Page 4 of 11 · 27%

Böyükxanım gözünü dikib Olqa xanımın ağzına və əlinə baxır. Özü dəxi çörəkdən əli ilə qoparıb düyüləri ortasına çəkib ağzına basır. Barmaqları yağ ilə batmış, barmaqlardakı birilyant üzüklərin qaşları yağ içində qalmış. Şərq övrətlərinin timsali-mənhusəsi, yaxud bütün İran övrətlərinin nümayəndəsi ədd olunan Böyükxanım Qərb adətinə, qərblilərin tərbiyəsinə nə qədər mütəvəccih isə də Qərbin də Şərqdəki bir nümuneyi-zibəti olan Olqa xanımın gözü Şərqin məşhur və elmli bir milyonçusu sayılan Rzaqulu xanın övrətində idi.

Bütün hazirun təam meyl edirdilər. Fəqət balaca Münəvvər hərdən beş düyü çörək arasına qoyub ağzına aparırdı. Ara-sıra uşaqlar analarına baxıb bir də qonaqlarına baxıb qızarırdılar. Böyükxanım da ağzının yağını hər loqmanı ağzına apardıqdan sonra başındakı zərinə mə’cərlə silirdi.

Təam sərf olundu qurtardı. Birlikdə durub bir-bir əllərini dəhlizdə yuyub yazıxanaya keçdilər. Təamdan sonra yazıxanada çay sərf olundu. Lakin fayton qapıda qoşulmuş durub xanların intizarını çəkirdi. Böyükxanım da qoymurdu, mane olurdu.

Fayton qoşulub qapıda məəttəldir! Olqa xanım, Jorj, hacı xan, Pərviz xan, Münəvvər xanım hazırlanmışlar. Qabaqca Münəvvər xanım anasilə görüşür.

– Ana, salamat qal! Yenə tezlikdə sənin ziyarətinə gələrəm!

Böyükxanım – Qızım, sən gedə bilməzsən.

Münəvvər xanım – Nə üçün?

Böyükxanım – Hər nə ki, dərs oxuyubsan kifayətdir. Mənim qəlbimdə başqa da arzum vardır.

Münəvvər xanım – Ana, sən allah sənin hamı arzuların mənim ədəbli və layiqli qız olmağım deyilmi?!

Böyükxanım – Orası mənim öz yadımdadır, ancaq getməli deyilsən.

Pərviz xan yenə öz helm və mülayimətinə xatircəm olduğu üçün anasına yalvarırdı:

– Ana, sən allah burax qızı aparaq dərsini oxusun. Hərgah Münəvvər orada olmasa bizim də qəlbimiz sıxılar. Bizə də, Münəvvərə də rəhmin gəlsin.

Böyükxanım – Siz də getməli deyilsiniz, hər qədər təhsil etdiniz kifayətdir. Bizim xalqa borcumuz yoxdur ki, ayda yüz tümən pul verək.

Olqa xanım Rzaqulu xana üzünü tutub deyirdi:

– Mənim dərk etdiyimə görə Böyükxanım bizim yoldaşlarımızı getməyə qoymur.

Rzaqulu xan.

– Belə mə’lum olur.

Olqa xanım, Böyükxanıma: – ana, nə üçün qoymursan? Vallah anam uşaqlara çox məhəbbətlə baxır, əlalxüsus bizim qulluqçular onların mühafizəsindən bir dəqiqə qafil ola bilməz! Anam heç olmasa gecədə üç dəfə bizim otağımıza gəlib rahat və hifzimizə diqqət edir. Sən allah, mənim yoldaşlarımı saxlama, mən tək gedə bilmərəm! Anam bunları istəyəcəkdir.

Böyükxanım – Eyb etməz, sən də getmə, qal bizdə, yoldaşlarının yanında. Ev sizin öz evinizdir.

Münəvvər xanım – Ana, insaf elə! Mənim burada bir saat qalmağım bir il müddəti təhsilimdən dalıda qoyur. Əlavə, mən getməsəm qardaşlarım da məəttəl olacaqdır.

Böyükxanım – Qardaşların ömrləri olduqca namazdan qalıblar, qoykilən bir ay da dərsdən qalsınlar günah ki, deyil.

Rzaqulu xan Böyükxanıma açığlanıb deyirdi: – Məni bu firəng uşaqlarının istehzasına salma! Qoy uşaqlar getsinlər dərslərinə, yoxsa bu saat mən özümü bədbəxt edərəm. İnsafın olsun, mənim nə üçün zəhmətlərimi itirirsən? Mən bu qədər xərci qoymuşam övladım axıra kimi dərs oxusun. Nəinki yarımçıq qalsınlar.

Böyükxanım Rzaqulu xanın təğəyyurunu görüncə bir az yumşalır. – Eyb etməz, uşaqlar getsinlər, amma qız gedə bilməz. Əqəllən gərək bir-iki gün qalsın.

Nəhayət Böyükxanımın hiyləsinə qurban olan Rzaqulu xan Münəvvərin bir gecəlik qalmasına riza verdi. Lakin nə Münəvvər razı olurdu, nə də Olqa xanım, Münəvvərsiz getmək istəyirdi. İkisi də ağlayırdılar, göz yaşlarını silirdilər. Rzaqulu xan da qabaqca Olqa xanımdan bir gecəlik qalmasına təvəqqe edirdi. Sonra Münəvvəri qalmağa razı eləyirdi. Nəhayət elmi-ədəbi çox dost tutan Münəvvər xanım ana xahişini onlardan da müqəddəm hesab etdiyi üçün qalmağa razı olmuşdu. Ona görə Münəvvər xanım qapıya kimi yoldaşlarını aparıb faytona səvar etdi və müvəqqəti, lakin əbədi bir vida etdiyi halda yoldaşlarına:

– Təvəqqe edirəm bircə gün dərsdən tə’til edəsiniz, tainki sabah mən də gəlib özümü yetirim.

Yoldaşları getdilər. Münəvvər xanım evə qayıtdı. Amma Böyükxanım Münəvvəri hamama aparıb paltarlarını dəyişdirib müsəlman etmək istəyirdi. Hətta xəlvətcə Münəvvərdən ötrü tikdirmiş islami, yaxud təbrizi paltarları Qulamhüseyn ilə hamama göndərmişdi. Lakin Rzaqulu xandan hamama getməyə izn istəyirdi. Rzaqulu xan da qəbul etmirdi.

Böyükxanım qabaqca hamam ləvazimatını Qulamhüseyn ilə hamama göndərmişdi. Amma Münəvvəri aparmaq üçün Rzaqulu xandan izn istəyirdi. Münəvvərin başına əl çəkib deyirdi: – İndi qızım gör sənin başıvu necə yuyub təmizləyəcəyəm. Gör indi səni hamamda necə çimdirəcəyəm?

Münəvvər xanım – Ana, mən hamama getmək istəmirəm. Bu gün tezdən məni Liza xanım özü çimdiribdir. Mən bilirəm hamamlar təmiz deyil.

Rzaqulu xan – Münəvvər, hamama gedə bilməz, kəsif sularda insan çimdirilməz. Haman suya bir gün insan girəndə qoxusu bir ay kəsilməz. Xub, təmiz, saf vannada çimdirilmiş qızı o kəsif suda çimdirməkdən mənzurun nədir? Mən bilirəm, hamam bina olunandan əvvəlinci dəfə anbarına bağlanmış suyun nümunəsi vardır. Sən görmədin doktorları ki, haman suyu maşın ilə ölçdü? Demədilər ki, bu suyun bir hissəsi haman köhnə və qoxumuş sudur, bir hissəsi də haman bədənlərdən tökülən çirk və müsri naxoşluqlara giriftar olan xəstələrin bədənlərindən tökülən kəsafət?! Övrətlərin, kişilərin mə’lumlu ə’zalarından çıxan üfunətli sulardır ki, insanın dimağına bir qətrə girsə labüddən naxoş edər. İndi sən razı olursan ki, o natəmiz suda bu gül kimi hifz olunmuş uşağı çimdirəsən?

Böyükxanım – Sən olasan öz allahın, çox da öz yanından şəriət çıxartma. Haman hamamın suları kürrdür. Hərgah hamısı da çirk olsa şəriət yenə orada çimməyə izn verir. Bir də Liza xanımın iki dolça su tutan təştini mənə tə’rif eləmə. Liza özü nədir ki, çimdirdiyi uşaq nə olsun? Çimdirsə yaxşıdır, murdar eliyib qoyur ora. Lizanın özü də, təşti də, çimdirdiyi uşaq da nəcisdir. Sənin ağlıva mən şaşıram ki, o tövr murdar kafiri mənə tə’rif edirsən. Vallah lap yoldan çıxıblar, məzhəbdən çıxıblar. Şəriətin hökm etdiyi kürr suları Lizanın təştindən yaxşı hesab eləyirlər.

Rzaqulu xan – Çox yaxşı, hamamın suyu kürrdür, burada səni başa sala bilmirəm. Bəs ona nə deyirsən ki, hamamda müsəlman vəhşilərinin nalayiq hərəkətlərini görüb hissiyyatı xarab olacaqdır? Heç bilirsən hamamlarda nə tövr söhbətlər danışılır? İnsaf elə, qızı nə üçün cəbrən vəhşiliyə tanıdırsan?

Böyükxanım – Sözün doğrusu mən murdar uşağı yanımda saxlaya bilmərəm. Gərək labüddən hamama aparam.

Böyükxanım öz cəhalətindən israr edirdisə də, Rzaqulu xan da mane olurdu. Lakin Böyükxanıma o tövr maniətlər kargər olmadığından Münəvvəri götürüb hamama apardı. Münəvvər isə məcburən gözlərində asari-təhəyyür, rəngi məcburiyyətin qələbəsindən bozarmış anasının qabağına düşüb getməyi ixtiyar etmişdi.

Münəvvər xanım anası Böyükxanımın yanında hamama gedir. Yanlarında nökərləri və qaravaşları kamali-ehtiramla İran milyonçusunun övrətini və qızını hamama aparırdılar. Münəvvər xanım öz fransız qiyafətində, amma Böyükxanım milyonçu övrətlərinə məxsus nəfis libaslar geyib kamali-həşmət ilə küçədən-küçəyə, dərbənddən-dərbəndə keçib hamama tərəf gedirdilər. Münəvvər xanımı görən övrət və kişi, cavan və qocaların hamısı onun gözəllik və qiyafətinə tamaşa edib xoşlarına gəlirdi. Bir-birlərinə deyirdilər: «Bu firəng qızı kimdir?! Heyif, kafir uşağıdır! Siz allah bir baxın görün heç allah-taala bunda bir qüsur xəlq eləyibdirmi? Barakallah kafir qızı, qəribə uşaq doğubdur. Gözü göz yerində, qaşı qaş yerində xəlq olunub, doğrudan deyəsən şəkildir. Allah yola, məzhəbə gətirsin, gözəllikdə tamam eliyibdir. Nə olaydı ki, müsəlman olaydı. Daha da gözəl olardı. Heyif ki, nəcisdir».

Bir para adamlar da görüb deyirdi: «Bax gör nə libas geyindiriblər? Doğrudan deyəsən çiçəkdir ki, indicə açılıbdır. Yaxşı gözəldir, heyif kafirdir, murdardır!» Bir para cavanlar da görüb deyirdi: – «Xudavənda, sən bu firəng qızını necə cəhənnəm odunda yandıracaqsan? Bax gör nə yaxşı baxır? Necə kəklik kimi yeriyir? Görəsən hansı murdar kafirə qismət olacaqdır?» Bir para müsin kişilər də görüb deyirdilər: «Qoy bunlar bu dünyada geyinib rahat dolansınlar, bunların behişti bu dünyadadır. Amma axirətdə atalarına od vuracaqlardır. Yaxşı gözəldir, nə fayda ki, nəcis əndər nəcisdir. Görürsən, üstünə urus ətri vurublar? Daha onun axırı nə olacaqdır?»

Bir tərəfdən də yol üstündə bir dəstə cavan ə’yanlar durub bir kosa və arıq üzlü, gözləri xırdaca, ağzında əsla diş asarı olmayan məflük bir kişini yaxalayıb yalvarıb deyirlər: «Soltanüşşüəra, mən ölüm məni istəyirsən bu qıza bir qəzəl inşa elə ki, biz hərdənbir bunu yada salanda oxuyub qəlbi səfalandıraq. Bir də heyifdir ki, bu tövr gözəlin adı kitablara düşməsin» Soltanüşşüəra: – eyb etməz, qoy bir gəlib qabağımdan keçsin, yaxşı mülahizə edim, sonra baxaram öz tə’bimin iste’dadına, hərçənd gözlərim yaxşı görmür. Amma uzaqdan yaxşı görsənir. Siz heç danışmayın, mənim nəş’əm dağılmasın...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets