Üçüncü məclis
Page 2 of 2 · 50%
Pərvər (anasına). Ana, sən dur buradan get (Mərcan xanım gedir).
Pərvər bir qədər başı aşağı və fikirli bir halda oturandan sonra başını qaldırır və yeməli, içməli nemətlərə diqqət salır. Yavaşca-yavaşca əlini uzadır konyak şüşələrinin birindən özü üçün bir rumka konyak tökür və içir. İkinci rumkanı da tökür, içir və balıq kürüsündən bıçaq ilə kəsib, çörəyə yaxır və yeyir. Mürşüd dayı yavaşca girir içəri.
Pərvər (Mürşüd dayıya). Dayı, sən ki, bu qonaqlıqdan ötrü bu qədər təlaş edirsən, bəs, özün niyə bu nemətlərdən yeyib-içmirsən? (Bir rumka konyak da töküb qoyur Mürşüd dayının qabağına).
Mürşüd dayı (istər-istəməz gəlib oturur və rumkanı istər-istəməz çəkir qabağına). Bacıoğlu, doğrusu, o fikir-xəyal ki, həmişə mənlədir, məni həmən vaxt damağdan salır. İştahamı və yuxumu da pozur.
Pərvər (rumkasını dayısının qabağına uzadır ki, konyakı bahəm içsinlər). Dayı, sənin nə fikrin ola bilər?
Mürşüd dayı (konyakı içəndən sonra). İstəyirsən sözün doğrusun deyim?
Pərvər. Dayı, sən Allah, sən bacıoğludan heç bir söz gizlətmə.
Mürşüd dayı. Bacıoğlu, doğrudan-doğruya mənim sənə ürəyim yanır ki, sən millətin maarifi yolunda bu qədər çalışırsan, bu qədər zəhmət və məşəqqətlər çəkirsən, heç bir səmərə bağışlamır.
Pərvər. Dayı, vallah, mən bilmirəm ki, dəxi nə eyləyim?
Mürşüd dayı o tərəfə-bu tərəfə baxır, ağzını istəyir aça bir söz danışa, amma yenə o tərəfə, bu tərəfə baxır, heç bir şey demir.
Pərvər. Dayıcan, mən ölüm, de görüm, nə demək istəyirsən?
Mürşüd dayı (alçaqdan). Amma gərək söz verəsən ki, bu söhbət öz aramızda qalacaq.
Pərvər. Sədaqətlə söz verirəm.
Mürşüd dayı (ətrafa baxa-baxa). Sənin maarif yolunda qurduqların tədbirləri cabəca etmək üçün (sözünü yarımçıq qoyur, gedir qapıları bağlayır) sənə böyük miqdarda maddi qüvvət lazımdır.
Pərvər. Sonra?
Mürşüd dayı. Sonra, əlbəttə, sonrası da var. (Qapını taqqıldadırlar. Mürşüd dayı qaçır qapının dalına). Hə, nə istəyirsən?
Pərvər. Dayı sonra?
Mürşüd dayı. Maddi qüvvət ələ gətirmək üçün sənə böyük miqdarda maddi qüvvət lazımdır.
Pərvər. Məsələn?
Mürşüd dayı (ətrafı mülahizə eləyir). Ancaq, bacıoğlu, sən mənim canım, bu söhbət öz aramızda qalsın.
Pərvər. Sənin əziz canın üçün heç kəs bu danışığımızı bilməyəcəkdir.
Mürşüd dayı. Məsələn, mülkiyyətli bir xanzadəyə, halallı bir şahzadəyə arxalanmaq lazımdır.
Pərvər durur ayağa, mütəfəkkir bir halda başlayır var-gəl eləməyə. Mürşüd dayı konyakdan bir rumka tökür, qoyur Pərvər oturduğu stolun qabağına. Bir rumka da özünə töküb içir və deyir:
Mürşüd dayı. Bax, sözün lap açığı. Bacın Çiçəyə Şahzadə kimi bir yoldaş lazımdır ki, o biçarə qız həmişəlik izzətli və şövkətli xanım olsun ki, ölkə də onun qohum-əqrəbasınə düşsün. Sənə də, bacıoğlu, Şahzadə kimi yeznə lazımdır ki, onun mülkiyyətinin bərəkətindən sənin cəmi maarif işlərin baravərdə olsun. Bir surətdə Şahzadə professor öz iqrarına görə bizim evimizin qabağından keçərkən burada gördükləri qadın xəylaqlarına diqqət salıb və səninlə bu barədə söhbət açıbdır, bu haldan istifadə eləməmək və belə bir fürsəti əldən vermək insafdan uzaq olar (Pərvərin rumkasını götürüb tutur onun qabağına). Bacıoğlu sənin istəkli mərhum atanın xatirəsi üçün sən bu barədə fikrimi təsdiq edib, mənimlə şərik olmaq istəyirsənsə, al bu rumkanı və səmimi qəlbdən səni istəyən və dost tutan dayınla bərabər iç ki, bizim bugünkü şadlıq günümüz həmişəlik yadigar olsun. Yaşasın bacıoğlu Pərvər! Yaşasın onun əziz qonağı Türküstan Şahzadəsi!
Küçədə qilü-qal qopur. Küçə uşaqlarının səsi gəlir. Müjdə içəri girib, ziyafət üçün hazırlanmış stolu görüb çox təəccüblə:
Müjdə. Dayı, üç-dörd dəli dəlixanadan küçəyə çıxıb, bizim evi soruşa-soruşa bizə tərəf gəlirlər.
Uşaqların biri. Biri də deyir, mən Türküstan Şahzadəsiyəm.
O biri uşaq. Hələ Şahzadə dediyin, bir qoca arvadı küçədə qucaqlayıb deyirdi: “Gəl səni alım” (Uşaqlar gülüşür).
Üçüncü uşaq (qaqqıldaya-qaqqıldaya). Ha, ha, zornan yazıq arvadı yaxalamışdı ki, səni alacağam.
Dördüncü uşaq. Arvad da deyəsən ki, bir arvad ola. Belə Kəblə Fərzalı hambalın halalca arvadıdır (Uşaqlar gülüşür).
Pərvər (acıqlı). Axmaq-axmaq danışmağı boşlayın.
Mürşüd dayı (uşaqlara). Yaxşısı budur ki, siz bu sözləri danışmayın. Çünki gərək adam işin əsli həqiqətinə əl yetirə. Sonra da görə bu nə işdi. Siz balalar, hələ uşaqsınız.
Müjdə. Dayı, bəs, deyirlər ki, siz Şahzadəni qonaq çağırmısınız. O hansı Şahzadədir?
Pərvər (Müjdəyə). Mən hələ bilmirəm, sən niyə bu işlərə qarışırsan?
Mərcan xanım (Müjdəyə). Balam, Müjdə, vallah, deyəsən, sənin başına hava gəlib. Əvvala, budur ki, səhərdən axşama qədər küçələrdə dolanmaqdan niyə əl çəkmirsən? İkincisi də dünən gəldin arvad məclisində bizi biabır elədin. Bu gün də gəlib, hədərən-pədərən söz deyirsən ki, Şahzadə belə gəldi, hambal Kəblə Fərzalının arvadı belə getdi. Sənin axır xalxnan nə işin var?
Pərvər. Vallah, bilmirəm, bu uşağa nə olub? Axır dərsi, evi, işini buraxıb, niyə düşmüş xalqın üstünə? Sənə nə var ki, kim evləndi və kim ərə getdi (Uşaqlar gülüşür).
Mürşüd dayı (uşaqlara tərəf). Balalarım, vallah, belə küçələri addımlamaqdan bir bir şey çıxmaz. Dərs oxuyun. Və atalarınızın sözünə itaət edin (Uşaqlar gedə-gedə gülüşür, qilü-qal ilə, gülüşmə ilə uzaqlaşırlar. Uşaqların dalınca). Doğrusu, mən bunlardan ehtiyat eyləyirəm və sizə də tövsiyə edirəm ki, ehtiyat edəsiniz.
Dilşad (Çiçəyin rəfiqəsi) qaçaraq gəlir qadınların otağına və Çiçəyin qulağına bir söz pıçıldayır.
Çiçək (təəccüblə). Yalan deyirsən.
Dilşad. Yalan demirəm. İbadulla qardaşım özü bu dəstgaha rast gəlibdir.
Çiçək. Yalan deyirsən, ola bilməz.
Mərcan xanım. Nə olub, nə xəbərdir?
Çiçək. Bir söz demirəm (Qəmgin oturur və dinmir. Bir az keçəndən sonra açıqlı). Dəxi nə edim. O ki, gedib Hacı Bayramın şikəst qızını nişanlayacaq, mən heylə nişanlını heç istəmirəm.
Dilşad kor-peşman çıxıb gedir.
Mərcan xanım (Çiçəyə). Axır nə olub? Dilşad nə xəbər gətirmişdi?
Çiçək dinmir.
Mərcan xanım. Axır, bir de görüm, o qız nə deyirdi?
Çiçək. Vallah, bilmirəm. Bizim dərdimiz bizi rahat qoymur. Dilşad deyir ki, qardaşı İbadulla öz gözü ilə görüb və öz qulağı ilə eşidib ki, Türküstan Şahzadəsi bu saat Hacı Bayramın şikəst qızına küçədə rast gəldi və onu nişanladı.
Mərcan xanım. Əşi, belə iş ola bilməz.
Zərəfşan xanım. Belə şey ola bilməz.
Püstə. Heç olası iş deyil.
Yarpız xala. Heç olası iş deyil.
Həsrət xala. Vallah, yalandı. Yaxşı, Şahzadəyə Çiçək kimi qız qəhətdi ki, gedib çolaq qızı nişanlasın?
Mərcan xanım (Mürşüd dayıya tərəf gəlib deyir). Dadaş, bir küçəyə çıx, gör nə xəbərdir.
Mürşüd dayı (gedə-gedə). Heç ağıl kəsən iş deyil.
Mürşüd və Pərvər gedirlər.
Pərvər. Ancaq mən tələbə yoldaşlarımdan Muraddan ehtiyat eləyirəm ki, gələr və bu dəstgahı burada görüb, məni yoldaşlarımın içində biabır edər.
Küçədən qilü-qal səsi gəlir. Guya, uşaqlar qapı-bacanı daşlayırlar.
Mürşüd dayı “buyurun, buyurun” deyə-deyə qonaqları keçirir içəri. Çalğıçılar çalırlar. Qabaqda Dəli Şahzadə yekə qara eynəkdə, əlində həkim trubkası, həmən geydiyi libasında və əlində tutduğu kağızı oxuyur:
Şəhər filan, məhəllə Çeşməbasar, xaneyi Vəli Sultan, nömrə 2. (Üzünü evdəkilərə tutur).
Şahzadə. Məni və bir neçə tələbəni buraya qonaq çağırmısız? (Mürşüd dayı, Cahangir baş əyib “bəli” deyirlər.) Və mənim tələbələrimdən də qonaq çağırmısız. (Mürşüd dayı və Cahangir baş endirirlər).
Burada dəlilərdən dörd nəfər adam sərsərinin dalınca sakit və qayda ilə keçir stolun başına, durub ayaq üstə və heç tərpəşmirlər. Dəli Murtuza yavaşca dodaqlarının altında mırıldayır.
Dəli Murtuza. Çəkərsiz cəzanızı, çəkmirsiz cəzanı. Millətlər dağıtmısınız, çəkərsiz cəzanızı.
Qutaz (Dodağının altında mırtdanır). Bizi niyə bura gətiribsiz. Mən qorxuram. Bu adam çıxmışdı damımıza. Mən qorxuram. Bu adam çıxmışdı damımıza. Mən qorxuram.
Üçüncü dəli (dilinə vurur, atılır). Yeyin, için, israf eləməyin. Yeyin, için israf eləməyin.
Axşam qaranlığı düşdüyü səbəbindən Cahangir diqqət ilə gələnlərə baxıb Mürşüd dayıya deyir:
Cahangir. Dayı, bu tələbələr mənim yoldaşlarıma oxşamırlar.
Mürşüd dayı. Bunlar əsəbi şöbənin tələbələri və sənin qayibanə yoldaşlarındır.
Cahangir diqqətlə Şahzadəyə tərəf baxır və Şahzadə durduğu halda durub nitqini başlayır.
Şahzadə. Əvvala, maariflik babətindən ərz olsun ki, Nadir şah öz əli ilə məni aparıb İngiltərəyə, orada Kembric darülfünunun əsəbi xəstəlik şöbəsində dərsə qoyubdur.
Küçədə uşaqların gurultulu gülməyinin sədası gəlir. Şahzadə təəccüblü küçəyə tərəf qulaq asır.
Cahangir (Mürşüd dayıya). Dayı, çıx, o uşaqlara de, qilü-qal salmasınlar. Bura Vəli Sultanın evidir.
Mürşüd dayı (Cahangirə tərəf). Mən onlara o sözü deyərəm. Amma sən də hər sözü ürəyinə salma (Gedir küçəyə tərəf. Səs kəsilir).
Şahzadə danışır.
Şahzadə. Haman Kembric darülfünunda təhsil etdiyim əsəbi xəstəliklərə dair məlumatdan, ruhun hadisələri mafövq təbii psixoloji hallardır ki, bəndəniz həmən darülfünunun professoru Lalbyuzun təhti-tədrisində doqquz yüz doxsan doqquz sənə ərzində təcrübə keçirməyə nail olduq. (Küçədə gurultulu gülüş. Şahzadə küçəyə tərəf baxır və dinmir). Belə ki, ruhun nə olduğuna dair müsbət olan bütün kəşfiyyat təcrübi psixologiyaya girmiş və insanlar uzun zamanlar ruhda mücərrəd və müstəqil bir varlıq tapmışlar, səbəb budur ki…
Bu heyndə Şərəf nənə əlində padnos, içində dörd stəkan çay qapıdan içəri girib, istəyir padnosu götürə qoya qonaqların qabağına. Şahzadə, Şərəf xalanı görən kimi dəli kimi qızmış bir halda Şərəf xalaya tərəf hücum çəkir ki, Şərəf xala qorxusundan padnosu salır və stəkanlar yerə tökülüb sınırlar.
Cahangir qaçır qabağa və durur Şahzadənin qabağında. İçəridən övrət-uşağın səsi gəlir. Və əlilə Şərəf xalaya işarə edir ki, qaçıb getsin. Şərəf xala qaçmır, ancaq durur Cahangirin dalında və Şahzadəyə tərəf baxır. Övrətlər tərəfindən Şərəf xalaya tərəf bir çığırtı çıxır:
– Niyə dəxi orada durubsan, ay bihəya, qoyub gəlsən, a. Sənin məgər özündən arxada adam yoxdu?
Şərəf xala istər-istəməz, geri gedir.
Şahzadə. Yazığım sənin halına, görərəm necə peşman olarsan. Şahlar və sultanlar mənə qızlarını vermək arzusunda olanda mən rədd etdim. Sultan Səlim Salis həmşirəsi Xədicəni mənə vermək istəyir-di. Mən istəmədim. Neronun firiştələrinin birinci gözəlini alıb, özü-mə övrət etdim. Vəfat etdi (Ağlayır). Şah Təhmasibin iki qızı mənim dərdimdən qüssələnib. Misir padşahının qızı indi bu saat mənə aşiqdir.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-er-ucuncu-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
Mən yazılarımı indiyə kimi “dinsizlik” ünvanı altında yazırdım. Amma indi görürsünüz ki, dinsizliyi tullayıb dindarlıq moizəsi eləyirəm. Demək, istiğfar eləyirəm; demək, ağ ləkə qara ləkəni basır.Bu peşimançılığa, əlbəttə, bir səbəb var: heç bir nəticə yoxdur ki, onun səbəbi olmasın, heç bir axır yoxdur ki, onun ibtidaisi olmasın. Dinsizlikdən bari-pərvərdigarın tərəfinə qayıdıb gəlməyimin səbəbi budur ki, aşağıda ərz eləyirəm. Səbəbi də yəni heç örtülü deyil, çox açıqdır.
Varlılar bayramıNovruz bayramı çox yaxşı bayramdır, ancaq ikicə eybi olmaya: 1. Böyük xərci və 2. Nəhayət zəhməti.Əvvəl xərcindən danışaq, sonra zəhmətə keçək.
Ticarət malının cinsliyiƏvvəla, Ağa seyid Məhəmməd vaizin mövizə malı xeyli qumaş və özü də solmayandır. Belə ki, ramazanın 8-də axund həmən “Yaşıl günbəz” məscidində minbərə süud edib, belə buyurubdur:Hər kəs bu mübarək günlərdə orucunu yeyə və namazını qılmaya, onun arvadı ondan boşdur. Yəni dörd ay iddə saxlayandan sonra ərə gedə bilər.
GizlədirlərBiz həmişə eşitmişik və görmüşük ki, çox adamlar oruc yeməklərini mömin müsəlmanlardan gizlədiblər. Yəqin ki, bu adət qədim əyyamdan qalıb: yəqin etmək lazımdır ki, vəhşi camaat arasında oruc yemək elə bir böyük çinayət hesab olunub ki, orucunu yeməyə məcbur olanlar xəlvət bir yer altı axtarıblar ki, bir kəs onları görməsin. Hələ nəinki uzaq və qaranlıq islam məmləkətlərində, bu hal indi də bu surətdə qalır, hətta indi bu saat gözümüzün qabağında həmşəri palanında bir kəs cürət edib orucunu yeyə – gör qoçağım şeyx Qəni ağa o məlunun başına nə iş gətirər!..Demək, oruc yeməyi gizlətmək təbii bir haldır və buna da təəccüb eləməli deyil; amma sözümüz oruc tutmağı gizlədənlər barəsindədir. Burada çox məzə var. Dünən axşama iki saat qalmış bizə bir qonaq gəldi. Evimizdə çay dəmdə idi; bir stəkan çay tökdük, qoyduq qabağına. İçmədi və dedi ki, ürək döyünməsi səbəbindən həkimlər çay içməyi ona qədəğan ediblər. Sonra məlum oldu ki, papirosu da haman səbəbdən ona qədəğən ediblər. Amma haman gün axşamdan iki saat sonra haman rəfiqimi ədliyyə məhkəməsində tamojna qəhrəmanlarının işində mən papiros çəkən gördüm. Məlum oldu ki, hərif oruc imiş. Özü də müəllimdi.
Poems by other poets
Yamanca tələsir günlərim mənim,Mənsə yoxuşları çətin qalxıram.
KimdiAy ağalar ay qazılarGöy çadırda duran kimdi
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.