Page 2 of 2 · 50%

– Nə olacaq. Drüşgəçi İmanın qardaşları iz itirmək üçün «bizim qardaşımızın ölüsüdür» deyib uşağımın meyitini özləri aparıb basdırdı. Mən isə kənarda yana-yana qaldım. Bu haramzada padşahların vaxtında dəfələrlə belə işlər görmüşəm. Onlardan bundan artıq şey baş verməzdi. Birisi ki, vəliəhdin oğlu ola-ola gecələri Qaradağ lotularına qoşulub karvan vurmağa, yol kəsməyə getsin, ondan nə çıxacaqdır?

– Yolkəsən hansı idi?

– Məhəmmədəli Mirzə. Atası vəliəhd ikən hər gecə quldurluğa gedərdi. Bunlardan bir il desəm, qurtarmaz.

– Hüseynəli əmi, bildiklərindən də görək, Nina üçün də bunlar maraqlıdır, – deyib danışmasını rica etdim.

Hüseynəli əmi çubuğunu təzələyərək:

– Mənim vəliəhdin həyət qulluqçuları yanında çox hörmətim var idi, – dedi. – Arabir hərəmlər də həyətə gəlib gül istərdilər, dəstə tutub verərdim, mənə hərdənbir hədiyyə də verərdilər. Müzəffərəddin Mirzənin hərəmi Ümmülxaqan Tehrandan Təbrizə gəlin gələndə mən həmin şəmsülimarənin bağçasında gülçülük edirdim. Ümmülxaqanın atası İranda çox məşhurdu. Mirzə Tağı xan Əmir Kəbir desən, bunu hər kəs nişan verərdi. Amma qızı Ümmülxaqan xanım çox əxlaqsız idi. Gədə-güdəyə sataşardı. Bunun da üstündə mənim başım bir qalmaqal çəkdi. Gecələrin birisində bağçanı suvarıb yorulmuşdum. Qapını qıfıllayıb gəlib yatmışdım. Daha demə ki, bu haramzada arvad Müzəffərəddin Mirzənin qatırçı başçısı Behbud xan ilə bağçada imiş, mən qapını bağladığımdan bunlar yol tapıb çıxa bilmirlər. Mən yatmışdım, onda gördüm ki, birisi məni boğur, gözümü açdıqda başımın üstündə Behbud xanı gördüm. Məndən kilidi aldı və özümü boğmaq istədi, daldan bir zənən xeylağının səsi gəldi: «Behbud xan, öldürmə, Hüseynəli yaxşı oğlandır, ağzıbütün adamdır. Heç kəsə xəbər verməz». Behbud xan məni buraxdı, qapını açıb onları buraxdım. Heç kəsə də demədim. Demək də lazım deyildi. Hamı bilirdi ki, o, Behbud xan qatırçıbaşı ilə ər-arvad kimi yaşayır. Müzəffərəddin Mirzənin özü də söz demirdi. Çünki o da başqa cür əxlaqsızlığı sevirdi. Ümmülxaqan Məhəmmədəli Mirzəni doğandan sonra Behbud xanı görmürdüm, o tərəflərə dolanmırdı. Günün birində xacəbaşı Məhəmmədəlini qucağına alıb bağçanı gəzdirirdi. Hələ uşaq iki yaşında idi. Elə bil ki, qatırçıbaşı Behbud xan fınxırıb bu uşağı burnundan salmışdı. Nə başınızı ağrıdım, uşaq iki yaşına çatanda Müzəffərəddin Mirzə Ümmülxaqanı Təbrizdən çıxarıb qovdu, çünki daha lap həyasızlaşmışdı. Arvad aparıb uşağı Tehranda saxlamadı, Nəsrəddin şahın hərəmi Şükuhüssəltənə uşağı ondan alıb on iki yaşına kimi saxladı. Müxtəsər, sizə başağrısı olmasın, Məhəmmədəlini on iki yaşında ikən Təbrizə gətirdilər. O, on yeddi yaşında ikən atası ərkin qarovulunda duran xüsusi Əmriyyə focunun mirpəncliyini ona tapşırdı. Bu da onun cib xərci üçün idi. Dərs zad da oxumurdu. Mürəbbiləri də döyüb qovurdu. Bunun vaxtında Əmriyyə focunda bir nəfər də qalmırdı. Hər sərbazdan üç qran, iki qran alıb buraxırdı. Bu focun başındakıların hamısı yolkəsənlər idi, rahat və maneəsiz quldurluq etmək üçün gəlib Əmriyyə focuna yazılmışdılar. Bir çoxu ildə bir dəfə vəzifələrinə gəlib, yenə də quldurluqlarına gedirdi. Məhəmmədəli isə bunlardan hər ildə müəyyən rüşvət alırdı. Məhəmmədəli atasının təyin etdiyi dinc və düzgün qulluqçuları qovub, yerinə yolkəsənləri təyin etməyi adət etmişdi. Məhəmmədəli bu adamların vasitəsilə Azərbaycanda bir çox torpaqlar əldə etmişdi. Özüm gözüm ilə gecələr öz yanındakı quldurlar ilə atlanıb öz rəiyyətinin yolunu vurmağa getdiyini görmüşdüm. Özü iştirak etmədiyi bütün soygunlardan da Şahzadənin haqqı yetişirdi. Gecələr kəndlilərin atını, eşşəyini, yükünü alırdılar. Arvadı Mülkicahan ərindən də həyasız idi. Bütün günü falçılar, cadugərlər ilə keçərdi. Müzəffərəddin şah Tehranda naxoş olduğu vaxt Xorasandan məşhur bir falçını çapar vasitəsilə Təbrizə çağırmışdılar. Falçı Müzəffərəddin şahın tez ölməsi və Məhəmmədəlinin padşahlığa tez yetişməsi üçün cadu edirdi. Təsadüfən Müzəffərəddinin ölməsi və Məhəmmədəlinin Tehrana çağırılması Məhəmmədəlinin sarayındakıları cadugərlərə inanmağa məcbur etdi. O bütün yolvuranları və öz cadugərlərini yığıb özü ilə bərabər Tehrana apardı. Onun bütün həyatı həyasızlıq içində keçdi. Özü də çox rəhmsiz idi. Olduqca da xəsis və gözüdar adam idi. Ancaq oğrulara və cadugərlərə etibarı vardı. Ondan gördüyümü və onun haqqında eşitdiklərimi böyük bir kitaba yazsan, yenə də qurtarmaz.

Hüseynəli əmi alnının tərini sildi, çubuğunu odlamağa başladı. Təhminə xanımı çağırmaq üçün getmiş Səriyyə xala da qayıdıb gəldi. Məcid gələn kimi yenə də hovuzun başına yüyürdü, Hüseynəli əminin ətəyindən tutaraq:

– Balıq ver! – dedi.

Hüseynəli əmi:

– Bilmirəm, bunun əlindən hara çıxıb qaçım, – dedi.

Nina Məcidi səslədi və dedi:

– Bir də balıq istəsən, çıxıb gedəcəyəm.

Məcid yerində oturdu. Hüseynəli əmi isə danışdı:

– Məhəmmədəli Tehranda padşah ikən yenə də caduya inanırdı. O, Tehrandan Qəzvin və Təbrizə qoşun göndərdiyi və məşrutəni məhv etmək istədiyi zaman ordu başçılarına üstünə dua oxunmuş ölü torpağı verib, məşrutə ordusunun üzərinə səpməyi tövsiyə etmişdi. Tehranda Baği-şahda olduğu vaxt, Xorasandan çağırdığı cadugər Səttar xanın və Bağır xanın şəklini mumdan qayırıb dua oxuduqdan sonra başlarını kəsirdi, Səttar xanla Bağır xanın Təbrizdə öldürüldüklərini yalan məktublarla Məhəmmədəliyə inandırmaq istəyirdi. Buna görə də Səttar xanın və Bağır xanın ölüm xəbərləri Tehranda tez-tez intişar tapırdı.

Bir azdan sonra Məşədi Kazım ağa da gəldi. Məlumatın bu gecə saat birdə Tehrana veriləcəyini söylədi.

Gecə saat on ikiyə qədər söhbət etdik. Söhbətlərin çoxunu Hüseynəli əmi edirdi. O, Təbrizin 75 illik tarixini döşündə toplamışdı.


Miss Hannanın konsulxanada xəstələnib evə qayıtdığını bildirdim, bunu öz məktubunda da mənə bildirmişdi, onu yoxlamağa getməli idim.

Əlimi onun alnına qoyduqda şiddətli hərarət içində olduğunu hiss etdim. Qızdırmanın şiddətindən tez-tez dilini çıxarıb qurumuş dodaqlarını yalayırdı.

Həkim yenicə getmiş imiş, qulluqçu qadın isə dərman gətirmək üçün gedib hələ qayıtmamışdı.

Qız əlimi əlinə alaraq zəifcə sıxdı və dedi:

– Bu gün konsulun hərarəti mənim hərarətimdən daha artıq idi, o çıldırmışdı, baş katibin işdən çıxarılması ehtimalı vardır.

– Nə üçün?

– Konsul üç gün bundan əvvəl Amerika ticarət müəssisələri nümayəndələrini çağırmağı, səfirin Vaşinqtondan aldığı əmri onlara bildirməsini, İranda şuluqluq olduğu üçün ticarətin dayandırılmasını və iranlılara kredit buraxılmamasını onlara xəbər verməyi katibə tapşırmışdı. Katib bu çağırışı təxirə saldığından bir nəfər İran taciri Amerika ticarət müəssisələrindən külli miqdarda kreditlə mal alaraq müəssisələrə milyon yarım zərər vurmuşdur. Odur ki, konsul təbii halından çıxmışdı. O, səfirə xəbər verəcəyini söylədi. Doğrudan da, böyük bir xəyanətdir. Müəssisələr bir milyon yarım itirmişlər, bu qədər para amerikalıların cibindən çıxır.

Bu məsələ miss Hannanın özünə də yaxşı təsir bağışlamamışdı. O, milyon yarım Amerika pulunun İranda qalacağından razı deyildi.

Qız bunu tez-tez təkrar edirdi.

– Bizimkilər çox uduzmuşlar, – deyə miss Hanna başqa bir məsələyə keçdi. – İran hökuməti Rusiya-İngiltərə dövlətlərinə nota vermişdir, Məhəmmədəlinin İrana gətirilməsinə yardım göstərən hər iki hökumətə öz etirazını bildirmişdir. Amerika siyasi dairələri bu notanın İran tərəfindən böyük bir cəsarət olduğunu təsdiq edirlər. Notanın farscasını yazıb gətirmişəm. Balışın altındadır, götürə bilərsiniz.

Qızın balışı altındakı notada belə yazılmışdı:

«...1909-cu il sentyabr müqaviləsinin 2-ci maddəsinə görə, şah hökuməti keçmiş şahın və onun agentlərinin ölkədə təşviqat aparmalarına mane olmaq üçün Əlahəzrət İngiltərə kralı və Əlahəzrət Rusiya imperator hökuməti tərəfindən lazımi tədbirlər görüləcəyini gözləməyə hazırdır. Ölkələrimiz arasında olan dostluq və qonşuluq münasibətini nəzərə alaraq, şah hökuməti Əlahəzrət İngiltərə kralı və Əlahəzrət Rusiya imperatoru tərəfindən belə bir şərait altında özünə qarşı göstərilən laqeydlik və soyuqluğun nədən irəli gəldiyini kəsdirə bilmir. Şah hökuməti uzun müddət içərisində keçmiş şah və onun agentləri tərəfindən aparılan təbliğata nəhayət vermək üçün İngiltərə-Rusiya hökumətlərinin lazımi tədbirlər görə bilmədiyinə inana bilmir.

Şah hökuməti 1909-cu il 7 sentyabr tarixli bəratəlqolunun 2-ci maddəsi üzrə Əlahəzrət kral və imperator hökumətindən gözlədiyi yardımı almadığına təəssüf edir. Şah hökuməti keçmiş şahın Rusiyanın «Xristofor» gəmisində gəlib İran sahilinə çıxmasından toxuna biləcək zərərlər üçün məsuliyyəti öz öhdəsindən atır».

Notanı oxuduqdan sonra:

– Rusiya və İngiltərənin bu notaya nə cür cavab vermələri məlum deyildir ki? – deyə miss Hannadan soruşdum.

– Xeyr, məlum deyildir, – deyə miss Hanna qızdırmanın şiddətindən inildəyərək cavab verdi.

Amerikalı qadın dərmanları gətirdi. İbtidai və lazımi müalicə işləri bitdikdən sonra mən vidalaşıb getmək istədim, o mənim əlimi buraxmayaraq:

– Getmək olmaz, xəstəyəm. Burada oturmalısınız, heç bir bəhanə də ola bilməz!

– Sizi narahat etmək istəmirəm.

– Biləks, mən çox rahat olaram.

– Elə isə axşam yenə də gələrəm, – dedikdə:

– Bir saatdan sonra gözləyəcəyəm, – deyə miss Hanna əlimi buraxdı.

Mən şaşırmışdım, kimlərlə danışacağımı qərara ala bilmirdim. «Əcəba, ruslar bu notaya cavab verəcəkdirmi?» – deyə yolumu dəyişdirib Ninanın evinə tərəf getdim. Ninanı evdə tapmadım. Təhminə xanım onun hara isə dərnək məşğuliyyətinə getdiyini xəbər verdi. Hər halda, o, nahar yeməyə gələcək idi. Nina gəlincəyə qədər Təhminə xanım ilə söhbət etdik, Məcidin dərsinə baxdım, nəhayət, Nina gəlib çıxdı.

– Səhərdən bir şey yeməmişəm, nahar edək, söhbətimizi sonraya qoyaq, sənin üçün İran hökumətinin notasını oxuyacağam, – deyə Nina tələsik nahar hazırlamağa başladı.

Yeməkdən sonra İran hökumətinin notasını oxudu, bu notanı oxuduğumu ona bildirmədim, çünki o bunu harada oxuduğumu soruşa bilərdi.

– İran notasına Rusiya tərəfindən cavab verilmişdirmi? – deyə Ninadan soruşdum.

– Cavab verilmişdir, – deyə Nina Rusiya notasının müxtəsər məzmununu oxudu:

«Rusiya hökuməti, İranın daxili iğtişaşları nəticəsində Rusiya hökumətinə və xüsusi mənfəətlərə toxuna biləcək zərərlər üçün yenə də əvvəldə olduğu kimi, İran hökumətini məsul biləcəkdir. Bundan başqa da Rusiya hökuməti – keçmiş şahı bir ixtilalçı kimi deyil, müharibə aparan bir tərəf kimi tanımağı qərara almışdır».

Nina notanın qısa məzmununu oxuduqdan sonra İngiltərə hökumətinin də bu məzmunda cavab verdiyini əlavə etdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets