Oxucularımıza məlumdur ki, indi osmanlılar və italyanlar dava edirlər və bu da məlumdur ki, italyanlar osmanlılara güc gəlirlər. Axırıncı teleqraf xəbərlərindən aşkar olur ki, Trablisdə osmanlı zabiti və əsgəri tələf olubdur.

İdarəmizə axır vaxtda kağızlar gəlir və kağız sahibləri bizdən soruşurlar ki, nə səbəbə osmanlıların başına belə iş gəldi və nə səbəbə osmanlılar italyanlara basılırlar.

Kağız sahiblərinin hər birisinə əlahiddə cavab yazmağı mümkün edə bilmədik; onun əvəzində burada öz mülahizəmizi yazırıq ki, hamıya cavab hesab olunsun.

Osmanlıların, ümumən, dalı düşməsinə və “xüsusən” italyanlara basılmaqlarına üç səbəb var; ikisi bizə əyandır, amma biri Allah yanındadır.

Bizə aşkar olan səbəblərin biri budur ki, osmanlılar ilə İtaliyanın davası elə bir yerdə düşüb ki, oraya osmanlıların qoşun göndərməyə yolları yoxdur; su üstündə dava eləməyə və düşmən qabağında dayanmağa dava gəmiləri lazımdır və axırıncı məsələdə osmanlılar italyanlardan çox zəifdirlər.

Bu bir.

Bizə məlum olan ikinci səbəblərin biri də budur ki, türklər nahaq yerə Həmidi taxtdan saldılar, lap nahaq yerə, yenə də nahaq yerə! Bir neçə il bundan əqdəm Həmidi Salonikə göndərəndə lənkəranlı Molla Məhəmməd demişdi ki, Osmanlı hökuməti Həmidin və şamaxılıların bəd duasının təsirindən bir bəlayi-nagəhana giriftar olacaqdır. O vədə bu sözləri gülünc hesab edirlər. İndi bə necə oldu?!

Üçüncü səbəb də Allah yanındadır. Dünyada heç kəs sahibsiz deyil, osmanlının da bir yaradanı var, italyanın da Allahı var. Dünyada bir iş baş verə bilməz ki, xudavəndi-aləmin ondan xəbəri olmasın. Əgər Osmanlı döyülür, – bu sirr Allah yanındadır; əgər italyanlar Trablisi zəbt edib günahsız müsəlmanların qanını tökürlər, – bu da Allah məsləhətidir; bizə dəxli yoxdur.

Lakin oxuculardan iki təvəqqəm var; biri budur ki, Quba qazısı Axund Molla Zəki cənabları “Nicat” qəzetində müsəlmanların dalı qalmasının (nə bilim “inhitat” deyir, nə deyir, onun) səbəbini yazmışdı; yəni xudanəkərdə yazmışdı ki, müsəlmanların qaranlıqda qalmaqları[nı] adlarını molla qoyanlar törədir (sən Allah sözə bax).

İkinci təvəqqəm də budur ki… budur ki… bıy! Yadımdan çıxdı!

Neynək, qoy barı bir tapmaca deyim.

Tapmaca

Yorğan ağırdı, göz yuxuludu,
Bədən süstdü, gözü açılır-yumulur.
Dəyən dəyənəkdi, çomaqdı,
Demə vuranlar axmaqdı.

Tap görək, Yetim cücə!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 16 oktyabr 1911, №36

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire