İkinci fəsil
Page 4 of 10 · 30%
Tahir ustanın durğun baxışlarından, ağır və təmkinli hərəkətlərindən özü barədə nə fikrə gəldiyini bilməyə tələsdisə də, heç bir vəchlə qocanın ürəyini oxuya bilməyib, şübhə və tərəddüd içində qaldı.
Bu anda haradansa gəlib ustanın qarşısında dayanan bir qız, qocaya nə isə xəbər verib geri qayıdanda, Tahirin gözünə sataşdı. Onun haradan və nə üçün gəldiyi ilə maraqlanan Tahir, elektrik lampalarının titrəşən işıqlarında onu oğrun-oğrun, amma çox diqqətlə süzdü. Qızın uzun, gur hörüyü sinəsindən aşağı sallanmışdı. Tünd abı parçadan gödək bir tuman, göy sətindən də iş köynəyi geymişdi. Döş cibində ucları iti qəddənmiş bir cüt qara karandaş, əlində isə qəzetə bükülmüş qalın bir kitab vardı.
Tahir onu birdən tanıdı. Gənc fəhlələrin otağına Dadaşlı ilə bərabər gələn, axşam da cavan fəhlələri kinoya aparan qız idi. Cəmili görəndə, o, utancaq bir tərzdə gülümsünərək salam verdi. Sonra da Tahirin üst-başına baxıb, xəfif bir tərzdə istehza ilə gülümsündü. Deyəsən qız da bunu tanımışdı. Onun nə üçün qımışdığını fikirləşəndə, Tahirin ürəyinə şübhə damdı: “Yəqin mənim üst-başıma gülür. Daha bilmir ki, iş paltarımı hələ almamışam”.
Doğrudan da burada heç bir fəhlə öz paltarında işləmir, Tahir kimi də palçığa bulaşmırdı. Lətifənin istehzası iki səbəbdən ola bilərdi: o, ya Tahirin nabələdliyinə, ya da səliqəli paltarını korlamağına gülürdü.
Lətifə, deyəsən, Tahirin bir qədər tutulduğunu duyub, sifətini ciddiləşdirdi və ona ani bir nəzər salaraq, cəld aralandı. Tahir isə yerindən tərpənməyərək, onun dalınca baxdı və uzun, gur hörüyün birinin də arxasından sallandığını gördü. Həmin qız olduğuna zərrə qədər də şübhəsi qalmadı. Sonra Cəmilə tərəf dönüb, yalnız onun eşidəcəyi bir səslə xəbər aldı: – Ögünkü qız deyil?
– Hə... Özüdür ki, var, necə məgər?
– O burada işləyir?
– Hə...
Tahir Lətifəyə lap yaxından, doyunca tamaşa etmək istədi. Ancaq bu mümkün olmadı. Bir azdan sonra Lətifə buruğa yan alan balaca bir qayıqla sahilə yola düşdü.
Doğrusu, Cəmil Tahiri usta Ramazanın yanına gətirəndə, qocanın tutqun qaşqabağı Tahirə o qədər də xoş gəlməmişdi. Onun çox acıqlı bir adam olduğunu yəqin edən Tahir, birinci imtahandan sonra da Bakıda qalıb-qalmayacağını qərarlaşdıra bilmədi. Bütün gecə növbəsində iş gedən müddətdə Tahirin qocadan aldığı bu ilk intiba getdikcə daha da qüvvətləndi. Qoca bir dəfə də olsun onun üzünə mehriban bir nəzər salmadı və Tahirə elə gəldi ki, usta onun buruqda işləməsinə elə-belə, böyüyünün əmrini yerinə yetirmək üçün razı olmuş, əsil həqiqətdə isə, o, hər zaman Tahiri danlamağa, gözüm çıxdıya salmağa bəhanə axtaracaq və öz xoşu ilə işdən boyun qaçırıb kəndlərinə qayıtmağına səbəb olacaqdır. Əlbəttə, bu hal Tahiri çox həyəcanlandırırdı. Hər dəqiqə nəinki yalnız cavanlara, hətta təcrübəli fəhlələrə də ucadan tənbeh edən və tapşırıq verən usta, Tahirlə üz-üzə gələndə yenə eyri zəhmli gözlərilə bir an ona baxır və tez də ötüb o biri fəhlələrə yanaşırdı. Tahir bu xüsusda Cəmilə işarə vurmaq istəyirdisə də, usta Ramazanın duyuq düşəcəyindən çəkinib dinmirdi. Buruq ustası müavini Vasilyev Tahirin yaxınlığında uca səslə:
– Ramazan İskəndəroviç! Bəsdir, yorğunsunuz, üç gündür yatmamısınız. Gedin, dincəlin! – deyəndə, Tahir onun tutqunluğunun səbəbini çox yorğun olmasında görüb, özünə təsəlli verdi və birdən Lətifənin istehzalı baxışlarını xatırladı. Qızın iri gözləri daha da böyüyüb Tahirin təsəvvüründə canlandığı zaman, ürəyində nə isə şirin bir arzunun oyandığını duyub, özünə təsəlli verməyə başladı və qoca ustanın ilk nəzərdə görünən kimi, sərt və acıqlı bir adam olmadığına özünü inandırmağa çalışdı. Bu andan sonra Lətifənin xəyalı onun gözləri qabağından getmir, bəzən daha da hündürdən guruldayan maşınların səsi və ucadan bir-birinə nə isə deyən adamların bağırtıları onu fikirdən ayıranda, Lətifə müvəqqəti olaraq yadından çıxırdısa da, hər şey adi qaydasına düşəndə Tahir yenə onu xatırlayır, özünə o qədər də aydın olmayan bir ümidlə gülümsəyirdi.
Səhər, mavi üfüqdən qırmızı günəş doğanda və dalğalar sakitləşəndə, Tahirlə yoldaşları gündüz növbəsinin fəhlələrini gətirən “Çapayev” qayığı ilə sahilə qayıdan zaman, Tahir yenə Lətifəyə rast gəldi. Bu dəfə qızın gözlərində heç bir istehza ifadəsi görməyib sevindi, ilk gecə növbəsinin yorğunluğunu unudaraq, aydın yay səhərində Lətifənin boyuna-buxununa, günəşin şüalarında indi daha da yaraşıqlı görünən çəhrayı yanaqlarına baxanda, onun əvvəllər düşündüyündən qat-qat gözəl olduğunu gördü. Tahir indi onun əynindəki sadə libası da bəyəndi. Hələ rayon mərkəzində oxuyanda ipək paltar geyən, üzünü kirşanlayan, dodağını boyayan, lakin heç də göyçək olmayan qızlara və qadınlara çox rast gəlmiş Tahir Lətifənin bu sadəliyində də ürəyinə yatan gözəllik nişanələri tapırdı.
Tahirin heyranlıqla parlayan nəzərlərini öz çöhrəsində hiss edən Lətifə, səbirli addımlarla qayığa yanaşanda, ixtiyarsız olaraq başını dik qaldırıb Tahirə baxdı. Onun günəşdə yanıb mis rənginə çalan dolğun yanaqlarını, nazik dodağı üstündə yenicə tərləmiş bığ yerini görəndə, üstəlik uzunboğaz çəkməsinə, qalife şalvarına, qoşa cibli mixəyi köynəyinə nəzər salanda, yenə də dodağında o istehza titrədi. Tahir yalnız indi başa düşdü ki, onun gözlərində bu ifadə həmişə olur və o Tahiri ələ salmaq xəyalında deyil, əksinə, Lətifə ona qarşı çox nəvazişkar bir tərzdə baxır. Tahir də ona nə isə bir söz demək, ondan nə isə bir söz eşitmək istədi. Lakin Lətifə addımlarını yeyinlədib cəld qayığa mindi, sahildən aralanıb mədənlər arasından uzanan asfalt yola çıxmış Cəmil isə, birdən yuxudan oyanan kimi olub sağına-soluna boylananda, Tahiri yanında görmədiyindən, geriyə dönüb onu səslədi:
– Bəri gəl, Tahir, buralara nabələdsən, birdən azıb-elərsən!
Cəmildən iki-üç addım irəlidə gedən usta Ramazan da bu sözləri eşidirdi. Üç günlük ağır və fasiləsiz işdən sonra bərk yorulduğu üçün, ayaqlarını sürüyə-sürüyə gedirdi. O da dönüb geriyə boylandı və Tahiri gözlədi. Tahir özünü onlara yetirəndə, usta Ramazan bığaltı qımışdı:
– Hə, buruq xoşuna gəlirmi? – deyə ondan soruşdu.
Dünəndən bəri qaşqabağı bir dəfə də açılmamış ustanın bu təbəssümündən Tahir ürəkləndi:
– Maraqlı işdir, usta... – dedi, – mən elə bilirdim ki, buruqdan çıxanda üst-başım qapqara mazut olacaq. Axı kinolarda fəhlələri həmişə mazutlu göstərirlər.
Usta Ramazan asfalt yolun üst yanındakı köhnə buruqda yeraltı təmirlə məşğul olan fəhlələri göstərib, təsdiqləyici bir tövrlə başını tərpətdi:
– Elələri də var, oğlum... – dedi, – bax, onlar həmişə elədir. Hə, yaxşı oldu, gəldin, bala. Sənətimiz çətin sənətdir. Ancaq çox vacib sənətdir. Hər buruğu qazıb qurtaranda, illah da quyu bol nöyüt verəndə, bilirsən ki, böyük-böyük işlərə köməyin dəyir. Bala nöyüt fəhləsinin üst-başı qaradır, ancaq ürəyi brilyant kimi parıldayır.
– Kirovu gördüyümə inanmırsan bala?
Tahirin yanaqlarında qızartı əmələ gəldi. Az qala qocanın sözünü yarımçıq kəsib cavab verdi:
– Yox, niyə inanmıram? Deyirəm, yəni lap dostsunuz?
– Rəhmətlik çox mehriban adamdı, oğlum... Elə, tanış olduğumuz gün mənimlə dostlaşdı. – Qoca dərin bir ah çəkdi. – Eh, namərdlər onu cavan yaşında əlimizdən aldılar... Hələ Leninqrada gedəndən sonra da məni yadından çıxarmırdı. Bir neçə kərə kağız da yazmışdı. Oralara yolu düşən adamlardan da həmişə məni soruşarmış... – Ustanın yorğun gözləri doldu və o iki-üç dəfə başını tərpətdi. – Ölümündən xəbər tutanda, azı on il qocaldım... Azərbaycana çox yaxşılıq eləmişdi... O namərdlər elə bil gülləni mənim ürəyimə vurdular. Ax, ona əl qaldıranı gərək dara çəkəydilər! – Ustanın gözlərində qəzəb qığılcımları parıldadı və o, havada yumruğunu düyünləyib dişini qıcıdı. – Gedək, bala gedək? Hər gün buradan keçəndə o yadıma düşür... Bu görünən buruqları qazanda gecəli-gündüzlü burada olardı. Az-az adam fəhlənin dilini onun kimi bilərdi.
İlk təsadüfdə Tahirə son dərəcə qəzəbli görünən qoca Ramazana qarşı özünün də aydın dərk edə bilmədiyi bir ehtiram hissi oyanmağa başladı. İndi Tahirə elə gəldi ki, heç vaxt onun dünəndən bəri xəyal etdiyi kimi acıqlı və kinli ola bilməz. Tahir əvvəlcə sağ tərəfində gedən Cəmilin, sonra da sol tərəfində elə bir pəncə vura-vura addımlayan usta Ramazanın üzünə zənlə baxdı. İndi Tahir hər gün rast gəldiyi adi bir insanla deyil, təcrübəli neftçi və yaxşı insanla yanaşı addımlamağı hər adama qismət olmayan bir səadət hesab edir və o, başını yana tərəf çevirib usta Ramazana baxdıqca gözləri iftixar hissilə alışıb-yanırdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/mehdi-huseyn-ikinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
I**Nizaminin əsərlərində səkkiz əsrə yaxın uzun bir dövrün ağır imtahanlarından çıxan və köhnəlməyən cəhətlər hansıdır?
Nizamiİştirak edənlərNizami Gəncəvi*
Birinci şəkilGəncə, Nizaminin eyvanı qarşısında bağça. Hər tərəf sakitdir. Mütəmadiyən ötən bülbülün nəğməsindən başqa bir səs eşidilmir. Sürətli addımlarla gələn Qivami sağa-sola baxınır. O, kədərlidir.*Qivami**
İkinci şəkilQədim Bərdə yaxınlığında bir ovlaq. Göz işlədikcə uzanan dərədə şəhər görünür. Gözəl saraylar yaşıllıq içindədir. Qivami ağacın kölgəsindəki çeşmə başında oturub pəsdən zümzümə edərək, şərab içir. Arabir əsən xəfif külək, onun qıvrım saçlarını oxşayır.*Qivamidən iki-üç addım kənarda Yusif uzanıb yatmışdır. Günorta vaxtıdır.*
Poems by other poets
Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Kim olaFələyin əlindən qılan ah-ü zar,Biri mənəm, biri, ya rəbb, kim ola.
TürklərOl qoçaq iranlılar,Ol igit osmanlılar,
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül