Qovuldum yad çıxan səs kimi xordan,Daldan “nə işin var?” sorğusu gəldi.Ha yana üzümü tutdumsa, ordanÇəkilməz kəsafət qoxusu geldi.

Tanrı düzəninə dönməz dilləri,Vəddi, hər iş-vəd.Yer altda qurt kəsir əmici telləri,Yer üstə-rüşvət.

Həqiqət-qarşıdan gələn yalanmıTısbağa qınına girib gözləyir.Rüşvət almayan da almır, alammır,Özünə təsəlli verib gözləyir.

Yenidən oxunur köhnə qəzəllər,Oxunur ruslu, farslı dütarla.İşini görmədə görünməz əllər,Ötür karvanımız “nə işim var”la.

Bir gözəgörünməz zalım yaratıqQapıdan qovuruq cumur bacaya.Min ildi arayıb cavab tapmadıqTanrının sorduğu bir tapmacaya.

Tanrı dərgahında tale qıfılbənd,Açması:-“ya öl”dü, ”ya ayağa qalx”!Qəflət yuxusunda yatan məmləkət,Qərib gündüzündə gecəliyən xalq.

Qalx ki, Qaf dağında donan ümidinŞimal küləyinin önünü kəsmir.Orda-Savalanda yatan igidinQalxıb oyanmağa hələ tələsmir.

Üz-üzə dayanıb istiylə soyuqÜmid-dağdan aşan gündü bələndə.Yoxsa bu yerlərin gələcəyi yox,Keçmişə gəzməyə gəlir gələn də.

Köhnə təşbehsə də-qılınc qındadı,Közərir bir sönük şam ilə Vətən.

Hələ mənim kimi baş hayındadıBöyük bəlalara hamilə Vətən.

Ümidsiz-ümidsiz ötür fəsillərBir millət yığılıb bir can bəsləyir.Kar olan qulaqlar, lal olan dillər,İçində bir qəfil tufan bəsləyir.

Yazıya pozu yox tale yazansaÇətini asandır, asanı çətin.Küs görüm özündən küsmək asansa,Bu millət sənindir, sən bu millətin.

O mən, parçalanan o mənim ölkəm,Bu qürbət, bu da ki Məmməd İsmayıl.Məndən ayrılmağa gün gəzir kölgəm,Haydı, arzudakı Məmməd İsmayıl!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland