Heç bilirikmi nə qayırırıq? Vallah, heç özümüz də bilmirik.

Bax, bu günlər Qafqazda və qeyri müsəlman vilayətlərində mərhum Mirzə Fətəlini yad edirlər. Hələ necə yad edirlər! Tiflisdə ərbabi-maarif gecə-gündüz çalışmaqdadırlar ki, mərhumun anadan olmağının yüzilliyini layiqincə bayram saxlasınlar. Bakıda dəxi də artıq: bircə “Nicat” cəmiyyəti səkkiz yüz manat təyin edib ki, bu işə sərf olunsun. Köçərli Mirzə Fətəlinin yüzillik yadigarı naminə bir kitab yazıb. Haqverdiyev habelə. Gəncədə teatr məclisi tərtib ediblər. Hələ gələcəkdə nələr olacaq, nələr olacaq...

Bu nədir? Vallah, mən bu məsələni çoxdan fikir eləyirəm: burada mən heç özgə bir şey görmürəm məhz özümüzü aldadıb ələ salmaqdan savayı.

Bax, təvəqqə edirəm bir zaiqəyə tapşırasınız: axır Mirzə Fətəli kimdir? Bəli, yazıçıdır. Çox gözəl, sözüm yoxdur. Mirzə Fətəli nə yazıb? Bəli, komediyalar, yəni məzhəkəli təmsillər yazıb. Yaxşı, heç sözüm yoxdur. Vaqeən çox gözəl yazıb. Avropanın molyerlərindən, Rusiyanın qoqollarından pis yazmayıb. Və əgər Rusiyada və Avropada Qoqol və molyerlərə yadigar bina etmək lazımsa, onların adlarına cəmiyyətlər təsis eləmək rəva görünürsə, Mirzə Fətəli dəxi də artıq hörmətlərə layiqdir.

Amma bircə şey var.

Həqiqət, çox vaxt mənə yəqin olur ki, biz özümüzü oynadırıq, çünki bircə dəqiqə necə ki, lazımdır diqqət edib bilək ki, Mirzə Fətəli Axundov kimdir, haman saat xəcalət çəkib yerə girərik. O səbəbə ki, Mirzə Fətəli Axundov o kəsdir ki, dünyada əvvəlinci olaraq, əvvəlinci dəfə müsəlman övrətini teatr səhnələrinə çıxardıb ki, kişilər gəlib hərəsi birmanatlıq, ikimanatlıq bilet alsın, Şərəbanı xanımlara, Şərəfnisə xanımlara tamaşa eləsin.

Məsələn, gör nə cür qəflətdəyik ki, küçədə bir nəfər bakılı eşidə ki, bu gün teatrda bir nəfər müsəlman övrəti çıxıb teatr göstərəcək, haman bakılı dünyanı dağıdar: “Pəh, nöşün, arvad da teatra çıxar? Arvad da kişiyə görünər?” Amma haman bakılı gedir Mirzə Fətəlinin adına tərtib olunan məclisə, orada mərhumun naminə çəpik çalır, mərhuma rəhmət oxuyur və cavanlara səs verib çığırır: “Mərhəbalar olsun Mirzə Fətəliyə”. Amma bunu bilmir ki, Xanpəri xalanı teatra çıxardan əvvəl dəfə Mirzə Fətəli olubdur.


Hicab, hicab, hicab. Bu da sənə hicab. Di get, ta nə danışırsan?

Bəs niyə bir vaxt Molla Nəsrəddini didib tökürdün, indi ki, Mirzə Fətəliyə fəxr eləyirsən? Hələ Molla Nəsrəddin heç bunu demirdi ki, balaca Gülçöhrədən başlamış dünyada hər nə yaşda arvadlar var, hər nə xanımlar var, hamısı teatra çıxıb oyun oynasın. Göyərçini İrəvanda müsəlmanlar istəyirlər öldürsünlər, amma bunu bilmirlər ki, Göyərçini teatra çıxaranın şöhrəti indi nəinki müsəlman aləmini basıb, bəlkə Avropa dillərində bunun ismi söylənir. Mirzə Fətəli Axundovu müsəlman içində çoban da eşidib, padşahlar da bilir. Mərhumun kitabları Avropa dillərinə tərcümə olunanda müctəhidlərimizin kəndiri şiələrin boynuna ancaq çatırdı, amma Mirzə Fətəli tək bircə risalə də yazmayıb ki, aftaba götürəndə bizim üçün düsturül-əməl olsun.


Ax, vallah, danışdıqca adamın dərdi artır. Bax, indi məhərrəmlikdir: məscidlərdə müsəlman qardaşlar dəstə-dəstə düzülüb sinəzən oxuyurlar. Bu kimdir? Qarabağlı dəstəsidir. Bu kimdir? Təbrizli dəstəsidir. Bu kimdir? Məməqanlılardır.

Bunlar dəstə-dəstə əyləşib sinəzən oxuyurlar. Nə olardı ki, bu sinəzənlərin də bir neçəsini mərhum Mirzə Fətəli yazmış olaydı! Niyə, məgər qabiliyyəti yox idi? Məgər Racidən əksik təbi-şeri var idi? Niyə yazmırdı? Bəs şair deyildi – niyə İran vəzirlərindən şikayətçi olduğunu elə bir nəzmə çəkib ki, Firdovsidən seçilmir? Hələ bir baxın, görün bu nə şikayətdir eləyir ki, nə bilim, mən gərək təzə əlifba düzəldəm; köhnə hürufatnan yazmağı boşlamasaq, bu gün də olmasa, sabah qonşular tökülüb vətənimizi alacaq. Məsələn, Köçərlinin kitabını bir oxuyun görün, mərhum Mirzə Fətəli nə yazır:

Neviştəm yeki nameyi-dilpəzir
Benami-vəzire ülum əz əbir.
Əlifbayi nora nişan dadəməş,
Dəre nov bəfirdövs begüşadəməş,
Nədanəm məgər himmətəş pəst bud,
Nədanəm məgər ruzi-şəb məst bud–
Ki nadad bər mən cəvab in vəzir
Nəşod bər muradəm məra dəstgir.
Vəziri-digər dər ləbi süfte bud,
Dər in məsələ rəyi-xud güftə bud–
Ki ma xəlqe-İran zixurdi bozörg
Zigəbrü zitərsa, zifürsü zitürk.
Həme zirəkü mərifət pişəim,
Zifərti-zəkavət porəndişəim.

Zidişvariyi-xət nədarim bak,
Bekuran sezəd rəhnuma əz məcak
Nəgirim növxətt əz hiç kəs–
Ki mara xətü zehni-ma həst bəs.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 4 dekabr 1911, № 43

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Əzizim Həmidə! (14 iyul 1923)

Cəlal və Lida indi sənin yanına gəlirlər, odur ki, sənə bu kağızı yazıram. Mən hələ də səndən hadisələr, teleqramlardakı (sənin və Cəmilin) xəbərlər haqqında təfsilat gözləyirəm. Lazım olan adamlarla danışmışam və ümidvaram ki, tutulanların hamısı azad olunacaqdır. Sən lap nahaq kəndə getdin. Mən, çox güman ki, oraya yayın ortalarında gələcəyəm. Münəvvərin alətlərini yaxın günlərdə poçtla göndərərəm. Uşaqlar necədirlər? Sən özünü naxoşluqdan gözlə. Cəlal dəyirmanın üstündə dayana bilər. Doğrudanmı çəyirtkə bütün əkinləri yemişdir?Ənvər üçün darıxıram. Yusifxan hər gün gəlib mənimlə görüşür.

1 min
Əzizim Həmidə! (30 iyul 1923)

Şuşadan göndərdiyin kağızı və teleqramı aldım. Uşaqlarla birgə Lısoqorskda olduğunu biləndə çox şad oldum. Orada əməlli-başlı dincəl, çalış sentyabrın ortalarına qədər qalıb, oradan kəndə baş çəkmədən birbaşa Bakıya gələsən; çünki Lısoqorskdan sonra Kəhrizlidə yaşamağa dəyməz. Mən, çox güman, indi... işdən ayrılıb, Lısoqorska gələ bilməyəcəyəm. Bir də axı ora uzaqdır.Yusifxan Tiflisdə yollar müfəttişi işinə düzəlib və çoxdan Tiflisə gedib orada mənzil axtarır. Mənzil tapan kimi dərhal ailəsi ilə oraya köçəcək (fikri var ki, yay qurtaranda uşaqları da Tiflisə aparsın). Bu çox yaxşı vəzifədir, ona bu işdə Xudadad bəy çox kömək elədi. Mən, Müzəffərə də məsləhət görərdim ki, Tiflisdə yaşayıb ya oxusun, ya işləsin. Kənddə lazım olsa, mən də hərdənbir gedib təsərrüfat və dəyirman işlərini yoxlaya bilərəm. Doğrusu, bizim günlərdə, yaranmış vəziyyətdə əyalətdə fitnə-fəsad və böhtandan özünü qorumaq, habelə, hamının səndən razı qalmasına nail olmaq çətindir. Hamısı birdir, kimsə narazı qalacaq; illah sənin qəşəng atın olduğuna görə, yainki buna oxşar bir şeyə görə.

1 min
Əzizim Həmidə! (12 avqust 1923)

Bakı*Səndən iki məktub almış və cavab yazmışam. Poçtla Şuşaya Müzəffərin adına 10 girvənkə qənd, bir girvənkə çay və üç cüt corab göndərmişəm. Kənd yerində geyəcəyin üçün bahalı corab almadım.

1 min
Əzizim Həmidə! (25 avqust 1923)

Səndən çoxdan xəbər yoxdur və bilmirəm yaylaqdan qayıtmısınız, ya yox. Uşaqlardan nigaranam və onlar üçün darıxıram. Və bilirəm ki, sən də onların qeydinə az qalmırsan. Həmidə, sən Allah, öz-özünü təlqin elə, ələ al. Gümrah və təmkinli ol. Axı bizim uşaqlarımız var, hələ onlara tərbiyə vermək, onları böyütmək lazımdır.Dərslərin başlanmağına az qalıb. Uşaqlar yeni tarixlə sentyabrın onunadək mütləq burada olmalıdırlar. Onların özlərini, təhər-tövrlərini və dərs vəsaitini düzəltmələri bir neçə gün çəkəcək. Bir az əvvəl sənə yazmışdım ki, Şuşa şəhərinə sovqat göndərmişəm (qənd və sairə). Bərk heyfslənirəm ki, Lısoqorska, sənin yanına gələ bilmədim. Boynuma alıram ki, bizim adamlarımızın ədalətsiz həbs olunmalarından sonra, hətta o yerlərə üz çevirmək də mənə çox pis gəlir. Gəlməyim lap vacib olsa, o başqa məsələ.

1 min

Poems by other poets