Page 2 of 4 · 25%

Toğrul kimi sərxoş, zəif, iradəsiz bir hökmdarı səfil və rəzil bir vəziyyətə salan mən olmadımmı?! Onu verdiyim nəsihətlərlə öz ana-bir qardaşının qətlində iştirak etdirən mən olmadımmı?! Qızıl Arslan nə üçün məni bağışlasın? O nə üçün məni diri qoysun?..”.

Qətibə bunları düşünəndən sonra çox şiddətlə ağladı. Ümidsizlik onun nicat yollarını qapamamışdı. Çox ağladı, göz yaşları döşlərini islatdığı zaman qəlbindəki yanıqlar da qismən söndü, yenə də düşünməyə başladı:

“Mən hələ o qədər qocalmamışam, gənclikdən o qədər də uzaqda deyiləm. Qadın qırx iki yaşlarında yenə də qadındır. Gözəllik isə hələ sönməmişdir. Mən bu gözəllik vasitəsilə iqbalımı bir daha imtahan edəcəyəm. Qızıl Arslan da Hüsaməddin və Toğrul kimi bir kişidir. Bəlkə də kişilik şüuru onu mənim qələmlərimə atar. Bəlkə də o mənim gözlərimə baxarkən qəlbindəkiləri unudar. Bəlkə də mənim boybuxunuma baxdığı zaman təbiətin məndə yaratdığı möcüzələrə suiqəsd etmək fikrindən daşınar. Bəlkə də o mənim qara saçlarımı gördüyü zaman boğazıma keçirmək istədiyi sabunlanmış kəndiri xəyalından atar. Bəlkə də mən günahlarımı öz şişman döşlərimin kölgəsində gizlədə bilərəm. Bəlkə də mənim seviləcək dodaqlarım onun dodaqlarından çıxacaq cəza əmrlərini unutdurar”.

Qətibə bu fikirlərin nüfuzuna istinad etdi və Qızıl Arslanın səhhətini soruşmaq bəhanəsilə onun otağına girməyi qərara aldı.

Qətibə bu cür düşünürdü:

“Kişilərin yanına gediləcək qapı otağın hansı bir tərəfində olursa olsun, yenə də güzgünün və bəzək büsatının yanından keçərək onlara yanaşmaq lazımdır. Sənətkarlar boyaları əbəs yerə yaratmamışlar, hər bir şeyi boyaların altında gizlətmək mümkündür. Mən də öz günahlarımı zinət və boyaların altında gizlədə bilərəm. Kişilər təbii şeyləri o qədər də bəyənməzlər. Onlar qadının qəlbi ilə yox, şəkli ilə maraqlanır, ümumiyyətlə onlar şəkilpərəstdirlər. Gözəlliyi, hətta boyalı gözəlliyi sevirlər”.

Qətibə əlini-əlinə çalıb cariyələri səsləyərək onlara belə bir əmr verdi:

– Mənim qiymətli zinətlərimi gətirin, bəzək şeylərini hazır edin!

Cariyələr dərhal bəzək büsatını döşədilər.

Əvvəlcə Qətibənin saçlarını Heydərabaddan gətirilmiş qiymətli ətirlərlə yudular. Sonra çöhrəsini Bağdad və Xorasanın ağ mərmər rəngli kirşanları ilə kirşanladılar. İsfahan qızıl gülündən alınmış rənglə yanaqlarını bəzədilər. Atabəy Məhəmmədlə görüşdüyü zaman taxdığı zinətləri üstünə tökdülər. Çin və Türküstan ipəklərindən düzəlmiş libasları geyindirdilər. Zümrüd və almaz xalxalları topuqlarına bağladılar.

Qətibə tovuz quşunun gözəlliyini mənimsəyəndən sonra qalxıb güzgünün qabağına gəldi, yüzlərcə şamların işığında öz çöhrəsini və əndamını, zinətlərini gözdən keçirdi və öz-özünə yavaşdan dedi: “Sanki mən yenə də o qiymətli, eyni zamanda çox ucuz qiymət etdiyim gəncliyə qayıtdım”.

O, bu sözləri deyəndən sonra qapıya doğru bir-iki qədəm götürüb dışarı çıxmaq istədi, lakin dayandı, çox düşündü, Qızıl Arslanın yanına getməyə cəsarət etmədi.

“Bəlkə də hökmdar məni rədd etdi. Bəlkə də bu gözəllik onun acığını söndürmədi, o zaman mənim bu hərəkətim özüm üçün bir həqarət təşkil etməzmi?” – deyərək dayandı. Lakin bir azdan sonra yenə də:

“Kişilər uzun istiqbalı qısa nəşəyə satmağa öyrəniblər”, deyərək özünü ələ aldı və qəlbində dedi:

“Hökmdar möhkəm və dəmir bir iradəyə malik olsa belə, aylardan bəridir ki, qadınların hüzur və söhbətindən məhrumdur. Hazırda onun varlığında qadına, hətta gözəl qadına qarşı ciddi və inadkar bir tələb mövcud olmalıdır. Qadına olan tələb elə kəskin bir tələbdir ki, onun inadını heç bir irədə və şüur sındıra bilməz. Mən də gözəl bir qadınam, həm də gecədir. Ağıllı qadınlar isə kişilərin görüşünə ancaq gecə vaxtında getməlidir, çünki gecələr qadınların bəzəkləri təbii görünür, həm də kişilərin qadına olan marağı ancaq gecə zamanı alovlanmağa başlar. Çünki şamların işığında günəşin işığı kimi ifşaedici xasiyyət yoxdur. Bəzəklər örtə bilmədiyi cizgiləri, qocalığın mənfur izlərini təşkil edən qırışıqları, ən əla kirşanlar və boyalar örtə bilməzsə də, şamların işığı lazımınca örtə bilər”.

Qətibə bu düşüncələrdən sonra bir daha güzgünün qarşısında dolandı, özünə bir daha diqqətlə baxaraq qapıdan çıxdı. Qızıl Arslanın yataq otağına məxsus kiçik dəhlizə böyük ürək çırpıntıları ilə girdi, lakin pərdəni qaldırıb otağa girməyə cəsarət etmirdi. Pərdənin dalında durub düşünür və öz-özünə deyirdi:

“Bunu kim bacarar? Gecənin bu zamanı, xəlvət otaqda yaşayan bir kişinin otağına girmək kimin işidir? Bu qədər küstaxlığa kübar bir qadın, hətta bir məmləkətin mələkəlik şərəfini daşıyan bir qadın imkan verə bilərmi? Gecənin bu vaxtında qırx iki yaşlarında bir qadının bəzənib-düzənib kişinin yataq otağına girməsində nə kimi bir məna ola bilər? O mənim haqqımda nələr düşünməz? Lakin bilmirəm o məni mən istədiyim kimi qəbul edəcəkdirmi? O mənim illər uzunu irtikab etdiyim cinayətlərin günahını beş dəqiqəlik bir nəşə ilə silməyi bacaracaqdırmı? Zənn etmirəm, o qadınlara öyrənməmişdir. O, qadın vüsalının tiryəkinə adət etməmişdir. Lakin çətinlik birinci görüşə qədərdir. Müəyyən bir məqsədlə kişilərə yanaşan işvəkar qadın ən möhkəm iradəli şəxslərə belə sevginin zəhərini aşılaya bilər. Sevgi ləkəsi silinməz ləkələrdəndir. O kimi ləkələri daşıyan adamlar həqarətdən, alçalmadan da əndişə etməzlər. O kimiləri işvəkar və gözəl qadının bir şübhəli gecəsinə gədəcəyin minlərcə işıqlı günlərini qurban verə bilərlər”.

Qətibə bunları deyib otağın pərdəsini qaldırdı və sakit qədəmlərlə Qızıl Arslanın yatağına doğru irəlilədi. Qızıl Arslan insan nəfəsinin hənirtisini hiss etdiyi zaman əlindəki kitabı bir tərəfə buraxıb Qətibəyə nəzər saldı. Şərqin bütün zinət və zənginliyini mənimsəmiş canlı bir sərginin irəlilədiyini gördü və dərhal Qətibənin qəlbini oxudu.

Qətibə düşüncələrində müvəffəqiyyət qazana bilməyəcəkdi, çünki Qətibə otağa girdiyi zaman Qızıl Arslanın oxuduğu kitab qadınların lehinə deyil, əleyhinə idi. O, “Çahar dərviş” romanını yoxladığı zaman “Rövşəndüxt” hekayəsini oxuyurdu.

Qızıl Arslan Qətibəni gördüyü zaman sanki Meymən qalası hökmdarının qızı Rövşəndüxt onun yatağına doğru gəlir və atasının qətlinə mükafat olaraq sərkərdənin qolları arasına atılmaq istəyirdi. Qızıl Asrlan bu fikirlərin dəhşətli təsirilə kitabı bir tərəfə buraxıb qalxmaq istərkən, Qətibə əlini onun çiyninə qoyub dedi:

– Rahatsız olmayın, hökmdar! Siz xəstəsiniz. Üzrünüz məqbul üzrdür. Sizi rahatsız etmək istəmirdim, lakin rahat ola bilmədim, hökmdarın belə mühüm bir zamanda xəstələnməsi vəziyyətdən xəbərdar olan bir adamı düşündürməyə bilməzdi.

Qızıl Arslan acığını gizlədərək:

– Mələkədən çox razıyam, – dedikdə, Qətibə də:

– Mələkəlik məni xoşbəxt edə bilmədi. Lakin mən bədbəxt olduğuma baxmayaraq, hökmdarın xoşbəxt və qalib həyat keçirməsini arzu edirəm.

– Mələkəni xoşbəxt etmək bir şəxsin işidir, lakin məmləkəti xoşbəxt etmək üçün uzun müddət, hətta ümumi bir qüvvətlə işləmək lazımdır, çünki məmləkətin düşməni olduqca böyükdür.

Qətibə bir ah çəkərək:

– Doğrudur, hökmdar! – dedi. – Mənim xoşbəxtliyimin bir şəxsin əlində olduğu inkaredilməz bir həqiqətdir. Lakin qəlbin tələbləri təmin edilmədən xoşbəxtliyin baş tutacağı da şübhəlidir.

Qızıl Arslan göz qapaqlarını qapayıb Qətibənin nə demək istədiyi barəsində düşünür və ona nə kimi cavab verməyi hazırlayırdı. Qətibə hökmdarın tərəddüd içərisində üzdüyünü duyunca cəsarətini toplayıb dodaqlarını hökmdarın dodaqlarına yaxınlaşdırıb:

– Yəqin ki, hökmdar həzrətlərinin hərarəti olduqca kəskindir! – dedi.

Lakin Qətibə bu təşəbbüsündən gözlədiyi qalibiyyəti qazana bilmədi, biləks, açıq bir təhqir aldı. Çünki hökmdar çöhrəsində insan nəfəsinin istiliyini hiss edər-etməz, Qətibənin fikrini anladı və əlini çöhrəsinə hayıl etdi. Buna görə də Qətibə hökmdarın dodaqları əvəzinə əlindən öpdü.

Qızıl Arslan Qətibənin təhqir olduğunu hiss edərkən:

– Elədir, mələkə! Hərarətim olduqca kəskindir. Mən də xəstəyəm, məmləkət də xəstədir. Birinci xəstəyə yox, ikinci xəstəyə kömək lazımdır.

– Mən ikinci xəstənin tədavisində iştirak etməkdən ötrü birinci xəstə ilə danışmaq üçün gəlmişdim.

Qızıl Arslan Qətibənin onu yoluxmaq və səhhətini soruşmaq üçün deyil, Toğrul ilə oynadığı oyunları oynamaq məqsədilə gəldiyini bilirdi. Bunsuz da Qətibənin məsələsi Qızıl Arslanı düşündürürdü. Onu edam etdirmək və yainki həbsə aldırmaq mümkün deyildi. Əvvəla, onun oğlu Rey hakimi idi, ikinci, o, Atabəy Məhəmmədin qadını idi. Qızıl Arslan onu sürgün etmək də istəmirdi, çünki sürgündə olduğu zaman məmləkətin düşmənləri ilə daha azad, daha asan bir surətdə görüşür və macəra hazırlayırdı. Buna görə də Qızıl Arslan onu öz gözü önündə bulundurmağı qərara almışdı ki, bu da onun Təbrizə köçürülməsilə mümkün idi.

Qızıl Arslan bunları düşündüyü dəqiqələrdə Qətibə də eyni fikrin ətrafında düşünürdü:

“O məni öldürə bilməz. Həbsdə saxlaya bilməz, sürgün etməkdən də müsbət bir nəticə əldə edə bilməzdi. Söz yoxdur ki, paytaxtda yaşamağıma razı olmayacaqdır. Bunun üçün yeganə bir çarə varsa, o da məni Təbrizə köçürməkdən ibarət olacaqdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets