Binamusluq
Hər bir müsəlman qəzet və məcmuəsini əlimizə alıb oxusaq, hər bir təzə yazılmış müsəlman kitabına açıb baxsaq, görərik ki, başdan axıra kimi müsəlman millətlərinin dalda qalmağını təsdiq edib çığırırlar və bağırırlar ki, “ey biçarə millət, oyan xabi-qəflətdən, elm öyrən və qeyri millətlər kimi tərəqqi et…”.
İndi dünyada heç bir müsəlman qəzeti yoxdur ki, bu cür haray-dad eləməsin. İndi müsəlman aləmində heç bir kəs yoxdur ki, bu sözləri eşitməmiş olsun. İndi Azərbaycan və Tehranda heç bir mücahid və millətpərəst yoxdur ki, deməsin: “Ey biçarə müsəlman, oyan xabiqəflətdən!..”.
Bəli, qəzetlər və məcmuələr belə yazırlar, mücahidlər və millətpərəstlər belə buyururlar və bu sözləri oxuyanlar da və eşidənlər də bir-birinə baxıb, öz-özlərinə deyirlər: “Pəh, pəh! Nə gözəl yazıb! Pəh, pəh! Nə gözəl danışır!..”.
Amma mənə qalsa, mən, Molla Nəsrəddin, deyirəm ki, bu sözlərin qiyməti bir dənə çürük qəpikdir. Ondan ötrü ki, bir şəxs bir sözü danışanda lazımdır ki, o sözü bəyan eləsin, açsın, o sözə isbat və dəlil gətirsin, yoxsa boş-boş söz danışmağa nə var? Onu cicim də danışar.
Bəli, ağzı qəşənglər buyururlar ki, “ey biçarə müsəlman, xabiqəflətdən oyan!”. Çox gözəl, bəs burada lazım deyilmi ki, mətləbi açmaq və sözü bir az açıq danışmaq? Yəni necə “xabi-qəflətdən”? Məgər müsəlman xabi-qəflətdədir? Nə eləyib yazıq müsəlman ki, xabiqəflətdə olsun?
Heç bir insaf əhli bunu inkar edə bilməz ki, millətlər içində heç bir millət Allaha ibadət və böyüklərə itaət etməkdə müsəlman millətlərinə bərabər deyil və ola bilməz.
Həqiqət, nə eləyib yazıq müsəlman ki, xabi-qəflətdə olsun? Yəni müsəlman milləti o günə qalıbdır ki, yəcuc-məcuca oxşayan yapon bütpərəstlərindən də əskik olsun? Yəni ğeş-on top-tüfəng sahibi olmaq ilə murdar frənglər müsəlmanlardan artıq oldular? Yainki beşaltı milyon cinni Cəfər qoşunu saxlamaq ilə kafir ingilislər müsəlmanlardan şərafətli oldular?
Mənə qalsa, mən Molla Nəsrəddin, deyirəm ki, müsəlmanlar barəsində “xabi-qəflət” sözünü danışmaq və “özgə millətlər kimi tərəqqi et” nəsihətini müsəlmanlara eləmək eyni biqeyrətçilikdir.
İki il bundan irəli ruslarla yaponlar dava edən vaxt gün olmazdı ki, bizim şeyxülislam və müftilərimiz, qazı və mollalarımız məscidlərdə belə dua etməsinlər: “Bari pərvərdigara! Urusun qılıncını kəsgin elə ki, Allaha şərik qərar verən bütpərəstləri, yəni yaponları bir günün içində qırıb, müzməhill eləsin”. Amma indi Tehranda “Məclis” ruznaməst yazır ki: “İndi-şəhriyari səadətnamənd rötbeyi xudra baimperaturi yapon bərabər saxtəəst”; yəni bizim padşahımız öz rütbəsini yapon padşahının rütbəsi ilə bərabər elədi… Bəli, yapon padşahının…
Amma mən elə bilirəm ki, bu sözlərin yarısı doğrudur: İran padşahının başı yapon padşahının başına çox oxşayır, amma özgə bir işləri oxşamır. Güman edirəm ki, Təbriz əhli sözümü təsdiq edərlər.
Bəli, sözümüz burada deyil; sözümüz buradadır ki, müsəlman padşahını bütpərəst padşahına oxşadır, hələ fəxr də edirik. Məgər bu biqeyrətçilik deyil?
Deyirik ki, dalı qalmışıq, elm oxuyaq, tərəqqi edək ki, biz də mədəni millətlər cərgəsinə daxil olaq. Pəh, pəh! Maşallah belə gözəl sözlərə! Yəni hansı millətlərin cərgəsinə daxil olaq? Kimdirlər o mədəni millətlər? Bilirsiniz kimdirlər? Haman frəng və ingilislər, haman rus və almaniyalılar, haman amerikan və yaponlar.
Yadımdadır, uşaqlıqda evimizdə şitəngilik edib, bir qab sındıranda rəhmətlik nənəm məni belə söyərdi: “Ay bütpərəst oğlu bütpərəst!” Yazıq nənəm! İndi bir sağ olaydın və görəydin ki, padşahımızı bütpərəst padşahına oxşadır, hələ fəxr də edirik.
Məgər bu binamusluq deyil?
Bir neçə il bundan irəli Mirzə Həsən Avropada təhsilini qurtarıb, şəhərimizə gələndə frəng börkü qoymuşdu və mollalarımızın heç biri biçarə Mirzə Həsənin salamını almırdılar ki, özünü frəngə oxşadıb. Amma indi deyirik tərəqqi edək və Avropa millətlərinin cərgəsinə daxil olaq.
Bunlar hamısı keçəndən sonra mən başa düşmürəm ki, necə elm? Hansı elmləri oxuyaq ki, tərəqqi edək və haradadır o elmlər? Məgər kimya elmindən savayı yenə elm var?
Bəli, maarif. Necə yəni maarif? Məgər maarif bir uzaq yerdədir? Hansı millətlərin alimləri “İxtiyarat” kitabı kimi bir kitab yaza bilər? Məgər rəvadır ki, biz müsəlman ola-ola özümüzü əcnəbi millətlərdən bu dərəcədə alçaq tutaq? Bəs harada qaldı bizim etiqad və əfkarımız, ibadət və itaətimiz?
İndiyədək deyirdik ki, hər bir müsəlman özünü bir özgə millətə oxşatsa, qiyamətdə haman millətlə həşrə aparacaqlar. Bəs indi Məhəmmədəli şah başına nə çarə qılsın ki, mikado ilə həşri qopacaq?
Belə olan surətdə necə ola bilər ki, mömün müsəlmanlar tərəqqi eləsinlər, yəni özlərini kafirlərə oxşatsınlar?... Məgər deyil bu biar və binamusluq?
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 3 mart 1907, №9
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-binamusluq
Use ← → keys to move, R for a random poem
More by this author
Qızdırma bir yaman azardır ki, indiyədək ona bir yaxşı dərman tapa bilməyiblər.Doğrudur, qızdırmanı genə dərmanı ilə müalicə edirlər. Amma bir fayda bağışlamır.
Arvada gücləri çatırBizim qeyrətli cavanlarımız başlarını salıblar aşağı elə köhnə qayda ilə gedirlər: köhnə qayda budur ki, heç bir müsəlman arvadının ixtiyarı yoxdur kişilər ilə üzü açıq danışsın.Amma indi yeniyetmə qadınlarımız bu köhnə qaydanı pozmaq istəyirlər və nəinki yad kişilər ilə danışıb gülüşürlər, hələ bəlkə teatrlarda onlar ilə bir yerdə oynayırlar da.
İki möcüzBiri vaqe olub min üç yüz il bundan qabaq İraq səhrasında, o biri də vaqe olub həmin iyun ayının 16-da gecə saat 11-də, Kürdəmir vağzalında.Qabaqkı möcüzün təfsili belədir: zəmani ki, həzrət İmam Hüseyn başladı İraq davasına hazırlaşmağa, Ümmisəlimə çox yalvar-yaxar elədi ki, “bala, getmə İraqa, səni orada şəhid edəcəklər!”. İmam bu sözə çox təəccüb elədi və soruşdu ki, “Ey mənim anam! Sən haradan bunu bilirsən ki, məni orada şəhid edəcəklər?”.
Ruzi-aşuraAğama ərz olsun ki, məhərrəmül-həram ayının onuncu günü aşura günüdür və həmin gün – illərin və ayların ən müəzzəm günüdür; ondan ötrü ki, aşura günü İmam Hüseyn qətlə yetişibdir. Həmin günün dəxi də bir neçə fəziləti var ki, bu gün matəmi-İmam Hüseyn münasibətilə aşuranı möhtərəm qarelərimizə tərif etməyi fərz bilirik.Əvvələn, tarixi-müqəddəsə müraciət edib görürük ki, məhərrəmül-həramın onuncu gününə bari pərvərdigarın qədimdən iltifatı var imiş. Belə ki, Adəm peyğəmbərin tövbəsini Allah həzrətləri o qədər qəbul etmədi ki, məhərrəmin onu daxil oldu və məhz onuncu günü qəbul etdi.
Poems by other poets · Satire
Bir söylə görüm məktəbi-irfan nəyə lazım?Təhsili-ədəb, dərsi-dəbistan nəyə lazım?
Səndə yoxBoşboğazlara*Dostuna qəlbində hörmət, məndə vardır, səndə yox,
Səndən sonra, ey tagi-sər başımaMixail Petroviç Kolyubakinə*Səndən sonra, ey taci-sər, başıma
“Kəlniyət”ə məxsus ədəbiyyat“Kəlniyət” az çək daha zəhmət, dadaş,Xəlqi nahaq etmə məzəmmət, dadaş,