İkinci pərdə
Page 5 of 6 · 67%
Sərtac — (Padşaha tə’zim edir)
Böyük xanədana sədaqətim var inan,
Yalvarıram hökmdar, azad et məni burdan.
Nə edim bu sədaqət olmamışdır nəzərdə,
Həqiqətin üstünə çəkilir qara pərdə.
Maral — Əl çək hiylələrindən, qoy bu xalq yaşasın dinc,
Fəth eyləməz qəlbimi, nə tədbir, nə də qılınc!
Maral çəkilib öz yerində oturur.
Bəhmən — Daim çala-çuxurdur keçdiyimiz küçələr,
Qorxulu küçələrdən tək keçə bilməz bəşər.
Fəlakət səni izlər kölgən kimi, ayıq ol,
Uçurumdur, ölümdür tə’qib eylədiyin yol.
Bir-birinin əlindən yapışmalıdır insan,
Tutmasalar qolundan çox tez yıxılacaqsan.
Sivrim çağdır dünyada ayaq qoyduğumuz yer,
Tək yaşamaq çətindir, bir-birinə arxa ver!
(Marala)
Rahat yaşayacaqdır bir-birini sevənlər,
Qalib çıxar sevgiyə, silaha güvənənlər.
Maral — Bilməyənlər əlində qılınc sadə dəmirdir,
Bəhmən — Doğrudur, qılıncı da sənətkarlıq işlədir.
Əsrimizlə Fəramərz ən böyük sənətkardır,
Döyüş meydanlarında şanı-şöhrəti vardır.
Maral — Bəhmən baba, gözəldir verdiyin nəsihətin,
Qiymətli bir incidir, hər kəlmən, hər söhbətin.
Sənətə qarşı vardır, məndə dərin məhəbbət,
Məhəbbət dediyim söz sevgi deyildir əlbət.
(Maral salondan çıxarkən Fəramərzə müraciət edir)
Qət’i söz verə bilməz hazırda sənə Maral,
Gələcəyin sirrini iqbalından xəbər al!
(Maral gedir, Fəramərz ona baş endirir)
Fəramərz — Təhqir üçün mən yoxsa edildim bura də’vət?
Təhqirlə qarşılanır ilahi bir məhəbbət.
Varlığımda silinməz bir xatirə buraxdı,
Sevkilərim əriyib göz bəbəyimdən axdı.
Astiaq — Qəmgin olma Fəramərz, bağışlayıram səni,
Qurtar təhlükələrdən yaşadığın vətəni.
Get hazırlan yola düş, çəkinmə bu səfərdən,
Sevgi də, məhəbbət də asılıdır zəfərdən.
Fəramərz — Böyük mərhəmətindən çox razıyam hökmdar,
Səfərə çıxmaq üçün ancaq iki şərtim var:
Sərtacı qov saraydan, ətrafını təmizlə,
Yad qızından əl götür, xalqın yolunu izlə.
Astiaq — Şərtlərin qəbulumdur, inan mənə Fəramərz!
Fəramərz — (Dönməzə)
Sabah yola düşürəm, hazırlıq görün, Dönməz.
Bəhmən — (Qalxıb Fəramərzi öpür)
Maral səni sevməsin, öz xalqın sevir səni,
Get oğlum əsirlikdən xilas elə vətəni.
Bəhmən baban əmr edir, yəhərlənsin atınız,
Hər külək qıra bilməz, poladdır qanadınız,
Atlan! Söylə Şirvanın, Qarabağın elinə,
Çıxsın laçın igidlər köhlən atın belinə,
Arran bayrağı qalxsın Babəkin qəl’əsinə.
Fəramərz — (padşaha)
Onda gəlib qulaq ver, şahım, aman səsinə,
Məğlub olmaz ölkəmiz, xalqını yaxşı tanı,
Qolu bağlı gətirrəm bura qayınatanı.
(Ceyranı göstərir)
Ancaq əbəs saxladın zindanlarda bu qızı,
Üçüncü şərtim budur, burax o günahsızı.
Astiaq — (Şahmara)
İndi ki günahsızdır açın qızın qolunu!
Ceyran — (Padşaha təzim edir)
Hökmdar, bu kənizin azmamışdır yolunu.
Fəramərz və başqaları bir-bir gəlib Bəhmənin əlindən öpür və padşaha baş endirib salondan çıxırlar.
Bəhmən — (Qalxıb getmək istərkən padşaha deyir)
Saray hiyləsindən özünü gözlə,
Həqiqət görünməz sən baxan gözlə.
(gedir).
Astiaq — (Bebanın şəklini çıxarıb baxır)
Sevgimizə qarşı çıxan bu üsyan,
Doğru bizim üçün əbədi hicran.
Sevgi qiymətlidir candan, həyatdan,
Hər tükün bahadır bu kainatdan.
Etməsin bu gözlər məni məzəmmət,
Mən səni sevirdim, qoymadı millət.
Böyükdür hicranın çəkilməz dərdi,
Səni saxlasaydım tacım gedərdi.
Sevgi bir həvəsdir, tez unudulur,
Nə edim, gözəl qız, vətən məhv olur.
Astiaq bir qədər fikrə gedəndən sonra şəkli iki əllərilə tutub dodaqlarına aparır və öpür.
Əl çəkdim mən artıq şirin sevgidən,
Çəkil nəzərimdən, çıx ürəyimdən.
(Şəkli cırıb atır və sür’ətlə salondan çıxır)
Sərtac — (Şahmarla gəlir)
Sabahdan Fəramərz gedir cəbhəyə,
Sən dəxi cəbhəyə gedirəm, deyə,
Fəramərzlə sabah yola düşərsən,
Əgər fürsət tapıb onu öldürsən —
Ən’am alacaqsan, böyük bir ən’am.
Şahmar — Elə bil vermişəm işə sərəncam.
Həmin bu vəzifə gəlir əlimdən,
Məmnun qalacaqsan bu əməlimdən.
(kənara)
Mən necə öldürüm o pəhləvanı?!
Necə yetim qoyum Azərbaycanı?!
Sərtac — O sağ qayıtmasın gərək cəbhədən.
Şahmar — Boyun qaçırmıram bu vəzifədən.
Çoxları sərmişəm yerə bir oxla
Sağlıq olsa, sən də gücümü yoxla.
Mənim sənətimdir bu cür işlər,
Çoxları əlimdən zərbə yemişlər.
Qorxulu səfərdir lakin bu səfər,
Böyük işlər böyük məsarif istər.
Sərtac — (Ona bağlı bir kisə verir)
Al, bu da bir kisə, yetər yoluna,
Qüvvət diləyirəm sənin qoluna.
Ölməsə Fəramərz toyum baş tutmaz
Şahmar — Əmin ol, bu dostun səni unutmaz.
(Sərtac gedir, Şahmar danışır)
Gedirəm, burada bir çətinlik yox,
Varımdır qəfildən atılan bir ox.
Öldürrəm onu mən düşünçə fürsət,
İqbala səbəbdir həmin bu xidmət.
(gedir)
Ceyran — (Pərdənin dalından çıxır)
Bacarsan get öldür, hiyləgər şeytan.
Ölməmiş hələlik, diridir Ceyran!
(tələsik gedir)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-maral-ikinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Əmiri-Əfxəmin başına gələn hadisədən iki gün keçirdi. Leyla xanım öz əmisinin evində səhər yeməyi yediyi vaxt, ona bir məktub verdilər. Məktubu yazan doktor Yusifidis idi. Əmiri-Əfxəmin həbsxanasından yazmışdı:«Möhtərəm Leyla xanım!
XLII. QəzvindəBiçeraxov Həmədandan Qəzvin üzərinə hücum etdiyi zaman, Leyla xanım Həmədanda qalmışdı. Çünki Qəzvin şəhərinin alınması ehtimal olunurdu.Kiçikxanın böyük hazırlıq gördüyü, alman miralayı Fon-Pahenin komandası altında böyük ordu yığması və ingilislər gəlmədən Qəzvin şəhərini işğal etmək şayiələri ağızdan-ağıza dolaşırdı. Lakin bu şayiələrin əsası olmadı. Fon-Pahen Kiçikxana təslim olmağa hazırlanmış Qəzvin şəhərini almağa cəsarət etmədi.
XLIII. QısqanclıqDoktorun Leyla ilə əlaqəsində mühüm bir dəyişiklik törəmişdi—onun çöhrəsində, hərəkətində, söhbətində belə bu dəyişikliyi görmək mümkün idi.Bahadır xanla Leyla xanımın sıx-sıx görüşlərindən razı qalmırdı, daima məsələni ifrata vardırmamaq üçün Leylaya tövsiyələr verirdi. Bu gün Leylaya nəsihət edib deyirdi:
XLIV. Bakıya doğruAlman miralayı Fon-Paxenin təlaşına baxmayaraq, çənkəl ordusu vətənlərinə getmək üçün Qafqaza yol açmaq istəyən Ter kazaklarına qarşı dura bilmədi.Kiçikxan ordusu məğlub oldu. Mənçil və Rəşt Biçeraxovun, sonra da ingilislərin əlinə keçdi.
Poems by other poets
Ustalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
“Molla Nəsrəddin”in qıza cavabıQızım, sən bilmirsən, dünyada nə var,Nəql eyləyim, əgər qulaq asarsan,
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,