da, qaçmır, beş-on addımdan sonra yenə də yerişlərini yavaşıdırdılar. Faytonçu da yorulmuşdu. Görünür, uzun və kimsəsiz yol onu da taqətdən salmışdı. Ancaq həvəsdən düşmür, necə olursa-olsun axşama Tiflisə çatmaq istəyirdi.Faytonda oturan müsafir isə heç nəyə fikir vermədən sakitcə ətrafı seyr edirdi. O, ayağını-ayağının üstünə aşıraraq, yanpörtü əyləşmişdi. Xırdaca gözlərini qıyıb boz təpələrə, lap uzaqdan güclə görünən Kürün sahilinə səpələnmiş kənd evlərinə, düzənliyə dağılmış mal-qaraya tamaşa edirdi. Hava isti idi. Təpələrin ətəyindən qalxan boğanaq toz-torpağı göyə sovurub, yay kimi burula-burula yuxarı qalxdı və yolun ortasında xeyli dayandıqdan sonra üzü aşağı, Kürə doğru süründü.
İkinci hissə, 3Gecədən xeyli keçmiş "Zayej"in qapısı döyüldü. "Bu zaman kim olar?" - deyə Əhməd təəccüblə çiyinlərini çəkdi. Qapı bir də döyüldü. Əhməd şüşəsi hislənmiş lampanın fitilini aşağı çəkib, işığı öləzitdi. Hər ehtimala qarşı qoşalüləsini götürüb, qapıya yaxınlaşdı. Səsini çıxarmadan bir xeyli dayandı. Həyətdən at fınxırtısı və xısın-xısın danışan kişi səsi gəlirdi. Əhməd ehtiyatlandı. Onun bu kənddə düşməni olmasa da, gecələr qapını möhkəm bağlayır, pəncərə taxtalarını da qapayırdı.– Ay ev yiyəsi.