Yar ilə görüşmək
Nə xoşdur bir zaman dilbərin eşqində zar olmaq
Ümidi-vəsl ilə hicrində müddət biqərar olmaq
Həqiqət, əgər xoşdur dilbərin visalı ümidində olub, onun yolunda ahü zar etmək, pəs gör necə xoşbəxtdirlər uzun ayrılıqdan sonra yar ilə görüşənlər! Necə xoşdur:
Uzaqdan yarını görcək əsib könlü, qaçıb rəngi,
Qalıb surət kimi, dildən düşüb biixtiyar olmaq.
Bu qədər var ki, dünyayi-fanidə az-az şəxslərin alnına belə xoşbəxtlik yazılıb. Bununla bərabər, dilbərin visalı ilə xoşbəxt olanlar yenə gahbir tapılırlar.
Axır vaxtlarda yar ilə görüşməklik kamına yetənlər, əvvəla, Bakıda müsəlman cavanlarıdır ki, məktəblərdə dərslər başlanandan bəri küçələrdə balaca uşaqların intizarını çəkib, onları axırda ziyarət etdilər.
Yetib nagəh visalə, kamə yetmək çərxi-kəcrudən,
Dolanmaq başına, şayisteyi-busə kənar olmaq.
Tamam üç aydır ki, məktəblər bağlı, küçələr boş, cavanlarımız sərgərdan, balaca məhbublardan ayrı düşüb, Məcnun tək biixtiyar veyillənməkdə idilər. Üç ay demək, nə demək! Tətil icad edənin Allah evini yıxsın! İnsafən, çətindir.
Çətindir hicrdə seylabi-dərdü qəm hücumudan,
Zəlilü zarü bimiqdarü xarü xaksar olmaq.
Dünyada məşuqun vəsli ilə ikinci xoşbəxt olanlar müfti və şeyxülislam cənablarıdır ki, bu günlərdə təzə təyin olunan ekzarxın, yəni rus millətinin rəisi-ruhanisinin görüşünə getdilər.
Həqiqət, “məhəbbət bir bəla şeydir”. Çünki ruslar içində də rəsm bu cürdür ki, bir vilayətə təzə varid olan şəxs əvvəl lazım gördüyü yerlərə görüşə gedəndən sonra bu cənabın “vizitinə” gəlirlər. Və lakin:
Vüfuri-şövqdən tab eyləmək, billah, deyil mümkün,
Ədəb, neylim, olur qalib, çətindir şərmsar olmaq.
Üçüncü xoşbəxtlər…
Lal ol, ay Molla! Nə səmər hasil olacaq bu sözlərdən? Kimdir sənə qulaq verən? Kimdir məcmuə və qəzet oxuyan?
Qulaqlar kar, gözlər kor, hisslər tar, zövqlər məhv!..
Kimdir bir qəpik qara pul verən sənin ləhvü ləəbinə? Kimdir etina edən sənin həcv və məsxərənə? Sən ha yaz, yaz, yaz, yaz, yaz, yaz!.. Amma bilirsənmi sənə nə cavab verəcəklər? Sənə deyəcəklər:
Eşitmək gündə yüz min sərzənişlər xoşdu düşməndən,
Nəzərdən düşüb, biar tək bietibar olmaq.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 8 sentyabr 1906, №23
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-yar-ile-gorusmek
Use ← → keys to move, R for a random poem
More by this author
Elə haman sözdür ki, neçə dəfə yazmışıq. Yenə köhnə məsələdir…Kimdir Sultan Əbdülhəmid?
ÇaqqalMeşə çaqqalsız olmaz.*Atalar sözü*
Qəyyumluq kantoruDinli, imanlı, ədalətli, ibadətli, ağzıdualı, əli təsbehli hacıları Allah-taala dünyada nədən ötrü xəlq eyliyib?Ondan ötrü ki, ölülərimiz vəsi və qəyyumsuz qalmasınlar və yurdları kor olmasın və mallarını zorba-zorlular yeyibdağıtmasınlar və mövqufatlar ara yerdə puç olmasın.
MuştuqBu urus tayfası doğrudan, çox xamdı.Məsələn, məlumdur ki, urus məktəblərində falaqqa saxlamaq qadağandır və həmçinin uşaqları ağacnan döymək də qadağandır və hələ bundan savayı, uşuqlara çor demək də qadağandır.
Poems by other poets · Satire
– Gecə-gündüz içirəm əhli-mazağam, sənə nə?Mərifətdən, mədəniyyətdən uzağam, sənə nə!
İtaliyaDeyirlər daha qorxur Allahından İtalya,Keçir indi türklərin günahından İtalya.
Ucuz xatirələrYaxşı olar, olmasa bu sulu xatirələr,Uydurmayla, yalanla dopdolu xatirələr,
Vaiz, qələm əhlin niyə təhqir eləyirsən?Vaiz, qələm əhlin niyə təhqir eləyirsən?1Ey əbri-siyəh, nuri nə təstir eləyirsən!