Page 2 of 9 · 11%

– Əşi, bir sözdür, dedim, nə olar ki? Səndə dəvə kini varmış. Yoldaş yoldaşnan zarafat eləməz bəyəm?

– Zarafatın da yeri var!

Aralığa sükut çökdü. Onlar bu danışıqların heç bir nəticə verməyəcəyini görüb, bu barədə bir daha danışmamaq qərarına gəldilər. Tahir yenə pəncərə qarşısında pərakəndə halda tökülmüş kitablara yanaşdı, birini götürüb vərəqləyə-vərəqləyə qayıtdı, balaca stolun dalında oturdu və bir neçə sətir oxudusa da, başına heç bir şey girmədiyi üçün kitabı çarpayısının üstünə atmaq istəyəndə, Səməndər içəri girdi:

– Hə, dost, – deyə üzünü Tahirə tutdu, – “Qurbanəli bəyi” oxuyub qurtardın?

– Yox, hələ qurtarmamışam.

– Qurtar, qurtar, məzmununu mənə danış, Cəmilin borcundan da mənim canım qurtarsın.

– Axı orada nə var ki, özün oxumursan? Mən ayrı kitab almışam. Özün oxu da...

– Əşi, mən neyləyim? Bir sətir oxuyuram, yuxu məni basır.

Səməndərin gözləri Cəmilə sataşdı. Onun pərt oturduğunu görüb, təkrar diqqətlə Tahirə baxdı:

– Aha, görünür, aranıza şeytan girib... Nə olub belə? Niyə bir dodağınız yer, bir dodağınız da göy süpürür?

Cəmil Tahirlə söhbətindən onun xəbər tutmasını istəmədiyi üçün, könülsüz bir tərzdə gülümsündü:

– Nə olacaq? Elə-belə... Kefimiz yoxdur... Pulsuzuq...

– Qurtarıb? Pul məndə... Nə qədər istəyirsiniz, buyurun! – Səməndər şalvar cibindən bir dəstə beşlik çıxarıb irəli uzatdı. – Plan üç yüz faiz... bu da mükafat buyurun!

Hər gün yeməkdən şikayət edən Səməndərin cibindən bu qədər pul çıxdığını görən Cəmil, bir an duruxdu. Səməndər Tahirə baxıb onun sifətində azca da olsun dəyişiklik əmələ gəlmədiyini görəndə, Cəmilin nəyi isə ondan gizlədib demək istəmədiyini hiss edərkən tutuldu, başını bulayaraq şübhəsini bildirdi:

– Yox, aşna, pul məsələsinə oxşamır. Nə isə başqa bir sirriniz var. – O, pullarını cibinə soxaraq Tahirə yanaşdı və əlini onun çiyninə qoydu. – Nə olub, mən ölüm?

– Mən ölüm niyə deyirsən? – Tahir daha da qaşqabağını sallayıb, mis rənginə çalan sifətinin narazı ifadəsilə bu sirri heç bir vaxt açmayacağını ona hiss etdirdi.

– Bayaq gedəndə küçədə Lətifəni gördüm, – deyə Səməndər Cəmilə tərəf döndü və bu xəbərlə onu sevindirmək istədi. – Qəşəng bir paltar geymişdi, yanında da yaxşı bir qız vardı, gülüşə-gülüşə gedirdilər.

Tahir bu anda hər şeyi unudaraq, maraqını gizlədə bilməyib:

– Harada gördün? – deyə birdən soruşdu.

– Yəqin teatra bilet almağa gedirlərmiş... İstirahət günü mən onu həmişə teatrda görürəm. – Səməndər yoldaşının heç olmasa birini maraqlandırdığına sevinib əlavə etdi: – Mən də bilet almışam. Bu gün axşam “Tufan” var. İndi getsən bilet taparsan. Ala, pul verim, get al!..

– O yenə beşlikləri çıxardı. – İstəmirsən?

– Özümün pulum var... – deyə Tahir Cəmilin sözlərini yalana çıxarmaq qəsdilə deyil, ümumən yalan danışmağı bacarmadığı üçün etiraf etdi: – dünən bizə də maaş veriblər. Yaxşı yadıma saldın. Mən də gedib bilet alacağam. Sən yəqin bilirsən ki, o, bu axşam teatrda olacaq?

– Yəqinini deyə bilmərəm. Ancaq teatra tərəf gedirdi, – Səməndər yenə pullarını cibinə qoyub Cəmilə zənnlə baxdı. Onun gözlərinin qıyığı daha da büzüşdü.

– Bura bax, bu nə məsələdir, indi də Lətifə ilə Tahir başlayıb? Bəs sən?

Cəmil Səməndərə tərs-tərs baxdı, azca tutulmuş səsilə qışqırdı:

– Yüz kərə demişəm ki, onun mənə dəxli yoxdur!

– Canım, mən bir söz demirəm ki? Niyə acığın tutur?

Tahir, yolda Lətifəyə rast gələcəyi ümidilə cəld qapını açıb eşiyə çıxdı. Cəmillə danışıb ürəyini boşaltdığına sevinərək, tramvay duracağına tərəf getdi. O, yenə Cəmilin hərəkətləri barədə düşünə-düşünə birdən ayaq saxladı: “Yox, deyəsən mən yoldaşımın xətrinə dəydim”.

Lətifənin soyuqluğuna və etinazlığına Cəmilin səbəb olmadığı fikri yavaş-yavaş Tahirin zehnini məşğul etməyə başladı: “Nahaq onun xətrinə dəydim, nahaq...”

Tramvayın dayandığı tinə yetişəndə, işdir birdən Lətifəyə rast gəlsə ona necə yanaşacağını, söhbəti nədən başlayacağını, nə üçün güldüklərini bilmirdi. Özü yaşında olan cavanlar, bir tərəfdə oğlanla oğlan, o biri tərəfdə bir oğlanla bir qız yanaşı durub söhbət edir, gülür, dünyanın bütün dərdlərini unutmuş kimi, şad və qayğısız görünürdülər. Ancaq Tahiri düşündürən yenə də Lətifə idi. Özünün müəyyən dərəcədə müqəssir olduğunu düşünmək nə qədər çətindisə də, indi Tahir Cəmili günahkar hesab edib, özündə heç bir qüsur görməməyi də insafsızlıq sayır, trestdə Qüdrət İsmayılzadənin yanında onu necə təriflədiyini xatırlayır, Lətifə ilə onun uzun müddət heç bir yerdə görüşmədiyini, özü barədə ona elə təhqiramiz bir söz deməyə heç fürsət belə tapmadığını düşünürdü. Tahir birdən: “Əgər doğru adamsansa, bir özünə də bax” deyə xəyalından keçirdi: – “Baxıram, ancaq özümdə heç bir qüsur görmürəm! – Yox, diqqətlə bax, başqalarına ad qoymaq asandır, amma öz nöqsanını görmək çətin!” – Tahirin düşüncələri, elə bil yalnız bir nöqtədə cəm olub, içərisinə güclü fonar işığı saldı: axtardığı qüsurdan biri də gözünə dəymədi. “Aha, – deyə o, birdən nəyi isə xatırlayıb udqundu. – Bəs Cəmil insan deyilmi? Lətifə onu sevməsə də, onun Lətifəni sevməyə haqqı yoxdurmu? Demək, mən təkcə öz xeyrimi düşünürəm”. Tahirin gəlib çıxdığı bu son nəticə nə qədər ağır olsa da, o bunu etiraf etməyə məcbur idi. Çünki Cəmil heç bir yerdə Tahirdən və ya Lətifədən sevişdiklərinə dair bir kəlmə də eşitməmişdi. Əgər o vəfasız yoldaş olsaydı, bunu bilə-bilə, Tahiri Lətifənin gözündən salmağa çalışardı: “Axı mən nədən bilirəm ki, Cəmil məni ona pisləyib? Deyə düşünən Tahir, dostuna haqsız olaraq hücum etdiyini anlayıb daha da həyəcanlandı: “Axı onun nə günahı var ki?”.

Bu halda tramvay gəldi.

Tahir vaqona minəndə belə fikirlərindən ayrılmadı: “Lətifənin gözü həmişə məndə idi. Bəs indi niyə məni görən gözü yoxdur?”.

Birdən onun xəyalından başqa fikir keçdi: “Əgər Lətifə əvvəldən məni istəyirdisə, amma indi xırda bir səbəbdən ötrü məndən üz döndəribsə, deməli, onun məhəbbəti möhkəm deyilmiş...” – bunu düşünəndə Tahirin ürəyi gizildədi və ona elə gəldi ki, Lətifənin özü, kitablarda təsvir olunan bəzi qızlar kimi, hərdəmxəyaldır və onun məhəbbətinə o qədər də bel bağlamaq olmaz.

Tramvay sürətini artırdıqca, onun da fikri iti-iti işləməyə başlayırdı: “Yox, yox, mən özümdən başqa hamını günahkar hesab eləməkdə haqsızam. Əlbəttə haqsızam. Lətifə nə üçün hərdəmxəyal olsun? Bəlkə o yalnız mehribanlığından belə gülərüzlüdür? Bəlkə nə mən, nə də Cəmil ona xoş gəlmirik?..”

Tahirin gözləri vaqonun pəncərəsi qarşısından görünən dənizə baxır, amma təsəvvüründə yalnız və yalnız Lətifə dolanırdı. O yenə düşünür, yenə həyəcanlanırdı: “Bəlkə məndə bəyəniləsi bir şey tapmır?..”

Bu anda onun qulağına bir səs dəydi:

– Axı o qəhrəmandır, adi adam deyil...

Tahir bu sözü deyən qıza baxdı. O da Lətifə kimi gözəldi. O da xurmayı hörüklərini döşündən aşağı sallamışdı. Onun dolğun sifətində, boyasız, lakin nazik çəhrayı dodaqlarında Lətifəni xatırladan incə, bir qədər də istehzalı görünən bir təbəssüm oynayırdı. Qız yanındakı oğlana deyirdi:

– Belə qəhrəmanı yalnız o deyil, hamı sevir!..

Tahir hələ kənddə ikən neft qəhrəmanı olmaq ilə çırpındığı günləri, Bakıya da məhz bu məqsədlə gəldiyini, amma o vaxtdan bəri elə gözə dəyən bir iş görmədiyini fikirləşəndə, ürəyinin giziltisi daha da artdı və onun alnından soyuq tər damcıları axdı: “Bəlkə elə Lətifə də məni buna görə sevmirmiş?”

Tramvay çalxalanıb dayandıqda, onun fikir sapı qırıldı. O nə üçün və hara gəldiyini yadına salanda, bir qədər ürəyi sakitləşdi və axşam nə təhər olsa Lətifə ilə danışmaq qərarına gəldi: “Qoy nə deyir-desin, məni biabır da eləsə ürəyimdəkiləri açıb ona söyləyəcəyəm”.

2

Elə bu zaman İsmayılzadənin kabinetində buruq ustaları ilə mühəndislərin gurultulu müşavirəsi gedirdi. Otağı göyümtül tüstü bürüdüyündən, adamların siması xəyal kimi dumanlı görünürdü. Lakin hamını həyəcana gətirən bu kəsik və ağır hava deyil, iclasın əvvəlində İsmayılzadənin irəli sürdüyü bir məsələ idi: nə üçün trest geridə qalır? Nə yolla trest kəsirdən çıxa bilər?

Çoxları məyus oturmuşdu. Bu hal özü də geridə qalmağın nə dərəcədə ağır və dözülməz bir şey olduğunu anlamağa kafi idi. Ancaq hamı başa düşürdü ki, qaşqabaq sallamaq və köks ötürməklə işlər öz yoluna düşməyəcək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Axtaran tapar...

Düşərgəyə gəldiyimiz vaxtdan çox keçməmişdi, buna baxmayaraq, bir-birinə bənzəyən günlərin sayını-hesabını itirmişdim. Məzmunsuz və faydasız keçən günlər deyil, dəqiqələr belə bəzən insana əbədiyyət qədər qəmgin və intəhasız görünür. Son zamanlarda mən hər şeyə nə isə çox laqeyd və biganə baxırdım. Az qalırdı, hətta, qızlarımın da taleyini unudam. Fürsət düşdükcə Bakıya məktub yazıb evimizdən cavab almasaydım, doğrudan da onları yadımdan çıxara bilərdim. Düşərgə həyatı, xüsusən leytenantın ən cüzi bir şey üstündə hədsiz dərəcədə kobud rəftarı yalnız məndə deyil, çoxunda ümidsizlik, bəlkə də bədbinlik hissi oyatmışdı. Leytenant ən adi sözümüzə və hərəkətimizə irad tutur, qanunsuz olaraq çörək payımızı kəsir, bəzimizi günlərlə ac-susuz qoyub, həbsdə saxladırdı. Əlbəttə, bu hamının bildiyi həbsxana deyildi. Müqəssir saydığı adamları özünə ram etmək üçün leytenant Rudəki kolxozundan bir otaq alıb, pəncərəsinə dəmir barmaqlıq vurdurmuşdu. Bu otaağa düşənlərə çörək və su vermək leytenantın keyfindən asılı idi. Vaxtı ilə hansı səbəbdənsə həbsə düşmüş adamlar bu hərki-hərkiliyi gördükcə deyirdilər:– Orda heç olmasa intizam var. Məsələn, bilirsən ki, səhər tezdən həyətə çıxardıb, təmiz havada gəzdirəcəklər, saat səkkizdə, məsəl üçün, bir parça çörəyin, bir stəkan isti suyun var, saat üçdə pisdən-yaxşıdan nahar gətirəcəklər. Müəyyən vaxtlarda nəzarətçiyə pul verib, bazardan yemək şeyləri aldırmağa ixtiyarın var...

40 min
Ağır günlərin sonu

Məni inşaat materialları institutunda öz işimə qaytarmışdılar. Burda rəfiqələrimin yalnız biri qalmışdı: Rima. Məlikə ilə Tura isə ali məktəblərdə dosent vəzifəsində çalışırdılar. Direktorumuz Səmədovu işdən çıxarıb, yerinə baş elmi işçi, dosent Mirzəliyevi qoymuşdular. O məni gülərüzlə qarşılayıb, qolumdan tutmuş və birbaş köhnə otağımıza gətirmişdi. O, hər gün olmasa da, iki-üç gündən bir məni yanına çağırtdırır, dissertasiyam üzərində çalışarkən necə çətinliyə rast gəldiyimlə maraqlanır:– Heç qəm yemə, qızım, – deyirdi, – geri qalmağında sən müqəssir deyilsən. Hamımız sənə kömək edəcəyik, amma sən utanma, nə lazım olsa gəl, mənə söylə.

22 min
Birinci fəsil

1**Sərnişin qatarı sürətlə Bakıya yaxınlaşanda, göz işlədikcə uzanan şəhərin işıqları salxım-salxım yanır, göy üzündə sayrışan ulduzlar isə, elə bil, mavi səmanın dərinliklərindən şəhərə qibtə və həsrətlə göz qırpırdı.

1 h 10 min
İkinci fəsil

1**Tahir Cəmillə bərabər axşam növbəsində işə getmək üçün motorlu qayıqlar dayanan balaca körpüyə gələndə, Xəzərin bəriyə doğru şütüyən ağ köpüklü dalğaları sahildəki boz qayalıqlara çırpılaraq şarıldayırdı. Qürub edən günəşin qızıl şüaları dənizə əks etmişdi. Dalğalar bir-birini qovaraq gəldikcə alov kimi qızarırdı. Sanki dənizdə böyük bir yanğın vardı. Srağa gün Bakının ulduzlarını, doyunca seyr etmiş Tahir, indi sahildə durub dənizə baxarkən alova bənzəyən bu dalğaları görüb, yenə Cəmilin nağıllarını xatırladı və iki gündən bəri seyr elədiyi mənzərələrin heç birini başqa yerlərdə tapmaq mümkün olmadığını düşünürdü. Burada çoxdan yaşayanlar və eyni lövhəni hər gün seyr edənlər, Xəzərin bu ülviyyətinə, ondakı boyaların bu zənginliyinə Tahir kimi valeh olmurdular. Deyəsən, onların gözü çoxdan doymuşdu və Tahirə elə gəlirdi ki, Cəmil də, o biri fəhlələr də dənizə baxmaq istəmirlər. Onların bu laqeydlikləri, təbiəti etibarilə bir qədər xəyalpərvər olan Tahirə qəribə görünürdü. O, həris gözlərini dalğalarda gəzdirməyə başladı. Lap uzaqdan aşırıla-aşırıla gələn böyük bir dalğanı sahilə qədər gözdən qoymayıb, onun hər an rəngdən-rəngə girdiyini, bəzən qan kimi qırmızı, bəzən də üfüqdə yanan bulud parçası kimi çəhrayı olduğunu görəndə, heyrətdən ağzı açıla qaldı, elə bil buraya nə üçün gəldiyini və haraya getdiyini də unutdu.

1 h 5 min

Poems by other poets