Milli bayram
Qorxuram genə xalq elə bilə ki, bayramından danışacağam.
Bəli, dekabrın beşində Tiflis müsəlmanları mərhum Mirzə Fətəli Axundovu, necə ki, lazımdır, yada saldılar və yaxşıca məscidə cəm oldular və haman mollalar ki, mərhum vəfat edəndə adını dinsiz qoyub onu götürmək və dəfn etmək istəmədilər, indi məscidə gəlib, Mirzəni yaxşılıq ilə yada saldılar və rəhmət oxudular.
Axşam da camaat yığışdı teatra (bax, bu lap nahaq) və burada erməni və gürcülərin vəkilləri və genə bəzi cəmiyyətlərin nümayəndələri müsəlmanları təbrik etdilər. Firudin bəy Köçərli də başladı türk dilində uzun nitq söylədi, mən hərçənd dedim ki, axır ay balam, bura hara, türk dili hara, axır bir bax gör bu teatra cəm olan iki yüzə qədər üzüaçıq müsəlman xanımlarının hansı sənin türk dilini qanacaq?
Xülasə, sözümə baxmadı, odur ki, danışdığı yerdə səhnənin dalından işarə elədilər ki, bir az müxtəsər eləsin, çünki rusca yazılan nitqə vaxt qalmaz.
Hərçənd türkcə başa düşənlər Köçərlinin sözlərindən ləzzət apardılar, amma müsəlman xanımlarının acıqları gəldi: çünki Köçərlinin sözlərini onlara tərcümə edən yox idi.
Sonra rusca nitq oxudu, bir uzun kağıza yazılmışdı, haman nitq başlandı oxumağa. Məni də nataraşdan yuxu tutdu. Teatr isti, sağ-solda müsəlman xanımları, hamısı da kişilər ilə danışırdılar.
Qərəz, məni yuxu tutdu. Yuxuda gördüm ki, mərhum Mirzə Fətəlinin anadan olmağının ikiyüzillik yadigar bayramıdır, haman teatr doludur müsəlmanlar ilə, orada birisi nitq söyləyir və deyir ki, “ax nə olaydı ki, barı mərhumun bu məclisdə bir oğlu, ya qızı olaydı, gedib onu ziyarət edib əlindən öpə idik”.
Yuxudan ayılıb gördüm ki, genə haman rusca yazılan nitq oxunur. Dedim bəlkə axırda bir natiqin yadına düşər ki, bu teatrda lojaların birində mərhum Mirzənin doğma qızı əyləşib. Amma bir kəs bu barədə ağzına bir söz alıb danışmadı, çünki Hatəmxan ağa yarım saat bundan qabaq gəldi çıxdı haman səhnəyə və mərhum Mirzə Fətəlinin üstünə bərk qeyzlənib dedi ki: “Sən necə cürət eləyib xalqın arvadlarının adını kitaba yazırsan?!”.
Və ola da bilməzdi ki, müsəlman məclisində övrət adı çəkiləydi; istər mərhum Mirzə Fətəlinin qızı olsun, istər özgəsi olsun.
Qardaş, zarafatı qoy kənara, bura müsəlman məclisidir. Burada elə sözləri danışmaq olmaz.
Xülasə, belə keçdi.
Dəli
“Molla Nəsrəddin”, 11 dekabr 1911, № 44
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-milli-bayram-2
Use ← → keys to move, R for a random poem
More by this author
Təmcid edirik haman maarif-dust yoldaşları ki, yeni türk əlifbasını indi meydana qoyublar.Təbrik edirik müsəlman aləminin cəmi əfradını ki, yeni türk əlifbasının tərəfdarıdırlar.
Yeni əlifba nə istəyirBizim yazımızda və danışığımızda bir çox hallar örtülü qalırdı. Bu hallar o qədər əhəmiyyətli görsənmirdilər, amma həqiqətdə bizim evimizi yıxan, dilimizi pozan və öldürən, yazıçılarımızı çaşdıran haman hallar idi.Yeni əlifbamız o halların hamısını açıb aydınca göstərir və onların atılmasını, dəyişilməsini və düzəlməsini çox bərk istəyir.
“Yeni əlifba komitəsi”nin görmüş və görəcəyi işlərMay ayında latın hərfləri tərəfdarları tərəfindən seçilən “Yeni Türk Əlifba Komitəsi” günbəgün genişlənməkdə və qüvvətlənməkdədir. Həm də bir çox maneələri yıxaraq, bir çox qərəzlik və fitnə ilə meydana atılan etirazlara baxmayaraq yaşamaqdadır. Komitəmiz yalnız iki şeyi nəzərdə tutub böyük addımlarla irəliləyir.Onlardan birisi yeni əlifba fikrinin Azərbaycanda 65 illik möhkəm bir tarixə malik olması, o birisi də komitə üzvlərinin və yeni hərflər tərəfdarlarının getdikləri yolun doğru olmasına sarsılmaz bir inam və təmiz bir vicdan ilə baxmalarıdır.
Yaxşı işin tarixiHər bir işin ayrıca, özünəməxsus bir tarixi var. Və söz yox ki, işdən də işə təfavüt var: hər bir xırda, mənasız, əhəmiyyəti az olan iş ayırıb, ona tarix qoymaq bir şeyə yaramaz, ancaq axırı xeyirli mənfəəti gözətlənən işləri gözüaçıq millət seçib tarixini yapar. Bu neçə ildən bəri meydana atılmış işlərdən biri hər bir millətini sevən şəxsin diqqətini hökmən cəzb etməlidir. Bu iş qız məktəblərinin artması və tərəqqisidir. Məktəblərimiz sırasına iki ildən bəri iki qız məktəbi daxil olub: biri Bakı darülmüəllimatı, biri də ali pedoqoji institutdur. Bunlardan ikincisinin məqsədi gələcəkdə balalarımıza orta məktəblərimizdə ali təhsil görmüş müəllimlər yetirməkdir. Bu günlərdə bu məktəbin dövlətimiz tərəfindən təsdiqi gözlənilir.Qəzetimiz bu məktəbin açılmasını təbrik edir və deyir ki, bir millətin yarısı savadsız qalsa, o millət mədəniyyət yolunda tərəqqisindən biryolluq əl çəkməlidir.
Poems by other poets
Xoş olsun ol könül, eşqə məkandır,Var olsun ol fikir, eşqə həyandır.
Qəzəl: Sən ki saldın çöllərə məcnun tək ey Leyla məniSən ki saldın çöllərə məcnun tək ey Leyla məniQoyma kim sayd eyləsin hər ahuyi-rəna məni
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Bilmən kimindirTuyğunmu, qovğun yoxsa sonamı,Şunda bir tilli var bilmən kimindir,