Page 2 of 10 · 10%

Fəhlələr qayıqdan düşüb buruğa qalxdılar.

Tahir Cəmillə bərabər döşəməyə ayaq basanda, bütün qurğunun əsim-əsim əsdiyini görüb elə bil bu dəqiqə yerindən qopacağını güman edəndə, Cəmilin qolundan bərk-bərk yapışdı. Cəmil yenə qaqqıldayıb güldü.

– Əyə, sən də yaman qorxaqsanmış! Bəri gəl, titrəməyinə nə baxırsan? Ayağımızın altı möhkəmdir. Eh, sən hələ nə görmüsən? Bu buruq elə boranlara sinə gərib ki,

Bu anda Tahirin gözləri buruğun üstündən səmaya dikəlmiş dəmir qülləyə və onun zirvəsində ayaq üstündə durmuş fəhləyə zilləndi. Ona elə gəldi ki, həmin fəhlənin həyatı bir tükdən asılıdır, əgər bircə dəqiqə bərk külək əssə və ya bir təsadüf nəticəsində ayağı sürüşsə, fəhlə müvazinətini itirəcək və kəllə-mayallaq gəlib dənizə düşəcəkdir. Kim bilir, onu xilas etmək mümkün olacaqmı? Bunu fikirləşəndə Tahirin bədənindən soyuq bir cərəyan keçdi və o, cəld gözlərini qüllədən çəkdi, buruğun içindəki maşınlara və alətlərə baxdı. Hər şeydən əvvəl nəzərini cəlb edən dirillometr oldu. Sonralar, bu cihazla quyudakı baltanın üzərinə düşən təzyiqi ölçdüklərini öyrəndi. Onun uzun, qara əqrəbi bir nöqtədə hərəkətsiz dayanmışdı. Dirilliometrin dibində oturmuş, sağ əlini gicgahına dayayıb gözlərini yerə dikmiş buruq ustası müavini Vasilyevi görəndə Tahir fikirləşdi: “Yəqin bu maşının dilini hamıdan yaxşı bilən odur”.

Cəmil Tahirin qolundan tutaraq, quyunun yanında durmuş və qaldırıcı maşının hərəkətinə diqqətlə göz qoyan usta Ramazana tərəf apardı. Buradakı şeylərin hamısı Tahirə yeni və maraqlı görünürdü.

– Usta, Tahir budur, – deyə Cəmil yoldaşını Ramazana təqdim edəndə, o gah ora, gah da bura zillədiyi gözlərini çəkib, qoca buruq ustasına baxdı.

Günlüyü əyilmiş boz şapkasının altından ağ saçları görünən usta, qaşqabaqlı halda, bozumtul gil məhluluna bulaşmış iri və qabarlı əlini qalın brezent şalvarına sürtüb Tahirə uzatdı... Onlar bir-birinin əlini sıxdılar.

Usta qəzəbli və sərt görünən yorğun gözlərini bir an Tahirin üzündə dolandırdı. Fikri özgə yerdə imiş kimi, bir müddət dinmədi. Nəhayət o, Tahirin səbirsizliklə gözlədiyi ilk sözü ağır və təmkinli bir əda ilə söylədi:

– Çox gözəl! Çox əcəb!

Görünür, Cəmil Tahirə dair ustaya hələ heç bir şey demədiyi üçün, Ramazan onun gəlişini bu cür biganə qarşılayırdı. Lakin bu biganəlik uzun sürmədi. Yan tərəfdə gil məhlulu hazırlayan fəhlələrə yanaşaraq, onlara nə isə dedikdən sonra, usta yenə Tahirin yanına qayıtdı və onun ilk sualı bu oldu:

– Hə oğlum, bir de görüm özün gəlmisən, yoxsa gətiriblər?

Usta Ramazan “gətiriblər” sözünü nisbətən ucadan və xüsusi bir ifadə ilə söylədi. Bu suala necə cavab verməyin daha xeyirli olduğunu bilməyən Tahir, Cəmilin üzünə baxdı. Cəmil dostuna kömək etmək üçün:

– Könüllü gəlib, usta, – deyə ucadan səsləndi. – Mədəndə işləməyə çoxdan həvəsi varmış.

Ramazan dinmədi, “könüllü” sözünü eşitdikdən sonra, onun ürəyində Tahirə münasibəti dəyişdisə də yenə sir-sifətinin qırışığı açılmadı.

Tahir elə bil onun sərt baxışlarından qorxub gözlərini yerə dikdi. Usta:

– Hə, yaxşı oldu gəldin, bacıoğlu... – dedi və qazıma borularını quyuya endirən fəhlələrə tərəf dönərək, işini unudub maraqla Tahiri süzən cavan oğlanı səslədi: – Qrişa! Oğlum nə baxırsan, bu da sənin kimi bir oğlandır də...

Qrişa bir suyu Səməndərə oxşayan, gödək və kürən bir oğlandı. O, fəhlə yoldaşı ilə bərabər qazıma borularını çıxarmaq üçün quyuya tərəf gələndə, təsadüfən Tahirin böyrünə toxundu. Üzr istəmək əvəzinə hələ bir Tahirin üzünə çımxırdı da:

– Ay uşaq, əl-ayağa dolaşma!

Tahir gözləmədiyi təkandan yıxılmamaq üçün müvazinətini saxlamağa çalışaraq, tərs-tərs Qrişaya baxdı və onun “təhqirinə” dözməyərək, ustanın da eşidib-eşitmədiyinə fikir vermədən:

– Uşaq özünsən! – dedi. – Əl-ayağa da dolaşan mən deyiləm, sənsən. Görürsən adam durub, o yandan get də...

Qrişanın yanındakı fəhlə də sözə qarışdı:

– A bala, gəmidə oturub, gəmiçi ilə dava eləmə. On dəqiqə olmaz, gəlmisən, indidən belə eləsən, sonra lap korlarsan ki!

Tahir onun da üstünə bozardı:

– Hər yoldan ötən üçün təhərimi dəyişməyəcəyəm ki?

Ramazan isə dinmir, təzə şagirdini imtahan edir kimi, onun hər bir sözünə, hər bir hərəkətinə diqqət yetirirdi. O, ürəyində Tahirin bu məğrurluğunu bəyənir, onunla öz gəncliyi arasında qəribə bir bənzəyiş görürdü. Yaxşı xatırladığı məşəqqətli gənclik illərində o da hər sözü götürməz, heç bir təhqiri əvəzsiz qoymazdı. İndi isə o, Tahirdən gözlərini çəkmir, “Başı qapazlı olmaq istəməyən uşaqdan xoşum gəlir” deyə düşünürdü. O, özünün zəngin həyat təcrübəsindən çox gözəl bilirdi ki, belə adamlar əksər hallarda ağır söz eşitməmək üçün səliqəli olmağa çalışır, məhz qürurunun sayəsində həmişə irəlidə getməyə və barmaqla göstərilməyə can atarlar.

Qrişa özünün günahkar olduğunu ürəyində etiraf eləyirdisə də, üzdə Tahirə xor baxır, quyunun yanında durub ustanın əmrini gözləyirdi.

Ramazan belə ixtilafları həmişə sülh yolu ilə yatırardı. İndi də yavaş-yavaş yerindən tərpənərək:

– Yaxşı, yaxşı, dalaşmayın. Bölünməmiş ata malınız yoxdur ha? – deyərək, Qrişa ilə o biri fəhləyə əmr verdi: – Sallayın boruları!

Cavan fəhlə cəld bir hərəkətlə əlindəki açarı quyuya endiriləcək boruya keçirərək hərlədi və açarın uzun dəstəyini düz qabağında duran fəhləyə uzatdı. Borular bir-birinə bitişdi və sonra xırıldayaraq yavaş-yavaş quyuya enməyə başladı.

Bu sadəcə əməliyyata heyrətlə tamaşa edən Tahir, hər şeyi birdən tez öyrənməyə tələsərək usta Ramazandan soruşdu:

– Bu nədir belə, usta?

Ramazan təzə gələn şagirdin işlə bu cür tanış olmaq istədiyini bəyəndisə də, adəti üzrə qaşqabaqlı cavab verdi:

– Tələsmə, bacıoğlu, hamısını biləcəksən.

Tahir ustanın belə acıqlı cavab verməyində özünü müqəssir gördüsə də, Qrişaya dediyi sözlər üçün heç bir peşmançılıq hissi duymadı. “Lap yaxşı eləmişəm. Nə olar, olar. Qoy indidən bilsin ki, mən hər itə, qurda yaltaqlanmayacağam”.

Bu anda qoca usta başını dik qaldırıb dəmir qüllənin zirvəsində durmuş fəhləni səslədi:

– Heydər, yatma, bala!

Tahir də gözlərini ustanın göstərdiyi səmtə zilləyib, buruğun qülləsində dayanmış fəhləyə baxdı.

O, aşağıdan qalxıb bərabərinə yetişən qıfılı qazıma borusuna keçirdi. Boru dərhal aşağı enməyə başladı.

Usta təzəcə gəlmiş fəhlələrə üz tutdu:

– Hə, indi siz başlayın.

Ustanın hər bir hərəkətinə diqqətlə göz yetirən Tahir yerindən qımıldanmırdı. Ramazan bir xeyli vaxt fəhlələrə nə barədə isə əmrlər verib qurtardı və nəhayət, Tahirin səbirsizliklə gözlədiyini xatırlamış kimi, ona sarı döndü:

– Hə, bacıoğlu, bu gündən sonra gərək buraların qayda-qanununa alışasan. Qoy Cəmil səni gəzdirib, öyrətsin.

Bu sözlərin mənası Cəmilə aydın idi. Çünki o özü də ilk dəfə bura gələndə, fəhlələrdən biri onu təhlükəsizlik texnikasının ən zəruri tələbləri ilə tanış eləmişdi. Bu vəzifəni indi Cəmilin özünə tapşırırdılar.

– Oğlum, – Cəmil, – deyə usta sözünə davam etdi... – Bilirsən də?

– Bəli, usta, mən Tahiri başa salaram.

Cavan dostlar qocadan aralandılar. Cəmil buruqlardakı mexanizmlərin adını deyə-deyə onlardan hər birisinin vəzifəsini qısaca izah etməyə başladı. Hansı alətin nə zaman qorxulu olduğunu və hər bir təhlükədən necə qorunmaq lazım gəldiyini ona söylədi. O, Tahirin tez-tez verdiyi sadəlövh suallara artıq nə gülür, nə də təəccüb edirdi.

– Kənardan baxanda deyirsən nə var, borunun ucuna baltanı bağla, salla quyuya, qaz getsin. Daha orasını bilmirsən ki, bu maşınların hərəsini əməlli-başlı öyrənməkdən ötrü gərək yekə bir kurs keçəsən.

Cəmil hər bir briqadaya daxil olan ayrı-ayrı adamların vəzifələrindən danışanda, Tahiri bir məsələ maraqlandırdı:

– Deməli, mən burada nəçi olacağam?

– Hələlik şagird. Amma bizim usta bir yerdə ayaq döyənləri xoşlamır ha...

Bu sözlər Tahirin ürəyindən oldu: “Şagird... Gərək, mən on gündən sonra bu adı üstümdən götürdəm”.

Onlar kəlləçarxa doğru uzanan əyrim-üyrim taxta pilləkənin dibinə çatanda, Tahir Cəmili dayandırdı.

– Yuxarıya nəyə qalxırlar?

– Orada gərək fəhlə olsun. Ona verxovoy deyirlər. O, yuxarı qaldırılan, aşağı salınan boruları qarmağa keçirir.

– Onun işi çətindir hə?

– O baxır adamına. Heydəri görürsən? Çox qoçaq oğlandır. Usta onun xətrini yaman istəyir. Gəlsənə biz də onun yanına dırmaşaq, hə?

Tahir yuxarı baxdı. Doğrusu gözləri qaralan kimi oldu:

– Hələ yox, – cavabını verdi, – qoy bir az alışım.

Cəmilin dodaqlarında xəfif bir təbəssüm titrədi. O bilirdi ki, Usta Ramazan bu gün də olmasa, sabah Tahiri mütləq ora dırmaşdıracaq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets