Gah şəfəq düşübdür üstümə, gah çən,Bir sözdən ürəyim sınıbdır bəzən.Fəqət, bu həyatdan, bu təbiətdən,Bir an da ayrıla bilmərəm, bilin.

Düşübdür yadıma yollar, yoxuşlar,Bağça-bağça ötən sevdalı quşlar.Sizdən, ey vəfalı dostlar, tanışlar,Bir an da ayrıla bilmərəm, bilin.

Ey şirin balalar, noğul balalar,Bu dünya dolusu nağıl balalar.Sizdən, qız balalar, oğul balalar,Bir an da ayrıla bilmərəm, bilin.

Ay Savalan dağım, ay dağlar dağım,Ay mənim niskilli uşaqlıq çağım,Sizdən, ata yurdum, ana qucağım,Bir an da ayrıla bilmərəm, bilin.

Siz ey Ərdəbildə qalan günlərim,İllərin əlində talan günlərim,Sizdən, ey dərbədər olan günlərim,Bir an da ayrıla bilmərəm, bilin.

Ey Kəhrəlan yolu, ey Niyar yolu,Ey ümidlər yolu, arzular yolu,Sizdən, ey dağların şaxta, qar yolu,Bir an da ayrıla bilmərəm, bilin.

Mahnı yarışına girən qızlardan,Şəklini sularda görən qızlardan,Saçını çiçəklə hörən qızlardanBir an da ayrıla bilmərəm, bilin.

Təbrizin köksündə ucalan Ərkdən,Qəlbimdə oyanan neçə diləkdən,Dostlarla kəsdiyim o duz-çörəkdən,Bir an da ayrıla bilmərəm, bilin.

Kərpic döşəməli həyətimizdən,Anam yandırdığı ocaqdan, közdən,Atam danışdığı söhbətdən, sözdən,Bir an da ayrıla bilmərəm, bilin.

Bəzən acı dadan xatiratımdan,Bəzən bala batan xatiratımdan,İldən-ilə çatan xatiratımdan,Bir an da ayrıla bilmərəm, bilin.

Sizdən, ey ürəkdə yurd salanlarım,Könlümdə, gözümdə ucalanlarım,Sizdən, ey el-obam, doğma diyarım,Bir an da ayrıla bilmərəm, bilin,Ayrıla bilmirəm, bilin...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets