Dördüncü fəsil
Page 4 of 9 · 33%
– Timofey Sidoroviç – dedi, – sizin fikriniz nədir?
Uzunboylu, arıq sifətli, açıq mavi gözlərilə sakit-sakit baxan bu qoca usta, tövrünü pozmadan yavaş-yavaş yerindən qalxdı:
– Mən çox şey deyə bilərdim. Ancaq uzun danışmaq istəmirəm. Çünki tresti kəsirdən qurtarmaq üçün birinci növbədə müşavirə və nitqləri ixtisara salmaq lazımdır. Təəccüb edirəm: nə üçün gənclər, bəzi yoldaşları vahiməyə salır? Gəncləri sevmək lazımdır, yoldaşlar! Sevmək lazımdır gəncləri! Onlardan qorxmaq özgələrinə yaraşsa da, biz neftçilərə qətiyyən yaraşmır. Neft gəncliyin, gənclik də neftin dostudur. Kimin buruğunda da cavanlar əl-ayağa dolaşırsa, qoy onları mənim buruğuma yollasınlar. Qüdrət Salmanoviçin yazdığı şərtlərə gəlincə, o maddələrin hamısı qızıldan qiymətlidir. Mən razıyam!
O, sözlərini böyük bir inadla deyib qurtararkən, sakit gözləri parıldadı və İsmayılzadəyə elə gəldi ki, bundan sonra o biri adamlarda da şübhə yeri qala bilməz. Doğrudan da hamıdan qızğın etiraz edən Fikrət, bu qocanı dinlərkən, nədə isə yanıldığını düşünüb, nəyi isə nəzərdən qaçırdığını güman etdi: “Axı bu niyə belə oldu?” deyə öz-özündən soruşdu.
– Timofey Sidoroviç, – dedi, – olmazmı izah edəsiniz, axı siz nəyə əsaslanırsınız?
Qoca yerindən dilləndi:
– Necə nəyə? – Yalnız özümüzə! İndiyəcən pis işləmişik, bundan sonra yaxşı işləməliyik. Vəssalam!
Sonra usta Ramazan söz aldı:
– Mehdi Quliyevi tanıyırsınızmı? – deyə hamının təəccübünə səbəb olan bir sualla iclasdakı adamlara müraciət etdi.
Fikrət əvvəlcə, onun da razılıq verəcəyindən qorxurmuş kimi, döyükə-döyükə baxırdı. Ancaq usta çox məyus göründüyündən, Fikrət dərindən, rahat bir nəfəs aldı və ümidlə parıldayan gözlərini qocaya dikdi. Yan tərəfdə oturmuş bir nəfər soruşdu:
– O kimdir, usta?
Ramazan sual verən adama istehzalı bir nəzər saldı: “Dünyada nə avam adamlar varmış. Mehdi Quliyevi də tanımır” deyə düşünüb, ağır-ağır başını yırğaladı.
– Necə yəni kimdir? – dedi. – Sovet İttifaqı Qəhrəmanı!
– Bunun bizə nə dəxli var?
– Var! O da həmin bəyənmədiyiniz cavanlardandır. O da dünənə kimi buruqda işləyirdi, indi qəhrəmandır. Mən başa düşmürəm, nə təhər olur cavanlar faşisti əzir, qəhrəman adı alır, mədəndə işləyəndə əlindən heç nə gəlmir? Əgər cavanları bir özgəsi pisləsəydi, mənə o qədər də yer eləməzdi. Yoldaş Fikrət, axı siz özünüz də cavansınız. Sizə yaraşarmı ki, fəhlə sinfinin cavan nəslini gözdən salasınız?
Biz ona görə qalib gəlirik ki, bizdə köhnə və yeni qvardiya həm daxili, həm də xarici düşmənlərə qarşı, birlikdə, vahid cəbhə ilə bir sırada gedirlər. Yaxşı olar ki, siz, cavanlarla qocaların arasına nifaq salmayasınız!
Fikrət son ümidinin alt-üst olduğunu görəndə, üzündəki qızartı yavaş-yavaş azaldı, axırda sifəti kül kimi bozardı.
Usta Ramazan daha heç bir söz deməyib oturdu. İsmayılzadə ondan soruşdu:
– Təklifin nədir, usta?
– Təklif yazılıb, hər yerdə də camaat fikrini deyib. Daha mən nə deyim? Trestin adını bütün Bakıda biabır eləmişik. Şərtlərimiz ağır olduğuna görə də qəbul eləmək yaxşıdır!
Fikrət yerindən qışqırdı:
– Bu necə məntiqdir, usta?
Ramazan yenə də etiqadla cavab verdi:
– Hər kəsin bir məntiqi var. Mən sən istəyən kimi fikirləşməyə borclu deyiləm.
Fikrət ayağa qalxdı:
– Yoldaş İsmayılzadə, mənə bir də söz verin! – dedi.
İsmayılzadə, nəfəsi daralmış kimi, bərkdən köksünü ötürüb ayağa qalxdı:
– Əgər belə danışıqlardan bir fayda hasil olsaydı, iclası sabaha qədər davam etdirərdim.
– Axı mənim sözlərimi yaxşı başa düşmədilər!
Usta Ramazan yalnız böyründəki adamların eşidə biləcəyi bir səslə atmacaladısa da, hamı onun dediyini eşitdi:
– Çünki söz danışmağı da bacarmaq şərtdəndir!
İsmayılzadə yenə mühəndis Fikrətə söz verdi. Fikrət danışığına başlamazdan əvvəl bütün iclasdakılara sakit və təlqincdici bir nəzər saldı.
– Məncə, – dedi, – başqa sahələrdə çalışan adamlar hissə qapılsalar da, neftçilərin buna qətiyyən haqları yoxdur. Çünki belə-belə üsullarla işləməyə başlasaq, nəticədə avantyuraya gedib çıxa bilərik. Yoldaş İsmayılzadə, siz elə güman edə bilərsiniz ki, mən ağır işdən qorxduğum üçün belə danışıram. Əlbəttə, bu cür güman etmək heç doğru deyildir. Mən deyirəm ki, bizim trestin yarısı dənizdədir. Oranın xüsusiyyətlərini unutmaq olmaz. Axır bunun yazı var, qışı var, qarı var, boranı var. Stixiya ilə mübarizəni sizin təsəvvür etdiyiniz kimi planlaşdırmaq olmaz. Bəzən bir boran altı-yeddi aylıq əməyinizi bircə dəqiqənin içərisində puça çıxarır. Kənardan baxan müşahidəçilərə elə gəlir ki, dənizdə çalışan Bakı fəhlələri ilə qurudakılar arasında fərq vardır. Halbuki bu belə deyildir. Fəhlə həmin fəhlədir, lakin iş şəraiti tamamilə başqadır.
İsmayılzadə, yazı stolunun qabağında duran balaca dəyirmi stol üstündəki qrafindən Fikrətin su töküb içdiyini görəndə, onun səhərəcən danışmağa hazırlaşdığından qorxurmuş kimi:
– Yaxşı, siz nə təklif edirsiniz? – deyə tələsik soruşdu.
– Təklifim aydındır. Planı artırmayaq. Onu vaxtında ödəmək özü də böyük qəhrəmanlıqdır. Biz yarış üçün ayrı şərtlər düzəltməliyik.
İsmayılzadə qaşqabağını salladı:
– Məncə şərtlərdə qüsur yoxdur, – dedi, – qüsuru şəxsən özünüzdə axtarıb tapsanız və onu tezliklə islah etsəniz həm biz qazanarıq, həm də siz. – Bir anlıq sükutdan sonra Qüdrət iclasdakılara üz tutaraq əlavə etdi: – Yalnız bircə şeyi xatırlatmaq istəyirəm ki, qvardiyaçılarımız düşmən üzərinə hücuma keçəndə qarı-boranı nəzərə almırdılar. Biz hansı əsasa görə bunu nəzərə almalıyıq? İclası bağlı elan edirəm!
İsmayılzadənin dodaqları xəfif bir tərzdə səyridi.
Oturanlar ayağa qalxdılar, Fikrətlə tərəfdarları bu gözlənilməz nəticədən sonra deməyə söz tapmadılar.
Usta Ramazan isə ikinci mərtəbədən, yük maşınları və M-1 dayanmış həyətə enəndə, köhnə dostu Timofey Sidoroviçə yan alıb deyirdi:
– Hər şeyimiz öz yerindədir. Bircə trest müdirimiz çatışmırdı, onu da yollayıblar, heç bilmirəm bunlar özgə nə istəyirlər?
3
Tahir axşam teatr salonunda Lətifəni axtararkən üçüncü sırada bir-birilə yanaşı oturmuş Qüdrətlə Laləni gördü. Onlar məramnaməyə baxır, öz aralarında nəyi isə müzakirə edirdilər. Tahirin qulağında səslənən danışıqlar onların dediyini eşitməyə mane olurdu. İlk dəfə İsmayılzadə ilə kabinetində görüşərkən göy sətindən qoşa cibli, sadə iş köynəyi geymiş Qüdrət, indi tünd, mavi şevyotdan, çiyinləri azacıq dik oturan təzə kostyum, hava rəngində uzun yaxalıqlı köynək geymiş, yeri qara, xalları isə ağ olan qalstuk taxmış, dolğun üzünü tərtəmiz qırxmışdı. Saçlarını odekolonla isladıb daradığı üçün, dalğa-dalğa parıldayırdı.
Tahir qeyri-ixtiyari dayanıb, diqqətlə onları süzməyə başlayanda, Lalə, üzünə zillənmiş baxışları hiss edib başını yuxarı qaldırdı. Qüdrət də eyni sürətlə gözlərini qaldıranda Tahiri gördü və dodaqaltı Laləyə nə isə dedi. Onun dediklərinin özünə aid olduğunu hiss edən Tahir, utandığından tez başqa səmtə çevrildi: “Yanındakı arvadıdır” deyə düşündü. Lalənin açıq alnı o dəqiqə Tahirin təsəvvüründə nəqş olundu: “Xoşbəxtlər!” deyə fikirləşəndə, yenə Lətifə yadına düşdü, və o, salonun cərgələrinə göz gəzdirməyə başladı.
Lətifə gözünə dəymirdi. İstirahət günündə buraya bilet tapan bəxtəvərlərin çox yarısı qadınlar və qızlardı. Onların içərisində Lətifənin olmaması Tahirə son dərəcə qeyri-təbii görünürdü. O, buna inanmır, inanmaq istəmirdi. Yəqin haradasa oturub onu gördüyünü və incik halda üzünü başqa tərəfə tutduğunu düşünürdü.
Bu anda işıqlar söndü. Tahir yüyürüb yeddinci cərgənin qurtaracağında yerini tutdu və yalnız indi anladı ki, Lətifəni bu adamlar arasında axtarıb tapmaq üçün çox-çox bundan əvvəl gəlməli imiş. “Buradadır, yəqin buradadır” deyə qət elədiyi zaman həzin və lirik bir musiqi səsi ucaldı. Adətən bu cür müqəddimələri dinləməyən tamaşaçı, hələ də hay-küyə ara vermirdi.
Tahirin gözləri qarşısında rəssam əlilə canlandırılmış müəzzəm Volqa lövhəsi açılanda salon elə bil ölü bir sükut içində donub qaldı.
Ostrovskinin mənsur şer qədər cazibəli ifadələrini Tahir yalnız indi eşidirdi. Tanımadığı həyat və insanlar onun qəlbinə birdən-birə yaxınlaşdı, səhnədəkilərin dekor və aktyor olduğunu unutdu. Əgər yanında bir oğlan “bu gün filankəs oynayır” deməsəydi bu ilk intibahı bəlkə də tamaşanın sonuna kimi pozulmayacaqdı.
Kədər mücəssəməsi kimi sakit və əzəmətli addımlarla gələn Katerina, Tahirə yenə səhnədəki mənzərənin şərtiliyini unutdurdu. Gənc və gözəl rus qadını heç bir söz demədiyi halda, bütün görkəmi ilə, səhnədə danışan adamların hamısından çox mənə ifadə edirdi. Lakin Tahir onun sözlərini eşitməyə tələsirdi.
Nəhayət Katerina dilləndi:
– Ana can, mənimçin doğma anamla sən birsən. Tixon da səni sevir”.
Tahir: “Ana, qayınanadır. Bax, mən belə gəlinləri sevirəm. Ana nə qədər kür olsa, gəlin yenə də onun könlünə toxunmamalıdır” deyə düşünərək, öz anasını xatırladı və Kabanikanın acı sözlərini eşidəndə tez fikrini dəyişdi: “Yox, mənim anam belə deyil, o belə zalım deyil”. Katerinanın mehriban qəlbinə toxunan qaba ittihamlar yağmağa başlayanda, Tahir tamam əsəbiləşib daha Kabanikanı dinləmək istəmədi və bir anlığa gözlərini oradan çəkərək səhnəyə yaxın oturmuş tamaşaçıların üzündə gəzdirəndə, birinci yarus lojada bir qızla çiyin-çiyinə əyləşib boynunu irəliyə doğru uzatmış və kirpiklərini bir dəfə də qırpmadan səhnəyə baxan Lətifəni gördü. Bu anda Tahirin fikri alt-üst oldu. Onunla qabaq-qabağa gələndə necə salam verəcəyini, ilk dəfə ona nə deyəcəyini, ondan nə cavab ala biləcəyini fikirləşib, ürəyi bərk döyünə-döyünə pərdənin qurtarmasını gözlədi. Ancaq pərdə örtüləndə, hazırladığı cavablardan heç birinin yadında qalmadığını görüb pərt oldu.
Kitabxana.az · https://kitabxana.az/en/works/mehdi-huseyn-dorduncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Düşərgəyə gəldiyimiz vaxtdan çox keçməmişdi, buna baxmayaraq, bir-birinə bənzəyən günlərin sayını-hesabını itirmişdim. Məzmunsuz və faydasız keçən günlər deyil, dəqiqələr belə bəzən insana əbədiyyət qədər qəmgin və intəhasız görünür. Son zamanlarda mən hər şeyə nə isə çox laqeyd və biganə baxırdım. Az qalırdı, hətta, qızlarımın da taleyini unudam. Fürsət düşdükcə Bakıya məktub yazıb evimizdən cavab almasaydım, doğrudan da onları yadımdan çıxara bilərdim. Düşərgə həyatı, xüsusən leytenantın ən cüzi bir şey üstündə hədsiz dərəcədə kobud rəftarı yalnız məndə deyil, çoxunda ümidsizlik, bəlkə də bədbinlik hissi oyatmışdı. Leytenant ən adi sözümüzə və hərəkətimizə irad tutur, qanunsuz olaraq çörək payımızı kəsir, bəzimizi günlərlə ac-susuz qoyub, həbsdə saxladırdı. Əlbəttə, bu hamının bildiyi həbsxana deyildi. Müqəssir saydığı adamları özünə ram etmək üçün leytenant Rudəki kolxozundan bir otaq alıb, pəncərəsinə dəmir barmaqlıq vurdurmuşdu. Bu otaağa düşənlərə çörək və su vermək leytenantın keyfindən asılı idi. Vaxtı ilə hansı səbəbdənsə həbsə düşmüş adamlar bu hərki-hərkiliyi gördükcə deyirdilər:– Orda heç olmasa intizam var. Məsələn, bilirsən ki, səhər tezdən həyətə çıxardıb, təmiz havada gəzdirəcəklər, saat səkkizdə, məsəl üçün, bir parça çörəyin, bir stəkan isti suyun var, saat üçdə pisdən-yaxşıdan nahar gətirəcəklər. Müəyyən vaxtlarda nəzarətçiyə pul verib, bazardan yemək şeyləri aldırmağa ixtiyarın var...
Ağır günlərin sonuMəni inşaat materialları institutunda öz işimə qaytarmışdılar. Burda rəfiqələrimin yalnız biri qalmışdı: Rima. Məlikə ilə Tura isə ali məktəblərdə dosent vəzifəsində çalışırdılar. Direktorumuz Səmədovu işdən çıxarıb, yerinə baş elmi işçi, dosent Mirzəliyevi qoymuşdular. O məni gülərüzlə qarşılayıb, qolumdan tutmuş və birbaş köhnə otağımıza gətirmişdi. O, hər gün olmasa da, iki-üç gündən bir məni yanına çağırtdırır, dissertasiyam üzərində çalışarkən necə çətinliyə rast gəldiyimlə maraqlanır:– Heç qəm yemə, qızım, – deyirdi, – geri qalmağında sən müqəssir deyilsən. Hamımız sənə kömək edəcəyik, amma sən utanma, nə lazım olsa gəl, mənə söylə.
Birinci fəsil1**Sərnişin qatarı sürətlə Bakıya yaxınlaşanda, göz işlədikcə uzanan şəhərin işıqları salxım-salxım yanır, göy üzündə sayrışan ulduzlar isə, elə bil, mavi səmanın dərinliklərindən şəhərə qibtə və həsrətlə göz qırpırdı.
İkinci fəsil1**Tahir Cəmillə bərabər axşam növbəsində işə getmək üçün motorlu qayıqlar dayanan balaca körpüyə gələndə, Xəzərin bəriyə doğru şütüyən ağ köpüklü dalğaları sahildəki boz qayalıqlara çırpılaraq şarıldayırdı. Qürub edən günəşin qızıl şüaları dənizə əks etmişdi. Dalğalar bir-birini qovaraq gəldikcə alov kimi qızarırdı. Sanki dənizdə böyük bir yanğın vardı. Srağa gün Bakının ulduzlarını, doyunca seyr etmiş Tahir, indi sahildə durub dənizə baxarkən alova bənzəyən bu dalğaları görüb, yenə Cəmilin nağıllarını xatırladı və iki gündən bəri seyr elədiyi mənzərələrin heç birini başqa yerlərdə tapmaq mümkün olmadığını düşünürdü. Burada çoxdan yaşayanlar və eyni lövhəni hər gün seyr edənlər, Xəzərin bu ülviyyətinə, ondakı boyaların bu zənginliyinə Tahir kimi valeh olmurdular. Deyəsən, onların gözü çoxdan doymuşdu və Tahirə elə gəlirdi ki, Cəmil də, o biri fəhlələr də dənizə baxmaq istəmirlər. Onların bu laqeydlikləri, təbiəti etibarilə bir qədər xəyalpərvər olan Tahirə qəribə görünürdü. O, həris gözlərini dalğalarda gəzdirməyə başladı. Lap uzaqdan aşırıla-aşırıla gələn böyük bir dalğanı sahilə qədər gözdən qoymayıb, onun hər an rəngdən-rəngə girdiyini, bəzən qan kimi qırmızı, bəzən də üfüqdə yanan bulud parçası kimi çəhrayı olduğunu görəndə, heyrətdən ağzı açıla qaldı, elə bil buraya nə üçün gəldiyini və haraya getdiyini də unutdu.