Page 2 of 3 · 33%

Nizami qızın elmi söhbətlərlə maraqlandığını görüb onun sadə bir qız olmadığını təyin etdiyindən:

– Heç bir etirazım yoxdur, – dedi. – Dünyada elə adamlar da vardır ki, onlar yalnız elmi söhbətlərdən mənəvi qidalar alırlar.

Qətibə söhbətini davam etdirərək dedi:

– Bilirsən, möhtərəm şair! Mən Bağdad məktəblərində fəlsəfə dərslərini diqqətlə keçmişəm. Lakin fəlsəfədən kifayətedici bir qənaət ala bilməmişəm, çünki fəlsəfə alimləri də öz aralarında qəti bir fikrə gələ bilməmişlər. Bir çoxları bütün fikirlərin əsas mənşəyini hisslərdə görür, bəziləri də maddədən başqa bir həqiqətin mövcud olmadığı fikirlərini meydana atır, daha başqaları həqiqətə vasil olmadan bütün sərf edilən təlaşları mənfəətsiz görür, fikrində tamamən ümidsizliyə düşür və tədqiqat vasitələrindən ibarət olan fikri qüvvələri tamamilə kifayətsiz hesab edirlər. Buna görə də filosoflardan bir çoxu ilhama qapılaraq, bu sayədə də Allah ilə doğrudan-doğruya münasibət əldə edilməsinə inanmışdır. Bu səbəblə də təbii əşyanı öyrənə bilməyənlər, ilahi və namütənahi yaxud cövhər-vahid deyilən Allahı öyrənməyə və onun nəliyini təhqiq etməyə çalışmışlar. Belə qarışıq fikirlərin bataqlığında qurdalanan və başını sındıran alimlər qəti fikir əldə edə bilmədiyi bir zamanda mənim kimi aciz bir tələbə nə edə bilərdi? Bu qədər dolaşıq fikirlərin içərisindən intixab etdiyim yeganə bir fikir vardırsa, o da ölüm və axirət işlərinin müəmma şəklində qalması və müəyyən edilməməsindən ibarətdir. Filosoflar mənim bu fikrimi özləri üçün təhqir hesab etməsinlər. Onlar həyat dediyimiz sərbəst bir fəaliyyətin bir anda dayanması və hərəkətdən düşməsi səbəblərini bizə göstərə bilmədilər. Dünyanı illərdən bəri anlaşılmaz və həlledilməz fəlsəfə tapmacalarının çuxurlarında üzdürən hikmət xadimləri şüurun, hərəkətin, əlhasil şəxsiyyət və mənəviyyatın bir anda yox olub getməsi səbəblərini az da olsa xalqa söyləyə bilmədilər. Vücudumuzda yaranan əzəmətlər, arzular, əməllər, sevgilər, hətta dərin nifrətlər belə nə üçün birdən-birə heç olur? Nə üçün də hikmətçilər, fəlsəfəçilər həyat dediyimiz bu mənalı varlığın nə olduğunu şərh edə bilmədilər?! Məncə, təhqiqat və tədqiqat üçün götürdükləri yol doğru deyildi.

Nizami bağçaya girdiyi zaman tez çıxmağa tələsirdi, cənnət kimi bağça onun üçün cəhənnəmdən daha əzablı idi. Bunun başlıca səbəblərindən birisi Əmirin sarayına gəlib-gedənlərə əhalinin yaxşı nəzərlərlə baxmaması idi. Şairin nifrətinə səbəb olan cəhətlərdən birisi də Rənanın bu əlaqədən razı qalmaması idi. Səba xanım sarayda olduğu üçün böhtan və iftiraları genişləndirə bilərdi. Buna görə də Nizami əvvəlcə bağçadan çıxıb getməyə çalışırdı. Lakin Qətibənin elmi söhbətlərə başlaması şairi məşğul etdi. Ərəb, türk və rum qanından yoğrulmuş bu gözəlin adi bir qız olmaması şairdə dərin bir maraq oyandırdı, o, söhbətin davam etməsinə çalışdı.

Nizami Qətibəni dinlədikdən sonra:

– Fikirlərinizin bəziləri ilə razılaşa bilərəm, – dedi, – lakin söhbətinizdə razı ola bilmədiyim cəhətlər də vardır. Mən o fikirlərinizdən bir qənaət ala bilmədim. Əvvəlcə, sizin razı qala bilmədiyiniz, daha açığı, sizin üçün müəmma şəklində qalan cəhətlərdən başlayaq: siz deyirsiniz ki, əgər həyat heç olacaqsa, bizim bu qədər arzularımız, əməl və ümidlərimiz və bunlar üçün təlaşımız nə üçündür? Sizin fikrinizi yoran bunlar deyildirmi?

Qətibə bir ah çəkərək:

– Bəli, bunlardır. Lakin bunlardan başqa mənim həll edə bilmədiyim müəmmalar da vardır.

– Sizi düşündürən bütün müəmmaları öyrənib saymaq üçün qəlbə girmək lazımdır.

Qətibə bir daha ah çəkərək:

– Sən mənim qəlbimə yol tapa bilmisən. Lakin fəlsəfə müəmmalarını həll etmək üçün yox...

Nizami bunu eşidərkən qızın hansı pərdədə çalmaq istədiyini dərhal hiss edərək cavab verdi:

– Gəlin biz elmi söhbətləri davam etdirək:

– Nə sözüm ola bilər? Buyurun, fəlsəfə müəmmalarını həll etməyə çalışaq, bəlkə, bu vasitə ilə mənim də arzularım müəmma şəklindən çıxa bilsin. Şair, sən mənə o ruh dediyin şeyin qaranlıqlarını işıqlandıra bilməyəcəksən, biz ikimiz də bu yolda savadsızıq. Mənə de görüm, insaniyyət, ədalət, həqiqət, dirilik, mənəviyyat hamısı yalandırmı? De görüm, möhtərəm şair, dünyada vücudu doğru olan şey nədir? Bizi qorxudan axirət xəyalı, bir rahətin nəşələrini doğuran cənnət, diri ikən insanın əsabını öldürən cəhənnəm vardırmı? De görüm, gənc şair, onları kimlər gedib gəzdi? Onların varlıq xəbərini bizə kimlər gətirdi? Hərgah hər şey boş, quru bir düşüncədən ibarətdirsə, bu meyl, bu maraq haradan doğur? Hətta ruh dediyimiz şey müəmma deyilmi?

Qətibə bunları çox məhzun bir halda şairdən soruşdu. Sevgiyə ümid bağlamayan qızın bədbinliklər içərisində çapaladığını şair çox tez hiss etdi və onun “ruh dediyimiz şey müəmmadan ibarət deyilmi?” sualına cavab verdi:

– Həmin sizi yoran müəmmalar, sizin həll edə bilmədiyiniz tapmacaların hamısı sizin ruh dediyiniz şeyin qaranlıqlarından doğmaqdadır. Filosofları, xüsusən Şərq filosoflarını avaraçılıq səhnəsində yoran müəmmaların əsasını da həmin ruh məsələsi təşkil edir. Gözəl qız fəlsəfənin bu qədər dərinliyinə getməməlidir. Ümidsizliyi və bədbinliyi də doğuran haman ruh məsələsidir.

Qətibə yenə də sual verdi:

– Səni də yoran bu məsələ deyilmi?

– Xeyr, bu kimi məsələlər məni nə məşğul edir, nə də fikrimi yormağı bacarır. Məni dinləyin, hərgah vaxtınız varsa, bu kimi fəlsəfələr haqqında mən də öz fikrimi açıq söyləyim.

Qətibə tələsik bir halda:

– Rica edirəm! Rica edirəm! Mənə bugünkü görüş bir sevgidən alınan nəşədən daha artıq zövq verdi. Bilmirəm, bu kimi görüşlər davam edə biləcəkdirmi?

– O, vəziyyətdən asılıdır. Mən də gözəl qızın fikirlərindən zövq aldım. Buna görə də danışmağa icazə istədim. Məncə, hər şeydən əvvəl gözəl qızın fikrini alt-üst edən yeganə bir məsələ vardırsa, o da ölüm məsələsidir. Belə deyilmi?

– Həqiqətdə də belədir!

– Siz dediniz ki: “Ölüm nədir ki, bütün ucalıqları məhv edir?!”. Bu sualı sizin qarşınızda qoyan haman ölümü düşünməkdir. İnsanlar ölümü düşünə-düşünə bu qədər mövzuları və qarmaqarışıq olan həyat fəlsəfələrinin föhrüstünü düzəldirlər. Doğrudur, bu varlıqda gördüyümüz şeylər cürbəcür və rəngarəngdir. Kainatda gördüyümüz şeylərdə hərc-mərclik vardır, hətta əşyanın cinsi də, şəkli də müxtəlifdir. Əşya o qədər hesabsız və o qədər əhatəedilməzdir ki, onu saymaq və əhatə etmək mümkün deyil, indiyə qədər onu heç bir kəs ölçə bilməmişdir. Zahirdə baxıldığı zaman əşya bir-birinə bənzəməyən bir çox ünsürlərdən ibarətdir. Biz bunların tək-tək adlar verməyərək bir kəlmə ilə ona təbiət deyirik. Lakin sizin və mənim kimi adamlar ona baxanda orada bir ahəng və bənzəyiş görə bilmir. Lakin elm və təcrübəmiz artdıqca bir-birinə bənzəməyən bir yığın əşyanın arasında sıxı bir münasibət olduğunu görə bilirik. Bir-birinə bənzəməyən müxtəlif rəng, müxtəlif şəkilli əşyaya bu münasibəti verən haman təbiət dediyimiz şeydir.

Bədbinlərin – “Həyat heçlikdir” – deyə meydana atdıqları fikir tamamilə yanlış bir fikirdən ibarətdir. Çünki həyat dediyimiz şey tək bir şəxsiyyətin həyatı yox, qoynunda yaşadığımız təbiətin həyatı deməkdir. Dünyaya namütənahi deyənlər də yanılırlar. Nəhayətsiz heç bir şey yoxdur. Lakin biz yorulub axıra qədər gedə bilmədiyimiz yollara nəhayətsiz deməyə adət etmişik. Bilmirəm, gözəl qız mənim bu fikirlərim ilə razılaşırmı?

Qətibə narazı bir nəzərlə Nizamiyə baxıb belə dedi:

– Qismən razılaşdım. Qismən də razılaşdım. Əşyanın arasında bir münasibət olduğuna inana bilmədim. Hərgah həyat təbiətdən ibarətdirsə, hərgah əşyanın arasında bir münasibət vardırsa, nə üçün təbiətin məhsulu olan insanların heç birisində fikir birliyi, zövq, maraq birliyi, ixtisas və əqidə birliyi yoxdur?! Nə üçün bir-birilə münasibətdə olan əşyanın təsirində yaşayan insanlar bir-birinə qarşı mənfi vəziyyət almaqdadır?!

Nizami başına hərəkət verərək güldü:

– Bu müəmma o qədər asan bir müəmmadır ki, onu bizim kimi savadsızlar da həll edə bilər. Bu barədə dərin bir düşüncə də lazım deyil. Təbiət ancaq hər şeyin işarətini verir, ona əsas mənanı verən bizik. Əqidə və fikirlərin müxtəlif olması məsələsinə gəldikdə o da ictimai mühitdən, bəzən hökumət və din quruluşundan asılıdır. İxtisas və maraqların bərabər olması da mühitin təbii və iqtisadi ehtiyaclarından asılıdır. Təbibə ehtiyacı çox olan məmləkətlərdə insanın təbibliyə olan marağı hər şeydən artıqdır. Elə də dəmirçilik, xarratlıq, dərzilik və başmaqçılıqdır. Nə şairlik, nə yazıçılıq, nə hikmət və nə də fəlsəfəçilik insana təbiətin bölgüsündən yox, mühitin ehtiyacından verilən bir ixtisasdır. Lakin bunu da qeyd etmək lazımdır ki, bir insan bacaran işi o biri insan da öz təlaşı nəticəsində bacara bilər. Bunun kimi sevgi də bir təsadüfün nəticəsidir. Burada da xarici bir qüvvətin təsiri yoxdur. Bu gün bir təsadüfün nəticəsində sizi sevən insan, sabah, başqa bir təsadüf nəticəsində başqasını sevə bilər. İndi gözəl qız desin görüm sözlərimdən qənaətləndimi?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Millətpərvər intelligent

Qiraətxanada oturmuşdum. Onda gördüm poçtadan qəzetləri gətirirlər. Hər çinovnik, hər rəiyyət bir rus qəzeti götürüb oxumağa başladılar. Bizim yanımızda bir «abrazovannı» müsəlman cavanı ilə Tamara adlı bir məhbub qız oturmuşdu. Haman qeyrətmənd müsəlman cavana dedim: Ağazadə, siz nə üçün qəzet oxumursunuz? Buyurdu, rus qəzetlərindən boş yoxdur. Dedim: eyib deyil, götür «İrşad», «Vəqt», «Vətən xadimi» və qeyri qəzetlərdən oxu. Buyurdu: bu qəzetləri mən çürük qəpiyə almaram. Dedim neçin? Bu sözə çox güldü, dedi: — Ay Hərdəmxəyal, sən necə fəndbaz adamsan! Bax, əvvəl budur ki, müsəlman qəzeti oxuyan adamı ruslar çox dost tutmurlar. İkinci, müsəlman qəzetləri heç bir şey yazmırlar. Hey yazırlar müsəlman belə gəldi, tərəqqi elə getdi. Doğrusu adamın zəhləsi gedir.Doğrusu bu işə məəttəl qalmışdım. Onda gördüm rus qəzetlərindən birini tapıb oxuyur. Hərdən bir əlini qoyur bir hərfin üstünə, deyir: — Barişna, etu statyu proçli, vidite kakaya interesnaya ona?

1 min
Müsəlman yığıncaqları

Dünyada heç bir çətin iş yoxdur ki, müsəlmanın əlindən gəlməyə. Əgər müsəlman milləti istəsə dağı dağ üstünə qoyar. Amma biz görürük ki, müsəlmanlar həmişə hər bir işi yarımçıq qoyub heç bir barədən tərəqqi tapmayıblar.Bunun səbəbi odur ki, müsəlman tayfası həmişə dağınıq olub, heç bir işdə fikir və əməllərini birləşdirib müttəfiq olmayıblar.

5 min
Qafqazda idareyi-məşrutə

(Politika söhbəti)*Həşdat il bundan irəli rus qoşunları İrəvan və Naxçıvan mahalında İran sərbazları ilə dava eləyəndə rus sərkərdəsi məşhur Paskeviç, Nikolay padşaha bu məzmunda bir teleqram göndərmişdi:

4 min
İbadət

Hərdən bir mənim xəyalıma bir belə şey gəlir: cənab molla Yusif Talıbzadə kitabında yazır ki, məscidə daxil olanda gərəkdir sağ ayaq ilə daxil olmaq və xaric olanda sol ayaq ilə çıxmaq.Mən bu sözləri oxuyandan sonra öz-özümə dedim ki, bundan sonra əlbət gərək bu nəsihətə əməl sliyəm.

2 min

Poems by other poets