Page 5 of 8 · 50%

Ərinin sözlərindəki incə istehzanı yalnız indi hiss edən qarı, Tahirin boy-buxununa, üz-gözünə daha da maraqla baxmağa başladı.

Usta gəlib Tahirin düz qənşərində oturdu:

– Hə, indi danış görüm, bu nə əhvalatdı, oğlum? Görünür günah məndə olub, yəqin xətrinə dəymişəm.

Tahir vağzaldan evə gəlincəyədək bir kəlmə də danışmamış qocanın bu tənəli sözlərini eşitdikdə, yavaş-yavaş başını yuxarı qaldırdı, utancaq və ürkək nəzərlərlə ona baxdı:

– Yox, usta, səndən şikayət eləməyə mənim nə haqqım var? – O yenə susdu, bir neçə anlıq sükutdan sonra, getməyinin səbəbini yalnız indicə tapmış kimi, aşağı əyilmiş belini düzəltdi və əlavə etdi:

– Anamı tək qoyub gəlmişəm, usta. Kənddə onun heç kəsi yoxdur.

Tahir yenə anasının məktubunu xatırladı. Onu döş cibindən çıxarıb ustaya göstərmək də istədi. Birdən “lazım deyil özünün azmı dərdi var?” deyə düşünüb bu fikrindən daşındı.

Usta Ramazan Tahirin qəribsədiyini Nisaya söyləyəndə, məhz anası üçün darıxdığını nəzərdə tuturdu, amma onun bu cavabının qeyri-səmimi olduğunu duyub, dedi:

– Daha qaçmaq niyə? Bunu mənə əvvəldən deyə bilməzdin?

– Öz dərdin azdırmı, usta?

Usta qaşqabağını yığışdırdı, nüfuzedici gözlərlə şagirdinə baxdı:

– Dərdim? Mənim nə dərdim var? – dedi və Nisanın burada olduğunu unudaraq səsini ucaltdı: – Mənim dərdim odur ki, oğlanlarımı yollamışam davaya. İndiyəcən heç birindən xəbər-ətər yoxdur. Onların əvəzinə adam yetişdirmək lazımdır, ya yox? Sən də ol mənim oğlum, ya da nəvəm, çalış irəli get də... Yaxşı, tutaq ki, qaçdın. Bundan anana nə fayda?.. Eh, oğlum, siz xoşbəxt zəmanənin övladlarısınız!.. – Qoca duruxdu.

– Ancaq deyəsən cavanlar bu zəmanənin qədrini yaxşı bilmirlər...

Usta həyəcanlanıb, ayağa qalxdı, əli belində otaqda var-gəl etdi, sonra isə Tahirin başı üzərində dayandı:

– Keçmişdə Paşanı, Əhmədi oxutmaq istədim, gücüm çatmadı, on iki-on üç yaşa çatanda aparıb güc-bəla dəmirçi şagirdi qoydum. Şura hökuməti olmasaydı, onlar da mənim kimi savadsız qalacaqdılar. İndi sizə nə var ki?.. Nə qədər istəyirsiniz oxuyun, işləyin, irəli gedin. İndi elə bir zəmanədir ki, insanın bəxti öz əlindədir.

Tahir nə isə demək istədi, ancaq tez də fikrini dəyişdi. Bunu dərhal hiss edən usta, Tahirə qayğılı və mehriban bir nəzər saldı.

– Hə, de görüm, nə sözün var? Mən də sənin atan...

Tahir cəsarətləndi və qəlbindəki incə narazılığı gizlətmək istədi:

– Usta, məni o qədər də avam hesab eləmə. Mən zəmanəmizin qədrini yaxşı bilirəm.

– Əgər bilirsənsə, oxu də... İndi elə vaxt deyil ki, buruq ustası olmaq üçün otuz-qırx il külüng çalasan, onun-bunun qabağında ikiqat əyiləsən? Bu gün şagirdsən, sabah açarçı olacaqsan. Bir ildən sonra buruq ustası müavini, bir neçə ildən sonra da buruq ustası olacaqsan. Əgər incinarlıq istəsən, o da özündən asılıdır.

Anasının təkliyinə dair dediyi sözlər, indi Tahirin özünə də çox sadə görünürdü. O hiss edirdi ki, qaçmağına səbəb yalnız bu olmadığını usta da duymuşdur. Odur ki, özgə bir bəhanə uydurmaq fikrinə düşdü. “Komsomol işimi gətirmək lazımdır” demək istədi, ancaq bunun üçün də qaçmağın ağıllı bir hərəkət olmadığını tez anlayıb dinmədi.

Ramazan isə onu təbliğ üçün yox, öz daxili etiqadı ilə yanıqlı-yanıqlı deyirdi:

– Özünü tərifləyən adamlardan zəhləm gedər. Ancaq yadında saxla ki, Ramazan hər şagirdin bəxtinə çıxan ustalardan deyil. Yaxşı, mən bu dünyadan köçüb getdim, bəs yerimdə kim qalacaq?

Nisa qarı bayaqkı düşüncələrini xatırladı, ərinin qəmli bir səslə dediyi bu sözlərdə ömrünün sonuna çox az qalmış bir insanın acı etirafını və bu etirafdakı həqiqəti dinlərkən, ixtiyarsız olaraq köksünü ötürdü: “Doğrudan da yaman qocalmısan, kişi...” – deyə fikrindən keçirdi.

Usta gəlib yerində oturdu:

– Ancaq mən ölsəm də bu dünyadan ürəyi rahat gedəcəyəm – deyib, bir neçə dəqiqə fikrə getdi.

Tahir onun gözlərində həqiqətən ölümünə təəssüf etməyən və çəkdiyi bütün əziyyətlərin ağrısını unutmuş bir insan qüvvəti duydu: “Mənim də babam öləndə usta kimi arxayın idi. O bizə baxıb gülümsəyirdi... Bu köhnə adamlar ölümü necə mərd qarşılayırlar!” – Tahir təəccüb və heyrət içində gözlərini usta Ramazana zilləyib, ürəyində öz acizliyinə qarşı baş qaldıran nifrət hissini bəyəndi.

Adətən az danışmağı sevən usta Ramazan, şagirdinin üzünə baxmadı, bütün ürəyini boşaltmağa fürsət tapmış kimi, yenə başladı:

– Bu daxmamı görürsənmi? Deyəcəksən ki, usta öz köhnə daxmasından ayrıla bilmir, amma səni isti yuvandan ayırmaq istəyir. Bilirəm, adamın öz daxması başqalarının sarayından qiymətli görünər. Elə kənd də, kolxoz da bizimdir, mən demirəm ora getmə, yox, əlbəttə yox. Ora da get. Ancaq, oğlum, Bakı ayrı aləmdir. Bax, mənim bu balaca otağımın hər qarışı təkcə mənim üçün yox, gərək hamı üçün əziz olsun. Heç bilirsən niyə? Çünki burada çox gizli inqilabi işlər görmüşük. Nisa Allah şahididir, qoy o desin!

Nisa qarı çox əziz saydığı bu xatirələrdə həmişə öz adının da çəkildiyini eşidən zaman, ürəyi qeyri-adi bir qürur və iftixarla çırpınardı. Elə indi də qəmli fikirlərindən ayrılıb ərinin sözlərini təsdiq etdi:

– Elədir, bala, elədir. Onlar içəridə oturub iclas eləyəndə, mən həmişə bayırda paltar yuya-yuya keşik çəkərdim... Sən demə, Nikolay padşahı taxtdan salmaq üçün tədbir tökürlərmiş...

Usta Ramazan iftixarla dilləndi:

– Bakını sevin, oğlum! Bakının adını həmişə uca tutun! Unutmayın ki, çox yer işığı buradan alır!

Söhbətin qurtardığını güman edən Nisa qarı, balkona çıxdı və orada qurdalanmağa başladı. Onun xörək gətirməyə getdiyini düşünən Ramazan, bir xeyli gözlədisə də, qayıtmadığını görüb içəridən səslədi:

– Ay arvad, gözləməkdən gözümüzün kökü saraldı, yeməyə nəyin var?

Qarı əlindəki işi bir tərəfə atdı (gəlinlərinin yorğanını yuyub, yununu səliqə ilə didirdi) və qazanı qaz pilətəsinin üstünə qoydu:

– Bu saat, bu saat!

Ramazan isə yenə xatirələrə daldı. Həyatının acı səhifələri bir-bir vərəqlənib gözləri qarşısından keçdi.

– Əgər keçmişdə cəhənnəmi görmək istəyirdin, gərək Bakı mədənlərinə gələydin. İndi işləmək su içməkdən hasand olub. Sən jalonkanı görməmisən. Deyərdilər ki, kapitalistlər bunu fəhlələrdən hayıf almaqdan ötrü icad elətdiriblər. Amma bu saat maşın səndə, motor səndə, incinar da özündən. Qüdrət İsmayılzadəni tanıyırsan?

– Bəli.

– Bax, onun atası Salman kişi mənim fəhlə yoldaşımdı. Sahibkarlarnan o qədər vuruşdu ki, axırda ayaqlarına qandalaq vurub Sibirə sürgün elədilər. Hələ bu gün də qayıdır...

Bu anda Nisa xörək qazanını buğlana-buğlana gətirib, yemək stolunun üstünə qoydu:

– A kişi, – dedi, – bəsdir də... Az nəsihət elə! Tahir özü yekə oğlandır, səndən-məndən də yaxşı başa düşür.

Qoca usta qəsdən səsini ucaldıb gah Tahirin, gah da Nisa qarının üzünə diqqətlə baxa-baxa dedi:

– Bir var kitab oxuyasan, bir də var öz gözünlə görəsən. Mən ona gördüyümü danışıram. Bu yolda can qoyanları gərək uşaqlarımız da bilə, arvad... Mənim sinəm elə bir kitabdı də...

– Yaxşı, yaxşı özünü az təriflə!..

Ramazan arvadına cavab vermədi. Buğlanan yağlı bozbaşı mübahisəyə tərcih etdi. Nisa acıqlı-acıqlı onun üzünə baxdı:

– Vallah, sənin əlindən şikayət yazdıracağam!

– Niyə ki?

– Dava vaxtı dinmirdim. Deyirdim ki, hamı necə, sən də elə. Bəs indi evə niyə gec-gec gəlirsən? Xörəyi hər gün azı əlli dəfə qızdırıram.

Usta Ramazan nəfəsini dərib:

– Gərək bu buruğu bir ay tez təhvil verəm, arvad – dedi. – Əsil dava elə bundan sonra başlanır. Səngərdən qaçmaq kişilikdən deyil axı...

Tahir bu sözlərin öz ünvanına deyildiyini güman edib daha da pərtləşdi:

– Yox, usta, – dedi, – mən də səngərdən qaçmayacağam!

Bu anda qocanın qulağına bir səs dəydi. Kim isə ağacla qapını döyürdü.

– Hə, buyur görək, qapı açıqdır, – deyə usta ayağa qalxmadan qışqırdı. – Qayınanan səni çox istəyirmiş. Gəl!..

Qapı yenə də döyüldü. Görünür qonaq gələn adam Ramazanın səsini eşitmirdi. Usta yeməyini yarımçıq qoyub qapıya yönəldi.

– Ay səni xoş gördük!.. – deyə gələn adamı qucaqlamaq istəyirmiş kimi, qollarını açıb ucadan səsləndi.

Nisa ilə Tahirin gözləri qapıya zillənmişdi. Usta Ramazan, əlində yoğun bir əsa tutmuş qoca bir kişini çəkə-çəkə içəri gətirdi.

– Nə əcəb səndən? Nə əcəb səndən?

Ustanın, sevinci yerə-göyə sığmırdı. O, əl-ayağa düşüb ora-bura vurnuxurdu, tez kürsü gətirib, özününkü ilə yanaşı qoydu:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets