Page 2 of 11 · 9%

Mən ki, İrandan və iranlılardan naümid deyiləm. Bu millət bir vaxt ayılıb da öz hüququnu axtaracaq. Nə fayda ki, İranda o vaxt əcnəbilərə verilməmiş bir imtiyaz da qalmayacaqdır. Sən insaf sahibəsi isən mənim övladımın tərbiyə və təhsilinə mane olma. Mənim yəqinimdir ki, bundan sonra elmsiz, tərbiyəsiz insanın heyvanca da qədr və qiyməti olmayacaqdır.

Böyükxanım bu sözdən daha da açığlanıb: düzünü deyirəm, hərgah mənim övladımı firəng evindən çıxarmasan mən bir saat bu evdə qalmayacağam, deməkdən çəkinmirdi.

Zavallı Rzaqulu xan heyrətindən rəngi təğyir tapıb deyirdi: böyük cəhalət səndə təbiilik dərəcəsini almış, təbiət təbdil olunmaz, nə fayda, mən səni təzyiq və tənbih edəcək iste’dada malik deyiləm.

Rzaqulu xan yalvardıqca Böyükxanım göz qapaqları bir-birinə çalıb hərdən bir qətrə göz yaşı atır-dı, bu isə Rzaqulu xanın söhbətinin ona bir az da olsa tə’sir etmədiyini bildirirdi. Axırda uca səslə ağlayaraq zərrinə mə’cərini gözlərinə basıb durub yenə əlini Rzaqulu xanın çiyninə qoyub deyirdi: hərgah sənin bu şirin dillərin olmasaydı, mən bir saat da bu evdə qalmazdım. Əvvəlcə sənin hüsnü-vəcahətin və gözəl müsahibətin səbəbinə sənə məftun oldum və hər kəsdən ümidimi kəsib sənə pabənd oldum. Əlbəttə, mənim o eşqim, o məftunluğum səhv və yanlış da deyil idi. Sən xalqın tə’rif etdiyi sirət və sifətlərdən də maəda hüsni-əxlaqa, vəcahətə malik imişsən. Heyif olsun ki, sən İranda yaşamaq üsuluna büsbütün biganəsən. Sən İranda həmişə qüssə içində yaşadın. İndi sənin vücudun müəzzəb, ruhun pərişan, hissin məflük bir hala girmişdir, sima və çöhrəndə olan təravət kimi, solğun yanaqlarında ancaq bir sadə qırmızılıq qalmışdır, bütün vücudun dəyişmiş, vəcahətin itmiş, bunların cümləsini qayıb etmiş isənsə də, bu qədər hüsni-siyrət, əxlaq və müsahibətə malik olmusan. Söhbətin daha şirin, daha da məlih olmuşdur. Mən sənə dövlət və sərvətin cəhətinə övrət olmazdım. Zira İranda başqa milyonçular da çoxdur. Atamın təşviqi və öz məftunluğum cəhətinə sənə əsir oldum.

Rzaqulu xan bu sözdə fürsət görüb: – Böyükxanım, atan səni mənə əsir olmaq üçün nə deyib təşviq edirdi?

– Atam səni təvsif edib, Rzaqulu xan Parisdə belə öz milli qiyafətini qayıb etməyib, hər yerdə iranlıyam da deyib fəxr edirdi, – deyə məni sənə verməyə razılıq göstərdi. Əlbəttə sənin elmin çoxdur, amma İrana yaraşmır. Bu elm yaxşıdır. Amma Parisdə lazımdır. İranda firəngcə nə gərəkdir? Sən özün demirdin ki, Əmir Bahadır farsıdan başqa cəmi lisanları gərək əcnəbilər ilə mütərcim vasitəsilə danışsın? Çox yaxşı, onun elmi yoxdur, vəzir olub? Sənin oğlun da dərs oxudu, oldu vəzir. Sən özün demirdin ki, Əmir Bahadırın dalınca küçələrdə beş yüz nökər gedəndə heç olmasa beş yüz də tələbkar qarışıb gedir? Yainki oğlun oxudu oldu mühəndis. Görmədin Abbas xan mühəndis Kurdəşt qəl’əsini müayinə üçün gedəndə yol xərci də yox idi? Çox yaxşı, Münəvvər gedib oxudu, oldu mama, insafdır ki, sənin qızın gedib birisi bir qran pula itin-qurdun uşağını doğuzdursun?

Bu sözlərdən Rzaqulu xan təngə gəlib dedi: – Böyükxanım! Əmir Bahadır vəzir deyil. Ancaq basəliqə bir dəlləkdir. Ülgücünü itiləyib başlayıb İran əhlinin başını qırxmağa. O ki, mamalıq, mühəndislikdir, səni asan vəchlə başa sala bilmədiyim üçün danışmaq da istəmirəm. Mamalıq dərsi oxumaq sənin qızın Münəvvərə həqarət deyil. Bu elm oxumaqla Avropa padşahlarının saraylarında olan xanımlar belə fəxr etməkdədirlər.

– Mənim dövlətimin rahətini Liza eləsin, mən burada dərd-qüssə çəkim, bu da allaha rəvadır? Bu saat sənə deyirəm, yaz mənim uşaqlarım gəlsinlər. Əqəllən həftədə bir üzlərini görüm?

– Ona sözüm yoxdur, Qulamhüseyn gedib izn alıb gətirsin, amma Lizaya verdiyim pullar onun öz haqqı zəhmətidir. Onun mənim övladıma verdiyi tərbiyətin qiymətini heç bir iranlı yəqin və təxmin edəməz.

– Allah mənim atama insaf versin ki, məni öz əlilə odlara yandırdı. Dünyada nə üzüm güldü, nə də bir gün şad oldum.

– Böyükxanım, məndən rəncidə olma! Hərgah mən də sənin atan kimi övladımı cəhalət içində məhbus edərsəm, onları hər kəs görərsə, mənim ruhuma lə’nətxan olacaqdır. Bu saat mən bilmirəm səni islah edim, övladımı tərbiyə etdirim, yainki vətənin halına ağlayım?

Bir saat belə söhbətlərdən sonra qapı açılıb Qulamhüseyn poçtadan qəzetləri gətirib Rzaqulu xanın qabağına qoydu. Rzaqulu xan bütün söhbəti boşlayıb «Tayms» qəzetini açıb oxumağa başladı.

Rzaqulu xan qəzeti açdıqda İran istiqrazı ünvanlı sərməqaləni oxuyur, bədəni titrəyir, rəngi qaçıb, nəhayət qəzeti yerə atıb, heyif gözəl vətən, parça-parça əcnəbilərə satılmağa başlandın, – deyərək şiddətlə bir çox ağladıqdan sonra qəşş aləmində səndəldən yıxılır. Qulamhüseyn nökər və sairin xanın qoltuğuna girib bir növ ilə yatağına gətirirlər. Bütün əfradi-ailə bir-birinə qarışmışdı. Çünki Rzaqulunun nəfəsi çox ağır və tə’xirlə çıxırdı və bədəni soyumuşdu. Qulamhüseyn nökər başına çalıb deyirdi: – ağam tamam oldu, qapımız bağlandı. Bə’zi kənizlər və nökərlər də Rzaqulu xanın üzünə su səpib huşa gətirməyə çalışırdılar. Ancaq Böyükxanım da doktorun evinə adam göndərib bir saatlıq qonaq bahənəsilə uşaqlarını oradan qurtarmaq istəyirdi.

Qulamhüseyn nökər başına çalıb deyirdi: – Ağa, allah sənin əcəlüvü mənə versin, uşaqların yazıqdır. Mən yetim nökər, bilirəm sənin qəlbində nə qədər arzuların vardır. Qaravaşları Səkinə başının tüklərini yolub deyirdi: – Böyükxanım, evin yıxıldı, qapın bağlı qaldı. Get əynivə qara libas geyib öyüvə qara çək, ağam öldü.

Rzaqulu xanın evini ağlamaq sədaları doldurmuşdu. Amma Rzaqulu xanın huşu, hissi yavaş-yavaş düzəlməyə üz tutduğundan ağlamaq sədalarını hiss etməyə, hər kəs yə’ni əfradi-ailəni şiddətini tə’yin edə bilirdi. Hərdənbir həzin səslə deyirdi: «Qorxmayın, ölməmişəm, amma bir az su gətirin içim».

Qulamhüseyn nökər su gətirib deyir: ağa, allah bizə rəhm elədi, təzədən verdi.

Rzaqulu xan suyu içdikdən sonra balışa təkyə edib yavaş-yavaş göz yaşı tökməyə başladı. Bu vaxt Böyükxanım gülə-gülə otağa daxil olub deyirdi: xan, vallah bilmirəm sən nə xasiyyətdə adamsan ki, hər gün gərək bizim ürəyimizi tökub bağrımızı yarasan... İndi ki, xasiyyətin böylədir, gərək bu zəhrimara qalmış qəzetləri oxumayasan.. Allah eləməsin, başıva bir iş gəlsin, heç bilirsən bu mal-dövlətin üstündə bizim başımıza nə iş gətirəcəklər? Rzaqulu xan mal-dövlət adı eşidəndə gülüb deyirdi: Böyükxanım, eyib etməz, mən öləndən sonra qoy dövlət də dağılsın. Mənim dövlətim İrandan qiymətli deyil, görürsən ki, İran da dağılmağa, əcnəbilərə satılmağa başlanmışdır. İran mənim Münəvvərimdən də, iki oğlumdan da mənim yanımda əzizdir. Bu qoca, bu şanlı hökumətin əvvəlinci dəfədir ki, istiqraza əli açılmışdır. O da nə tövr rəzalət, nə tövr həqarət ilə! Kömrüklər də, yollar da, bundan başqa mütəəddid imtiyazlar da bu sayədə əcnəbilərin yədi-təsəllütünə keçdi. Vətənimiz müharibəsiz əcnəbilərin işğalı altına keçəcəkdir. Müharibə etmədik, amma əsir düşdük, qollarımız bağlandı. Demək ki, İranın qapısı bağlanıb, kilidi, açarı əcnəbilərin cibinə salındı. İstiqlali-milliyəmiz arzumuz kimi yarımçıq qalır. Bu söhbətlərdə Böyükxanım da yataq otağının o tərəf-bu tərəfinə gedib deyirdi: – Aləm bunun halına gərək ağlasın. Bu da başlayıb iyirmi kürür. İran

əhlinə ağlamağa, hamısının peysərləri, boyunları tir kimi yoğunlaşmış. Amma özünün bədənində bir damcı qan yox, özünün də burnunu tutsan canı çıxar. Atasının qapısı bağlı qalır, ona ağlamır, özü də olub xalq içində bədnam. Oğlunu, qızını de verib murdar firənglərin qoltuğuna, durub özü də xalq üçün ağlamağa. Gah başına vurur, gah qəşş edir. Vallah bilmirəm mənim bəxtimdə nə var ki, bu tövr zəhlə gedən işlərə rast gəlirəm. Deyəsən rəhmətliyin balasını xalqa vəkil seçdilər. Sən allah bir bunun xəyalatına bax! Padşah borc elədi; mə’dənlər, kömrüklər, yollar getdi deyir... Deyəsən bunun atasının malıdır. Gül başıva olsun, müctəhid öz behişt kimi kəndlərini basıb yeyir, qalmısan aciz, başlamısan padşahın dərdinə qalmağva. A kişi, bir əqlin başıva gəlsin Təbrizi bizə güldürmə!

Rzaqulu xan Böyükxanımın bu sözlərinə əbədən məşğul olmayıb allaha yalvarırdı: «Xudavənda, bizi sən nə vaxt əsirlikdən qurtaracaqsan? Biz Şərq camaatı əsirliyə bundan artıq da dözə bilmərik. İlahi, biz sənə hansı əməlimizlə asi olduq ki, ümənayi-dövlət bizim qolumuzdan tutub həbəş əsirləri kimi əcnəbilərə satdılar?»

Bu halda qapı açılıb Qulamhüseyn nökər xəbər verdi ki, doktorun oğlu və qızı ilə bahəm xanın övladı dəxi təşrif gətirdilər. Bundan sonra Rzaqulu xan yazıxanasına keçib məktubat oxumaqla məşğul olmaq istəyirdi. Böyükxanım isə qəzetləri və məktubatı gizlədib ancaq Naxçıvan şəhərinin müəllimi Məhəmməd Tağı Sidqinin tərəfindən yazılmış bir məktubu stolda buraxmışdı. Rzaqulu xan məktubu açıb Sidqi mərhumun İrana dair yazdığı bir neçə fərd əş’arı oxumaqla daha da qəmgin olmaqda idi. Şe’rlər çox əhəmiyyətli olduğu üçün Rzaqulu xan məktubu bağlayıb, öz cibinə qoyub, yenə başlayıb ah çəkib ağlamağa...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets