Batırma
İnanmış, sınanmış bir adam kimi,İxtiyarın olsa qanı batırma.Sevsən həqiqəti, adil hakimi,Özünü, neməti, nanı batırma.
Kamil olsan qulluq eylə ustada,Yaxşını yamana vermə arada,Mənliyini pula satma dünyada,İnsanlığı, adı, sanı batırma.
Qəvvas olan gedər gəzər dərində,Arif olan sözü deyər yerində,Eşit məni ağlın olsa sərində,Əldə saxla bu dövranı batırma.
Mərdlərin pirinə deyəsən bəli,Dar gündə çağırsan dadına gəli,Qızıl mədənidi Miskinli Vəli,İnsaf elə gövhər-kanı batırma.
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-batirma
Use ← → keys to move, R for a random poem