Qürbət elə səpələnib,Gözü yolda qalanlarım,Dəniz kimi ləpələnib,Dərdi ümman olanlarım!

El həsrəti hər gün canda-Sizi yaxıb-yandıranda,Ağlayırıq biz bu yanda,Qürbətdə qocalanlarım!

Sərhədlərin yolu bağlı,Yaşadınız könlü dağlı,Vətən qızı, vətən oğlu,Qəm mülkündə sultanlarım!

Dövran bizə dağlar çəkdi,Gül bağında tikan əkdi,Qansızlar hey... qanlar tökdüHardasız, qəhrəmanlarım?!

Qoyun mələr, quzu mələr,Yüzü ağlar, yüzü mələr,Özü gəlməz, sözü gələrAdı qərib olanlarım.

Bu həsrətlə öldü nənəm,İncə belini bükdü qəm,Eşidin! Ağlayan mənəm!Qürbət eldə qalanlarım!

Bir canım var, olsun o da,Qəriblərim, sizə fəda!Od yurduna gəlin oda,Ürəyi pərişanlarım!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation