Düşüncələr
Page 3 of 4 · 50%
Hərgah mənim bu düşüncələrim doğrulursa, o zaman hökmdarın yaxası bu qadının əlindən qurtarmaz, o bu gün üzünü tutmağı bacarırsa, yarın bacarmaz. Kişilər belədir, onların qadına tələbat hiss etdikləri anları təyin etməyi bacarmaq lazımdır. Onlarda bu tələbat doğulduğu zaman şüurları kütləşir, o zaman qadının qocalığını, çirkinliyini, hətta əxlaqsız olduğunu belə xəyallarına gətirə bilməzlər”.
Qızıl Arslan sükutu pozaraq:
– Mən möhtərəm mələkə haqqında tamamilə başqa cürə düşünürəm. Bu neçə ilin müddətində mələkənin yaşayış tərzindən aldığım təcrübələr mənə bir həqiqəti anlatdı ki, o da bundan ibarətdir:
İndiyə qədər mələkənin nə kimi bir vəziyyət içərisində yaşamasilə nə Toğrul, nə də mənim özüm məşğul olmamışıq. Mələkənin üzərində müəyyən nəzarət və himayət olmamışdır. Aralıqda mövcud olan bütün anlaşılmazlıq, hətta bir para ixtilaflar da himayəsizlik nəticəsində yaradılmışdır. Məmləkətin düşmənləri mələkənin başlı-başına buraxılmasından istifadə etmişdir. Hətta, Toğrulun özü də mələkənin qeyri-ixtiyari və məcburiyyət daxilində buraxdığı səhvlərindən istifadə etmək istəmişdir.
Qızıl Arslan bunları açıq-açığına deyəndən sonra Qətibəyə sual verdi:
– Möhtərəm mələkə, bu söylədiklərim doğru deyilmi?
Qətibə bir daha iqbalını sınamaq istədi və ağlayaraq:
– Belədir, əlahəzrət! – deməklə özünü hökmdarın üzərinə atdı və bir daha tutqun səslə:
– Belədir! – dedi və döşlərini hökmdarın döşlərinə söykədi, qollarını açmaqla onu bərk-bərk qucaqladı.
Lakin o, bu son təşəbbüsündə də müvəffəq ola bilmədi. Qızıl Arslan soyuqqanlı bir halda onun qollarından tutub yataqdan uzaqlaşdı və:
– Mələkənin özünü ələ almasını məsləhət görürəm. Sizi Təbrizə köçürəcəyəm. O zaman bu sahədə də danışmaq mümkündür.
Qətibə məğlublara məxsus bir çöhrə ilə Qızıl Arslana baxaraq soruşdu:
– Mən hökmdarın verdiyi bu vədələrə inana bilərəmmi?
– İnana bilərsiniz. Hər şey Təbrizdə.
Qətibə bu sözləri eşidəndən sonra yenə də qalxıb getmədi, o Qızıl Arslandan təminat almaq və gələcəyin zəminəsini qoymaq üçün öz qadınlığını, öz gözəlliyini nümayiş etdirdi. Lakin etdiyi nümayişlərin hamısında özünü məğlublar cərgəsində gördü. Nəhayət, fikrini açıq-açığına dedi. Qızıl Arslan da əvvəlki sözünü təkrar etməklə:
– Hər şey Təbrizdə, – deyə cavab verdi.
Qətibə bir daha açıq danışdı:
– Mən hökmdarla bərabər məmləkətin iqbalında iştirak etmək istəyirəm.
Qızıl Arslan yenə də:
– Bu barədə Təbrizdə danışarıq, – dedi.
Qətibə səhərə qədər Qızıl Arslanı rahatsız etdiyinə baxmayaraq, öz qəlbini rahat edə bilmədi. O ağlaya-ağlaya pərdəni qaldırıb dəhlizə çıxdığı zaman cariyələr və xidmətçilər də dəhlizdə durub Qətibənin hökmdarın otağından nə zaman və nə vəziyyətdə çıxacağını gözləyirdilər. Qətibə göz yaşı ilə onlara müraciət edib:
– Hökmdarın səhhəti yerində deyildi, buna görə də yanından ayrıla bilmədim, – deyib, keçib getdi.
Bu hadisədən üç gün keçəndən sonra Qətibənin qafiləsi Atabəy sarayını tərk edərək Həmədanın Təbriz darvazasından çıxırdı, Qətibə sanki Qızıl Arslanla baş tutacaq izdivacın toy otağına gedirdi.
Qətibənin Təbrizə gətirilməsi xarəzmşahlarla olan əlaqənin dəyişməsinə və Reydən mərkəzi hökumətə qarşı aparılan mübarizənin dayandırılmasına səbəb oldu. Lakin azərbaycanlılar Qətibənin Azərbaycana gətirilməsi və Təbriz saraylarından birisində yerləşdirilməsi işinə soyuqqanlılıqla baxa bilmədilər. Qızıl Arslanı yaxından tanıyanlar onun Qətibə ilə evlənəcəyi haqqında buraxılan şayiələrin heç birisinə inanmırdı. Qətibə isə Təbrizə yığışdığı gündən bəri özünü Qızıl Arslanın mələkəsi kimi aparır və bu izdivacın tezliklə baş tutacağına inanırdı. O, oğlu Qütlüğ İnanca yazdığı məktubunda da bu fikirləri ifadə edirdi. O, məktubda deyirdi:
“Bir məmləkəti idarə etmək işinin müvəffəqiyyəti, vəziyyəti təyin etməkdən asılıdır. Biz iqbalımızı Toğrulun iqbalına bağlamaqdan heç bir müsbət nəticə əldə edə bilmədik. Mənə elə gəlir ki, Toğrulun məsələsi hələlik həll edilmiş bir məsələdir.
Hazırda həm iqbal, həm də məmləkət xalqının rəğbəti Qızıl Arslanın tərəfindədir. Buna görə də əminə qarşı əlində silah olaraq müharibəyə çıxmağın vaxtı keçmişdir.
Bizim iqbalımız Qızıl Arslanın iqbalı ilə bir yerdə aşılanmaq ərəfəsindədir. Bu birləşmə səni nə acıqlandırsın, nə də heyrətə gətirsin. Çünki bu, iki nəfərin arzusunu təyin etmək deyildir. Xanədanımızın davam və möhkəmliyi bunu təqaza edir. Qan tökmək ixtilafı bir daha dərinləşdirər. Məktubu alan kimi, müharibə və mübarizə ətrafında gördüyün hazırlıqların hamısından əl çəkib Təbrizə gəlmək səfərinə hazırlanmalısan.
Hökmdar sənə də və qəhrəman Hüsaməddin cənablarına da əmniyyət əta buyurmuşdur. Sizin hər ikiniz üçün əmniyyətnamə göndərir və yolunuzu gözləyirəm”.
Bu məktub göndəriləndən on beş gün sonra təcili qasid gəlib Qütlüğ İnancın Hüsaməddinlə bərabər Təbrizə yaxınlaşdığını xəbər verdi. Bu xəbər gələn kimi Qızıl Arslan böyük və təntənəli bir istiqbal mərasiminin düzəlməsinə əmr verdi.
Hüsaməddinlə Qütlüğ İnanc Qızıl Arslanın hüzuruna daxil olduqları zaman Qətibə də Qızıl payəli bir kürsünün üstündə oturmuşdu. Onların hər ikisi əvvəlcə Qətibənin, sonra da Qızıl Arslanın əlini öpdülər.
Hüsaməddin Qətibənin əlini öpdüyü zaman keçmişin mürəkkəb xatirələri yenə də onu danışdırıb deyirdi:
“Vaxtilə bu əxlaqsız qadın mənimlə izdivac arzusunda olduğu və mənim həsrətimlə yaşadığını təkrar-təkrar deyərək and içirdi. O, üzünü və dodaqlarını dəfələrlə mənə öpdürdüyünə baxmayaraq, indi də mənə əlini öpdürür, heç də utanıb-qızarmır. O dodaqlar nə etmədi? Qaşıda duran bu ilan kimləri zəhərləmədi? Ərini edam etdirdi, Toğrulu taxtından sürgünlərə göndərdi. İndi də Eldəniz xanədanını kor qoymaq üçün Qızıl Arslana nəfəs salmışdır. Lakin o mənim əlimdən yaxasını qurtara bilməyəcəkdir. Onu məhv edəcəyəm, o mənim yanımda da məsuldur. Onun şeytancasına sevgisi iyirmi ildən bəri mənim gəncliyimi çeynəmişdir. Mən bir qəhrəman olduğum halda, kimlərə xidmət etdiyimi özüm də bilmirəm”.
Hüsaməddin bu fikirlərdən sonra ilan kimi acığından qısqanaraq bir daha qəlbində dedi:
“Şairlər nə qədər hessas şəxsiyyət imiş!.. Nizami bu ilanı birinci görüşdə tanıdı. O, bunun qəlbini nə tez oxuya bildi? Qoy Qətibə şadlanmasın, qoy o Qızıl Arslandan nicat gözləməsin, mən yenə də Toğrulu hökumət başına keçirəcəyəm. Qoy Qızıl Arslan dünyalara əyilməyən məğrur başını əclaf və vəfasız bir qadının qarşısında əysin, lakin onu da bilsin ki, bu qadına əyilən baş, bir gün torpaqdan qalxmayacaqdır. Buna Qətibə deyərlər, o bu xanədanı məhv etməmiş sakit olmayacaqdır. Bunun özünü isə yalnız mən məhv edə biləcəyəm”.
Qətibə də hüzurunda duran ağılsız və sevgi əsiri olan qəhrəmana baxır və düşünürdü:
“Qəhrəmanlıq meydanının sənətkarı olsan da, qadın qəlbini öyrənmək işində məktəbli bir uşaq qədər savadsızsan. Sən mənim əlimdən qurtara bilməzsən. Filosoflar, siyasətçilər və ədiblər meydanında at sürən Qızıl Arslanlar mənim müəmmalarımı həll edə bilmədiyi halda, sənin kimi avam, ancaq bir qılınc ilə bir də heyvanı qüvvətə malik olan bir adam nə edə biləcəkdir? Sən mənim bir cüt dodağıma sahiblənmək üçün bir hökmdarın qətlində iştirak etdin. Bu dodaqları bir daha sənə verərsəm, yanımda oturan ikinci hökmdarı da öldürəcəksən, lakin yenə də mən sənin olmayacağam. Çünki mən gözəlliyi, qəhrəmanlığı yox, məqsədi sevirəm. O məqsəd isə Toğrulda və Qızıl Arslandadır. Sənə gəldikdə, bu məqsədi əldə etmək üçün bir vasitəsən”.
Təntənəli ziyafətdə Təbrizin ən sənətkar çalanları və oxuyanları iştirak edirdi. Lakin Hüsaməddinin qəlbi özündə deyildi. Onu təhqirin və qısqanclığın ağırlıqları əzirdi. O həm acıqlanır, həm də etdiklərindən utanır və xəcalət çəkirdi.
– Nə üçün mən Atabəy Məhəmməd kimi bir kişini iki zəhərli dodaqların səbəbinə zəhərlətdim? – deyərək qəlbində belə bir and içirdi: “Mən bu fahişənin dodaqlarına zəhər içirməsəm, rahat ola bilməyəcəyəm”.
Qətibə hazırkı vəziyyətdən narazı deyildi. O belə düşünürdü:
– Mən bir qatil olsam, dəyərsiz adamların qatiliyəm. Məmləkətini, vətənini bir qadının dodaqlarına qurban verə bilənləri öldürmək məmləkətə və xalqa qarşı bir xəyanət hesab edilməməlidir.
Məmləkətin bədbəxtliyi burasındadır ki, onun idarəsi hər əsrdə bir acizin, yaxud bir şəhvətpərəstin əlində olmuşdur.
İyirmi iki ildir ki, böyük bir xanədanı oyuncaq edib əlimdə oynadıram. İntiqam intiqam üstündən alıram. Yenə də alacağam, çünki Atabəy Məhəmməd mənə verdiyi qəlbini alıb, başqasına verdi. O, öz gözəli ilə nəşələndiyi gecələr mən dizlərimi qucaqlayıb ağlayırdım.
Hazırda mənim yanımda oturan hökmdar da mənim məqsədimi bu gün-sabah təxirə salır, lakin o bunu davam etdirə bilməyəcəkdir. Çünki artıq ölüm ona çox yaxındır”.
Musiqi çalınır, rəqqasələr rəqs edirdi. Ziyafətdə hər şey və hər kəs var idi. Görünməyən şey səmimiyyət, iştirak etməyənlər isə azərbaycanlılar idi. Qətibə Təbrizə gəldiyi gündən vəliəhd Azərbaycan səyahəti bəhanəsilə Təbrizdən çıxmışdı, Qütlüğ İnancın gəlməsi münasibətilə veriləcək ziyafətə dəvət olunduğuna baxmayaraq ziyafətə gəlməmişdi, çünki o, Qətibəni görmək istəmirdi. Atabəy Məhəmmədin qəfildən baş verən ölümü haqqında buraxılan şayiələr vəliəhdin Qətibəyə olan etimadını qırmışdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-dusunceler
Use ← → keys to move, R for a random poem
More by this author
Şadam səri-kuyində nikahban ola bilsəm,Bir dəm hərəmi vəslinə mehman ola bilsəm.
AprelAprel günəşi məndə bir düşüncə yaratdı,O düşüncə fikrimi işıq aləmə atdı.
Dinsizlik özü də bir dindirDinsizliyi tərvicdən əl çəkmədim əsla,Zira məni hürriyyətə sövq etdi bu sevda.
LeninəAfağı ağladırsa da tə’siri-matəmin,Asudə yat, bu mövt ilə sarsılmaz aləmin.
Poems by other poets
Allahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
O kim, nüsrət verür nüğli-kəlamullah ehkamıO kim, nüsrət verür nüğli-kəlamullah ehkamı,O kim əvan olur şər'i-nəbiullah göftarı.