Page 3 of 11 · 18%

Kar pərişan, kargah pərişan,
Təxt pərişan, bargah pərişan.
On ke dəri-xod nəmud məcməi-ovbaş
Xast buvəd bargahe-şahe-pərişan.
Bolboli-golşən ze covre-xar benale
Bağ pərişan, gol, geyah pərişan.
Əz əsəre-xameyi-səfid libasan
Dəftəre-islam şod siyah, pərişan.
Molke-mələk əz mələikane-zəmini
Gah moşəvvəş şodəst, gah pərişan.
Ayneyi ke jənk əzui nə zedayən
Çeşm dər u mikonəd nekah pərişan.
Şobhe nədarəd dər in soxən bəhəqiqət
Kah cahan şod ze eştibah pərişan.
Qafilesalar həm dəlil be şeşdər
Qafile mat əst şahrah pərişan.
Məmləkətira ke fəqro-faqe səravərd
Mişəvəd ongah izzü cah pərişan.
Ləşkəre-qəflət be hər koca ke ələm zəd
Gəşt dər on məmləkət sepah pərişan.
Del ze təməddon xoşəst çon konəd in del
Gər mədəniyyət şəvəd təbah pərişan.
Əvvəli-İran ço şod be vav mobəddəl
«Sidqi» əz in qəm kəşide ahi-pərişan.

Rzaqulu xanın qızı balaca Münəvvər xanım əli doktorun, Olqa xanımın əlində, onun dalısınca Rzaqulu xanın hər iki oğlanları doktorun balaca oğlu Jorjun əlindən yapışıb evə daxil olur. Münəvvər xanım bir ay müddətdir ki, anasını görməmiş, kəsrəti-sürurunda çöhrəsi getdikcə qızarır, parlaq nasiyəsindən həya təri yuvarlanıb səssiz bir şrapnel parçası kimi qabağında partlayır. Amma anasını bir yerdə görən rəqiq qəlbli balaca Münəvvər gah gülüb, gah ağlamaq istəyirdi. Münəvvər xanımın özü və gözəl yoldaşı təzəcə pərdəsini atmış qönçələr kimi otağı ziynətləndirib, o canlı şükufələr qabaqca Rzaqulu xan ilə əl tutub sonra Böyükxanım ilə də görüşürlər. Münəvvər xanım anasını öpməyə başlayır. Olqa xanım da Rzaqulu xanın bərabərində olan qoltuqlu bir səndəldə əyləşib söhbətə başlayır. Oğlanları dəxi bərabərlərində Jorj, ataları görüşdükdən sonra analarının yanına gəlib öpüb onu nəvaziş edirlər.

Böyükxanım evin vəsətində döşək üstündə aydan işıqlı olan, fəqət ətrafı bir zülmətlə mühat olan camalı ilə əyləşmiş...

Ətrafını ulduzdan işıqlı, elmli, zəkavətli oğlanları və qızı əhatə etmiş, kimisi qolunu ananın boynuna salıb öpür, kimi zarafatla cibindən parasını alır, kimisi qızıl və cavahir nişan gərdənbəndini açmaq istəyirdi. Kimisi təsəlli olaraq deyir, ana, atama hörmət elə, səni asudə eləyib ki, bizi bu zəhmətli vaxtımızda özgənin boynuna salıbdır. Münəvvər xanım isə deyirdi: – Ana, qüssə eləmə, hərçənd indi sənə bu ayrılıq çətin gəlir, amma, bir vaxt olacaq ki, o zəhmətin, o ayrılığın çox şirin səmərəsi olacaqdır. Çünki sonra biz elmli, mə’rifətli olub iranlılara müavinət edəndə sən özünü bəxtiyar hesab edib əhali içində iftixar edəcəksən. Zira o vaxtlar elmsiz kişi və övrət büsbütün qədru-qiymətindən düşəcəkdir. Camaat övladının tərbiyəsiz, elmsizlik qüsurunu bütün-bütünə ata-ananın boynuna salacaqlardır; o vaxtlar sən də və atam da bu tövr töhmətlərdən, sərzənişlərdən asudə olacaqsınız...

Böyükxanım şiddəti-cəhalətindən bu sözlərə qurumuş qalmış nə danışmaq, nə də ağlamaq və nə gülmək iste’dadına malik deyil idi. Ancaq Münəvvərin başına əl çəkib, gah-gah əmcəklərinin arasına alıb təngdər-ağuş edirdi. Oğlanları dübarə Böyükxanıma təsəlli verib deyirdilər: sən bizi hərgah dünyada rahat istəyirsən gərək bir beş il ayrılığa səbr edəsən.

Bu halda Böyükxanımın dili açılıb deyirdi: – Bu elm sizi rahat etməz, bir az da atanız kimi əziyyətə salar. Hərgah Firəngistana getmək olmasa idi, atanız bu hala da gəlməzdi.

Rzaqulu xanın oğlu Pərviz xan bu sözdə anasının sözünü kəsib deyir: – Ana, indi bizim vətənimizin ehtiyacı çox böyükdür. İndi bu ehtiyac onu təqaza edir ki, iranlılar Avropanın işıqlı yerlərinə gedib bu qaranlıq İrana bir işıq götürsünlər. Yə’ni bir az elmli olub, gəlib sair qardaşlarını cəhalət qaranlığından qurtarsınlar. Doğrudur, sən bizim anamızsan, lakin bizim həqiqi anamız da İrandır. Çünki bizim ətimiz, qanımız bu torpaqdandır. Görürsən əcnəbilər bu madəri-həqiqinin namusuna, ismətinə həqarət əli uzadır. Bu tövr xəyanət əllərini vurub qaytarmaq üçün iranlılara elmli bir əl lazımdır. Ana, sən razı olursan ki, biz sənin yanında rahat olaq, amma vətənimiz qurban hissəsi kimi parça-parça paylansın? Biz öz yerimizdə bixəbər oturduğumuz sırada əcnəbilər bizi təqsim edirlər. Qoyun kimi biz biçaq altında çapaladığımız sırada qəssab qarnımızda yağı təxmin etməkdədir...

Böyükxanım burada oğlunun sözünü kəsib deyirdi: – Oğlum, sən allah, bu sözləri danışıb adamın ürəyini əzmə, adam az qalır özlüyündən çıxsın. Kimin ağzı nədir İranı parça-parça bölsün? Budur Təbrizdə hər yana baxırsan sərbazdır, bazar dalında, hamam qabaqlarında, ha sərbazdır ki, görürsən günə qarşı oturubdur.

– Ana, bu vətənimiz gedəcək; qorxuram ki, İran adı ancaq bir vaxt kitablarda oxunsun. Vətənimizin hüdudu daralmış, hüdudumuz budur padşahlığın mərkəzində, arasında qərar tutmuş.

Bu sözlərdə Rzaqulu xan ağlamağa başlayıb deyirdi: – Söz yoxdur ki, bu millət bir vaxt gözünü açıb öz hüququnu mülahizə edəcək, nə fayda ki, o vaxt nə İran qalacaq, nə də istiqlal!

Böyükxanım da Münəvvərin əlbisə və qiyafətini mülahizə edib dərin-dərin düşünürdü. Zira Münəvvərin başında Paris qızlarına məxsus son moda, napolyonu şlyapa, şlyapanın yaşıl və zümrüdi lentləri Münəvvərin dalısına tökülən siyah türrələrə sarışıb, Münəvvərin bəyaz və parlaq nasiyəsinə bir rəngi-zümrüdi əlavə etdikdən sonra çiyninə döşənmiş, həyasından, daha ədəbindən, yaxud ağlamağın tə’sirindən bəyaz çöhrəsi yavaş-yavaş tutulmağa meyl edən ay kimi qızarmağa başlayıb. Daha ağuşqanın şişələrindən Münəvvərin üzünə tabidə olan günəş dəxi bir başqa tamaşa, bir başqa mənzərə açırdı.

Şlyapanın altında görünən qara bulud misallı zülfləri parlayan nasiyəsinə bir rəngi-siyahi vermək üçün cüstcu edər kimi görünürsə də, lakin gün düşmüş lentlər ziynət vermiş tər, şəbnəm kimi tökülür. Kuya havada yavaş-yavaş qövsi-qüzəh düşür kimi Münəvvərin çöhrəsi rəngarəng olmaqdadır. Üstündə Şvetsariya qızlarına məxsus pelerina palto, ayaqlarında sandalı başmaqları gördükcə əvam, aləmi-bəşəriyyət və istirahətdən bixəbər Böyükxanım öz-özünə deyirdi: – Evin başıva uçsun Rzaqulu xan, bax gör gül dəstəsi kimi balalarımı Liza nə hala salıb? Cəmi təqsirlər səndədir ki, ayda yüz tümən pul verib uşaqları təhərdən çıxarırsan!»

Əvam, hətta qur’anda Yusif surəsini də oxumayan Böyükxanım gözlərini dolandırıb oğlanlarına baxıb daha da dilgir olurdu. Başları tüklü, Liza öz əli ilə tüklərini düzəltmiş, başlarında nazik tehrani papaq, üstlərində nazik ingilis trikosundan palto, döşlərinə asılan riqat çiçək kimi hər baxan insanı fərəhləndirəcək dərəcədə isə də əvam Böyükxanımı ziyadəsilə dilgir edirdi. Öz-özünə deyirdi: «Ay evin yıxılsın Rzaqulu xan, gör bu çin-şəyatin paltarı mənim balalarımı nə hala salıb? Xalqın da balası vardır, görürsən yaxşı nizami paltar geyib, əllərində gözəlcə həna, üstlərində qiymətli Kirman əbası, biz də pul verib uşaqları quli-biyaban qayırmışıq».

Bu vaxt nahar vaxtı olub nahar otağında süfrə açılıb, Qulamhüseyn nökər içəri girib: ağa, buyurun nahar hazırdır, – deyə xəbər verdi.

Onda Rzaqulu xan, oğlanları, doktorun övladı nahar otağına girdilər. Lakin Münəvvər xanımla anası Böyükxanım Rzaqulu xan ilə nahara getməyərək öz nahar otağına getmək istəyirdi. Rzaqulu xan qayıdıb Böyükxanıma yalvarıb deyirdi: – Böyükxanım, təvəqqe edirəm Münəvvəri də götürüb gələsən, mən də qonaqların yanında xəcalət çəkməyim. Sən hər yerdə məni xəcalət eləmisən, amma burada sözümü qəbul elə!

Böyükxanım: – Mən bilə-bilə qəsdən özümü cəhənnəmdə yandırmaram! Mənim nə işim vardır öz ata-baba qaydamı qoyub çəngəl-biçaq ilə çörək yeyim, özümü murdar eləyim!

Rzaqulu xan Böyükxanımı aparmaqdan naümid oldu. Lakin Pərviz xan razı etməyi dərəhdə etdiyindən gəlib qolunu anasının boynuna salıb yalvarırdı: – Ana, bax bir aydır ki, səninlə çörək yeməmişəm, məni istəyirsən dur gedək, babamın otağına, biz də ana və ata ilə bir yerdə çörək yemək ləzzəti görüb fərəh edək.

Pərviz xanın şirin dilləri Böyükxanımı razı elədi. Münəvvər xanımı da götürüb nahar otağına təşrif gətirdi. Bir tərəfdə özü də, Münəvvər xanım da əyləşdilər. Qulamhüseyn nökər də məcməyini gətirib mizin üstündə qabaqlarına qoydu. Ondan sonra Rzaqulu xanın, daha açığı, zavallı İran milyonçusunun evində Qərb adətincə mizdə, stulda təam sərfinə başlandı.

Pərviz xan üzünü babası Rzaqulu xana tutub fransızca olaraq deyirdi: – Baba, bu gün bizim xanəmizdə nadir bir ittifaq düşdü. İranın övrətlərinin əvvəlinci dəfə miz – stulda təam sərf etməsi tarixi bir vaqiədir. Doğrudan acam böyük təşəbbüs edib böyük pişrəftə başlamışdır.

Bu vaxt Rzaqulu xanın nahar otağı bir dərsxana, bir tərbiyətkahə də bənzədilməli idi. Zira hər kəs bir-birinə baxıb kamali-ehtiyatla təam sərf edirdi. Olqa xanım ən əvvəl qaşığı əlinə alıb qabağındakı nimçəni ortada qoyulan blyudanın yanına aparıb qaşıq ilə töküb yanına çəkirdi. Ondan da sonra əlindəki çəngəl-biçaq ilə səbzi qovurmanınətlərindən götürüb parçalayıb ağzına qoyur, qabağındakı nazik dəsmal ilə ağzını silir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets