Seyid Abdulla Bəhbəhani ki, əvvəllər özünü məşrutəpərəst qələminə vermişdi, bu yavıqlarda tehrana gəlib, təzə hökumətə bir ərzihal verib və yazıb ki, “bu axır vaxtlarda Tehranda üç pis adət əmələ gəlib: əvvəlincisi – övrətlərin küçələrdə görükməsi; ikincisi – camaatın projektora getməsi; üçüncüsü – evlərdə və divanxanalarda telefon ilə danışmaq”.

Bu haman Seyid Abdulla Bəhbəhanidir ki, İranda məşrutənin əvvəlinci günlərində bunun adını qırmızı baydaqlara yazıb gəzdirirdilər.

İndi də belə.


Təəccüb budur ki, belə qəribə insanlar İranda az deyillər; məsələn, götürək İclalül-Mülkü. Elə ha eşidirdik ki, “Məşrutəçi İclalül-Mülk”, “Hürriyyətpərəst İclalül-Mülk”, “Vətəndust İclalül-Mülk”.

Amma indi?

İndi hər kəsi dindirirsən, deyir: “Müstəbid İclalül-Mülk”, “Zalim İclalül-Mülk”, “Xain İclalül Mülk”.

Yəni bir az insaf ilə danışsaq, bunlarda günah yoxdur. Torpağın da təsiri hesabdır.


Molla Əbdürrəşid əfəndi gedib gəzib, gəzib, axırda başlayır ki, dünyada nə qədər ki gözü bağlı tayfalar var, onların hamısından başı qapazlı, ayağı patavalı, ağzı doşablı, qulaqları kar və beyinləri çürük – müsəlman tayfalarıdır.

İbrahimovun yazdığına görə, Hindistanın paytaxtı Bombey şəhərində müsəlmanların yüzdən artıq məscidi var, amma ikicə mədrəsələri var ki, orada da əlli şagirddən artıq yoxdur. Müsəlmanlar məcusi hindilərə nisbətən çox geridə qalmışlar. Hindlilərdən məhkəmələrdə və hökumət idarələrində məmurları var, amma müsəlmanlardan yox kimidir.

Bu sözləri yazandan sonra “Vəqt” qəzeti ürəkdən bir ah çəkib deyir: “Müsəlmanların halı Çində də, Hinddə də, Rusiyada da, Türkiyə və İranda da birdir. Bunlara hava, iqlim, gördükləri və eşitdikləri təsir etmiyor”.

Biz də Əbdürrəşid İbrahimovdan və “Vəqt” qəzetindən təvəqqə edirik ki, təzə sözləri varsa, danışsınlar, xalq qulaq assın. Bunlar köhnə sözdür.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 6 dekabr 1909, №49

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Zorrama qiraətxana

Qiraətxanalar iki cürdür: bir cürü elə qiraətxanadır ki, çox yerlərdə açılır ki, camaat gəlib burada qəzet oxusun, bu qisim qiraətxanaya məhz qiraətxana deyilir.Amma bir cür qiraətxanalar da var ki, adına zorrama qiraətxana deyirlər.

1 min
Tap görüm

Oxucularımıza məlumdur ki, indi osmanlılar və italyanlar dava edirlər və bu da məlumdur ki, italyanlar osmanlılara güc gəlirlər. Axırıncı teleqraf xəbərlərindən aşkar olur ki, Trablisdə osmanlı zabiti və əsgəri tələf olubdur.İdarəmizə axır vaxtda kağızlar gəlir və kağız sahibləri bizdən soruşurlar ki, nə səbəbə osmanlıların başına belə iş gəldi və nə səbəbə osmanlılar italyanlara basılırlar.

2 min
Ad

Sən çalış adın bədnam olmasın.Görürsən, Bakı artistlərini? Heç biri özünə müsəlman adı qoymur; biri adını qoyur Çaraparski, Həsən özünə deyir Qaraxarski, Hüseyn yazır Maranarski, Əli adını qoyur Kirmanşaxski, bircə Vəlinin ağlı yoxdur ki, ona elə bircə Vəli deyirlər; Allaha şükür olsun ki, bu da cəhənnəm oldu artistlikdən çıxdı getdi.

1 min
Qan hamamı

Bu gün mən eşitdim ki, italyanlar Tripolidə osmanlılara basılmaqlarının əvəzini çıxartmaqdan ötrü o qədər günahsız ərəb uşağı qırırlar ki, frəng qəzetləri bu qırğının adını qoyublar “Qan hamamı”.A kişi, Allah xatirinə, başımı ağrıtma, mənim öz dərdim özümə bəsdir. Sən görürsən ki, mənim evim yıxılıb, belim qırılıb, mənim Seyid Məhəmməd ağa kimi ağam əlimdən gedib. Sən hələ mənə deyirsən ki, nə bilim, italyanlar osmanlı və ərəb qanı ilə hamamlar qayırıblar. Sən deyirsən ki, Avropa şəhərlərində sosialist firqələri mitinqlər əmələ gətirib, nitqlər söyləyirlər, italyanlara nifrət eləyirlər və hökumətlərinə ariz olurlar ki, vəhşi italyanların namərdliklərinə sədd çəkilsin. Sən deyirsən ki, Praqa şəhərində indi neçə min çex milləti ki, özləri də katolik məzhəbində ola-ola, bir yerə cəm olub, osmanlılara mərhəba, italyanlara min lənət göndəriblər. Mən də deyirəm ki, bizim Qafqaz müsəlmanlarına dolaşma. Sənin xəbərin yoxdur ki, bir nəfər Seyid Məhəmməd dari-fənadan dari-bəqaya rehlət buyuranda nə qədər hammal, qəssab, dəllək, mismarçı, qatıqçı, qatırcı ağanın həyətinə yığışırlar. Bitli molla küçədən cındırlı uşaqları yığıb, hərəsinin əlinə bir şaqqıldaqlı baydaq verib; əztərəfi-digər “Müzəffəri-məktəbi” bağlanıb, keçəl, bitli uşaqlar ağlaya-ağlaya və başlarına vura-vura gəlirlər ağanın həyətinə. Əz yek tərəf molla xoruzulla və ağanın həmşəhriləri qaçıb məsciddən Qasim otağını bəzəyib gətirdilər; küçədə su boçkaları hazır. Qərəz nə başını ağrıdım, iki palan camaat ilə ləbaləb. Əli kəsik dərviş bir yanda, molla qarpızəli bir yanda, sair dərvişlər bir yanda. Neçə yerdə camaat toplaşıb, mərsiyəyə ağlaşırlar, tainki Qasim otağı hazır oldu, nəşi-mübarəki həyətdən çıxarıb, mollalar düşdü qabağa və başladılar quran oxumağa. Daldan şkol uşaqları müdirin sərkərdəliyi ilə və camaat növhə deyə-deyə, sinə vura-vura cənazəni gətirdilər Təkə meydanına (sən axmaq hələ İtaliya və Osmanlıdan danışırsan), haman Təkə meydanına ki, türkmənlər orada at, eşşək, dəvə və flan bağlayırlar. At-eşşəkləri açıb buraxdılar bir yana, nəşi qoydular onların yerinə və başladılar haman müqəddəs yerdə namazı (mən ölüm ürəyini sıxma).

4 min

Poems by other poets · Satire