İkiləşir, özü ilə üzləşir insan.Bu dünyada, o dünyada, hardasa bir günBir yaxşı bax: nəyi çatmır bütövlüyünün?Gərək özün öz qarşında utanmayasan.

Günü sabah mən özümlə üz-üzə gəlsəm,Məni mənlə üzləşdirən qüvvədir – haqdan.İkiliyə bir tel olsa ikicə kəlməmQorxum yoxdu bu sınaqdan, bu olacaqdan.

İlk baxışdan tanımasaq bir-birimizi,Ortalıqda at oynadar vicdanı yanan!Biz əkməsək, biz dərməsək birliyimiziYalanımız doğru olar,Doğrumuz yalan.

Bir səs deyir:Ayıq ol ki, sürüşkəndir əsrin aşrımı,Hər ağrı da, hər ləzzət də sənindi, ancaqBu əməllə əlin bircə düyün açdımıUdsan, quru səs udarsan quru ədanla.

Bu günündən sabahına nə dartır gəmin,Bircə bellik su açdınmı qurumuş arxa?Qafasına çətin sığa ağıldan kəmin:Bəd əməldən uçrum qalır, ağıldan arxa.

Qəbahətli eynilərdi çox üzləşənlər,Nadanları tutaşdırıb zövq alan azmı?Bir ayının məşqi ilə qalib çıxsa şər,Bunu yalnız şərəfsizlər alqışlamazmı?

Etirafdır etibarın bünövrə daşı,İçimizdə beçə verən güvədi, qurddu,Bir yalançı heykəli var hər addımbaşı,Topdağıtmaz qalaları yalan uçurtdu.

Bu, vəsiyyət! Bu, özündən özünə məktub!Varlığı yox, «var» – desə də beləsi, vallah.İkiləşsək, «mənim» – biri ölümə məhkum,O biri də öz-özünə öləsi, vallah!..

6 sentyabr 1991

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets