Qəzetlərdə pambıq qiyməti haqqında arabir məqalələr gedir.

Bizim idarəmizdə də bəzi yerlərdən kağızlar gəlir, bizim nə fikirdə olduğumuzu soruşurlar ki, bugünkü pambıq qiymətini artıqmı hesab edirik, əskikmi, ya yerindəmi?

Biz əvvəl başdan bunu aydınca söyləyirik ki, pambığın qiyməti dörd manatlıqda nə öz yerindədir, nə də ucuzdur; bəlkə hələ bir az da bahadır.

Bu qiymət çox yaxşıdır.

Nə üçün?

İndi bu saat hər bir əkinçi orta hesabla iki desyatin pambıq əksə, desyatindən yüz pud, yəni iki desyatindən 200 pud pambıq yığa bilər. Pudu elə indilikdə dörd manatdan Allah bərəkət versin – səkkiz yüz manat pul edir.

Səkkiz yüz manat dilə asan gəlir.

İş yalnız bununla tamam olmur və kəndlinin mədaxili ancaq pambıqdan deyildir: onun buğda əkini var, arpası var, sonra bostanı, bağı, üzümü gəlir. Mal-qarasından pendir, yağ satır, qoyunundan yun satır.

Hələ bunlardan başqa toyuğu müftə, südü – müftə. Bazar çörəyinə və başqa bu kimi şeylərə pul vermir, tramvaya minmir, teatra gedirsə pul alınmır, kinolar da pulsuz göstərilir. Hələ naloq da öz yerində, əksildi.

Kəndli baba pambıqdan aldığı pulları küpəyə doldurmağa başlayır.

Biz indi tutaq ki, pambığın qiymətini artırdıq, pambıq idarəsi də kəndlinin pambığını dörd manatdan artığa aldı.

Kəndli dadaşın küpəsi bir az da dolacaq. Görək indi kəndli qardaş bu pulları nəyə sərf edəcək?

Hər il çavuş səsi eşidən kimi başlayacaq ki, ağam məni istəyir, gərək ziyarətə gedəm.

Heç uzağa getmək lazım deyil. Bir neçə il bundan əvvəl kəndlilərin pulu çoxaldı; iki yüz pud pambığı olan səkkiz yüz manat alıb cibinə doldurdu. Sonra bilmədi hara xərcləsin.

Kəndlilərin arasında üç-dörd arvad almaq mod düşdü. Ziyarətə gedənlər də günü-gündən artmaqda idi. Məsələn, haman ildə yalnız Qərəşani kəndindən on dörd adam Kərbəlaya getdi. Mürsəl koxa, Cəfər xoca, Məhəmməd yüzbaşı, Hüseynqulu kirvə, Zeynalabdin əmi, Pirverdi dayı və başqaları. Başqa kəndlər və qəzalarda da habelə.

Pambığın qiymətini bu il artırmaq istəsək, yenə kəndlilərimizin hərəsi bir həvəsə düşəçək: biri behişt məşqinə düşəcək, biri huri dalınca düşəcək.

Buna görə biz deyirik: nə pambığın qiymətini artırmaq lazımdır, nə də kəndliləri huri həvəsinə salmaq.

Vəssəlam!

Cırcırama

“Molla Nəsrəddin”, 12 dekabr 1925, №50

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ziyarət

Ali İqtisad Şurasının 23 noyabr 1922 sənə tarixli qərardadı ilə ziyarətə gedən müsəlmanlara ixtiyar verilmişdir ki, özləri ilə bərabər üç yüz manat gümüş pul aparsınlar. (Qəzetlərdən)Zəvvar – Əssəlamün əleyküm!

1 min
Gözəl yerlər

Bakının mahalında gözəl bir kənd var; adı Xızıdır. Bu kəndin də ətrafında on beş gözəl kənd var, adları bunlardır:Zibər – 60 ev, Upa – 40 ev, Gərmiyən – 60 ev, Çarqışlaq – 50 ev, Qululu – 60 ev, Şəlgəh – 40 ev, Biləsən – 35 ev, Dəllər – 35 ev, Şıxlar – 35 ev, Zarat – 80 ev, Kəş – 60 ev, Qarabulaq – 35 ev, Pənbə

2 min
Əl quyuları

Qırx ildən artıqdır ki, Bakının neft mədənlərində böyük neft buruqlarından savayı çoxluca əl quyuları da işdə idilər. Həmin bu əl quyularının sahibləri kasıb kəndlilərdir ki, quyulardan nefti vedrə ilə çəkib çıxartmaq ilə özlərinə çörək yolu tapmışlar. Bu quyubazlıq axır vaxtlarda elə tərəqqi eləmişdi ki, ildə bunlardan otuz milyon putdan qırx milyona kimi neft çıxarılıb satılırdı.Keçmiş əsrdə hökumət əl quyuçularına mümkün olan müsaidə və köməyini əsirgəmirdi və niyə də əsirgəyəydi? Məgər kənd füqərasının çörək pulu qazanmağının bir kəsə zərəri ola bilər?!

1 min
Neft fəhlələri

İndi məndən birisi soruşa ki, neft çıxardan fəhlələrin bir parası evdə qalır, bir parası kalafalarda qalır, bir parası heç kalafa da tapmır ki, orada yatsın, bəs, onlar harada qalırlar? – onda mən gərək cavab verəm ki, kalafa tapmayan fəhlələr də yəqin ki, yerlə göy arasında qalırlar.Mən bilirəm ki, mən belə sözü ağzıma alıb danışsam, deyəcəklər ki, dəli olub. Amma indi Bakı şurasının dekabrın 23-də vaqe olan iclasında yoldaş Hüseynov deyirmiş:

1 min

Poems by other poets · Satire