Musa
Musa Cəlilin əziz xatirəsinə
Ürəyim şan-şan olur
Musa Cəlili xatırlayanda,
Könlüm pərişan olur
Musa Cəlili xatırlayanda.
Dərin yaralar sağalmayır
heç zaman.
Dərin ağrılarla xatırlayıram
onu hər an.
Üzdən sakit, təmkinli,
içəridən qaynayan,
Həmişə təlatümdə,
həmişə narahat bir insan...
Yanında yarı da var idi,
Bəstə boylu, badam gözlü
göycək Əminə,
Şərik olardı sevincinə, qəminə...
Şair idi Musa,
əsgər paltarı geydi
Vətən mülkünə od düşəndə,
onu şair tanıdım,
sadə gözəl bir insan tanıdım
mən də...
Şair idi, insan idi,
Ürəyində sevinci, dərdi,
Vətən qəhrəmanı olacaq
Kim deyərdi...
Kim deyərdi bu adi vətəndaş,
bu sadə insan,
Sədaqət, iradə, mətanət
timsalı olacaq bir zaman.
Adı dillərdə gəzəcək,
əfsanəyə dönəcək həyatı,
diyar-diyar dolaşacaq
şöhrəti, adı.
Bir yaz günü Moskva yaxınlığında
ləpələnirdi çiçək dəryası...
Başımızda şairlik eşqi,
bir də bahar sevdası.
Gənclik, gözəllik, təbiət aləmindəyik.
Nə bir quşun qanadını sındırdıq,
Nə bir gülün xətrinə dəydik,
Deyib, gülüb, çalıb-çağırırdıq.
O, xoştəbiət, xoşqılıq,
xoşrəftar idi.
Dəstəmiz sevincli, fərəhli,
coşqun bir bahar idi.
Sonra ocaq çatdıq,
tonqal qaladıq,
Alovun yaşıl dilləri
Sazaqlı yaz günündə
büllur kimi saf havanı yaladı.
Ocaq çatdıq, isindi əllərimiz,
Dostluq, mehribanlıq ocağında
isinirdik biz.
Xatirimdə sadə, gözəl, qaynar
təbiətiylə yaşayır Musa.
Nə olardı bu ayrılıq,
bu ölüm, bu faciəli günlər olmasa...
Faşist zindanlarının
soyuq divarları
söndürə bilmədi
şair qəlbinin alovlarını;
qoyub getdi insanlara
inamını, vüqarını,
ürəyinin hərarətini,
vətənə sonsuz məhəbbətini.
Şeirləri günəş şüaları kimi
süzülüb çıxdı Moabit divarlarından.
İnsanların qəlbinə, ruhuna axdı,
odlu misralarını insanlar
qızıl qərənfillər kimi
yaxasına taxdı.
Vüqarla dalğalanan
bayraqların al rəngində,
körpələrin gülüşündə
yaşadı Musa.
Yurdun coşqun ahənginde,
Vətənin hər işində
yaşadı Musa.
Ürəyim şan-şan olur
Musa Cəlili xatırlayanda.
Könlüm həmişə, həmişə
pərişan olur,
Musa Cəlili xatırlayanda.
Kitabxana.az · https://kitabxana.az/en/works/nigar-refibeyli-musa
Use ← → keys to move, R for a random poem
More by this author
Deyirlər, qadının hüsnü, camalıTez solur, tez sönüb gedir həyatda...
Mən öz gözümlə gördümMən öz gözümlə gördümSenanın sahilində,
Qoca qız – həris qarıO heç kəsi sevmədi, xoşlamadı heç kəsi,Qızdırmadı könlünü xoş bir insan nəfəsi.
Bosfor sahillərindəİstanbulun üstündə duman pərdə-pərdədir,Türk qızı namaz üstə, yenə başın yerdədir.
Poems by other poets
Mən gəzirəm bu yaşımda,Bu dünyanın qarasında.
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,