Jalil Mammadguluzadeh
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Biz artıq Moskvadayıq. Krım – Moskva – Daşkənd – Orenburq – Ufa – Yekaterinburq – Kazan şəhərlərində olub, srağa gün yenə Moskvaya qayıtdıq. Daim evdən nigaran qaldığımı nəzərə almasaq, bu səyahətin bizim hamımız üçün nə qədər maraqlı olduğunu təsəvvür edə bilərsən.Mənim yola düşməyim sənin üçün gözlənilməz oldu, sənin gəlməyini gözləyə bilmədim, odur ki, evə aid tapşırıqların hamısını Polinaya verdim.
Möhtərəm yoldaş! (27 yanvar 1926)Keçən il fevral ayında sizin isminizə çatdırmaq üçün beş ədəd “Ölülər” kitabçası göndərildi. İndi sizdən xahiş olunur satılanların pulunu, satılmayanların özünü göndərəsiniz (25 faiz, əlbəttə, çıxılmaqla).Qaldı kitabçalar söhbəti: noyabr ayında iyirmi beş (25) ədəd “Sirkə”, dekabrda 25 “Molla Fəzləli”, yanvarda 25 “Baqqal Məşədi Rəhim” və 25 “Şer bülbülləri” göndərildi. Bəlkə də bu zəhmətlər sizin üçün əlverişli deyil, amma ümidvarıq ki, bunu siz maarif naminə vəzifə hesab edib və bu zəhmətə qatlaşıb mürur ilə kitabçalardan satdırasız və həmçinin pullarını öz vaxtında göndərəsiniz.
Möhtərəm Vahab yoldaş! (2 sentyabr 1928)Bakı*İki gün bundan qabaq yaylaqdan gəldim və məktubunuzu oxudum. Cavabınız 36-cı nömrədə eynən çap olunacaq. Savayı bundan ixrac olunmuş müəllimlərin adlarını bilmək istərdim, gələcəkdə bizə lazım olar. Hələ ki, belə.
Teymur! (25 avqust 1929, Kislovodsk)Avqustun axırı üçün mən Bakıda olacağam və ayın axırınacan Şuşaya Midhət, Ənvər və sənin üçün 60 manat yolpulu göndərəcəyəm. Hərçənd mən eşitmişəm ki, sən Şuşada qalmaq və orada hazırlaşmaq istəyirsən, mən buna razı ola bilmərəm, çünki oradakı hazırlaşmanın nə faydası? O biri tərəfdən sən gərək sentyabrın biri üçün Bakıda olasan ki, Əsgərxanın otağına köçüb onu həmişəlik bizim əlimizdə saxlayasan. Əgər sən möhkəm qət eləmisən ki, bu il Bakıya gəlməyəsən, onda, heç olmazsa, bunun xətrinə gərək müvəqqəti gələsən. Güman eləyirəm elə belə olacaq.Tiflisə həkim Yeritsyana Həmidə xanım barəsində məktub yazdım. Bilmirəm ondan bir cavab almışsınız, ya yox! Qoy Həmidə xanım avqustun axırlarında bu barədə mənə, Bakıya kağız yazsın (mən Bakıda olacağam). Uşaqlar avqustun axırından o yana yubanmasınlar.
Mənim əziz qızım Münəvvər! (Bakı, 28 fevral 1929)Sənin kağızını, həmçinin Müzəffərin kağızını Ənvər gətirdi. Amma çox pis iş görüb ki, dərsə gecikib.Bizdə heç bir təzə xəbər yoxdur, sizdə isə, həmişə də xoş olmasa, daim yenilik var. Amma bu işləri ürəyinə salıb fikir eləmə. Ən vacibi budur ki, növbənöv çəkişmələrə qarışmayasan və cürbəcür naxunəçilərdən uzaqda olasan.
Əzizim Əlişdan dayı! (Bakı, 30 aprel 1930)Sənubər Bakıya gələndən sonra mən sənə kağız yazmışdım, amma səndən heç bir cavab yoxdur. Belə görsənir ki, sən haman kağızı almamısan. Sənubər də bizdən bixəbər yığışıb gedib Naxçıvana. Vallah, mən bilmirəm dəxi nə eləyəydim ki, Sənubər məndən razı qalaydı. O bura gələndə mən adam göndərdim, Sənubəri tapdı gətirdi. Və iki gündən sonra Sənubər yoldaşları ilə bizə qonaq da gəldilər. Amma o bizdən getdikləri oldu. Dəxi bizə gələn olmadı. Təəccüb eləyirəm ki, nə səbəbə buradan getdilər və dərslərini yarımçıq qoydular.Bu gün Naxçıvan və Ordubad zəlzələsini qəzetdə oxudum, nigaran oldum: görəsən, bizə səmt adamlardan zəlzələyə giriftar olan yoxdur ki?
Mənim əziz oğlum Midhət! (12 iyul 1930)Sənin 29 iyun tarixli məktubunu ancaq srağagün aldım. Zərfin içində yoldaşın Levinlə birlikdə iş zamanı çəkdirdiyin şəkli görüb şad oldum. Şəkli və məktubu dərhal anana aparıb göstərdim. O səni ürəkdən istəyən bir ana kimi məndən də çox sevindi.Biz hamımız sağ-salamatıq. Srağagün, ayın 10-da anan, Münəvvər və Ənvər Şuşaya yola düşdülər, Müzəffər isə onlarla Kürdəmirə getdi ki, oradan təzə iş yerinə, Mollakəndə getsin.
Əziz oğlum Midhət! (27 iyul 1930)Yoldaşın Daşkeviç sənin məktubunu gətirib mənə verdi. Şad oldum. Dediyin vaxtda səni gözləyəcəyik. Mən hələlik heç yana getmək fikrində deyiləm. Mənim qaloşlarımı – ki, aparmışdın, – qayıdanda gətir, çünki özümə təzə qaloş tapa bilməmişəm.Özünü gözlə. Elə ki, gəldin, lazım gələcək ki, Şuşada dincələsən.
Əziz oğlum Midhət! (Şuşa şəhəri, 13 avqust 1931)Bu kağızı sənə Şuşadan yazıram. Bakıdan iyulun 7-də çıxıb Kürdəmirə gəldim. Orada bir həftə Münəvvərin yanında qaldım. Müzəffər və Münəvvər mənə çox mehribanlıqla qulluq edirlər.İyulun 13-də Münəvvərlə birlikdə Kürdəmirdən çıxıb, Yevlaxa, oradan da Ağdama gəldik. Üç gün Əliş Əmirovgildə qaldıq və iyulun 16-da Şuşaya, ananın yanına gəldik. Anan da Şuşaya iyulun 7-də gəlmiş imiş.