İkinci pərdə
Page 4 of 6 · 50%
Nümayəndələr vidalaşıb gedirlər.
Bəhmən — (Daxil olur, Sərtac onu hörmətlə qarşılayır)
Hanı bəs hökmdar?
Sərtac — Gələr bu saat.
Əyləşin bir qədər burada rahət.
(Onun qolundan tutub əyləşdirir)
Bəhmən — Qocalıq, yorğunluq adi bir işdir,
Fikir yorğunluğu daha müdhişdir.
Hökmdar çox gəncdir, düşmənsə namərd,
Bizdə ittifaq yox, bu da böyük dərd.
Milli qürurumuz ayaq altında,
Hər kəs laqeyddir öz həyatında.
Başlar, əqidələr, rə’ylər müxtəlif,
Hər şeydə bir boya, hər şeydə təhrif.
Vicdan məhkəməsi düşübdür gücdən,
Hər kəs vicdanını satır bir ucdan.
Yalançı deyirlər doğru danışsan,
Xalq səni anlamaz xeyrə çalışsan.
Sərtac — İzdivac pozuldu, bu da təhlükə,
Təhqirlə qayıdıb getdi məlikə.
Getdi pis xəbərlə nümayəndələr,
Aysori şahına yetsə bu xəbər,
Nə olar halımız?
Bəhmən — Qorxma onlardan.
Sərtac — Fəramərz sarayda qopardı tufan,
Qılınclar yerbəyer çıxdı qınından,
Maral gəlməsəydi tökülərdi qan.
Bəhmən — Afərin Fəramərzə, qət’i bir addım atmış,
Fikirlərdə, başlarda o bir dönüş yaratmış.
Üsyanlar, keşmə-keşlər bitir bununla qismən,
Sənin özün də, Sərtac, çox gözəlcə bilirsən
Bitmiş aysorilərin cahangirlik dövrəsi,
İndi meydana çıxıb Keyxosrov məsələsi.
Siyasətlər dəyişir, qoca İran dirçəlir,
Qonşumuzda nadinc bir dövlət vücuda gəlir.
Sərtac — Möhkəm dura bilsəydi öz sözündə hökmdar,
Keyxosrov qarşısında yaradardıq bir həsar.
Bəhmən — İttifaq düzəltmişdir aysorilərlə İran,
Onların ikisin də döyəcək bir gün Arran.
Nə qədər Bəhmən sağdır, uduzulmaz bu şahmat,
Əgər sadiq vəzirsən, çalışıb birlik yarat,
Sərtac — Sülhpərvər bir vəzir olduğumu bilirsən.
Bəhmən — Düşmənindən qız alsan qət’i sülhə də girsən,
Arxandan vuracaqdır, ələ düşüncə fürsət.
Bir də yadında qalsın söylədiyim həqiqət:
Dost olmağa çalışar, acizləşincə düşmən,
Dəyiş siyasətini, tanıyıram səni mən.
Astiaq — (Ə’yanları ilə bərabər daxil olur, Bəhmənin əlindən öpür)
Təcrübən böyükdür təcrübəmizdən,
Müşküldə qalmışam, tut əlimizdən.
Sənin tədbirinlə babamız Fərhad,
Tarixdə buraxmış silinməz bir ad.
Sən böyük xidmətlər göstərdin bizə,
Ordumuz at sürdü Orta dənizə.
Arazdan Dəcləyə, Kürdən Fərata,
Babamla bərabər minərək ata —
Yenilməz bir dövlət düzəldə bildin.
İndi bəs nə üçün geri çəkildin?
Vətən tədbirinə, fikrinə möhtac.
Bəhmən — Xalqa minnətdardır başındakı tac,
Tədbirlə verilir taclara zinət.
Daş-qaş ucuz şeydir, yox onda qiymət,
Xalqın qüvvətidir tacı yüksəldən.
Astiaq — Söyləyin nə edim, ağıllı Bəhmən?
Bəhmən — Təslim ol bu xalqın iradəsinə
Xalqın səs verməzsə sənin səsinə —
Olmaz sənə yardım bu taxtü tacdan,
Birisi altundan, biri ağacdan.
Xalqına arxa ver o çox böyükdür,
Tac nədir?! Baş üçün ağır bir yükdür.
Tac deyil başları şərəfləndirən,
Başdır taclar üçün böyüklük verən.
Astiaq — Keçirəm xalq üçün şirin sevgimdən,
Ataram Bebanı öz ürəyimdən.
Bəhmən — Çox şirin gəlməsin sənə sevgilər,
Bə’zən bal içində verilir zəhər.
Baxma ki, gülləri qoxular insan,
Güldə də zəhər var ətrini alsan.
Astiaq — Başqa məqsəd üçün səni çağırdım,
Müşküldə qalmışam ver mənə yardım.
Aldatmış Fəramərz nankor bacımı,
Sahiblənmək istər taxti-tacımı.
Bəhmən — (gülür)
Saray macərası, bu mənə aydın,
Bunu özlərindən xəbər alaydın.
Astiaq — Nəyi xəbər alım, bu bir həqiqət.
Bəhmən — Həqiqət donuna girən xəyanət
Daha qorxuludur, daha müdhişdir,
Bu işlər sarayda düzələn işdir.
Taclar ətrafında rəqs edər fəsad,
Heç başı bu taclar etməmişdir şad.
Müqəssir deyildir bu işdə bacın,
Kimlərə lazımdır sənin bu tacın?
Yoxdur Fəramərzin xəbəri bundan,
Bir hiylə qoxuyur həmin oyundan.
Sərtac — Yığıncaq düzəltmiş meşədə onlar,
Şahı öldürəcək haman məl’unlar.
Astiaq — Xəyanət düşünür mənə o napak,
Qadınım da orda etmiş iştirak.
Cariyəm də mənə ölüm hazırlar,
Sənin bu işlərdən nə xəbərin var?
Bəhmən — İçindən çürüyər böyük ağaclar,
Sarayda alınıb satılar taclar.
Zərərli alverdir bu alış-veriş,
Sarayda qurulmuş bu qorxulu iş.
Sərtac — Hökmdar, bu sözlər qara bir böhtan,
Xaricə diqqət ver, qorxma saraydan.
Bəhmən — Çağır Fəramərzi, danışaq burda,
Görək düşmən kimdir bu ana yurda.
Astiaq — (Sərtaca)
Çağır gəlsin görüm nə istər məndən.
Sərtac — (Tə’zim edir)
Sədaqət gözləmə şahım düşməndən.
Astiaq — (Acıqlı)
Get çağır deyirəm, danışma əbəs,
Bəhmən duran yerdə sən səsini kəs.
Sərtac tə’zim edib gedir.
Bəhmən — Şahım, yad qızından uzaqlaş, əl çək,
Xalqın qeyrətlidir, səni qoymaz tək.
Gətir sarayına öz məlikəni,
Bununla bağışlar vətənin səni.
Astiaq — Lakin inadlıdır şahzadə Behnaz
Təhqirlə qovmuşam, daha barışmaz.
Bəhmən — Sevgi bir günəşdir, inadsa bir qar,
Bir qız nə qədər də olsa inadkar
Sevgi qarşısında baş əyəcəkdir
İnadsa qar kimi əriyəcəkdir.
Sərtac — (Gəlib bu sözləri eşidir)
Cənubun nə kimi qiyməti vardır,
Keyxosrova qarşı möhkəm həsardır.
Bir kökün üstündə göyərmişik biz,
Qardaş şəhərlərdir Sabəyel, Təbriz.
Onlar sevir bizi ürəkdən, candan.
Bir eldir ayrılıb Azərbaycandan.
Şahmar — (Gəlib baş endirir)
Fəramərz hazırdır, əmriniz nədir?
Bəhmən — (Astiaqa)
Saxlama qapında onu müntəzir.
Çağır hüzuruna səmimiyyətlə
Qəlbini ələ al böyük hörmətlə.
Sərtac — (yalvarır)
Amandır hökmdar, güzəştə getmə,
Uçasan bu qədər tənəzzül etmə!
Bununla hökumət yaşamaz heyhat,
Düşmənə cəza ver, dosta mükafat.
Bəhmən — (Titrəyə-titrəyə qalxır)
Dostlar cəzalanır sarayda bə’zən,
Ne’mətlər içində bəslənir düşmən,
Aslanlar qovular abadanlıqdan, Qalar tülkülərə sarayda meydan.
Ceyran yuvasında yatar əjdaha,
Devlər fərman verər sarayda şaha,
Tacın kölgəsində balalar şeytan,
İlan baş çıxarar taxtın altından.
Macəranı sevir saray nədənsə,
Fitnəsiz yaşamaz sarayda kimsə.
Astiaq — (Məclisə)
Bəhmənlik ucadır padişahlıqdan,
Lakin Bəhmən olmaq deyildir asan,
Bu əsnada Fəramərz öz adamları ilə gəlib tə’zim edib dayanırlar.
Bəhmən — Şeytan qucağında çırpınır zaman.
Hər gün bir fəlakət doğur asiman.
Bəşər bir-birinin dizi altında,
Ehtiras hakimdir xalq həyatında.
Gündə bir hərisin əlində dövran
Bu əldən o ələ satılır insan.
Döyən də haq deyir, döyülənlər də,
Haqsızlıq yox imiş sanki bəşərdə.
Səvabə çevrilir bə’zən günahlar,
Böyük ruhanilər, mö’bidlər, şahlar,
Fərqini qoymadı bu günahların,
Biri tac qeydində, o biri qarın.
Astiaq — Sevgi üstündədir bütün mə’rəkə,
Eşqdən göyərir silinməz ləkə.
Eşqdir yağ tökən bu atəşlərə,
Yol vermə, Fəramərz, keşməkeşlərə,
Üstümə qaldırma bütün ölkəni.
Bacım çox məğrurdur, sevməyir səni.
Sərtac — Nə edək biz, Maral səni rədd etdi,
Göndərdiyin elçi boş gəlib getdi.
Qəhrəmansan, sənə qız əskik deyil,
Xəyalpərəst olma arzundan çəkil.
Fəramərz — Nə sevmək günahdır, nə də sevilmək,
Heç kəs deyə bilməz sevgidən əl çək.
Günah deyilən şey vətən satmaqdır,
Eşidin, mən deyim kimlər alçaqdır.
Bir düşmən qızına satılır ölkə,
Sənin öz kölgəndir bu qara kölgə.
Sərtac — Oxdan, qılıncdan danış, əl vurma siyasətə,
Fəramərz — Xainəm göz yumarsam bu günkü xəyanətə.
Astiaq — Nə üçün düzəldirsən meşələrdə yığıncaq?
Fəramərz — Yaxşı düşün hökmdar, Fəramərz deyil alçaq.
Astiaq — Əqlini başına yığ, tac hər başa yaraşmaz.
Fəramərz — Uydurma xəbərlərdir hökmdar düşün bir az.
Astiaq — Nə üçün düzəlmişdir mənə qarşı bu üsyan?
Nə üçün öz şahına zəhər verirdi Ceyran?
Sənin bu qara sevgin bütün ölkəni yıxdı.
Mələkəm də nəhayət taxtıma xain çıxdı.
Fəramərz — (Təəccüblə)
Nə taxt, nə tac, nə Ceyran, nə zəhər, nə yığıncaq?
(Bəhmənə)
Bəhmən, diqqət ver buna, zülmə, xəyanətə bax!
Astiaq — Bir kəsə deməmişəm, bu dərd boğurdu məni,
Gətirin hüzuruma o xain cariyəni.
Sükut başlanır. Ceyranı qolları bağlı, saçları dağınıq bir halda gətirirlər.
Fəramərz — Budurmu şah öldürən, budurmu təzə qurban?
Sərtac — Bəli! Xain cariyə şahın qatili Ceyran.
Ceyran — Nədən yerim olmuş bu qara zindan,
Sərtac nə istəyir kəndli qızından?
Deyir bilmədiyin sözlərdən danış,
Macəraya qoşul, böhtana çalış.
Fəramərz — (Acıqlı baxır)
Utanmasaydım gər Bəhmən babadan,
Açardım sarayda təzə bir tufan.
Bir sel axıdardım burada qandan,
Nə böhtan qalardı, nə böhtan atan.
Bu əsnada Maral gəlir, Fəramərzi dinləyir.
Bu Maral, bu da mən, qoy desin düşmən
Nə zaman yığıncaq düzəltmişəm mən?
Maral — (Sərtaca acıqlanır)
Mən heç kəsin deyiləm, macəradan əl götür,
Əl çək hiylələrindən, bəsdir yerində otur.
Fəramərzlə olmamış mənim əlaqəm hərgiz,
De görüm nədən ötrü zindanda yatır bu qız?
(Astiaqa)
De görüm nə səbəblə ayrıldın məlikəndən?
Qiymətli bir cavahir çıxıb getdi ölkəndən?
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-maral-ikinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Əmiri-Əfxəmin başına gələn hadisədən iki gün keçirdi. Leyla xanım öz əmisinin evində səhər yeməyi yediyi vaxt, ona bir məktub verdilər. Məktubu yazan doktor Yusifidis idi. Əmiri-Əfxəmin həbsxanasından yazmışdı:«Möhtərəm Leyla xanım!
XLII. QəzvindəBiçeraxov Həmədandan Qəzvin üzərinə hücum etdiyi zaman, Leyla xanım Həmədanda qalmışdı. Çünki Qəzvin şəhərinin alınması ehtimal olunurdu.Kiçikxanın böyük hazırlıq gördüyü, alman miralayı Fon-Pahenin komandası altında böyük ordu yığması və ingilislər gəlmədən Qəzvin şəhərini işğal etmək şayiələri ağızdan-ağıza dolaşırdı. Lakin bu şayiələrin əsası olmadı. Fon-Pahen Kiçikxana təslim olmağa hazırlanmış Qəzvin şəhərini almağa cəsarət etmədi.
XLIII. QısqanclıqDoktorun Leyla ilə əlaqəsində mühüm bir dəyişiklik törəmişdi—onun çöhrəsində, hərəkətində, söhbətində belə bu dəyişikliyi görmək mümkün idi.Bahadır xanla Leyla xanımın sıx-sıx görüşlərindən razı qalmırdı, daima məsələni ifrata vardırmamaq üçün Leylaya tövsiyələr verirdi. Bu gün Leylaya nəsihət edib deyirdi:
XLIV. Bakıya doğruAlman miralayı Fon-Paxenin təlaşına baxmayaraq, çənkəl ordusu vətənlərinə getmək üçün Qafqaza yol açmaq istəyən Ter kazaklarına qarşı dura bilmədi.Kiçikxan ordusu məğlub oldu. Mənçil və Rəşt Biçeraxovun, sonra da ingilislərin əlinə keçdi.
Poems by other poets
Ustalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
“Molla Nəsrəddin”in qıza cavabıQızım, sən bilmirsən, dünyada nə var,Nəql eyləyim, əgər qulaq asarsan,
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,