Page 1 of 2

Gənc xəfiyyə həddindən artıq sevinirdi. Nə üçün də sevinməsin? Bu səfərində o iki quşu bir güllə ilə vuracaqdı: həm gizli ədəbiyyat aparan Jenyanı Batumidə ədəbiyyatla bərabər tutduracaq, həm də Batumidə fəhlə hərəkatı rəhbərlərini öyrənib jandarm idarəsinə xəbər verəcək idi.

Biletlər yumşaq vagona alınmışdı. Hambal, Jenya ilə gənc casusun çemodanlarını kupeyə qoydu. Orada iki nəfər başqa adam da oturmuşdu. Onlardan birisi Moskva taçirlərindən idi. O, çay əkini işləri ilə tanış olmaq üçün Çakvaya gedirdi. İkincisi də bir erməni keşişi idi. Onun oğlu Odessa şəhərində evləndiyi üçün atasını toya çağırmışdı.

Jenyanın çemodanı gənc xəfiyyənin gözü qarşısında moskvalı taçirin çemodanı ilə yan-yana dururdu. Moskva taçiri öz çemodanını açdı, bir kitab çıxarıb oxumağa başladı. Gənc xəfiyyə gözünü Jenyanın çemodanından ayırmırdı, çemodanların dəyişik düşməsindən qorxurdu. O öz gələcəyini, səadətini, bütün varlığını bu çemodandan asılı görürdü. Ona görə də bir qalibiyyətə, hətta qazanılmış bir qalibiyyətə sahiblənmək üçün getdiyinə sevinirdi. Gülürdü, oxuyurdu, çürbəçür lətifələrlə Jenyanı məşğul edirdi. Jenya da gülürdü, gənc xəfiyyənin lətifələrini öz lətifələrilə qarşılayırdı.

Batumiyə yaxınlaşırdılar. Rus taçiri vidalaşıb Çakva stansiyasında düşdü, keşiş Batumiyə qədər gedəcəkdi.

Jenya nazlana-nazlana dedi:

– Mən sizi heç unutmayacağam, sizin məhəbbətinizi də heç bir məhəbbətlə dəyişməyəcəyəm. Siz mənə ömrümdə görə bilməyəcəyim bir səadəti qazandırdınız. İndi mən keçmiş günlərimin pis keçdiyinə təəssüf edirəm. Mən nə üçün sizinlə əvvəldən tanış olmadım!

Gənc xəfiyyə:

– Mənim yaxınlığım sizə həyatın nümunəvi bir səadətini verəcəkdir. Siz həyatın nədən ibarət olduğunu bundan sonra görəcəksiniz, — dedi və yenə də oxumağa başladı.

Dəmiryol qatarı uzun tüneldən çıxıb yaşıl meşənin qoynuna girdi. Parovoz boz saçlarını dalına atıb dərindən nəfəs aldı...

Qara dəniz görünürdü. Suyun qəlbindən qalxan günəşin ilk şüaları otların, yasəmənlərin şehli saçlarını qurudurdu. Miniklər vagonun pəncərəsindən gözəl mənzərəyə baxdıqca özlərini başqa bir aləmdə hiss edirdilər. Jenya da sol tərəfdə görünən çiçəkli meşələrdən, sağda günəş şəfəqləri altında parlayan Qara dəniz ləpələrindən gözünü çəkə bilmirdi. Lakin gənc casus gözlərini Jenyanın çemodanına dikib durmuşdu.

Qara dənizin səhərə məxsus boz ipək örtüləri altında nazlanan Batumi şəhəri göründü. Fikus ağaclarının güzgü kimi parlayan yarpaqları qatarı salamlayırdı.

Batumi limanında duran kəmilərin dirəkləri uzaqdan kiçik qutulara taxılmış kibrit çöpü kimi görünürdü.

Jenya Batumidə görüşmək istədiyi yoldaşları haqqında düşünürdü:

– Nə olaydı, yoldaşlar Batumidən getməmiş olaydılar! Onlar mənim bu müvəffəqiyyətimi görsəydilər nə qədər çürətli bir qız olduğumu bilərdilər.

Gənc casus isə Jenyanı başdan-ayağa süzür, çox çəkmədən ondan ayrılacağını, onu jandarmlar pəncəsinə verəcəyini düşünürdü. Bununla da həm sevinir, həm də bu kimi gözəl bir qızı itirəcəyinə təəssüf edirdi.

Jenya ondan soruşdu:

– Biz hara düşəcəyik?

Gənc casus:

– Mehmanxanaya, — dedi.

– Bizim burada tanışımız da vardır. Bəlkə ikimiz də ora düşə bildik?

– Yox, orada heç rahat ola bilmərik. Mehmanxanada daha yaxşıdır. «Yalta» oteli çox təmiz, çox da səfalıdır.

Jenya sevinclə:

– Etirazım yoxdur, — dedi. — Oradan Qara dəniz görünmüş olsaydı, mən daha razı qalardım.

– Dəniz otellərin hamısından görünür. Arxayın olun.

Qatar palma ağacları içərisində gizlənən stansiyanın qabağında dayandı.

Çar jandarmları dərhal vagondan düşənlərin üstünü aldı, şübhəli hesab edilənlər şeyləri ilə bərabər jandarm idarəsinə aparıldı. Nə gənc xəfiyyənin, nə də Jenyanın şeylərinə əhəmiyyət verildi. Şübhəsiz ki, gənc xəfiyyənin Batumiyə gələcəyi və özü ilə bərabər yağlı bir ov gətirəcəyi Batumi jandarm idarəsinə xəbər verilmişdi.

Faytona oturub «Yalta» mehmanxanasına getdilər. Çemodanlar içəri qoyuldu. Jenya da, gənc casus da sevinirdi. Jenya qazandığı qalibiyyətdən, gənc xəfiyyə də təsəvvür etdiyi müvəffəqiyyətdən şadlanırdılar. Gənc casus bir saatdan sonra Jenyanın ədəbiyyatla dolu çemodanının jandarm idarəsində olacağını yəqin edirdi. O, sevincindən Jenyanın əllərindən tutub özünə tərəf çəkdi, dodaqlarından öpmək istədi.

Jenya əllərini onun əlindən dartıb aldı, geri çəkilərək:

– Evləndikdən sonra! — dedi.

Gənc xəfiyyə gülümsünərək:

– Evlənmək? Bəli, evlənmək... evlənmək... Buna çox qalmamışdır, — dedi və əllərini bir-birinə sürtməyə başladı.

Jenya əl-üzünü yumaq üçün bayıra çıxdı. Xəfiyyə bundan istifadə edərək Jenyanın çemodanını böyük bir təlaşla açdı, o saat da bütün halı dəyişdi. Onun gözlədiyi şey çemodanda yox idi. Orada ancaq Jenyanın paltarı, bir də bir neçə adi kitab var idi.

Gənc xəfiyyə həyəcandan titrəməyə başladı, az qaldı dəli olsun. Əlləri ilə başına vurdu. Özünü öldürmək istədi. Silahı yox idi. Oturub düşündü; yenə qalxıb gəzinməyə başladı.

«Bütün zəhmətlərim hədərə getdi. Hökumətin pulunu xərclədim. Qız inqilabçı deyilmiş. O məni aldadırmış. Batumiyə gəzməyə getmək istədiyi üçün mənə yaxınlaşırmış. Mən onu Bakıdan Batumiyə qədər gözdən buraxmadım. Bunda gizli ədəbiyyat vardısa, bəs necə oldu?!».

Gənc xəfiyyə öz gələcəyi haqqında düşündü, çünki polis və jandarm idarəsi onu azad buraxmayacaqdı. Ancaq heç bir şey tapa bilmədi. Özünü üçüncü mərtəbədən atmaq istərkən, Jenya içəri girdi və soruşdu:

– Əziz dostum, sizə nə olub? Halınız nə üçün pozğundur?

Xəfiyyə titrək səslə:

– Doğrudan da halım çox pozğundur, — dedi, — görünür, Batuminin havası mənə düşmür.

Jenya özünü itirmiş kimi:

– Elə isə tez geri qayıda bilmərikmi?

Gənc casus həyəcanlı bir surətdə:

– Əlbəttə, qayıda bilərik, — dedi. — Burada oturunuz, mən bir həkimə gedim.

Gənc paltosunu geyib bayıra çıxdığı zaman Jenya ona dedi:

– Mənim əzizim, sənə yenə soyuq dəyər...

Bu sözlər gənc casusa güllə kimi dəydi. O qayıdıb Jenyanın üzünə acıqlı baxdı, qapını çırpıb, bayıra çıxdı. Jenya qapının dalını vurub qəhqəhə ilə güldü. Çay gətirdilər. İkinci stəkanı içib qurtarmamışdı ki, qapı vuruldu. Gənc xəfiyyə ilə bərabər iki Jandarm onbaşısı içəri girdi. Jenya gənc xəfiyyəyə yazığı gəlmiş kimi:

– Aman, əzizim! — dedi, — Başına bir fəlakətmi gəldi?

Gənc casusun danışmağa halı yox idi, o ancaq qurumuş dodaqlarını dili ilə isladır, qorxusundan titrəyirdi. Jandarm nəfərlərindən birisi:

– Xanım qız, — dedi, — icazə verin, sizin otağı axtaraq.

Jenya heç də özünü itirməyərək:

– Buyurun, axtarın — dedi.

Otağı axtardılar. Heç bir şey tapmadılar.

Jenya ilə gənc xəfiyyəni baş jandarm idarəsinə apardılar. Keşiş də orada idi. O, xaç vurur, gözündən damcı-damcı yaş tökürdü.

Jandarm miralayı Jenyadan soruşdu:

– Bu oğlan kimdir? Doğrusunu de!

– Bu oğlan Konstantin İvaniçdir!

– Bunun səninlə nə əlaqəsi var?

– Nişanlımdır.

– Nə vaxt tanış oldunuz?

– Altı aydır.

– Batumiyə nə üçün gəldiniz?

– Gəzmək üçün.

– Sizin yanınızda başqa miniklər də var idimi?

– Var idi; birisi erməni keşişi, birisi də gənc rus taçiri idi.

– Sən inqilabçısan?

– Elə bircə o qalmışdı!

– Gizli ədəbiyyat necə oldu?

– Çemodanda idi, amma gizli deyildi. Onları Konstantin də gördü və mənzili axtaran jandarmlar da götürüb baxdılar.

– Çay taçiri necə oldu?

– Çakva stansiyasında düşdü.

– Taçirin Konstantin İvaniçlə əvvəldən tanışlığı var idimi?

– Bilmirəm. Ancaq onlar vagonda tanış oldular.

– Sən Konstantin İvaniçin haqqında daha nə deyə bilərsən?

– Mən sizi əmin edə bilərəm ki, o yazıq gənc təmiz bir adamdır. Onun inqilabçılar və gizli ədəbiyyat işləri ilə heç bir əlaqəsi yoxdur.

– Bayıra çıx!

Jenya bayıra çıxdı. Keşiş yenə də ağlayır, tez-tez xaç vurur, günahsız yerə tutulduğunu söyləyir, həzrət İsanı və allahı köməyinə çağırırdı.

Jenyanın getməsinə icazə verilməmişdi. İki jandarm nəfəri onun keşiyində durmuşdu.

Bir neçə dəqiqədən sonra, onu dübarə içəri çağırdılar. Jandarm miralayı Jenyaya dedi:

– Sən gedə bilərsən!

Sonra keşişə dedi:

– Sənin haqqında da Bakıya xəbər verilmişdir. Oradan xəbər gəlincəyə qədər sən Batumidə qalmalısan.

Keşiş ağlaya-ağlaya yalvarmağa başladı:

– Allaha və həzrət İsaya inanın, mən bir fəqir keşişəm, məni burada saxlamayın, oğlumun toyuna çata bilmərəm.

Miralay gülərək dedi:

– Teleqram göndərin toyu bir az keçikdirsinlər. Bakıdakı toy daha mühüm toydur...


Jenya yüngül bir sorğudan sonra jandarm idarəsindən buraxıldığına heç də inana bilmirdi. Tez-tez yeriyirdi. Yanı ilə gedən jandarm nəfərinin onu dustaqxanaya apardığını zənn edirdi.

Birbaş «Yalta» otelinə gəldilər. Jandarm nəfəri gənc casusun şeylərini götürüb getdi.

Jenya pəncərənin qabağında oturub xeyli düşündü. Bakıda adreslərini aldığı adamları görmək lazım idi. Paltarını dəyişdi. Qapıdan bayıra çıxarkən otel sahibinin arvadı ona yanaşıb dedi:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Balaca felyeton

Bir filosofun zamani-vəfatında oğluna etdiyi nəsihət.*Ey mənim istəkli oğlum! Mən dünyadan getdiyim kimi, əsri-hazırda olan cəmi yaranmışlar dəxi mənimlə belə qara torpaq altına gedəcəkdir. Zamani-həyatımda əcdadımızdan şə’n-şöhrətimizə layiq bir maarifli oğul yetirdim. O isə səndən ibarətdir. Əzizim! Qamətin ucaldıqca bacarıb şan və şöhrətini alçaq saxla.

4 min
Qəlbim tutulmuşdu

Yayın orta ayı, günortanın zamanı, qəlbim tutulmuşdu. Durub dolanıb molla yoldaşımı tapdım. Ərz elədim, ay molla, sən allah bir az yaxşı söhbətlərdən elə, bəlkə bir az mənim qəlbim açılsın. Pir olsun, çox fərəhli söhbət etdi. Əvvəl buyurdu: görəsən bu isti hava nədəndir? Dedim: bu işləri hükəma yaxşı bilər. Buyurdu: görəsən hamı şəhərlər bizim şəhərimiz kimi isti olar? Dedim: molla qardaş, mənim əqlimcə Qafqaz şəhərləri bir-birindən gərək bir az tafavütlu olsun. Dedi: xeyir, mən Qafqazı demirəm, belə bir necə yer adı var ki, indi təzə məktəbə getmiş uşaqlar sayıb, sonra divardakı çızıq-çızıq kağızlarda barmaqları ilə göstərirlər. Ürəyimdə bilirəm, amma dilim tutmur. Dedim: olmaya beş qit’əni deyirsən? Dedi: adını de görüm? Dedim: Avropa, Asiya, filan, filan... Buyurdu: bunlar isti olur ya inki bizim şəhərimiz? Dedim: ehtimal vardır ki, Afrika çölləri isti olar. Buyurdu: Afrikada müsəlman çoxdur, ya inki Qafqazda? Ərz elədim: Afrikada neçə-neçə islam hökumətləri vardır ki, Qafqazdan böyük torpağı, milyonlarla nüfusu vardır. Buyurdu: xub, onların idarəsi nə tövrdür, məşrutədir, müstəqildir? Dedim: onlar öz çörəklərini gizlin yeməkdədirlər. Buyurdu: necə-necə?!!... Gördüm çox baş-beynimi aparacaq, istədim sakit eləyim, dedim: onlar da bizim Rusiya müsəlmanları kimi asudə yaşamaqdadırlar. Dedi: necə, nə buyurursan? Təngə gəlib bu nəzmləri rəfiqimə oxudum:Asudə bizik, bizləri görcək sitəm ağlar,

2 min
Məktub

Cənab Molla Nəsrəddin! Bir necə gün bundan müqəddəm İranda bir şair rəfiqimə yazıb İrandan mə’lumat istəmişdim. Çünki on ildir İranı görməmişdim. Dünən rəfiqimdən fars lisanında bu məzmunda bir məktub yetişdi. Məktubu farscadan eynən tərcümə edib idarənizə təqdim edirəm:Əziz qardaşım Hərdəmxəyal! Minlərcə şükürlər, hökumətin sayeyi-mərhəmətində hürr və asudə yaşayıb gündən-günə tərəqqi və təməddün aləminə sarışıb mədəni millətlər, müəzzəm hökumətlər sırasına keçirik!.. Asiya meydanında bir elektrik fanusu kimi qətəati-xəmsədə olan bəni-nəv’i-bəşəri işıqlandırıb aləmi-mədəniyyəti birdən-birə tənvir etmişik.

2 min
Bəyani-həqiqət

Get, ay Molla Nəsrəddin əmi, allah sənin kimi mollaları bizə çox görməsin. Bir necə müddət idi öz şəklini jurnalın arasında çəkirdin, həyalı cavanlar jurnalı qabaqlarına açan kimi gözləri sənə sataşanda həya təri basıb, utanıb, büküb qoyurdular yerə. Çünki görürlər əlində əsayi-piri, başında əmmaməyi-abidanə, özün də gözlərini tikmisən adamın üzünə. Biçarə uşaqlar xəcalət çəkirdilər. Çox arif molla imişsən!Bu az müddətdə elmi-qiyafə işinə baş tapıb yavaş-yavaş pərdə dalına çəkilməyə başladın. Hərçənd bizim sənə söz deməyimiz qəbihdir, lakin mollalarda hüsn-xülq olduğuna cəsarət ilə ərz edirəm. Axund ağa, bir az da pərdə dalına çəkilsən pis olmaz. Bəlkə allaha təvəkkül, səni pərdə dalında görüb müsəlman aləmində bə’zi biar mollalar ibrət götürsünlər. Təbriz dedim, ağayi-büzürkəvarın sizə təqdim etdiyi sifariş xəyalıma gəldi. Keçən gün Əmir timçəsində Məşədi Qazım dəllal ilə «Ağa»-nın bir-birinə tapança çəkmələrindən söhbət edirdim. Onda gördüm bir nəfər gəldi ki, səni «Ağa» çağırır. Dedim inşallah yaxşı oldu. Görəsən hansı yalançı qəbaləyə qol çəkdirəcək, yenə bir-iki qran mənə yapışar. Haman adam ilə gəlib məhkəməyə, gördüm, «Ağa» oturub mənə baxıb gülür. Mən də salam verib oturdum. Buyurdu, Hərdəmxəyal, bilirsən səni nədən ötrü çağırmışam? Ərz elədim xeyir. Buyurdu, əvvəl bizi bir yaxşı tə’rif edəsən, özgə yerdə millət qəmi çəkən mollalar oxuyub bilsinlər ki, tək onlar deyil, biz də qəm çəkməkdən çöpə dönmüşük. Bir də mənim yoldaşım Fəxrululəmanın şəklini jurnalda çəkəsən, amma qabağından sallanan şalvar bəndlərini çəkməyəsən.

2 min

Poems by other poets