Ayrılıq
Aşıq Hüseyn Cavana nəzirə
Mən ki doymamışdım heç vüsalından,Mənə zülm elədi yaman ayrılıq.Nə olardı bir gün durub yuxudanGörəydim ki, olub yalan ayrılıq...
Biz ki bir ruh idik iki bədəndə,O gülüb sevinsə gülərdim mən də,Vüsalın bülbülü uçub gedəndə,Daş kimi qəlbimdə qalan ayrılıq.
Kim qıydı dostların bahar elinə?Mehriban sözünə, şirin dilinə,Cananın sazını alıb əlinəƏğyar mizrabıyla çalan ayrılıq.
Mən görəndə orda yaz səhəriydi,Xoş nəfəs baharın küləkləriydi,Açılan ağ badam çiçəkləriydi,İndi onlardımı solan, ayrılıq!
Gün çıxar, dağların əriyər qarı,Pozulmaz dostların əhdi, ilqarı,Keçər ürək dərdi, könül qubarı,Gəl etmə meydanda cövlan, ayrılıq!
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-ayriliq
Use ← → keys to move, R for a random poem